Dilçilikdə qanun
və adət
POZUNTUYA SƏBƏB SAVADSIZLIQDIR
Azərbaycan
Mətbuat Şurasının mediada dil və üslub məsələləri
ilə bağlı monitorinq qrupunun üzvü kimi qəzetləri vərəqləyərkən
34 il əvvəl professor
Əziz Əfəndiyevlə olan söhbətimiz
yadıma düşdü. O vaxt mən “Azərbaycan məktəbi”
jurnalının böyük redaktoru, rəhmətlik
Əziz müəllim isə həmin jurnalın “Azərbaycan dili və ədəbiyyatı “ əlavəsinin
redaktoru, eyni zamanda Pedaqoji universitetin professoru idi. Gənc jurnalist kimi məni maraqlandıran “sərlövhəyə
niyə nöqtə qoyulmur?” sualına Əziz
müəllim cavab verdi
ki, “elə də olar,
belə də olar”. Düzü,
professorun şərhi olmayan
cavabından razı qalmadım. Amma öz-özümə belə bir
qənaətə gəldim ki, bitmiş bir fikri ifadə edən söz
və söz birləşməsinə
cümlə deyildiyinə və cümlədən sonra nöqtə qoyulduğuna
görə sərlövhədə də nöqtə
qoyulmalıdır, amma qoyulmur.
Həqiqətən,
maraqlıdır. Sərlövhədə nöqtədən başqa qalan durğu işarələrinin hamısından
istifadə olunur. Deməli, bu, dilçilik qanunundan kənara çıxılması və
nə vaxtsa nöqtənin kimsə tərəfindən
qoyulmaması sonra adət şəklinə
düşmüşdür. Göründüyü kimi,
konkret və dəqiq elmlər
sırasında olan dilçilikdə (mənim
nəzərimdə – M.Ə.) bəzən vərdişlər,
adətləşmiş hallar olur. Bu qəbildən dilimizin
lüğət tərkibində vətəndaşlıq hüququ qazanmış bəzi xarici sözlər barədə də
ayrıca danışmağa dəyər. Çünki
həmin sözlər dilimizdə əsl mənasında
işlənməmiş və tamamilə başqa
mənada illərdən bəri istifadə
olunmaqdadır.
Lüğətimizin
belə “vətəndaş”larından bir
neçəsini yadımıza salaq. Elə
götürək ən çox işlənən
“məktəb” sözünü. Bu söz ərəb dilində
yazmaq mənasını verən “kətəbə”
sözündən yaranmış və hazırda “kitabxana”ya deyilir.
Bununla bərabər səslənən “mədrəsə”
isə başa düşdüyümüz
təhsilverən, savadöyrədən, yəni “məktəb”
deməkdir.
Hər gün, hər saat eşitdiyimiz insanın
sağlamlığını bildirən “xəstə” sözü də, təəssüf ki, ilkin “yorulmaq”
mənasını itirmişdir. Halbuki fars dilində əhvallaşanda
biri digərinə “xəstə nə başid!” deyərək qarşısında iş görən adamın yorulmamasını
arzulayır. Bizim anladığımız
“xəstə” isə “məriz” kimi ifadə
olunur. Məsələn, “felankəs məriz
şode” (filankəs xəstələnib).
Son vaxtlar meyvə-tərəvəz
məhsulları içərisində “Göyçə”
adlandırılan alçanı çox adam Qərbi Azərbaycanın Göyçə,
yaxud Naxçıvan bölgəsinin məhsulu
kimi tanıyır. Bu
qətiyyən belə deyildir. Çünki həmin söz
yanlış ifadə olunduğundan insanlar onu belə başa düşürlər. Əslində bu, farsca “qouce”
sözü olub “alça” deməkdir. Həmin sözün
Naxçıvana aid olması, bəlkə
də, o növ
alçanın həmin torpaqda yetişməsinin,
həm də İranla qonşuluğun
təsirindəndir. Hətta farslar bizim “pomidor”
adlandırdığımız tərəvəzə, “qouce fərəngi”, yəni “Avropa
alçası” deyirlər.
Dilimizdə
uşaq ayaqqabısına “papuş”
deyilməsi hamıya yaxşı məlumdur. İndi
görək həmin sözün tərkibi
nədir? Əlbəttə, “pa” farsca ayaq, “puş”
isə geyim deməkdir. İki
söz birləşib hərfi tərcümədə
“ayaq geyimi” olmuşdur və əslində təkcə uşaq üçün deyil,
böyüklər üçün də
söz eyni dərəcədə
“ayaqqabı” mənasında işlənə bilər. Amma adət halını alaraq
yalnız körpə uşaq
ayaqqabılarına şamil olunur.
Qəzetlərin
birində rast gəldiyim “təqrir” sözü nadir hallarda işlənir. Amma ərəbcə
“oxu” mənasını verən həmin sözün yerində işlədilməməsi
və “şifahi xahiş”
kimi səslənməsi, yaxud
yazılması adət halını almışdır. Bu isə dərinə getsək doğru sayılmamalıdır.
Biz “nümayiş”
sözünü gözümüzü
açandan kimlərinsə
“nümayişə çıxması”, nəyinsə “nümayiş olunması” kimi
işləndiyinin şahidiyik. Əslində
bu söz öz “sərgi” mənasından xeyli uzaqlaşmışdır. Həmin söz ərəbcə olsa
da “təzahorat”la əvəzlənməsi
daha məqsədəuyğundur. Çünki deyilən fikri
həmin ifadə düzgün ehtiva edir.
Şəxs
adları ilə bağlı iki ismin səhv yazılması da
xoşagəlməyən adətə çevrilmişdir.
Hətta bəzən onlara dəyişik formalarda rast gəlirik. Məsələn, “İskəndər”in “İsgəndər”,
yaxud “Əsgər”in “Əskər” kimi yazılması doğru
deyildir. Ərəb dilində döyüşçü mənasını
verən “əskər”in “asker” “əsğər”,
“əsgər”, yəni “kiçik”
sözündən fərqləndirilməməsi və yerində
istifadə olunmaması adətinə son
qoyulmaması bilgisizliyimizə dəlalət edən problemlərdəndir.
Əgər “Əkinçi”
qəzetindən sonra xronoloji
ardıcıllığa görə ikinci
qəzet sayılan “Ziya”nı vərəqləsən, görərsən
ki, orada bəzi
sözlər bugünkü kimi yazılmır. Məsələn,
“İslambul” sözünün
keçdiyi yola nəzər
salaq. Əlifba dəyişikliyinin, yaxud siyasi
baxışların təsirindənmi həmin sözü
sovet hökuməti dövründə ruslar kimi “Stambul”,
habelə “İstambul”, dövlət
müstəqilliyi qazanandan sonra
isə “İstanbul” işlətməyimiz sanki kimlərisə
yamsılamaqla “İslambul”u
adətə qurban vermişik.
“İslambul” ona
görə düzgün
sayılmalıdır ki, Konstantinopolun
əvəzinə işlənən “İslambul”un, doğrudan da, adıçəkilən yerdə
İslamın bulunması, tapılması mənasını
verməsi daha uyğun
görünür. Ona
görə uzun illər boyu
belə yazılmışdır.
Son illər Şuşa
şəhərinin ünvanına ermənilər tərəfindən
müəyyən yanlış fikirlər deyiləndə, yaxud onun, guya,
“Şuşi” adlandırılması da düzgün deyildir. Tarixi mənbələrdə
sözügedən şəhərimiz ərəb əlifbası
ilə “Şuşi”
yazıldığının şahidiyik.
Ərəb əlifbasında “i” hərfi bəzi
məqamlarda həm də “a” hərfi kimi oxunur.
Dolaşıqlıq məhz həmin məsələ ilə
bağlı yaranmışdır. Burada
ermənilərin dilinə “Şuşi” sözünün onsuz da heç bir
aidiyyəti yoxdur. Qarabağa
XVIII əsrdə gətirilmiş ermənilərin o barədə, ümumiyyətlə,
ağızlarını açmağa
haqları olmamalıdır. Bəlkə də, “Şuşa” sözünü
latın qrafikasının tələbinə uyğun
olaraq yazmağa adət
etməyimizin nəticəsidir ki, tarixi mənbələrə nisbətən fərqlilik
yaranmışdır. Bu fərq də
xoşagəlməz və lazımsız söz-söhbətə
şərait yaradır.
Yeri gəlmişkən, “İrəvan”
sözü ilə bağlı müxtəlif
deyimlər də diqqət çəkir. Vaxtı ilə ərəb
əlifbası ilə nəşr olunmuş
qəzetlərdə və digər tarixi mənbələrdə
həmin söz “Rəvan” şəklində
işlənmişdir. Bu cəhətdən
ruslar tərəfindən oranın “Yerevan” kimi yazılması
bizi neçə illərdir
çaşdırmış və dilimizdə belə səsləndirilmişdir.
Amma dövlət müstəqilliyi qazanandan sonra “Yerevan” demək adətimizə son
qoyuldu və məsələ öz doğru həllini
tapdı.
Belə adətlərimizdən
biri isə paytaxtımız olan “Bakı” şəhəri ilə əlaqədardır.
Bu şəhərin tarixindən daha çox onun ifadə qaydasına diqqəti çəkmək
istəyirik. Qəribəlik ondadır ki, əcnəbilər
ona düzgün olaraq “Baku” deyir,
biz isə “Bakı” deyir
və elə də yazırıq. Deməli, yer
adlarının, xüsusilə, böyük
şəhərlərimizin özümüz
tərəfindən vaxtı ilə olmuş
bir səhv yazılışı indiyədək
adət şəklinə salmışıq. Ona
dur deyən olmadığından bəzən
tələffüzündə problemlər də
yaşanır.
Məqaləmin
əvvəlində qeyd etdiyim
kimi monitorinq zamanı
qəzetlərin birində Cənubi Azərbaycanın “Urmiyə”
şəhərinin “Urma” yazılması özü də sanki düzgün variant olaraq dəfələrlə işlədilməsi
həmin sözü adət halına gətirərək
zorla dilimizin “vətəndaş”ına
çevirir. Belə anormal halların
qarşısı dilçi alimlərimiz,
mütəxəssislər tərəfindən
alınmalıdır.
Son illər dövlətimizin
qayğısı sayəsində mətbuatımızın inkişafda olmasına baxmayaraq,
xoşagəlməyən köhnə adətlər bir yana, yeniləri də
yaranmaqdadır. Bir neçə qəzeti
çıxmaq şərti ilə qalanları qrammatika
kitablarını oxumaq, orfoqrafiya
lüğətinə istinad etmək əvəzinə
hansısa “bərk gedən” qəzeti özü
üçün əsas meyar
götürüb onun
səhvlərini təkrarlayır. Dilçilik elminə azca bələd olan hər
kəs həmin qəzetlərdə qoşa
nöqtədən, nöqtəli vergüldən sonra sözün necə
yazılmasının, ara sözlərlə
bağlı durğu işarələrinin
istifadə qaydaları və sair məsələlər
barədə hansı pozuntuların olduğunu
aydın görə bilər. Deməli, “qəzetçi”lər
dilimizə aid qanunlardan
kənara çıxaraq kiminsə səhvini təkrarlamaqla onu adət şəklinə salırlar. Ən
xoşagəlməyən və qarşısının
alınması tələb olunan adətlərimizdən
biri də bu
tendensiyalı səhvlərdir.
Müştəba
ƏLİ,
Azərbaycan Mətbuat
Şurasının
monitorinq qrupunun
üzvü
525-ci qəzet.-
2011.- 30 iyul.- S. 9.