Sabir Poeziya Günlərilə bağlı tədbirlər keçirilib

 

Mayın 30-da Şamaxı şəhərində Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Sabir Poeziya Günləri qeyd olunub. APA-nın məlumatına görə, prezidentin “M. Ə. Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 1 iyun 2010-cu il tarixli sərəncamına uyğun olaraq düzənlənən tədbirə ənənəvi olaraq şairin Bakı şəhərindəki abidəsi önündə start verilib.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, tanınmış ədəbiyyat adamları şairin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Şamaxıya yola düşüblər. Poeziya günləri Sabirin məqbərəsini ziyarətlə davam etdirilib. Bu dəfə iştirakçılara Şamaxı rayonunun rəhbərliyi və rayon ictimaiyyəti, o cümlədən məktəblilər də qatılıb. Tanınmış qələm sahibləri, Şamaxı rayon rəhbərliyi və Sabirin ailə üzvlərinin daxil olduğu nümayəndə heyəti şairin ustadı Seyid Əzim Şirvaninin yeni təmir olunmuş qəbirüstü abidəsini də ziyarət ediblər.

Sonra tədbir Sabirin ev-muzeyinin qarşısında davam etdirilib.

Sabir Poeziya Günlərinə dünənmayın 31-də M. F. Axundzadə adına Milli Kitabxanada yekun vurulub.

 

 

525-ci qəzet.- 2011.- 1 iyun.- S.7.