“AFGA bu gün nəinki Parisdə,
eləcə də Fransada ən aktiv təşkilatlardan
biridir”
VÜSALƏ MƏMMƏDZADƏ:
“HAZIRDA XARİCDƏ ERMƏNİ DİASPORUNA ƏSASLANDIRILMIŞ
FORMADA ELMİ CAVAB VERMƏYİ BACARAN GƏNCLƏRİMİZ
KİFAYƏT QƏDƏRDİR”
Azərbaycan Fransa Gənclik Assosiyasiyası
(AFGA) 2003-cü ildə Parisdə yaradılmış ilk tələbə
assosiasiyasıdır. Hazırda bu quruma Vüsalə Məmmədzadə
rəhbərlik edir. Vüsalə həm də Parisdə Azərbaycanın
YUNESKO yanında Daimi Nümayəndəliyində iş təcrübəsi
keçir.V.Məmmədzadə “525”ə müsahibəsində
həm özü, həm də təşkilatın fəaliyyəti,
Azərbaycan diasporunun vəziyyəti barədə
danışıb.
–İlk təhsilimi 123 saylı Mərdəkan
kənd orta məktəbində almışam. Uşaqlıqda
arzum jurnalist olmaq idi. Ancaq məktəbin son illərində
fransız yazıçılarının Azərbaycan dilinə
tərcümə olunmuş əsərlərini oxuduqca, Fransa
haqqında filmlərə baxdıqca məndə bu ölkənin
tarix və mədəniyyətinə, dilinə maraq oyandı
və beləcə ali təhsil oriyentasiyamı seçdim.
1997-ci ildə Dillər Universitetinin fransız dili tərcümə
fakültəsinə, 2001-ci ildə magistraturaya qəbul oldum.
Magistraturada birinci kursda təhsil alarkən sənədlərimi
ailəmdən gizli Paris Universitetinə göndərdim. Qəbul
olacağımı sanmadığım üçün
heç kəsə heç nə deməmişdim. Amma
universitetə qəbul olduğum haqqında məktub alanda
Parisə getməklə bağlı ailəmdə fikir
ayrılığı yarandı. Kənd yer olduğu
üçün o zaman qızın tək xaricə getməsinə
əksəriyyət müsbət yanaşmırdı. Məni
ilk dəstəkləyən atam oldu və bunun
üçün ona çox minnətdaram. 2002-ci ildə
Bakıda magistratura təhsilimi yarımçıq qoyaraq
Fransanın Paris Universitetində Dilşünaslıq üzrə
master oxumaq üçün Parisə yola düşdüm.
Fransadakı fərqli təhsil sistemi, müəllim-tələbə
münasibətləri arasındakı səmimiyyət məni
təhsilimi davam etdirməyə ruhlandırdı. 2005- ci ildə
ikinci ali təhsil almaq məqsədilə həmin universitetin
Siyasi Elmlər bölməsinə qəbul oldum. 2008-ci ildə
bakalavr, 2010-cu ildə master diplomuna yiyələndim.
Hal-hazırda Avropaşünaslıq fakültəsinin
doktorantıyam.
Fransada təhsil aldığım illər
ərzində assosiativ fəaliyyətim də aktiv olub. Belə
ki, 2003-cü ildə Parisdə yaradılmış ilk tələbə
assosiasiyası olan Azərbaycan Fransa Gənclik
Assosiasiyasının (AFGA) təşəbbüskarlarından
biriyəm. Bu gün həmin quruma rəhbərlik edirəm.
–Bildiyimə görə Dünya Azərbaycanlılarının
3-cü qurultayında iştirak etmisiniz. Siz qurultayın nəticələrini
necə qiymətləndirirsiniz?
–Azərbaycan diasporunun yaradılması,
formalaşması, inkişafında xalqımızın mənəvi
birliyinin və vətənə
bağlılığının təminatında dünya azərbaycanlılarının
qurultaylarının rolu danılmazdır. İlk dəfə
idi ki, bu qurultayda iştirak edirdim. Tədbir yüksək səviyyədə
təşkil olunmuşdu. Dünyanın müxtəlif ölkələrində
yaşayan həmvətənlilərimizi bir arada görmək,
onların bir-biri ilə səmimi münasibəti
açığı məni çox qürurlandırdı.
Biz bu birliyi, gücü vətənin hüdudlarından kənarda
nümayiş etdirməliyik. Dövlət və hökumət
strukturları nümayəndələri ilə
görüş zamanı diaspor quruculuğunun
inkişafına dəstək məqsədilə verilmiş vədlər
ümid edirəm ki, sözdə deyil, əməldə
özünü doğruldacaq.
–Sizcə bu qurultay Azərbaycan diasporunun
qarşısına hansı yeni vəzifələr qoydu?
–Qurultayda milli mənəvi dəyərlərin
qorunub saxlanması üçün başlıca amil olan azərbaycançılıq
ideyasını gücləndirmək əsas məsələ
kimi qarşıya qoyuldu. Azərbaycanlıların vətəndaşlıqlarını
qəbul etdikləri ölkələrin iqtisadi, siyasi həyatında
fəal iştirak etmələri, siyasi partiyalarda təmsil
olunmaları, qanunvericilik orqanlarında
çalışmaları Azərbaycanın dünya birliyində
tanınmasına imkanları artıran başlıca məsələdir.
Çünki Dağlıq Qarabağ kimi qlobal münaqişəyə
cəlb olunan Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
üçün bu məsələyə diqqət yetirilməlidir.
Dünya azərbaycanlılarının 3-cü qurultayı bizə
ümumi məqsədlər ətrafında birləşmək,
təşkilatlanmaq, yaşadığımız dövlətdə
qurumlar, cəmiyyətlər şəklində biri-birimizlə
sıx təmas qurmaq, siyasi və mədəni həyatda fəal
iştirak etmək kimi vəzifələr verib.
Qarşımızda duran bu mühüm vəzifələr
sırasına yaşadığımız ölkələrdə
fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət
təşkilatları ilə yanaşı kütləvi
informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsi də daxildir. Hər bir azərbaycanlı
icması milli mənəvi dəyərlərini, dilini, milli
kimliyini qorumaqla yanaşı, cəmiyyətə daha
yaxından inteqrasiya etməli, baş verən hadisələrə
prinsipial münasibət bildirməli, ictimai siyasi proseslərin
fəal iştirakçısına çevrilməlidir.
–Rəhbərlik etdiyiniz Fransa-Azərbaycan
Gənclik Assosiasiyasının fəaliyyəti barədə nə
deyə bilərsiniz?
–Bildiyiniz kimi Parisdə müxtəlif sahələrdə
çalışan, təhsil alan çoxsaylı həmyerlilərimiz
var. Onları bir araya gətirib Azərbaycanın təbliği
ilə bağlı müzakirələr keçirmək
üçün mütləq bir qurum olmalı idi. Məhz elə
bu məqsədlə 2003-cü ildə Parisdə təhsil alan
bir qrup azərbaycanlı tələbələr tərəfindən
Assosiasiyanı təsis etdik. İlk prezident o zaman Parisdə təhsil
alan Babək İsmayılov olub ki, o, hal-hazırda Londonda
yaşayır və yerli diaspor təşkilatları ilə fəal
əməkdaşlıq edir. Növbəti illərdə təşkilata
Mirvari Fətəliyeva başçılıq edib, o da indi
Lion şəhərində yaşayır və keçmiş
təcrübəsinə əsaslanaraq bu gün təşkilatın
fəaliyyətində məsləhətçi qismində
öz köməyini əsirgəmir. 2008-ci ildən bəri
bir sıra səbəblərdən təşkilatın fəaliyyəti
dondurulmuşdu. Bu ilin fevralından yenidən bir qrup fəal tələbə
bir araya gələrək AFGA-nı həyata qaytarmağa qərar
verdik. Beləliklə, AFGA bu gün nəinki Parisdə, eləcə
də Fransada ən aktiv təşkilatlardan biridir.
Fəaliyyət dairəsinin daha geniş
olması məqsədilə təkcə tələbələri
deyil, eyni zamanda gəncləri də əhatə edən
AFGA-nın sayı 150-dən çox üzvləri
sırasına həm azərbaycanlılar, həm də
Fransada yaşayan fransız və xaricilər daxildir. Azərbaycan
dilini, tarixi həqiqətlərini, mədəniyyət və
sivilizasiyasını Fransız ictimaiyyətinə tanıtmaq
məqsədi ilə yaradılmış bu təşkilat bu
günə kimi bir sıra kiçik və böyük həcmli
mədəni tədbirlərə imza atıb.
–Təşkilatın prioritetləri nədən
ibarətdir?
–Dünyəvi, sivil, qeyri-siyasi təşkilat
olan AFGA-nın əsas məqsədi mədəniyyətimizi,
tariximizi, uğurlarımızı, hətta problemlərimizi
çatdırmaqla yanaşı, Azərbaycan-Fransa arasında
dostluq əlaqələrini möhkəmləndirmək,
iqtisadi, elmi və mədəni münasibətlərin
inkişafına dəstək verməkdir. Təşkilat Parisdə,
eləcə də Fransanın müxtəlif şəhərlərində
fərqli mövzularda tədbirlər, layihələr həyata
keçirir. Təbii ki, Dağlıq Qarabağ məsələsi
də daim diqqətimizdədir. Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın
Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq
aləmin məlumatlandırılması və bu faktın
dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin
müzakirəsinə çıxarılması Azərbaycan
diaspor təşkilatlarının əsas fəaliyyət
istiqamətlərindəndir. Bu məqsədlə “Justice for
Khojaly“ kampaniyasına qoşularaq hər zaman qan
yaddaşımız olan Xocalı faciəsinin anım
gününü Fransa ictimaiyyətinin diqqətinə
çatdırır, faciəni tanıyan imzalar toplayaraq Senat və
Fransa Milli Assambleyasına təqdim etmişik. AFGA təkcə
tədbirlərlə kifayətlənmir, həmçinin
Fransız oxucusuna Azərbaycanı, Azərbaycan oxucusuna
Fransanı tanıtmaq məqsədilə iki dildə nəşr edilmiş “Köprü”
adlı jurnalın müəllifidir. Maliyyə çətinlikləri
səbəbindən bu jurnalın sadəcə iki nömrəsi
işıq üzü görüb. Jurnalın
üçüncü nömrəsinin üzərində
işlərə başlanılıb və onun bu ilin
oktyabrında çapdan çıxması nəzərdə
tutulub. Digər məqsədimiz Fransada təhsil almaq istəyən
gəncləri ruhlandıraraq, onlara təhsil ocaqlarını
seçməkdə, Fransaya gəldikləri zaman administrativ
işlərdə kömək edərək cəmiyyətə
inteqrasiya prosesinin sürətləndirilməsində
yardımçı olmaqdır.
–Bəs ümumilikdə Fransada Azərbaycan
diasporunun vəziyyəti necədir?
–Hazırda Fransada müxtəlif şəhərlər
üzrə 20-yə yaxın diaspor təşkilatı
qeydiyyatdan keçib və hər il yeni təşkilatlar
yaranır ki, bu da təbliğat istiqamətinin bir qədər
də şaxələnməsi ilə nəticələnir.
Yerli fəaliyyət göstərən təşkilatlardan
Strasburq “Azərbaycan Evi” Cəmiyyətinin, Fransa Azərbaycanlılarının
Diaspor Mərkəzinin, Fransa-Azərbaycan Mədəni Əlaqələr
Assosiasiyasının (ARAZ) və s. adlarını çəkmək
olar. Diaspor sahəsində son illər nəinki orta və
yaşlı nəslin nümayəndələri, hətta gənclər
də bir araya gəlib azərbaycançılıq ideyası
naminə əllərindən gələni əsirgəmirlər.
Bu gün Azərbaycanın gələcəyi olan sağlam,
intellektli, müstəqil düşüncəli gənclərimiz
nüfuzlu ali təhsil ocaqlarında təhsil alır və
müxtəlif sahələrdə çalışırlar.
Sevindirici haldır ki, bir çox ölkələrdə
olduğu kimi Fransada da azərbaycanlı gənclər fəallıq
göstərməklə yanaşı, özləri də təşkilat
yaradıb, Azərbaycan həqiqətlərini dünyaya
çatdırılması istiqamətində öz töhfələrini
verirlər. Bu təşkilatlar olduqları şəhərlərdə
gənclərin, diaspor nümayəndələrinin sıx birləşməsinə,
onların Fransa cəmiyyətinə inteqrasiya etməsinə,
iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə
böyük əhəmiyyət verir, Azərbaycan milli mənəvi
dəyərlərinin, mədəniyyətinin, incəsənətinin,
ədəbiyyatının təbliği, diaspor hərəkatının
genişləndirilməsi istiqamətində bir sıra işlər
görməyə çalışır.
Nəzərə almaq lazımdır ki,
Fransa kimi nüfuzlu, dünya turist axınının mərkəzləşdiyi
və eyni zamanda erməni diasporunun qərargahına
çevrilmiş bir ölkədə bu tipli mədəni tədbirlərin
həyata keçirilməsi ilə kifayətlənmək
olmaz. Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin,
erməni təcavüzü və nəticələrinin bu
ölkənin ictimaiyyətinə çatdırılmasına
xüsusi diqqət yetirilməli və bu mövzuda intensiv
şəkildə simpozium və konfransların, dəyirmi masa
və debatların, sərgilərin təşkilinə yer
ayrılmalı, yerli mediada
işiqlandırılmalıdır.
Fransadakı Azərbaycan diasporunun təşkilatı
sistemində ən böyük mənfi cəhət mövcud
təşkilatlar arasında vahid koordinasiyanın
olmamasıdır ki, bu məsələ də mümkün qədər
tez öz həllini tapmalıdır. Bununla yanaşı təşkilatların
fəaliyyətlərində üzləşdikləri problemlərə
nəzər salarsaq, maddi çətinliklərlə
yanaşı, Azərbaycana aid milli atributların və məlumat
xarakterli materialların, suvenirlərin (gəlinciklər, musiqi
alətləri və xalçalar), milli musiqi disklərinin və
milli geyimlərin olmaması işin effektivliyini azaldır.
Ötən illərlə müqayisədə
son iki ildə Azərbaycanın Fransadakı səfirliyində
baş vermiş vəzifə dəyişikliyi diaspor və səfirlik
arasındakı münasibətlərə də öz
müsbət təsirini göstərib. Belə ki, yerli
nümayəndəlik vasitəsilə diaspor təşkilatlarının
fəaliyyətinə maraq və dəstək artıb.
Fransadakı Azərbaycan
diaspor təşkilatları dövlət maraqlarımız
çərçivəsində əlbir olub, birlik
nümayiş etdirməklə daha keyfiyyətli və səmərəli
fəaliyyət göstərə bilər.
–Fransa erməni
diasporunun güclü olduğu ölkələrdəndir. Bu mənada
Azərbaycan diasporu həqiqətlərimizin təbliği
baxımından hansı mübarizə vasitələrindən
istifadə edir?
–Azərbaycan
diasporu ilə müqayisədə ermənilərin tarixən
Avropa ölkələrində çox güclü
diasporları fəaliyyətdədir. Bu ölkələrdən
ən başlıcası Fransadır. Erməni diasporları həmişə
Ermənistanla bağlı olub, geniş imkanlarından istifadə
edərək Dağlıq Qarabağ münaqişəsində
Ermənistanın xeyrinə təbliğat aparıb, ictimai
fikri Azərbaycanın əleyhinə yönəldib. Onlar azərbaycanlılara
və türklərə qarşı törətdikləri
soyqırımlar haqqında həqiqətləri gizlətməyə,
dünya ictimaiyyətinin diqqətini Azərbaycan
torpaqlarının işğalı faktından
yayındırmağa çalışırlar. Təsadüfi
deyil ki, Azərbaycan və Ermənistan diasporlarının təbliğat
mübarizəsi indi də davam etməkdədir.
Fransadakı erməni
diasporunun çoxşaxəli fəaliyyəti bəlkə də
ayrı bir məqalə mövzusu ola bilərdi. Bir onu demək
kifayətdir ki, bu ölkədə 500 min erməni
yaşayır. Erməni diasporu burada elə bir mövqe tutub
ki, Fransanın hökumətinə və parlamentinə də
təsir etmək iqtidarındadır. Vaxtaşırı
Fransadakı səfirliyimizin təşəbbüsü ilə
Dağlıq Qarabağ münaqişəsi mövzusunda
açıq konfrans və debatlar təşkil edilir. Tələbələr
də imkan daxilində istər Azərbaycan, istərsə də
Ermənistan tərəfindən təşkil edilən bu tip
konfranslarda fəal iştirak etməyə
çalışır. Mübarizəmiz eləcə də
internet səhifələrində, forumlarda davam edir. Çox təəssüf
ki, fransız dilində Azərbaycan həqiqətləri ilə
bağlı yetəri qədər dolğun sənəd və
məlumatlar yoxdur ki, bu gün bunları etmək biz gənclərin
boynuna düşər. Sevindirici haldır ki, bu gün xaricdə
savadlı və siyasi prosesləri düzgün təhlil edən,
həqiqətlərimizlə bağlı erməni diasporuna əsaslandırılmış
formada elmi cavab verməyi bacaran gənclərimiz kifayət qədərdir.
Pərvanə SULTANOVA
525-ci qəzet.-
2011.- 30 iyul.- S. 18.