“Tikmələrin izi ilə” adlı sərgi açılıb

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tikmə ustası Mehriban Əliyeva–Xəlilzadənin əl işlərindən ibarət “Tikmələrin izi ilə” adlı sərgi açılışı gerçəkləşib.

Tədbiri giriş sözü ilə çıxış edən muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva Azərbaycan xalçaxalq tətbiqi sənəti haqqında məlumat verərək sərginin keçirilmə zərurətlərini dilə gətirib: “Sərginin keçirilməsində əsas məqsəd qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı, müəllifin bu sənətə gətirdiyi yenilikləri geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir. Sərgidə sənətkarın muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin, təkəlduz texnikası ilə yaratdığı nəfis sənət nümunələri nümayiş olunub”.

Muzeyin direktoru M.Əliyeva–Xəlilzadənin əl işlərinin xalq tikmə sənəti məktəbinin davamı olduğunu söyləyib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi direktorunun müavini Polad Zeynalov, xalq rəssamı Ağaəli İbrahimov, keçəçi rəssam Rauf Əbdülhüseynoğlu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu direktorunun müavini Kübra Əliyeva və başqaları müəllifin əl işləri haqqında fikirlərini dilə gətirərək, ona yaradıcılıq uğurları arzulayıblar.

Sərgidə nümayiş etdirilən “Tanrı gözəldir”, “Müqəddəs Kəbə”, “Əfsanə”, “Qız qalası”, “Muğam üçlüyü” bədii tikmələri, “Nizami Gəncəvi”, “Heydər Əliyev” tikmə portretləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bundan başqa tikmə ustasının “Hekayə”, “XosrovŞirin”, “Sülh quşu”, “Gecə-gündüz”, “Tanrı gözəldir”, “Müqəddəs Kəbə”, “Atatürk”, “Şərq ulduzu” və digər sənət nümunələrində təsviri sənətə və toxuculuğa xas xüsusiyyətləri tikmə sənətində birləşdirərək maraqlı əsərlər ərsəyə gətirib.

Sərgidə sənətkarın təkəlduz, xovlu, örtmə (doldurma) və digər tikmə texnikası ilə yaratdığı nəfis sənət nümunələri nümayiş olunur. Sənətkar həndəsi və nəbati naxışlardan yararlanmaqla portret, miniatür, mənzərə janrlarına müraciət edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan sərgidə mədəniyyət işçiləri, rəssamlar, tikmə ustaları, sənətşünaslar və ictimaiyyət nümayəndələrinin iştirak ediblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 29 iyul.- S.4.