Müstəqil Azərbaycan: estafeti almağa hazırıq!

 

Hər zaman söyləyirlər: “Uşaqlar bizim gələcəyimizdir!”. Gələcəyi parlaq görmək üçün məhz uşaqların sağlam mühitdə böyüməsi və inkişafı naminə yararlı dünyanın qurulması ideyası gerçəkləşdirilməlidir. Bu yararlı dünyanı isə uşaqların özlərinin birbaşa iştirakı ilə qurmaq zəruridir. Bu baxımdan, uşaqların birgə fəaliyyətinə tələbat yaranan zaman uşaqların öz fikir və ideyalarını ictimaiyyətə çatdırmaq və eləcə də dünya miqyasında səsləndirmək məqsədilə 2000-ci ildə uşaq təşkilatı olaraq bizim təşkilat – Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsi yaradıldı.

Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsi Minilliyin Sülh günündə Uşaqlar üçün Dünya Hərəkatı könüllüləri tərəfindən 1994-cü ildə Elmira xanım Süleymanovanın rəhbərliyi ilə ölkəmizdə qadınların və uşaqların hüquqlarının müdafiəsi üzrə ilk elmi-praktiki mərkəz və indiyədək ölkəmizdə BMT-nin İqtisadi və Sosial Şurası ilə Məsləhətçi Statusu olan yeganə qadın qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzinin (AQİM) nəzdində yaradılmışdır. On ildən artıqdır ki, AQİM şəbəkənin məsləhətçi və resurs mərkəzi olmuşdur. Nəsillər arasında körpü yaratmaq, ahıl nənələrimizin, analarımızın dəyərli məsləhətlərindən faydalanmaq, onlarla daim ünsiyyətdə olmaq məqsədilə AQİM-in nəzdində Ahılların Resurs Mərkəzi də yaradılmışdır. Şəbəkədə gənclərin də fəal iştirakını nəzərə alaraq, təşkilat 2010-cu ildən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) adlandırılmış və hal-hazırda təşkilatımız Azərbaycan Respublikasının İnsan Hüquqları üzə Müvəkkilinin (Ombudsmanın) uşaq hüquqları üzrə resurs mərkəzi olaraq fəaliyyət göstərir. Şəbəkədə Bakı şəhəri rayonlarının müxtəlif məktəblərinin 120-dən çox şagirdi fəaliyyət göstərir.

Uşaqların biliklərini daha da genişləndirmək, onları cəmiyyətdə lider kimi yetişdirmək məqsədilə 2001-ci ildə Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin nəzdində “Azərbaycan yurdum mənim” başlığı altında Liderlik Məktəbi yaradıldı. Bir il ərzində uşaqlar burada respublikamızın görkəmli elm və mədəniyyət xadimlərindən müxtəlif mövzular üzrə – Azərbaycan tarixi, coğrafiyası, mədəniyyət və incəsənəti, ədəbiyyatı, təhsil və səhiyyə sistemi, ekologiyası və digər bu kimi uşaqları maraqlandıran mövzular üzrə dərslər alır və ilin sonunda dərsləri müvəffəqiyyətlə –bitirmiş üzvlər sertifikatla mükafatlandırılırlar. Liderlik məktəbinin qonaqları sırasında Ekologiya və Təbii Sərvətlər naziri – Hüseynqulu Bağırov, millət vəkilləri – Qənirə Paşayeva, Məlahət Həsənova, Fuad Muradov, xalq yazıçıları – Anar, Çingiz Abdullayev, alimlərimiz – Vaqif Abbasov, Məşədixanım Nemətova və digər ziyalı şəxsiyyətlər olmuş, onlarla görüş uşaqlar tərəfindən maraqla qarşılanmışdır. Ümumiyyətlə, Liderlik Məktəbində keçirilən görüşlərdə məktəbin yeniyetmələrinə vətənpərvərlik hissi, yurd sevgisi, zəngin milli-mənəvi dəyərlərimizə ehtiram aşılanır, onların təhsilə, elmə və biliyə yiyələnmək istəkləri daha da artırılır.

Xüsusilə vurğulamaq istərdik ki, 2002-ci ildə 1 iyun – Uşaqların Beynəlxalq müdafiəsi günündə Azərbaycan Dövlət Teleteatrının binasında Ulu Öndərimiz Heydər Əliyevin uşaqlarla görüşündə BMT-nin Uşaq hüquqları üzrə ilk Baş Assambleyasından qayıdan Şəbəkəmizin üzvləri də iştirak etmişlər. Bu görüş zamanı liderlərimiz BMT-də gördükləri işlər, Azərbaycan uşaqlarının müharibədən ziyan çəkməsi, qaçqın və məcburi köçkün olan, əsir düşmüş, girov götürülmüş, valideyni şəhid olmuş uşaqların taleyi, onların mövcud vəziyyəti ilə bağlı dünya birliyinə çatdırdıqları məlumatlar haqqında Ulu Öndər qarşısında hesabat vermiş və təşkilatın üzvlərinin aktiv fəaliyyəti Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevlə görüş, onun qarşısında çıxış etmək bizlər üçün böyük bir fəxr olmuş və ən unudulmaz günlərdən birinə çevrilmişdir.

Hər bir uşağın cəmiyyətdə özünə layiqli yer tutması, özünü müdafiə etməyi bacarması üçün malik olduğu hüquqlarını yaxşı bilməsi çox vacib şərtlərdən biridir. Hüquq və ehtiyacları ödənilməyən uşaqlar layiqli, məsuliyyətli vətəndaş olub, digərlərinin hüquqlarına da hörmət etməzlər. Uşaqlar öz hüquqlarını başa düşməli, bilməli, eyni zamanda həm öz hüquqları, həm də hüquqlarından məhrum olmuş digər uşaqlarla birlikdə aktiv fəaliyyət göstərməyə qadir olmalıdırlar. Məhz uşaqların bu kimi problemlərinin həll olunması üçün başlıca yol Uşaq Hüquqları Konvensiyasının öyrənilməsidir. Odur ki, Uşaq Hüquqları Konvensiyasının öyrənilməsi və öyrədilməsi Şəbəkənin əsas məqsədlərindən birini təşkil edir.

Ölkə Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Uşaq ili” çərçivəsində 2009-2010-cu tədris ili müddətində İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AUGSŞ-nin birgə əməkdaşlığı ilə Bakı şəhərinin 11 rayonunda “Həmyaşdan-həmyaşa üsulu ilə uşaq hüquqlarının tədrisi” həyata keçirilmişdir. Şəbəkənin üzvləri trenerlər kimi, Uşaq Hüquqları Konvensiyanın, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarını treninq iştirakçılarına ətraflı izah etmiş, qruplarda uşaq problemləri üzrə interaktiv müzakirələr aparmışlar.

Uşaqların düzgün inkişaf etməsi üçün sağlam ətraf mühitin olması çox vacibdir. Bunun üçün də böyüklər çalışmalıdırlar ki, uşaqları siqaret, alkoqollu içkilər, narkomaniya kimi zərərli vərdişlərdən qorusunlar, cəmiyyətimiz üçün sağlam düşüncəli gənclər yetişdirsinlər. Bu məsələlər Şəbəkənin daim diqqət mərkəzində olmuşdur. Belə ki, fəallarımız “Narkomaniyaya yox deyək”, “Siqaretin insan orqanizminə ziyanı”, “Sağlam həyat tərzi”, “HİV/AİDS”, “Yodlaşdırılmış duz” adlı layihələr həyata keçirmiş və layihə çərçivəsində məktəblilərlə görüşmüş, onlar arasında maarifləndirmə işi aparmış, sağlam həyat tərzini təbliğ etmişlər.

Təşkilatın üzvləri uşaq evləri və internat məktəblərində, fiziki və əqli qüsurlu uşaqlar olan müəssisələrdə, Ədliyyə Nazirliyinin Uşaq Tərbiyə Müəssisəsində mütəmadi olaraq uşaqlarla görüşür, onlarla birgə tədbirlər, yarışlar təşkil edir, “Uşaq Hüquqları haqqında Konvensiya”, “Sağlam həyat tərzi” və digər bu kimi önəmli mövzular üzrə təlimlər keçirir, onların cəmiyyətə inteqrasiya olunması üçün səy göstərirlər. Şəbəkənin həyata keçirdiyi layihələrə də hər zaman uşaq evlərində yaşayan uşaqlar cəlb olunur, təşkilatda keçirilən tədbirlərdə də istedadlı uşaqlar öz bacarıqlarını nümayiş etdirirlər. AUGSŞ-nin üzvləri hər zaman çalışırlar ki, valideyn himayəsindən məhrum olan uşaqlarla, sağlamlıq imkanları məhdud olan uşaqlarla, eləcə də məcburi köçkün, şəhid ailələrindən olan uşaqlarla ünsiyyətdə, əlaqədə olsunlar ki, həmin uşaqlar diqqətdən kənarda qalmasınlar və özlərini cəmiyyətdən təcrid olunmuş hiss etməsinlər. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi ilə əsaslı təmir olunmuş, abadlaşdırılmış, hazırda fəaliyyət göstərən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Məslək” uşaq düşərgəsində yay tətili aylarında Şəbəkənin bir qrup üzvü fiziki və əqli qüsurlu, ürəkdən əməliyyat olan uşaqlarla həmin düşərgədə məşğul olmuş, onların asudə vaxtlarının səmərəli keçməsi üçün təlimlər, müxtəlif oyunlar təşkil etmişlər.

Ölkə daxilində gördüyü işlərlə yanaşı təşkilatın beynəlxalq fəaliyyəti də çox genişdir. Belə ki, Şəbəkə hər zaman beynəlxalq təşkilatlarla əlaqələr qurur və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konfranslara dəvət alır. AUGSŞ-nin fəalları Türkiyə, İsveçrə, Gürcüstan, ABŞ, Yaponiya, İordaniya, İngiltərə, Çin, Hindistan, Polşa və digər ölkələrə dəvət alaraq orada təşkil olunmuş tədbirlərdə aktiv iştirak etmiş, məruzələrlə çıxış edərək fəallıqları, öz fikir və təklifləri ilə daim fərqlənmişlər.

...Uşaqlar bəşəriyyətin ən vacib mirasıdır. Uşaqlıqlarını faydalı ömür sürmək bilmələri və bütün potensiallarını inkişaf etdirməsi bilmələri üçün isə onların ehtiyac duyduqları hər cür dəstəklə təmin olunmaları sadəcə Konvensiyanı təsdiq edən Dövlətlərin Uşaq Hüquqları ilə əlaqədar öz üzərlərinə götürdükləri bir öhdəlik deyil, bu hər bir cəmiyyətin öz inkişafını təmin edə bilməsinin ən səmərəli yoludur. Biz arzu edirik ki, uşaqlar təkcə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günündə deyil, ilin hər günündə daim diqqət mərkəzində olsunlar və böyüklərin qayğısı ilə əhatələnib, onların hüquqları müdafiə olunsun. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin hər bir məzunu, uşaq və gənclərin bərabərhüquqlu üzvü olaraq bu yolda, məhz Azərbaycanın parlaq gələcəyi naminə öz töhfəsini verməkdədir. Bu gün, Uşaqların Beynəlxalq Müdafiəsi günündə biz öz sözümüzü belə bəyan etmək istəyirik: “Müstəqil Azərbaycan: estafeti almağa hazırıq!”.

 

 

İlahə BAĞIROVA,

Azərbaycan Uşaq və Gənclərin

Sülh Şəbəkəsi Liderlik Məktəbinin məzunu

 

525-ci qəzet.- 2011.- 1 iyun.- S.5.