“Dönməzlik” romanının təqdimatı
keçirilib
Dalğa Gənclər Hərəkatı (DGH) 28 May Respublika Günündə yazıçı Teyyub Qurbanın Məhəmməd Əmin Rəsulzadənin həyatından bəhs edilən “Dönməzlik” romanının təqdimatını keçirib. Bu məqsədlə təşkil edilmiş mərasimi giriş sözü ilə DGH fəalı Rövşən Nəcəfov açaraq, illər öncə yazılmış romanın yenidən nəşr edilməsini zəruri edən səbəbdən danışıb. Qeyd edib ki, M.Ə.Rəsulzadə dəyəri DGH üçün əziz olduğundan təşkilatın bütün üzvləri “Dönməzlik” romanının təkrar nəşr edilərək geniş ictimaiyyətə çatdırılması ideyasını dəstəkləyib: “Mən boş vaxtlarımda kitabxanaya gedib mütaliə ilə məşğul olmağı çox xoşlayıram. Adətim üzrə bir dəfə Gəncə şəhərindəki dövlət kitabxanasına getmişdim. Oxumaq üçün maraqlı kitab axtarırdım. Həmin kitabxananın otaqlarının birində üst-üstə yığılmış, üzərini toz basmış çoxlu sayda kitab var idi. Kitabxana işçiləri tərəfindən dəyərsiz hesab edilən bu kitablar bir ay sonra atılacaqdı. Həmin kitabları nəzərdən keçirəndə yazıçı Teyyub Qurbanın “Dönməzlik” romanına gözüm sataşdı. Romanın adı məni özünə cəlb etdiyindən kitabı vərəqlədim və bu əsərin Azərbaycan Demokratik Respublikasının (ADR) qurucusu və banisi M.Ə.Rəsulzadənin həyatından bəhs etdiyini öyrəndim. Maddi baxımdan dəyərsiz hesab edilən bu kitabın əslində qiymətli xəzinə olduğunu anladım. Kitabı özümlə götürüb təşkilatımızın üzvləri ilə məsləhətləşmə apardım. Sonda belə qərara gəldik ki, yazıçı Teyyub Qurbanla görüşüb ondan “Dönməzlik” romanını yenidən nəşr etdirmək üçün icazə alaq. Belə də oldu və artıq kitab min nüsxədə “Qanun” Nəşriyyatında yenidən çap olunub. İstərdik ki, hər bir gənc bu kitabla tanış olsun. M.Ə.Rəsulzadə dəyəri, ideyaları, o cümlədən onun davamçısı Əbülfəz Elçibəyin ideyaları bizlər üçün əzizdir”.
Araşdırmaçı T.Qurban “Dönməzlik” romanını yazan zaman keçirdiyi çoxsaylı görüşlərdən, apardığı söhbətlərdən danışıb. Bildirib ki, əsər yazılarkən M.Ə.Rəsulzadənin yaxınlarıyla, o cümlədən onun sonbeşik oğlu ilə əlaqə yaradıb, atası barədə olduqca dəyərli xatirələri qələmə alıb: “ADR-in qurucularını, xüsusən də M.Ə.Rəsulzadəni heç zaman unutmaq olmaz. O, Azərbaycan xalqına bəxş edilmiş ən böyük şəxsiyyətlərdən biridir. Onun ideyaları yaşadılmalı, gənc nəsillərə ötürülməlidir. M.Ə.Rəsulzadə yolu şərəfli yoldur. Xoşbəxtəm ki, Azərbaycan gəncliyi də bu yolla inamla irəliləyir”.
M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ADR qurucularına mənsub ideyaların olduqca demokratik dəyərlərə xidmət etdiyini bildirib: “Kapitalizmin siması ilkin mərhələdə olduqca gözəl təsir bağışlayır. Amma zaman keçdikcə kapitalizm imperializmə çevrilir ki, bu da xalq üçün işgəncə hesab olunur. M.Ə.Rəsulzadə və onun tərəfdarları isə belə bir cəmiyyəti heç zaman arzulamayıb. M.Ə.Rəsulzadə ideyaları xalqımızın xoşbəxtliyinə xidmət edən əbədiyaşardır ideyalardır”.
ADR-in araşdırıcısı Nəsiman Yaqublu Azərbaycan xalqını, o cümlədən mərasim iştirakçılarını Cümhuriyyətimizin 93-cü ildönümü münasibətilə təbrik edib. O, “Dönməzlik” romanında insanlara bir obraz kimi təqdim olunan M.Ə.Rəsulzadənin XX əsrin əvvəllərində dərnək yaradaraq, ölkəmizin müstəqilliyi uğrunda mücadilə apardığını bildirib. N.Yaqublu DGH üzvlərinin də vaxtilə mövcud olmuş dərnəyin ideyaları ətrafında cəmləşdiyini diqqətə çatdıraraq, gənclərə başladıqları müqəddəs yolda uğurlar arzulayıb. Tarixçi alim ADR-in yaranma tarixi barədə də geniş məlumat verib: “25 may 1918-ci ildə Zaqafqaziya Seyminin iclası keçirilib. ADR-in quruluşu ərəfəsində keçirilən iclasda Fətəli xan Xoyski müstəqilliyimizi elan edən qərarla çıxış edib. Bu AXC-nin quruluşuna aparan bəyanat, dövrün əlamətdar qərarı idi. ADR-in yaradılması və elan edilməsi XX əsr Azərbaycan tarixində baş verən ən mühüm hadisəydi. Məhz bu istiqlalın elanı ilə Azərbaycan xalqı özünün azad yaşamaq haqqını bütün dünyaya elan edib. Azərbaycan xalqının istiqlal məfkurəsini hazırlayan ən böyük şəxsiyyətlərimizdən biri də M.Ə.Rəsulzadə olub. İstiqlal məfkurəsini məhz o, hazırlayıb. Zaqafqaziya Seymində müəyyən qədər fəaliyyət göstərdikdən sonra belə qənaətə gəlinib ki, burada çox dayanmaq mümkün olmayacaq, bu seymin ömrü uzun olmayacaq. Həmin dövrdə gürcülər almanlara meyllənir, ermənilər isə Türkiyəyə qarşı iradlarını bildirirdilər. Zaqafqaziya Seymində ən güclü fraksiya M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” fraksiyası idi. Burada “Hümmət”, “İttihad” kimi güclü müsəlman partiyaları da vardı. Lakin ən gücü fraksiya “Müsavat” idi. Seym dağılanda da həmin “Müsavat” fraksiyası Azərbaycan istiqlalını reallaşdıran bir gücə çevrilib”.
N.Yaqublu 23 aylıq dövlətimizdə prezident idarəçilik sistemi olmadığını bildirib: “Prezident seçkilərinə hazırlığın başlanması 1920-ci ilin may-iyun aylarına planlaşdırılıb. Ancaq məlum hadisələr buna mane olub. Bizdə parlamentli respublika idi. Parlamentdən kənarda heç bir dövlət strukturu mövcud ola bilməzdi. Bəzən deyirlər ki, o dövrdə anarxiya olub və dörd dəfə hakimiyyət kabineti dəyişib. Ancaq bunu deyənlər anlamırlar ki, bunun özü elə demokratiyanın göstəricisi idi. Bizim ən böyük qazancımız demokratik idarəçilik sisteminin formalaşdırılması idi. Cümhuriyyəti quran insanların yüksək savadı və bacarığı olub. Statistik hesablamaya görə 1918-ci ildə ADR elan olunan ərəfədə ölkədə 2 milyon 700 minə qədər əhali yaşayıb. Onun 1 milyon 900 minini müsəlmanlar, 300 minini ruslar, 350-400 minini ermənilər təşkil edib. Təsəvvür edin ki, bu qədər əhalinin içində cəmi 62 nəfərinin yüksək ali təhsili var idi. Orta təhsilli insanlar isə çox idi. Elə 100-dən çox insan Qori Seminariyasını qurtarmışdı. Həmin 62 nəfərin 26-sı Milli Şuranın İstiqlal Bəyannaməsinə qol çəkib. Azərbaycanın Xalq Cümhuriyyətinin əsası 6 maddəlik İstiqlal Bəyannaməsində göstərilib. Orada 4-cü maddədə yazılıb ki, Azərbaycanda yaşayan bütün insanların siyasi hüquq və azadlıqları mövcuddur. Bu maddə ADR-in necə böyük dövlət olduğunu göstərir”.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2011.- 1 iyun.- S.4.