Latviyada simfo-muğam konserti

 

 Latviyada Azərbaycanın Respublika Gününə həsr olunan simfo-muğam konserti keçirilib. APA-nın məlumatına görə, Latviyanın musiqili şəhəri olan Liepayanın 70 nəfərlik Dövlət Simfonik Orkestri, Yalçın Adıgözəlov və “Qarabağ” triosu – Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov filarmoniya səhnəsində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Latviya tamaşaçılarına təqdim ediblər. Anşlaqla keçən konsertdə tamaşaçılar əsərləri böyük məmnuniyyətlə dinləyərək, Azərbaycan muğamı ilə bağlı öz təəssüratlarını bölüşüblər: “Muğam qeyri-adi musiqidir, insanı sağaldır və ruhunu təmizləyir”.

Konsert haqqında məlumat ilk növbədə informasiya portallarında, radiolarda və televiziya ekranlarında yayımlanıb. Şəhərin 70-ə yaxın məntəqəsində, avtobus dayanacaqlarında simfonik konsert haqqında məlumatı əks etdirən 2 metrlik reklam lövhələri yerləşdirilib. Konsert Azərbaycanın Latviyadakı səfirliyinin, Latviyanın Azərbaycandakı səfirliyinin, Latviyadakı “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin və Roman Əliyevin, RSTA təşkilatının rəhbəri Adıgözəl Məmmədovun, “airBaltic” aviaşirkətinin, Azərbaycanda və xaricdə ölkəmiz haqqında bir sıra mədəniyyət layihələrini dəstəkləyən ölkənin əsas mobil operatoru olan “Azercell”in dəstəyi ilə baş tutub. Latviyada keçirilən simfo-muğam konsertinin prodüseri Emin Musəvidir.

 

 

525-ci qəzet.- 2011.- 1 iyun.- S.7.