Oralarda kimlər
var: YAZAR AİLƏLƏR
Yazar – Xanəmir
Şair- Ayişə - 2
Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə. Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm. Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məhşur yazarlardan birindən soruşublar ki, sizin üçün ən acı,ən ağır olan nədir? Deyib : ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib: çünki mən ingilis dilində yazdım, anam isə ingilis dilində heç bilmədi.Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdır. Ailədə 3 uşaq böyüyür.
Sual: – İlk uşağınız olana qədərki dövrlə uşaq doğulandan sonrakı vaxt nə ilə fərqlənir?
Xanəmir: Təbii ki, qayğılar getdikcə çoxalır. Sorunlar, problemlər üst-üstə gəlir.Əvvəllər ikimiz idik. Tələbəydik. Türkiyə mühitiydi. Daha rahat bir ortamdaydıq. Həm də işləyirdim. İndi Bakıda 3 uşaqla və üstəlik düşük maaşla yaşamaq sözsüz, gülməlidir.
Uşaqlarım elə biləsən, eyiblərimi örtürlər. Nə qədər ki, uşaqlar yoxuydu, elə bilirdim, köçəriyəm. Hər an bu yerləri tərk edəcəyimi düşünürdüm. Onlar dünyaya gəldikdən sonra, elə biləsən mənim gedəcəyim yerləri də özləriylə götürüb bura gətiriblər.
Ayişənin uşaqlara qarşı həssaslığı, diqqətli olmağı, mənim ayaqlarımı yerə bərkidib. Sözsüz, bütün canlılar kimi, bizim də öz yavrularımızla bir dam altında, göy üzünün altında nəfəs alma zövqümüzü, üstəlik də Tanrının belə bir bəxşişlə bizləri sevindirib, ata, ana məsuliyyətini üzərimizdə qoyması, ayrı bir zövq, ayrı bir dad, ayrı bir ölüb-dirilmədir.İlk övladım dünyaya gələndə uzun müddət onu qucağıma ala bilmirdim. Mənə elə gəlirdi ki, onu qucağıma alsam, uçub gedər. Məndən hürkəcəyindən qorxurdum. Hətta düşünürdüm ki, balaca qızcığaz onu bu dünyaya gətirmə səbəbini məndə günah kimi görüb özünün ruhani aləmindəki ilkin məskənini özlədikcə, ata adlı bir məxluqa daha çox əsəbləşir, daha çox hirslənir. Bir gün heç kəsin qucağında kiriməyən bu yavrunu qucağıma almaq məcburiyyəti yarananda, heç səsini çıxarmadı. Gülümsəyərək mışıl-mışıl yuxuya getdi. Allahın bu qədər əyani, görünən, əllə tutulan şəkildəki bir sirri, sehri, möcüzəsi içərisində yaşamaq da sözə sığası deyil.
Ayişə: Yerlə göy qədər fərqli dövrlərdir.Uşaq doğulursa insan parçalanır, sonra o parçaları bir bütün şəklində canında gəzdirirsən.Bir canımda beş can daşıyıram mən.Ailə olmanın özəlliyi budur, məncə.Uşaq varsa artıq ailədə hər şey ona görə ayarlanır.Öz istək və işlərim ən son plana düşdü.Artıq bir məsuliyyət sahibi oldum. Mənim düşüncəmdə uşaq özü istəyib də gəlmir dünyaya. Biz, onu dünyaya gətirən insan onun hər şeyindən məsuluq, buna görə də mənim həyatımın böyük bir hissəsi onlara aiddir.Mən bunu könüllü seçdim, davam eləyirəm.Uşaqlar doğulunca gecələr uzandı, gündüzlər qısaldı.Qırx dərəcə istiliklə qış günü soyuq mətbəxdə uşaqlara yemək bişirmişəm.Qış günləri “Buz heykəli” o qədər anlayır, elə hiss edirəm ki.Alpər doğulana qədər elə bil hələ yarımçıq idim, ancaq Alpərlə tamamlandım, bir başqa duyğu, bir başqa hiss yarandı. Tamlandım, bütövləndim, artıq gözüm yolda deyil, artıq kimsəyi gözləmirəm.Bunun özü də bir başqa cür hissiyyatdır.Artıq kosmosla bir alverim qalmayıb, sadəcə mənəvi yolçuluq davam edir.Bu da uşaqlardan sonra yaranan hissdir.
Sual: – Çox vaxt siz ikiniz də evdə olmursuz.Belə vaxtlarda uşağınıza kim baxır və ya baxardı, vaxtı necə bölürsüz?
Xanəmir: Ayişə həmişə uşaqların yanında olub. Birdən ikimizin getməli olduğu yerlər ortaya çıxanda, uşaqları ya nənələri gildə, ya da qonşumuzun böyük qızınına tapşırıb gedirdik. Lap kimsə olmasa belə, artıq böyüdükləri üçün uşaqları bir-birinə, hamısını da Allaha tapşıra bilirik.
Ayişə: Nadir halda uşaqları tək qoyuram, o zaman da nənəyə etibar edirəm ən çox, bir iki dəfə də qonşunun qızına tapşırmışam.Kiçik olduqları zaman isə heç kimə etibar etmədim.Onların qığıltısını, təbəssümünü, ağlamağını, hər halıyla uşaqların böyümə prosesini özüm izləmək istəmişəm. Hər yeni hərəkətləri mənim bir duyğumdur.İşə getməməyimin də bu və daha bir sürü mistik səbəbləri var.Vaxt bölgüm yoxdur, elə vaxtın axarına düşüb gedirik.Kim nəyi bacarır onu edir.
Sual: – Ən çox incik gününüz nə vaxt olub? Nə üstündə? Küsəndə necə barışırsız?
Xanəmir: Alpər dünyaya gələndə 8-9 ay adsız qaldı. Aramızda mübahisə düşmüşdü. Hərəmiz bir ad deyirdik. Axır ki, razılaşıb adını Alpər qoyduq.
Ayişə: Bütün incikliklərimiz keçir.Ən çox hansıdır bilmirəm, ancaq hər inciklik adama böyük görünür, sonra unudulur.Nə üstündə deyəndə, mən hər şeydən inciyə bilirəm.Üzünün bir ifadəsindən, sənin tonundan, məni yanlış anladığı zaman. Ən çox incidiyim məndən bir şey, yəni bir söz gizlədiyini hiss etdiyim vaxtdır. Doğrudan, biz niyə küsmürük? Küsmək acizlikdir, məncə. Biz düşmən kimi vuruşur, dost kimi barışırıq.Mərdi mərdanə “sən səhvsən” deyir barışırıq, küsüb gizlənmirik.Bəzən qılınc qırğınına çıxırıq, qan su yerinə axır sözlərin başı kəsilincə.Məndə qılıqlayaraq danışmaq qabiliyyəti yoxdur, Xanəmirdə də səbr edə bilmək.Mən deyirəm qatıq ağdır, o deyir bəyazdır.Mən deyirəm bəyazdır, o deyir yox ağdır.Vuruşuruq, axırda baxıb görürük mənasız şəkildə ikisi də bir şeydir.Mənə elə gəlir ki, ona həddən artıq çox güzəşt edirəm, ona da elə gəlir ki, o mənə güzəştə gedir.(Bu da təzə bir dava mövzusu).(Hər cümlənin başı Alpər gəlir ki “qurtardınmı. Qurtarmadığımı görüb məni qucaqlayıb öpür, sən elə yaxşı adamsan ki, indi tezcə qurtarıb deyəcəksən ki, Alpər gəl kompüterdə oyna”, deyir siyasətçi.)
Sual: – Yaradıcılıq və uşağınızın tərbiyə məsələsini necə qurmusuz? Uşağınızla və ya uşaqlarınızla çoxmu vaxt keçirirsiz?
Xanəmir: Mən uşaqlara xüsusi tərbiyə verməyin tərəfdarı deyiləm. Onların qanımı qaraldacaq hərəkətlərinin ola biləcəyinə inanmıram. Uşaqlarla əsasən anaları məşğul olur. Dərsə aparmaqda yardımçı oluram. Axşam evə gələndə dərsləri ilə maraqlanıram. Qiymətlərini soruşuram. Gündəliklərinə imza atmağı mənə saxlayırlar çox vaxt.Alpər bəzən aldığı beşlərdən bezdiyini rahatlıqla elan edir. Bəzən isə qəsdən dərsi bildiyi halda “bilmirəm” deyir və “iki” də alıb gəlir. Onda çalışır ki, mən gəlməmiş yatsın. Təəssüf edirəm ki, bazar gününün xaricində uşaqlarla vaxt keçirmək imkanım yoxdur.Yaradıcılıq məsələsinə gəldikdə, yazılarımı gözdən-könüldən uzaqda yazıram. Ya erkəndən qalxaram, kimsəni oyatmadan, ya gecə yarısı yazılıq əhvalım olanda girərəm yerə, hardasa hamını aldadaram ki, yatsınlar, qalxıb nəsə yazaram.Çünki uşaqlar mən yatmadan gözlərini yummazlar. Bu xüsusiyyətləri ilə məni qoruduqlarını zənn edirlər. İndi ortancılımız Gülturanın əlindən zara gəlmişəm. Yazdıqlarımı gedib tapıb oxuyur, sonra da elə suallar yağdırır ki, nəfəsim kəsilir. Ancaq bütün bunları xətrimə dəymədən edir. Alpər bir dəfə məktəbdə nəyin üstə döyülüb. Müəllim deyib, Azərbaycanın ən böyük şairi kimdir. Deyib, mənim atam. Müəllim də elə bilib, Alpər onu dolayır. Dərsdən gələndə qayıtdı ki, ata, sən niyə şairsən eyyy, daha şair olma. Mənə heç vaxt döyüldüyünü deyə bilmədiyindən, sonradan öyrənmişəm, bəs qaqaş çırpılıb.
Ayişə: Mənim bütün vaxtım uşaqlarla keçir.Bütün ev, məişət işlərindən, uşaqların rahatlığının təminindən sonra yaradıcılığa vaxt ayırıram.Ailədə eqoist deyiləm, heç nəyi özümə görə etmirəm, özüm ən son sırada gəlirəm, ən azından mənə elə gəlir ki, belə edirəm.Uşaqların tərbiyəsində, ya da hər hansı bir qərarda ortaq fikrə gəlirik.Ən əsası uşaqlara sərbəst düşünmək imkanı, sərbəst qərar imkanı veririk. Ən kiçik zamanlarında da onların fikrini soruşmadan hətta paltar belə geydirmirdim.Mütləq onların öz fikrinin olmasına çalışıram, onların fikrini soruşuram, sonra öz təklfimi deyirəm. Onlarda şəxsiyyət formalaşmasına diqqət edirəm.
Sual: – Həyat yoldaşınızdan bir ana və bir qələm sahibi kimi razısızmı?
Xanəmir: Uşaqlarla necə davranmaq lazım olduğunu o məndən daha yaxşı bilir. Yazar kimi də, düşünürəm, çağdaş ədəbiyyatı yaradan qələm sahiblərindən biri də odur. Yazdığı şeirləri təfəkkür və üslub baxımından incələsəniz, tapdanmış yollarla getmədiyini asanlıqla görmək mümkün. Ayişə xanımın şeirləri haqqında Sevimli Vaqif Bayatlı Odər, Çingiz Əlioğlu, Zahid Sarıtorpaq, Elxan Zal Qaraxanlı və dəyərli Tofiq bəy, siz də yazmısınız.
Sual: – Siz necə?
Ayişə: Həyat yoldaşı deyiriksə, bu yaxşılığıyla və pisliyiylə onu qəbul etmişəm deməkdir.Razı olub olmadığımı heç düşünmədim.Ata kimi uşaqlardan soruşmaq lazımdır, mənim bir şikayətim yoxdur. Qələm sahibi kimi mənim sevmədiyim, bəsit sandığım ədəbiyyatdan uzaq olduğu üçün razıyam.Bu günün Azərbaycan ədəbiyyatında fərqli yerdə durduğu, fərqli yolla getdiyi üçün təbii ki,razıyam.
Sual: – Ailə qayğılarınızı necə bölüşürsünüz?
Xanəmir: Dediyim kimi, Ayişə iç işlərinə baxır, mən dış işlərə. Bazarlığı özüm eləyirəm. Ancaq uşaqlar üçün alış- veriş lazım gəldiyində birgə çıxırıq. Yaxud da kənar ölkələrə getdiyimdə, ordan uşaqlar üçün alacaqlarım olur. Bu mənim ən çox sevdiyim bir işdir.
Ayişə: Ailə qayğılarına gəlincə, evin içi mənim çölü onundur.Qayğıları böyüdüb özümüzə dərd etmirik. Hər şey gözəl olacaq- şüarımız budur. Mən evin içini, o da çölünü idarə etdiyimizi sanırıq, ancaq böyüdükcə uşaqları qane etmir bizim idarəmiz.Xanəmirin ən yaxşı gördüyü iş ən yaxın dükandan alver eləməkdir.Qalan işlər mənimdir.Əvvəllər deyirdim əskik olan işləri, sonra gördüm xeyri yoxdur.Hətta birini nağıl eləyim. Bir dəfə evdə vanna otağında qapının dirəyini siçovul yemişdi, həm də bir qarış.Xırda para işləri özüm eləsəm də bu dəfə dedim qapını sən düzəlt.Məndən yaxşı ustamı var deyib çəkici, mismarı, taxtanı götürüb qım qımı çala çala getdi qapını düzəltməyə. Mən də öz işlərimlə məşğul idim. Bir də bir azdan gördüm qiyamət qopmuş kimi məni çağırır, nə çağırır ki, bəs gəl qapını aç.Bir şey oldu deyə qorxdum, özümü atdım qapıya ki, noolub.Dedi, qapını niyə bağlamısan, burda qalmışam.Dedim mənim qapıdan xəbərim yoxdur, bağlamamışam. Həm qapı çöldən açıqdır.Baxdıq qapını ha dartır,ha çəkir qapı içəridən açılmır ki, açılmır.Deməli bizim “mahir ustamız” qapının dirəyinə taxtanı elə vurub ki, qapı bir dəfəlik bağlanıb, özü də qalıb içəridə. Hə, təzədən yapdığı qapını söküb içəridən çıxdı.
Sual: – İkili imzayla yazınız çıxıbmı və bu yazı nə yazıdı?
Xanəmir: İkili imzayla yazımız çıxmayıb. Ancaq ikili imzayla bir kitab üzərində işləyirik. Kitab aşağı-yuxarı hazırdır.Türkiyədə olanda istəyirdik birgə şəkildə ikimizin bir şeir kitabını çıxardaq. O fikir zənn edirəm yenə də gündəmdədir.
Ayişə: İkili imzayla kitab hazırlayırıq.Tənbəlliyimizin qurbanı olmasa alınar.
Sual: – Ailəvi bayramlarınız hansılardı və onu kimlərlə keçirirsiz?
Xanəmir: Çalışırıq ki, uşaqların doğum günlərini yüngülvari qeyd edək. Hansının ad günü olsa, bizə demədən istədikləri dosta, tanışa, qohuma xəbər eləyirlər. Bir də gördüm camaat tökülüb gəldi. Nə haraydı, bəs, ya Aysu, ya Gülturan, ya Alpər zəng eləyib hay salıblar ki, bizə gəlin deyirlər.Ramazan bayramını həmişə bayram bilmişik. Novruz bayramını həmişə bayram bilmişik. 28 Mayı da, xüsusi olaraq ailəvi bayramlarımızdan hesab edirik. Bu bayramlarımızı Ayişənin yaxınları və mənim yaxınlarımla qutlayırıq.
Ayişə: Ailə bayramlarımız uşaqların yaş günləridir. Bunu da ən yaxın qohumlarla, ya da ailə içində özümüz keçiririk.Mənim öz yaş günümdə bir tərəfdən Novruz bayramına görə sevinsəm də bütün günü qanım qara olur, bayram eləmirəm. Xanəmirin yaş günü də elə. Milli bayramlarımızı keçiririk ailə bayramı kimi.
Sual: – Xanım əfəndi, Siz həyat yoldaşınızdan nə soruşmaq istərdiz?
Ayişə: Heç nə soruşmaq istəmirəm, mənim yerim sabitdir, o isə qaçaraqdır, ona görə də həmişəki kimi ”salam, hardasan?”.
Sual: – Bəyəfəndi, Siz Xanımınızdan nə soruşmaq istərdiz?
Xanəmir: Vəziyyət nə yerdədir? – deyə həmişə ona uzaqlarda olanda zəng edib bir sual verərəm. O da bilir ki, “vəziyyət” dediyim zaman nələrə cavab verməlidir. Mən bu sualdan bıkmıram, usanmıram. Bəzən işdən də zəng edib bu sualı verirəm. Bu sualın cavabını eşitmək mənə xoş təsir bağışlayır, ovqatımı tarazlayır.
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 30 iyul.- S. 23.