Bir yaddaşlıq Ağdam:
xatırladıqlarım və unutmaq istədiklərim
Mənim
yaddaş düyünçəmdə elə xatirələr
gizlidir ki... O xatirələr, canlandığı zaman
üzümdə təbəssümümü donduracaq qədər
soyuq və unutmaq istədiyim qədər acıdır.
Müharibə, köçkünlük həyatı, doğma
vətəndə yad münasibətlərin verdiyi o əzablı
illər. Acı sözlərin qorxu, həyəcan ritmlərinin
sürətinin azalmadığı, balaca ürəyimə
yara vurduğu o uşaqlıq illərini xatırlamaq mənimçün
çətindir. Yaşamadım, itirdim
uşaqlığımı müharibə dalanlarının
çıxmaz küçələrində. Və mən
çevrilib geriyə baxmağa qorxuram indi.
Amma xatırlamaq istəsəm də, istəməsəm də, bəzi vaxtlar zaman fırtınası mənim də ürəyimin xatirə pəncərəsindən duyğularımı göyə sovurur. Yamaqlı ürəyimin ensiz otaqlarında isinə bilmək üçün kəlmələrə bürünürəm.Yox olmağa üz tutan, unutmağa qorxduğum dəyərlərimi yenidən qazana bilmək üçün hirsimi sakitliyimə sovururam və düşüncələr məni alıb aparır lap acı xatirələrin qoynuna. O xatirələr ki, hər xatırlayanda ürəyimdən bir sızıltı keçir və birdən mənə elə gəlir ki, dünyaya gəlişim Azərbaycana-Ağdama uğursuzluq gətirib. İndi mən hər şeyi xatırlayıram, təkcə Ağdamdan başqa və bu mənim ürəyimdə ölənə qədər sızlayan bir xatirə kimi qalacaq.
1988-ci ilin son aylarında Ermənistandan, öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı o illərdə məhz Ağdam rayonuna pənah gətirmişdilər. Onda mənim 1 yaşım var idi. Həmin ağır günlərin, o məşəqqətli hadisələrin “nağıl”ını böyüklərimdən eşitmişəm.
1992-ci ildə ermənilər Dağlıq Qarabağı bütünlüklə işğal edəndən sonra ətraf rayonlara da hücum etməyə başlamışdılar. Atam deyirdi ki, xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi.
Hər yadıma düşəndə uşaqlığıma yazığım gəlir. Nələr yaşadıq biz o kiçik yaşlarımızda, nələrin şahidi olduq. Qulaqlarımız nə nalələr, nə haraylar duydu. Eldən-elə köçdük, dildən-dilə düşdük. Dərdimizi anlatmaqda aciz qaldıq. Köçməyə məcbur olduğumuz üçün köçüb gəldik doğma torpaqlarımızdan, amma alnımıza, acımadan, “qaçqın” damğası vuruldu. “Qaçqın” olduğumuz üçün məktəbdə bizə az qala dilənçi kimi yanaşırdılar. Bakı havasına yellənib-uçan, müharibə qorxusu nədir, pulemyot gurultusu nədir, bilməyən yaşıdlarımız da bizi gözlərində yabanılaşdırmışdılar. Oyuna buraxmırdılar bizi, “qaçqın! qaçqın!” deyib arxamızdan gülüşürdülər. Boğazım quruyurdu “mən qaçqın deyiləm” deməkdən. Dəfələrlə ağacın altında oturub zülüm-zülüm ağladığım günləri heç vaxt unutmaram. Nadinc körpələrini “qaçqınlarla” qorxudan analara, nənələrə rastladıq hər addımbaşında. Uşağına “Sakit dayan, yoxsa qaçqın gəlib səni yeyər” – deyən analar analarımızın qəlbində düşməndən betər tonqal qaladılar. Bir az da yaralandıq. Kimimiz vaqonlarda sığınacaq tapdıq, kimimiz çadırlarda. Məktəb, bağça köşələrində millətimizə “yamaq”kimi, vətənimizin dərdi ürəyimizdə, gözümüzün yaşı ovcumuzda “qayıdacağıq Ağdama” adlı bir ümid qığılcımından közərə-közərə Ağdamsız vurduq 18 ili başa və hələ də vətənə doğru uzanan o yolların o ucuna ayaq basa bilmirik. Hələ də Qərvəndin yanından keçəndə o tikanlı məftillərdən sallaşır ruhumuz. Ürəyimiz səhra ortasında susuzluqdan cadar-cadar olan dodaq kimi parçalanır əsirlikdəki vətənimiz üçün. Amma o tikanlı məftilləri keçməyə iradəmiz çatmır ki, çatmır... Çadırda yaşayanlar əsir düşmədiklərinə, vaqonda yaşayanlar çadırda yaşamadıqlarına şükür edib yaşadılar. Vaqon evlərdə yaşamağın necə dözülməz olduğunu mən görmüşəm. Qışda həddindən çox soyuq olan, yayda cəhənnəm kimi isti bu dəmir sığınacaqda böyüyən körpələrin gözlərində gizlənən üsyan, fəryad qığılcımlarını görə-görə böyümüşəm və o simalar ölənə kimi gözlərimin önündən getməyəcək.
Biz köçkün düşəndən bəri neçə yer dəyişdiyimizi, neçə künc-bucaq təmizlədiyimizi unutmuşam. Amma son 14 ildir ki, dövlət müəssisəsində “müvəqqəti” məskunlaşmışıq. Ancaq deyəsən bu hələlik məskunlaşmaq həmişəliyə doğru addımlayır. Mən bəzi gecələr Ağdamda Qızıl Əsgər küçəsindən iki tin aşağıda atamın təzə tikdirdiyi ikimərtəbəli evimizi, yaşıllıq içində cənnətə bənzəyən geniş bağçası olan, qara darvazalı həyətimizi yuxularımda görürəm. Gəzirəm heç gəzmədiyim, görmədiyim Ağdam küçələrində. Amma səhərlər durub internetdən Ağdamın xarabalıqlardan ibarət xəritəsini izləyəndə düşünürəm ki, bəlkə elə biz də ölmüşük. Çünki yalnız nəfəs almaq yaşamaq əlaməti sayılmır. Biz yaşanmışlarımızı, yaşayacaqlarımızı, keçmişimizi, gələcəyimizi, kökümüzü itirməkdəyik.
1988- ci ildən Qarabağdan müharibə qoxusu gəlməyə başlamışdı. 1992-ci ildən atalar, babalar iş paltarlarını soyunub, əsgər paltarlarını geyinmişdilər. Usta atam çəkicini tullayıb avtomat almışdı əlinə. Nənələrin baxışlarında bir hüzn, anaların gözlərində bir fəryad varıydı. 1993-cü ildə Ağdam yaralanmışdı. Xocalı ölmüşdü. Qaçaqaç düşürdü. Maşın karvanları küçələrdə üzü Bakıya, Şəkiyə, İmişliyə – Azərbaycanın dörd bir tərəfinə pənah aparırdı. Mən də o köç karvanlarında üzünü bilinməyən mənzillərə tutan talesiz körpələrdən biri oldum. Hara gedirdik, niyə gedirdik, dərk eləmirdim. Sadəcə yük maşınının arxasından bir vaxt xatırlamaqda əziyyət çəkəcəyim, indi cəhənnəmə çevrilən cənnət diyarım Ağdamın küçələrinə baxa-baxa uzaqlaşdığımızı sakit-səssiz seyr edirdim. O zamanlar bilsəydim ki, bu yollarla gedib dönməmək, qayıdıb görməmək ehtimalı var, yavaşca maşının arxasından sürüşüb düşərdim. Tinləri burulduqca gözlərimin dirəndiyi o şəhər mənim yaddaşımda qalan Ağdamın son görüntüsü oldu.
İnamım azalır qayıdacağımıza, ağlayaraq məcbur qoyub gəldiyimiz Ağdama gülərək, qaça-qaça gedəcəyimiz günü görəcəyimə. Elimizin-obamızın həmin güzəranın qayıdacağına, camaatının həmin camaat olacağına gün keçdikcə ümidim azalır.
Qəbul etsək də, etməsək də, erməni adlı soysuz bir millət bizim milyon illik tariximizi o torpaqlardan qaşıyır. Ağdamın Çörək muzeyi, Tarix-Diyarşünaslıq muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası, İmarət kimi məşhur abidələri, Çay evi, Köhnə hamam kimi tikililəri olub. Ağdamın tarixi, mədəni, dini abidələrinin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilib.
Bizim evimiz də Ağdamın məşhur abidələrindən biri sayılan İmarətə bitişik həyətdə idi. Anam deyir, Ağdamın xoşbəxt günlərində o stadionun həyətindən vur-çatlasın, çal-oynasın əskik olmazmış. “Natəvan” qızlar bayramı xüsusi bir şövqlə qeyd olunurmuş. Ağdamda yaradılan “Qarabağ” futbol komandası həmin İmarətin həyətində neçə-neçə uğurlu oyunlar keçirib. İmarətin həyətində futbol oynanılan günü bizə yuxu “haram” olurdu. Çünki oyun zamanı “Ağdamın oğlanları” nın “vur”, ardından da nərə ilə “qol” deyib qışqırmaları, fit səsləri düz evimizin içinəcən gəlirdi, bezərdik bu səslərdən. İndi deyirəm, kaş Ağdamın o xoşbəxt vaxtlarını indi də yaşaya biləydik. Uşaqlığımın dumanlı yaddaşını zorlamasaydım, beynimə gözlərimi qıyıb Ağdamla bağlı nəyisə “xatırla” əmrini verməyəydim kaş. Həmin fit səsləri, evimizin deyil beynimin içində ürəyimdə eşidiləydi...
Televizorda hansısa tədbirdə insanların maraqlı fiqurlar, yazılar halında düzülüşünü görəndə mənə qəribə gəlirdi. Amma anam deyir, bunun nəyi qəribədi ki, biz də 20 –25 il əvvəl Ağdamda bayramlarda belə fiqurlar halında düzülürdük. Sonra da oturub uzun-uzun, bayramlarda “şanlı” Sovet hökumətinin şəninə necə şüarlar yazdıqlarından, paradlardan, İmarətin həyətindəki o vur–çatlasından danışır. Danışır, danışdıqca gah gülür, gah da ağlayır. O vaxt anamın, atamın ağlına da gəlməzdi ki, bir zaman gələcək, elimiz-obamız onlar boyunlarına fəxrlə, müqəddəs bir şey kimi bağladıqları qırmızı pioner lentinin rənginə boyanacaq.
Görəsən, mənim dünyaya gəldiyim doğum evinin, Ağdamda getdiyim bağçanın bircəcə daşı daş üstündə qalıb? Bəs evimiz? Evimizdən nəsə bir nişanə qalıbmı, görən? Mən o evin otaqlarında 5 yaşlı bir qız kimi qaldım, 5 yaşlı Güneli qoyub gəldim orda. Bəs o qız necə, qalırmı görən? Mən buralarda böyüdüm, o da böyüyübmü orda? Atasını çox sevirdi o qız, mənim kimi. Mən atamı itirdim, o isə bəlkə 18 il sonra atasına qovuşdu?
Deyirlər, qiyamət günü ölülər diriləcək. Ağdamda qiyamət 18 il əvvəl qopdu və hələ davam edir. Bəlkə də indi Ağdamda qalan, məzarları erməni diliylə, düşmən əliylə təhqir edilən gor yiyələri yerlərindən qalxıb başdaşılarının yanında oturublar və “Dirilərə ölüm” deyib fəryad edirlər...
İmarətin həyətindəki, başı göyə dirənən, xoşbəxtlik parıltısı saçan, yamyaşıl qoz ağaclarının yəqin ki, indi heç kötüyü də qalmayıb (Həmin ağaclardan ikisinin budaqları bizim həyətə düşürdü). Məhərrəm babanın şıltaq, yerə-göyə sığmayan balaca oğrulardan qoruduğu, hər gün obaşdan durub suvardığı həmin nazlı qoz ağacları, Allah bilir, hansı erməni sexində mebelə çevrilib. Allah bilir, indi hansı erməni dığası həmin divanın, kreslonun üstündə oturub gündə min dəfə o ağacı əkənin goruna söyür. Bəlkə də başqa dövlətlərə aparılır mebellər, sonra da “İtalyan mebeli” adı ilə Azərbaycana gətirilir. Biz də öz dədə-babamızın əkdiyi ağacın üstündə oturub, hansısa italyanların atalarına rəhmət oxuyuruq. Məhərrəm babanın da, o ağacları əkən babaların da goru çatlayır belə olanda...
Nənəmin-babamın doğulduğu kəndə – Sarıcalıya yaydan-yaya gedirik. Amma vallah mən o kəndə gedib qayıdandan sonra bir ay özümə gələ bilmirəm. O kəndin müharibədən əvvəlki vaxtlarını gözümün qabağına gətirirəm. Uşaq olsam da, yaddaşımın dumanlı künclərinə nağıl kimi bir kəndin mənzərəsi həkk olub. Meşəsi, tarlaları, üzüm bağları vardı o kəndin. Müharibədən sonra qalmadı bunlar. Meşələrdəki ağaclar kəsildi, evləri qızdırmaqçün. Üzüm plantasiyaları qurudu, pambıq tarlasında soğan əkildi. Ermənilərin postunu bizim kənddən Sarıcalı qəbiristanlığı ayırır. Camaat doğmalarının məzarlarını ziyarət eliyə bilmir. Kimsə öləndə kənd camaatının ölüsü yaddan çıxır, basdırmaq dərdi bürüyür canlarını. Çünki erməninin, nənəm demiş, “tırsı” tutanda imkan vermir ki, camaat ölüsünü torpağa qoysun. Qəbiristanlığın Kəngərliyə düşən hissəsində əli silahlı erməni dığaları dayanır. Arada bir də qəbiristanlığa – dədə babalarımızın məzarlarına od qoyurlar (bir neçə dəfə qəbiristanlığı yandırıblar). Doğma torpaqlarımızı erməni işğalından danışıqlar yolu ilə azad etmək, o yurdlara BMT, ATƏT və başqa beynəlxalq qurumların köməyilə dönmək istəyimiz18 ildir ki, bir nəticə vermir. Artıq bu məsələnin sözlə həll olunacağına da ümidim gün keçdikcə azalır və tez-tez milli qəhrəmanımız Fred Asifin bu sözünü dodağımın altında pıçıldayıram: “Doğma dərdlər yad ürəkləri ağrıtmır” .
Bir dəfə şair Ramiz Rövşən dedi ki, o vaxt camaat Ağdamdan çıxanda qapılarını bağlayıb, açarlarını da bərk-bərk düyünçələrində gizlətmişdilər. İndi açar da var, qıfıl da var, amma nə yazıq ki, qapı yoxdu. Dəhşətdi bu! Mənim babam da evimizin açarlarını, müsəlman təqvimiylə desək, dünən-srağagünə qədər saxlayırdı. Açar pas atmışdı. Bir gün nənəm götürüb atdı açarı: “Bu açar kilidə girməz, görmürsən pasdanıf?!” Onda məni gülmək tutmuşdu. Nənəm hansı qapıdan, hansı kiliddən danışırdı? Doğrudanmı inanırdı ki, Ağdamdakı evimiz qoyub getdiyimiz kimi durur. Yoxsa hirsindənmi elə demişdi?...
Ağdamda bir qapıqonşumuz vardı – erməni Siran. O mənim görüb, xatırladığım ilk və sonuncu ermənidi. O vaxtlar o arvaddan yaman zəhləm gedirdi. Elə bil bilirdim ki, o bizim düşmənimizdir. Əcaib bir görünüşü varıydı. Yekə ətli burnu, sallaq yanaqları adama nağıllardakı küpəgirən qarını xatırladırdı (bəlkə də mən onu elə görürdüm). Tutub məni öpəndə üzümü o qədər silirdim ki, yanaqlarım qızarırdı, sonra da başlayırdı göynəməyə. İndi o göynərti süzülüb düşüb ürəyimə. Bax elə o zamandan bəri daş olub düşmək istəyirəm düşmənin başına.
Ermənilər Ağdamın adını guya dəyişib, Akna qoyublar, Şahbulaq saray kompleksində “Tiqranakert” adlı muzey yaradıblar. Bizim bığıburma kişilərin əksəriyyəti də sanki gedib Ağdamı alıb gəlmiş kimi toylarda “Ağdamın oğlanları” mahnısına qol qaldırıb fəxrlə süzürlər. Sonra da arxasınca xanəndəyə “Qarabağ şikəstəsi”ni sifariş verib, keçirlər süfrə başına. Xanəndə orda “Qarabağ şikəstəsi” oxuyur, sifariş verənlər də badələrini toqquşdururlar. Toylarında “Qarabağ şikəstəsi” səsləndirib, “Şuşanın dağları”nı oxutdurmaqla öz “vətənsevərliklərini” nümayiş etdirirlər... Əslində biz Şuşanın dağlarından xəcalət çəkməliyik. Bir də ki, axı Xan əmi o mahnını Şuşanın dağlarına baxıb, başındakı bəyaz dumanlardan ilhamlanıb bəstələyib, Qarabağın xoşbəxt günlərində oxuyub. İndi nə Şuşa görünür, nə dağları, nə də dağlarının başındakı bəyaz buludlar...
Nənəm həmişə deyir ki, Allah erməninin evin yıxsın müharibəni başlatdığı yerdə. Camaatımızın da üzü bir-birindən dönüb. Nənəm düz deyir, camaatımızın çoxu daha o camaat deyil. Çünki xatirələrdəki ağdamlılara o qədər də bənzəmirlər...
...İnamım, ümidim bircə bunadır ki, nə vaxtsa bir gün Ağdama qayıdası olsam, ömrün Ağdamsız keçən illərinin xatirələrini burda – bu hay-küylü, mənim doğulduğum yerlərə heç bənzəməyən, hər il iyulun 23-də asfaltı daha da qaynarlaşan, göyündən də, yerindən də od yağan Bakı küçələrində unudub gedəcəm. Bir ovuc torpaqla təsəlli tapdığım günləri, qulaqlarımda əks-səda verən “qaçqın” sözünü unudacam onda birdəfəlik. Unudacam. Unudacammı?...
Günel CABİRQIZI
525-ci qəzet.-
2011.- 23 iyul.- S.15.