“Elçin teatrı”- yeni teatr mərhələsi
Azərbaycan ədəbiyyatının
yaradıcıları, bu günə qədər yüzlərlə
böyük, sanballı və layiqli ədəbi nümunələr
yaratmalarına baxmayaraq, təəssüf ki, dünyanın ən
mötəbər mükafatlardan çox ucada dayanan dəyərini,
öz günahımız ucbatından, hələ də
almamışlar.
Nizami, Füzuli, Nəsimi və
digər sadalamaqla sona yetməyən fenomen ədiblərimiz,
yaratdıqları, bəşəri mahiyyət kəsb edən
nəhəng ədəbi nümunələrlə dünya ədəbi
prosesinə həmişə meydan oxumuş, yeri gələndə
onu qabaqlaya da bilmişlər. Buna yüzlərlə misal gətirmək
olar. Təkcə, iki nəhəng klassikin-Nizami Gəncəvinin
“Leyli və Məcnun” əsəri ilə Vilyam Şekspirin
“Romeo və Cülyetta” əsərlərinin müqayisəsi,
bu fikrin təsdiqi üçün kifayət qədər əsaslı
dəlildir. Lakin bu gün, Vilyam Şekspirin bütün əsərləri
dünya teatrlarının səhnəsində, hələ də
şahlıq edir, biz isə Nizami Gəncəvini yalnız və
yalnız yaratdığı incilərə ehtiyacımız
olanda yad edirik.
Tarix və tarixi yaradanlar, qədim Şərq fəlsəfəsindən Qərbin hər zaman öyrəndiyinin həqiqət olduğunu danmırlar. Bu gün isə, bütün cəhətlərdən Qərbin təsiri altına düşən, qərb mədəniyyətini, incəsənətini və ədəbi cərəyanını bizlərə örnək kimi nümunə gətirən fikir sahibləri, fikrimcə bu məsələnin mahiyyətini dərindən dərk etmirlər. Şərqin, öyrəndikcə daha dərin qatlardan səsi gələn və səsinin arxasınca yol aldıqca, səsi daha uzaqlardan eşidilən, hələ də Qərbin çox sevgi ilə öyrəndiyi hayqırtısını yəqin ki, ya eşitmirlər, ya da, dəyərini bilmək niyyətindən məqsədli şəkildə uzaqda dayanırlar.
Fikrimcə ədəbiyyatımıza da, mədəniyyətimizə də, incəsənətimizə də, elmimizə də və onları yaradanlara da, haqqın həqiqəti nöqtəsindən baxmalı və dərk etməliyik ki, biz azərbaycanlıyıq və hər bir azərbaycanlının yaratdığı Azərbaycanın milli sərvətidir. Azərbaycanın sərvəti isə Azərbaycanı ucaldır. Ulu öndər, ümummilli lider Heydər Əliyev ürəkdən gələn, çox uca səslə, nahaq yerə xalqa səslənmədi ki, “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir! Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!”. Xalqa xitabən deyilmiş bu mötəbər fikir, hər birimizin əqidəsində sarsılmaz meyara çevrilməli, zəfər çağırışına bənzəyən, misilsiz bir örnək olmalıdır.
Yaxın zamanlara qədər biganə münasibət göstərdiyimiz muğamlarımıza və onların mahir ifaçılarına, saz sənətimizə və bu sənəti yaşadan ustadlara, (nə yaxşı ki, ölkəmizin birinci xanımı, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu gün, bu milli-mənəvi sərvətlərimiz özünə hüquqi status ala bildi) bunlarla yanaşı sağlığında dəyər vermədiyimiz Vaqif Mustafazadə, Səttar Bəhlulzadə, bir zamanlar doğum tarixini belə unutduğumuz Qara Qarayev, bu gün çox az yadımıza düşən Fikrət Əmirov kimi dünyəvi sənət korifeylərimizə və yenə də sadalanması mümkün olan Azərbaycanın görkəmli, dünyəvi simalarına, bir qədər yaxından, isti münasibət və sevgi ilə, məhəbbətlə diqqət yetirməli, onlara, milli-mənəvi dəyərlər müstəvisində sahib çıxmalıyıq. Onları anarkən, yubileylər keçirərkən yüksək azərbaycançılıq ideyası nöqtəsindən münasibət göstərməliyik və onları, yaratdıqları incilərə layiq şəkildə dəyərləndirməliyik. Çünki onlar bizim milli sərvətimizdir.
Çox təəssüf ki, bəzən, bu məsələlərə səthi və bəsit şəkildə yanaşılır. Bayramlarımızı göstərmək xatirinə qeyd edirik. Bayram təntənələrində, hökumət adamları yanımızdan ötən kimi, missiyamızı bitmiş hesab edərək, tələm-tələsik, qarşımızdakıları yığışdırıb, qaçmağa çalışırıq. Layiqincə sevinmək, əylənmək, bayram əhval-ruhiyyəsini bir-biri ilə bölüşmək, paylaşmaq kimi ruhsal əhvalın mahiyyətini dərk edə bilmirik. (Şübhəsiz ki, bu, hamıya aid deyil və təəssüf ki, əksəriyyət belədir) Əslində isə, hər bir insan anlamalıdır ki, bütün ənənələr müqəddəsdir və müqəddəs olan meyar, əlçatmazlıqda dayanır. Əlçatmaz olan fenomenlər isə sitayiş olunacaq dərəcədə məhəbbətlə, can yanğısı ilə qorunmalıdır.
Mən, tamamilə başqa bir yazının mövzusu olan, içimdən gələn, uca vətəndaşlıq duyğularımın təsiri ilə yazdığım bu fikirlərlə, bizə 140 illik tarixi bəlli olan teatr sənətimizin müstəqillik dövrü barədə bir qədər söz açmaqla və onun inkişaf mərhələsinə azca nəzər salmaqla, buradakı prosesə də diqqət yetirməyinizi istəyirəm. Nəzərə alsaq ki, ta qədimdən, öz milli-mənəvi dəyərlərimizə, bir qədər laqeyd münasibətlə yanaşmışıq, onda, bəzi tarixi mənbələrin və uzun müddət teatr nəzəriyyəsi ilə məşğul olan, görkəmli alimlərimiz Cəfər Cəfərov, İnqlab Kərimov, İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil Məmmədov, Aydın Talıbzadə, İsrafil İsrafilov, Nərminə Ağayeva və daha başqa teatrşünaslarımızın araşdırmalarındakı müxtəlif faktların işartılarının bizə imkan verdiyi fürsətlərdən yararlanıb, teatr tariximizin daha qədim zamanlardan boy verdiyini öyrənə bilərik. Ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz və incəsənətin bir qolu olan teatr sənətimiz, tarix boyu, dəyişən ictimai-siyasi formasiyalardan, sistemlərdən, quruluşlardan və rejimlərdən keçib. Hər bir formasiya da öz məqsədi üçün, ədəbiyyatımızdan da, mədəniyyətimizdən də, incəsənətimizdən də, incəsənətin bir qolu olan teatr sənətimizdən də, səhnənin ecazkar qüvvəsindən də öz ideologiyası üçün yararlanıb və istifadə edib. Buna baxmayaraq bu sənət sahəsi bütün formasiyalarda gah bərkiyib, gah boşalıbsa, nəhayətdə, heç bir deformasiya vermədən, sağ-salamat bu günə qədər gəlib çatıb. Yuxarıda, adlarını böyük hörmətlə qeyd etdiyim görkəmli elm və mədəniyyət xadimlərimiz öz elmi araşdırmaları ilə onu da sübut edir ki, bizim teatr sənətimiz, müxtəlif dövrlərdə, müəyyən mərhələlərə qədəm qoymuş, həmişə də inkişaf etmişdir. Böyük ədib və teatr xadimi Elçin deyir: – “ Azərbaycan teatrı yeni bir mərhələni adlamaq ərəfəsindədir, hətta artıq adlamaqdadır.” Bu fikir də təsdiq edir ki, Azərbaycan teatr sənəti, həqiqətən də, müxtəlif dövrlərdə, müxtəlif mərhələlərdən keçib. Bu gün Azərbaycan teatrının yeni mərhələyə doğru atdığı addım, bu fikir sahibinin yazdığı və vaxtaşırı bütün teatrların sevə-sevə müraciət etdiyi orijinal əsərləri ilə başlanır.
Bu gün, milli teatrımızın inkişaf mərhələsinin yeni dövrünün başlandığı və bu ərəfədə, teatr sənətimizin inkişafı məqsədi ilə, fərmanların imzalandığı, teatr salonlarımızın yüksək keyfiyyətlə təmir olunaraq, istifadəyə verildiyi bir zamanda, yeni mərhələyə keçid dövrü ilə üz-üzə dayandığını, bununla əlaqədar həqiqi praktiki islahatlara ciddi ehtiyacı olduğunu nəzərə alsaq, teatr sənətimizin hal-hazırkı prosesdən üzü ağ çıxması və yeni mərhələyə, yeni tələblər çərçivəsində qədəm qoyması üçün, vicdanla çalışan, bu işə can yanğısı ilə yanaşan şəxsiyyətlərimizin yüksək əməllərini və xidmətlərini araşdırıb, zərrə-zərrə tarixə yazmalıyıq.
İyirmi ildir ki, ölkəmizin müstəqilliyi bərpa olunub. Çox çətin yoldan keçən və sürətlə inkişaf etməkdə olan Dövlət Müstəqilliyimiz, Heydər Əliyevin zəkasının və gərgin əməyinin sayəsində əldə olundu. Ölkə başçısı tərəfindən ölkəmizin inkişafı üçün kifayət qədər şəraitin yaradıldığı və geniş meydan açıldığı bir zamanda, teatr xadimlərimiz dünya teatr prosesindən geridə qalmamaq üçün, teatrın xidmətində və sənətin ecazkar dünyasında bütün ruhu ilə fədakarlıq göstərməlidir.
Bəzən boğazdan yuxarı, populist çıxışlarla sənət meydanındakıları çaşdırmağa çalışan istedadsız səlahiyyət sahibləri, əlinə fürsət düşən kimi, öz meydanlarını genişləndirmək üçün, əlində olan fürsətdən istifadə edərək, istedadlıların meydanını daraltmağa çalışır. Belə bəd əməllərə xidmət göstərməmək, layiqlilərin önünə sədd çəkməmək, paxıllıq və qısqanclıq kimi cılız hisslərin əlində əsir-yesir olmamaq lazımdır. Sürətlə və sanballa inkişaf edənlərin “ayaqları altında qalmaq” təhlükəsindən sığortalanmaq, var olduqlarını və lazımlı olduqlarını göstərmək üçün, cürbəcür dona girməklə, özünə ucuz nüfuz qazanmağa çalışan və bu ucuz nüfuzun arxasında gizlənən teatr, ədəbiyyat və ya digər sahənin insanları belə polavra ilə cəmiyyəti də, tarixi də aldatmaqdan, milli-mənəvi dəyərlərimizə ziyan vurmaqdan başqa, heç bir şeyə nail olmurlar. Əslində belə adamların əməllərinin yolu çox dar, mənzili isə burnunun ucundadır. Bax belə adamları, cəmiyyət özü imkan qədər zərərsizləşdirməli və səlahiyyət sahibliyindən uzaqlaşdırılmasına səy göstərməlidir.
İstedadlı insanların meydanını daraltmağa çalışmaq, ətrafına topladığı piyadaların əli ilə süni şəkildə yaratdıqları münaqişələrlə onların başını qarışdırmaq, qəzetlərdə sifarişlə yazılar yazdırmaq, onlara qara yaxmaq və şər-şantajla ləkələməyə çalışmaqla, öz meydanlarını genişləndirməyə can atan istedadsızların şeytanla, iblislə bir başa ünsiyyəti olduğu bu yazının sonrakı mərhələsində aydınlaşacaq. (Mən gələcəkdə də bu mövzunu əsaslı dəlillərlə müzakirə mövqeyinə mütləq çıxardacam).
Amma nə yaxşı ki, belələri ilə yanaşı, yüksək meyarlı əməlləri ilə cəmiyyətə dəyərli xidmət göstərən istedadlı insanlarımız da az deyil. Mən, məqsədli şəkildə cəmiyyətin tərəzisini tənzimləyən istedadsızlarla, istedadlıları müqayisə müstəvisinə çıxartdım. Məqsədim, istedadsızlara ağıllı olmaq tövsiyəsi, istedadlılara cəmiyyət tərəfindən qayğı ilə yanaşmaq tələbidir. Bu da danılmaz bir həqiqətdir ki, istedadı olmayanlar, özləri də bilmədən, öz varlıqları və əməlləri ilə, tərəzinin gözündə istedadlıların dəyərini müəyyənləşdirir və yüksəldir.
Lev Tolstoy deyib: “Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxtlərin hərəsi bir cür bədbəxtdir”. Hərəsi bir cür bədbəxt olan istedadsızların söhbəti qalsın bir tərəfə, hələlik, söhbətimizi, xoşbəxt ailə nümayəndələri olan, istedadlı insanların aynasında aydınlatmağa yönəldək.
İstedadlı insanlar sırasına yüzlərlə, minlərlə yaradıcı azərbaycanlının ismini yazmaq olar. Biz bu yazıda, belə istedad sahiblərindən birinin ədəbi-bədii yaradıcılığı haqda söz açacaq, onun, müstəqillik dövrü teatrımızın inkişafındakı mövqeyinə müfəssəl nəzər salacaq, müstəsna xidmətindən ətraflı danışacağıq.
1960-cı illər Azərbaycan ədəbiyyatında yeni nəfəsi, üslubu, fərqli yazı tərzi və estetik prinsipləri ilə seçilən bir neçə yazıçının və şairin boy verdiyini, müxtəlif dərgilərdən səsi gələn yeni ruhlu şeir və hekayələr muştuluqlamağa başladı. Cavid, Müşfiq, Cəfər, Səməd, Rəsul, İlyas kimi görkəmli romantik ədəbi məktəbin nümayəndələrinin yapıncısından boy verən, bu gün Azərbaycan ədəbiyyatının nəhəng simaları olan, altmışıncılar deyilən nəslin nümayəndələrinin, gələcəkdə Azərbaycan ədəbi mühitində sayılıb-seçilən və monumental əsərləri ilə böyük yer tuta bilən sənətkarlara çevriləcəkləri, elə ilk yazılarındakı ruhdan, nəfəsdən, ipə-sapa yatmayan, oxucunun daxili dünyasını fövqəladə şəkildə fəth edə bilən, yaxşı mənada dəli-dolu manerasından hiss olunurdu.
Onlar yaşadıqları dövrün ictimai-siyasi maşınından gizlicə atlanaraq düşmüş, hərəsi öz yeni nəfəsi, üslubu, yeni yanaşma tərzi ilə yazdıqları mövzulara, müasirlik ruhu qatmaqla, ədəbiyyatda yeni iz, yeni cığır sala bildilər. Bu ədiblərin hər birinin, ədəbiyyata və ədəbiyyatdan cəmiyyətə öz realist baxışı, öz fəlsəfi yanaşmaları mövcuddur. Beləcə yaza-yaza bu günə qədər böyük bir ədəbiyyat tarixi yaradan, həmin altmışıncılar nəslinin görkəmli nümayəndələrindən biri olan, xalq yazıçısı Elçinin ədəbi yaradıcılığı, hadisəyə çevrilən yazılarla, qar altından boy verib, baharın gəlişini müjdələyən novruzgülü kimi göründü. Lakin növruzgülünün ömrü az olsa da, Elçin, ömrü əbədiyaşar qədər uzun ola bilən bir ədəbi salnamə yarada bildi.
Çoxdan təcrübədə təsdiq olunmuş bir həqiqətdir ki, böyük sənətkarlar öz dəst-xətlərini, üslub xüsusiyyətlərini sənət aləminə qədəm qoyduqları ilk vaxtdan büruzə verirlər; sənətə özlərinin fərdi ilham və bacarıqlarını gətirir, məşğul olduqları sənətin qarşıya qoyduğu problemləri həll etmək üçün yazıb yaradırlar. Elçinin əsərlərində hər şeydən əvvəl idrak, sağlam və güclü təfəkkür, yüksək intellektuallıq, eyni zamanda hadisə və insanlara aydın baxış hiss olunur. Klassiklərdən mənfəətlənmə qayda-qanununu gözləyən, təqlidçilikdən çox-çox uzaq olan Elçin, belə bir həqiqəti dərk edir ki, “dünyada yamanlığı və şəri deyil, yaxşılığı və xeyirxahlığı yazmağa meyl etdiyinə görə həqiqətin saf və aydın mənası satirada əks etdirilir” komediya vasitəsi ilə göstərilir.
Bildiyimiz kimi
bu görkəmli nasir əsasən nəsrlə yazan
yazıçıdır. Çoxlu sayda publisistik yazılar, esselər, povestlər,
romanlar, kinossenarilər və sair... Nəsrin ən çətin
janrlarından olan dramaturgiya isə, onun
yaradıcılığında geniş miqyas alıb. O, Azərbaycan
teatr sənətinin inkişafında, görkəmli
yazıçı-dramaturq İlyas Əfəndiyevdən sonra
dramaturgiya kimi ağır sahənin ağır, varislik
yükünü çiyninə götürən, ən məhsuldar
pyes yazan və pyesləri dünya teatrlarının səhnəsində
ən çox oynanan, yeganə azərbaycanlı müəllifdir.
Elçin, müasir teatrımızın inkişaf etməsi
üçün orijinal və düşündürən əsərlər
yaratmaqla, onun inkişafına böyük xidmət göstərən
bir dramaturqdur. Onun yazdığı dram əsərləri və
komediyaları ilə neçə-neçə aktyorun,
rejissorun yetişməsinə zəmin yarandı. Nəhəng
bir tamaşaçı nəslinin istiqaməti müasir teatr
anlayışı səmtinə yönəldi.
Beləliklə, “Salam, mən
sənin dayınam “ (S. Vurğun adına Azərbaycan Dövlət
Rus Dram Teatrı 1995), Akademik Milli Dram Teatrının səhnəsində
“Ah Paris, Paris!..” (1997), “Mənim sevimli dəlim” (1998), “Mənim
ərim dəlidir”(1999), “Qatil” (2003. Bu tamaşa İstanbul
Böyükşəhər Bələdiyyə teatrında
rejissor fəaliyyəti göstərən azərbaycanlı
aktrisa, xanım Məlahət Abbasovanın quruluşunda həmən
teatrın səhnəsində də uğurla oynanılıb),
“Arılar arasında” (2008), “Cəhənnəm kirayənişinləri”
(S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram
Teatrı 2009 ), “Şekspir” (Üns teatrının səhnəsində
2009. Bu tamaşa 2010-cu ildə Moskvada “Jar-ptitsa”
teatrının səhnəsində “Dərviş-teatr”ın
quruluşunda da böyük uğurla oynanılıb) və bu
gün haqqında geniş söhbət
açacağımız “Teleskop” (2011). Bunlardan başqa
1960-1980-ci illərdə qələmə aldığı nəsr
nümunələrindən özünün səhnələşdirdiyi,
Gənc Tamaşalar Teatrının səhnəsində
tamaşaya hazırlanan “Mahmud və Məryəm” (1998),
“Ağ dəvə” (2003), “Ölüm hökmü” (2000),
Akademik Milli Dram Teatrının səhnəsində səhnə
həyatı alan “Poçt şöbəsində xəyal”
(2001), müxtəlif mövzulu, çoxjanrlı, hər biri
mükəmməl sənət nümunəsi olan bu əsərlərin
tamaşaları ilə, böyük teatr xadimi, çağdaş
teatr məkanında, çağdaş tamaşaçı
yetişməsinə, müstəqillik dövrümüzdə
yeniləşməyə can atan, sanballı bir
tamaşaçı dairəsinin, yeni, “Elçin teatrı”
estetikası ilə formalaşması üçün, əsaslı
bünövrə qoydu və indi də o, bu missiyanı layiqincə
davam etdirməkdədir.
Akademik Milli Dram
Teatrının təmirdən sonra hazırladığı
ilk əsər, Elçinin “Teleskop” əsəri oldu. İlk
tamaşası 11-12 may 2011-ci il tarixdə, böyük
uğurla oynanılan bu əsərdə, sadə və
aydın bir süjet üzərində cərəyan edən
hadisələr, sonda, bu gün cəmiyyətin çox
böyük ehtiyacı olan İNSAN meyarına dəyər
vermək prinsipləri ilə diqqəti çəkir, cəmiyyəti
maariflənməyə səsləyən, mənəvi dəyərlərin
müqəddəs meyar kimi qorunması məsələsinə
əxlaq prinsipləri norması çərçivəsində
yanaşılmasının vacib olduğunu diktə edən bir
müstəviyə gəlib çatır. Elçin vəziyyət
komediyası ilə xarakterlər komediyasının üzvi vəhdətinə
nail olmaq, obrazların psixoloji halını onların təbii
hərəkət və rəftarında açmaq
bacarığına malik bir dramaturqdur. O, hər yeni əsəri
ilə sübut edir ki, dramaturq müasir cəmiyyətin
ictimai-siyasi həyatının sadəcə seyricisi kimi qala
bilməz, o, bu həyata müdaxilə etməklə
yanaşı, həm də onun həqiqi, doğru ifadəsinə
nail olmağı bacarmalıdır.
Qəza nəticəsində
kliniki ölüm keçirən bir nəfərin ruhunu Əzrayıl
göylərə aparır. Cənnət və cəhənnəm
arasındakı ara məkanında Ruh, hansı tərəfə
düşəcəyini müəyyənləşdirmək
üçün “test”dən keçməlidir. O, testdən
keçənə qədər, dünyasını çoxdan
dəyişmiş birinci arvadı onu, ara məkanında
qarşılayır və hadisələrin inkişafı da
elə həmin andan başlayır. Göylərdə yerləşdirilmiş
teleskop vasitəsi ilə Ruh, yerdəki bütün eybəcərlikləri
görə bilir. Teleskopdan baxdıqca insanlardakı eybəcərlikləri
görən, kliniki ölümdə olan Ruh, özünü ən
təmiz kəs hesab etsə də, bir məqamda onun da vaxtilə
dostu haqqında “danos” yazdığı bəlli olur və beləliklə
müəllif, hələ mükəmməl öyrənilməyən
insan mexanizminin və insan fəlsəfəsinin dərin
qatlardan qaynadığını və bu qatların
ucu-bucağı olmayan sonsuzluğunu sübut edir.
Kliniki ölümdə olan
insanın ruhu əvvəl-əvvəl geri, cisminə dönmək
istəyirdisə, “yer üzündə milyonlarla insan var,
axı nə üçün məhz onu seçdi?”-deyə Əzrayılı
qınayırsa və Əzrayıl da “vaxtının tamam
olduğu üçün onu seçdi”yini bildirirsə,
teleskopla göydən yerdəkiləri seyr etdikcə, onun ruhsuz
bədəninin ətrafında haray-həşir qoparanların
hamısının iç üzünü görür, heyrətlənir
və mələklərin mühakiməsi zamanı
çıxarılan qərara əsasən, Əzrayılın
onu göylərə səhvən gətirdiyi, onun geriyə,
cisminə dönməli olduğunu bildikdə, yerə dönməkdən
imtina edir. Artıq, yerdəkilərə nifrət bəsləyən
Ruh, geri dönmək istəməsə də, o, geri göndərilir.
Əzrayıl isə mələklər tərəfindən
çıxarılan qərarın ədalətsiz olduğunu
sübut etmək üçün “yuxarılara”, apelyasiya məhkəməsinə
şikayət edir.
Əsər bizə
anlatmağa çalışır ki, Tanrı təkdir,
Tanrıdan başqa həqiqət yoxdur. Tamaşada göstərilir
ki, milyardlarla ruhun bərqərar olduğu göylər məkanında,
ruhlar teleskopdan yerə baxmaq istəmirlər. Vaxtilə göy
üzündə iki teleskop olsa da, ruhların öz xahişi
ilə teleskopun birini götürüblər, yerə baxmaq
üçün heç bir növbə-filan da yoxdur.
Çünki göylərə gətirilən hər təzə
Ruh, bir dəfə yeri seyr etdikdən sonra, bir də heç
vaxt yerə baxmaq, yerdəki əzizlərinin eybəcərliklərini
görmək istəmir. Bununla da, əsər bizə onu da
anlatmağa çalışır ki, göydən yerlər
çox aydın görünür və yerdəkilər
müqəddəs əməllərə xidmət göstərməlidirlər
ki, teleskopdan yerə baxmağın bir mənası olsun.
Həm bədii-dramaturji cəhətdən,
həm də estetik mövqeyi ilə diqqəti cəlb edən
bu əsərlə Elçin müəllim cəmiyyətə,
insan xislətinin xüsusiyyətlərinə ayna tutan,
oradakı eybəcərlikləri əks etdirən bir
güzgü yaradır. Bununla da müəllif, bu əsərdə
bir çox dəyərli mətləblərin üzərinə
işıq salır. Onun burada qoyduğu əsas problemlərdən
biri də, bulandırılmış cəmiyyəti, durulmaq istədikcə
bulandıranlara, insan əxlaqını pozmağa
çalışanlara, meyarları rəngə boyamaq istəyənlərə
diktə etməkdir ki, hər kəs öz vicdanına, əməllərinə,
törətdiklərinə özü, öz daxili teleskopu ilə
mütləq baxmalıdır. Mən bu fikri
alqışlayıram və düşünürəm ki, belə
olarsa, mənim yuxarıda, istedadsızlarla bağlı
toxunduğum mövzuda, haqqında söz
açdığım bədxah insanların tutulduğu iblis
və şeytanla ünsiyyət kimi dəhşətli xəstəliyə
düzdün diaqnoz qoyulmasında, həmin xəstəlikdən
yaxa qurtarmaq üçün düzgün təyinatlı məlhəmlə,
düzgün müalicə yolu seçə bilməsində
onlara kömək edə bilər.
Əsərdəki hadisələrin
mahiyyəti bizi bir anlıq fikirləşməyə məcbur
edir ki, öz zərərli əməllərindən əl
çəkmək istəməyən istedadsızların
ruhları hansısa qəza nəticəsində keçirdikləri
kliniki ölümlə göylərə aparılsalar, onlar,
oradan, özləri xilqətdə olan insanları seyr etdikdə,
görəsən yerdə olarkən, onlara baxanlar
qarşısında hansı cavabdehliyi
daşıdıqlarını dərk edəcəklərmi?
Düşünəndə ki, onlar özünü
tanımayan və xeyirlə şərin hikmətini anlaya bilməyən
istedadsızlardır, qərarlaşdırırsan ki, həmin
istedadsızlar ora aparılanda Elçinin qəhrəmanı
kimi özlərini ən təmiz, ən pak, ən ideal və ən
vicdanlı Ruh hesab edəcəklər. Belələri bəd əməllərindən
heç vaxt çəkinməyəcəklər. Onlar
göylərdəki ara məkanında “test”dən keçərkən
də yer üzündə olduqları kimi orada da hansısa
ruhun ruhi qidasını mənimsəməyə
çalışmaqla, öz cənnətliklərini, başqa
ruhların cəhənnəmə getməsi üzərində
qazanmağa səy göstərməklə əldə etməyə
çalışacaqlar. Amma bu maraqlı əsər bütün
insanlara diktə edir ki, orada, bu, mümkün olan deyil.
Çünki oranın məhkəməsi müqəddəsdir.
Çünki onun qərarını Tanrı verir.
Belə ki, Elçinin əsərindən
aldığım ümumi təsir, baş qəhrəmanının
gözü ilə müəllifin özünün, teleskopdan
cəmiyyətə baxaraq, hər kəsə demək istədiyi,
“İNSAN ol!” diktəsinin qüdrətidir. Bu tamaşada, əsərin
və tamaşanın müəllifləri tərəfindən
insanlara təlqin olunur ki, insan, insan olduğunu özü dərk
etməlidir və insan, insan olmağı bacarmalıdır.
Yoxsa Tanrının qarşısında aciz qalacaq.
İlk epizodda,
tamaşaçını əylənməyə sövq etdirən
komik vəziyyət, sonradan elə fəlsəfi
düşüncə, gərgin dramatizm, psixoloji
sarsıntı ilə əvəz olunur ki,
tamaşaçını, ölməz Mirzə Cəlilin əsərlərindəki
kimi, insanın içini göynədən ağrıları
yaşatmağa vadar edir. Burada dramaturq
tamaşaçını ruhi qida ilə fiziki qida
arasındakı ölçüyəgəlməz fenomenin,
ağrılı cəhətinin əhəmiyyətini dərk
etməyə səsləyir.
Bizə qəmli komediya kimi təqdim
olunan bu tamaşanı, fikrimcə, daha çox, psixoloji-fəlsəfi
qəm komediyası adlandırmaq doğru olardı.
Tamaşadakı hadisələr insanın beyninə elə
sirayət edir ki, tamaşadan ayrıldıqdan bir neçə
müddət sonra belə, əsərin, komik görünən,
lakin qəm dolu, psixoloji-fəlsəfi təsir qüvvəsindən
çıxa bilmirsən. Onun aynasında öz əksini
tapmağa çalışırsan.
Tamaşaçının
çoxdandır gözlədiyi
düşündürücü, insan xislətinin insani
meyarlarla zənginləşməsinə istiqamət verən
Elçinin bu maraqlı əsərinin tamaşası ilə
rejissor yeni səhnə estetikası və sənətə
yeni baxış bucağı yarada bildi. Rejissor, hamını,
müəllifin səhnədən tamaşaçıların
üzünə tutduğu bu aydın güzgüdə-Teleskop
əsərinin tamaşasının aynasında daranmağa və
səliqə-sahmana düşməyə, ruhən
saflaşmağa və gözəlləşməyə dəvət
edir.
Tərtibat çox sadə və
çox münasib bir mexanizmlə idarə olunur. Səhnənin
dərinliyindən avansəhnəyə doğru irəliləyən
və missiyasını bitirdikdən sonra yenidən səhnənin
dərinliyinə şəkilən bir qurğu (furka) hadisələrə
uyğun olaraq, məkanı dəyişdirir. Eyni zamanda,
ştanketlərdən asılmış, aydın səma
effekti yaradan, gömgöy göy üzünün örpəyi
kimi görünən, bəmbəyaz bulud örtüyü,
ruhsal bir ovqatla, tamaşaçını öz tilsiminə
sala bilir.
Buludlar furka ilə bərabər
müxtəlif səhnələri yaratmaq üçün, cəmisi
iki formada dəyişir. Bir dəyişmə, personajların
göy məkanında cərəyan edən hadisələri ifa
edərkən baş verir, digər dəyişmə isə
ruhların, göydən teleskop vasitəsi ilə yerdəki
personajları müşahidəsi zamanı həyata
keçirilir. Buludların forması dəyişdikcə,
furkalar da hərəkətə gəlir və hər dəfə
furkanın üstündə bir məkan təqdim olunur.
Qaranlıq səhnənin işıqlandırılması ilə
xəstəxananın palatasında başlanan hadisələr,
gözlənilməz şəkildə, yerdən göyə qədər
olan bir məsafədə cərəyan edərək, sürətlə
tamaşaçını özü ilə bərabər,
ardınca gah göylərin yüksək qatına aparır,
gah da yer üzündə cərəyan edən hadisələrin
içinə qaytarır. Bax beləcə, sadə formada idarə
olunan səhnə mexanizmi, bütün tamaşa boyu,
tamaşaçının diqqətini özündə
saxlayır, hadisələri kulminasiya nöqtəsinə qədər
inkişaf etdirir.
Moskvadan dəvət
olunmuş, kifayət qədər tanınan rəssam, Rusiya Rəssamlıq
Akademiyasının həqiqi üzvü, Rusiyanın xalq rəssamı
Eduard Koçerginin gözoxşayan, zövqlü,
tamaşanın obrazını ifadə edə bilən səhnə
tərtibatı, elə ilk andaca önümüzdə,
insanın ruhunu rahatladan, ruha təmiz, pak, dumduru bir əhval
qatan mənzərə canlandırır.
Tamaşada səsləndirilən,
Həmid Kazımzadəyə məxsus olan zövqlü, həzin
musiqilər tamaşanın ruhuna münasib bir ovqat qatır,
hadisələrin dinamikasını, dramatizmini və lirik səhnələrin
təsir qüvvəsinin artmasını təmin edə bilir.
Mən, Finlandiyada yaşayan
çox istedadlı bir azərbaycanlı rejissor Kamran Şahmərdanı
bu mükəmməl, maraqlı tamaşanı ərsəyə
gətirdiyi üçün alqışlayıram. Bu
tamaşa, Azərbaycan teatr məkanında, Kamranın
artıq üçüncü maraqlı işidir. Hər
birində, yeni səhnə estetikası, yeni səhnəqrafiya
modulu ilə tamaşaçının marağına səbəb
olan bu istedadlı rejissor, bu tamaşaya yanaşma prinsipi ilə
də çox orijinaldır. Əsərin bütün qayəsini,
sadə səhnə dili və ifadə vasitəsi ilə,
mükəmməl şəkildə açıb. Hadisələrin
inkişafını təmin edən furkanın gəlişi və
gedişi, furkanın üzərindəki məkanın hər
dəfə dəyişməsi, eləcə də
buludların yerdəyişmə sistemi və səhnənin
müxtəlif qütblərində hərəkətə gətirilməsi
mexanizmindən peşəkar istifadə, mizanlardakı səliqə-səhman,
ölçü-biçi, aktyorların oyun tərzi, bütün
bunlar, bütövlükdə bir-birini tamamlayır, zəngin
kolaritli, yeni modullu, dolğun, mükəmməl bir
tamaşanın ortaya çıxmasını təmin edir.
Tamaşada böyük aktyor
heyəti məşğuldur. Teatrın aparıcı
aktyorları Rafiq Əzimov, Hacı İsmayılov,
Şükufə Yusupova, Ramiz Novruzov, Elxan Quliyev, Sabir Məmmədov,
Füzuli Hüseynov, Əjdər Həmidov, Kazım Abdullayev,
Elşən Cəbrayılov, Məsmə Aslanqızı,
Şəhla Şahvələdqızı, İlahə Həsənova
və başqaları...
Əlbəttə, onların
hər birinin ifası haqqında çox geniş müzakirə
aparmaq olar. Ancaq bir neçə kəlmə ilə fikrimi belə
ifadə etmək istəyirəm ki, aktyorlar tərəfindən
yüksək peşəkarlıqla təqdim olunan hər bir
obraz, mükəmməldir, bitkindir. Böyük zəhmət,
gərgin iş prosesi aydın şəkildə
özünü göstərir. Tamaşada məşğul
olan hər bir təcrübəli sənətkarlardan
tutmuş, gənc aktyorlara qədər, hər kəsdə,
bütün uğurlu tamaşalarda olduğu kimi, burada da
tamaşadan-tamaşaya sıradan çıxacaq xırda
nöqsanları nəzərə almasaq, qüsursuz ifa
müşahidə olunur. Mən bütün
iştirakçıları, yaradıcı və texniki heyətin
nümayəndələrinin hamısını bu yeni,
uğurlu, bitkin məhsula görə təbrik edir, Azərbaycan
Teatrının uğurlu inkişafında daha səmərəli
fəaliyyət göstərməyə səsləyirəm.
Onlar teatrın təmirdən sonra hazırladığı bu
ilk, yeni tamaşadakı çalışmaları və
peşəkarlıqları ilə, onların
yaradıcılığına şübhə ilə
yanaşanlara sübut etdilər ki, onlar misilsizdirlər və
hər biri Azərbaycan teatr sənətində öz yerləri,
öz mövqeləri, öz sənət qüdrəti ilə,
bu gün çox az sayda, qədirləri bilinməli olan teatr
fədailəridirlər. Tamaşaya baxarkən
düşündüm ki, görəsən bu gün onları
kimlə əvəz etmək olar? Onlar səhnədən
öz peşələri ilə özləri sübut etdilər
ki, əlbəttə, heç kimlə. Nə qədər
istedadlı gənc yetişsə belə, yenə də teatrda
orta və yaşlı nəslin nümayəndələri,
teatrın özəkləridir. Bu teatrın aktyorları, bu
teatr akademiyasının məktəbində-onun səhnəsində,
böyük sənət nümunələri yaratmış
korifeylərlə yeriməyə başlamış,
yüyürmüş, büdrəmiş,
yıxılmış, qalxmış, bişmiş, bərkimiş,
yetişmiş, formalaşmış, püxtələşmiş
və nəhayət Akademik Milli Dram Teatrının ənənələrini
öz sənəti ilə yaşada bilən parlaq
simalardır. Həmin sənətkarlarla, vaxtilə mən də
bir səhnənin dərsini aldığımdan və onlarla
tamaşalarda səhnənin isti nəfəsini
bölüşməyimdən qürur hissi keçirirəm.
Onların hər biri mənim üçün əzizdir və
mən onların, parlaqcasına nümayiş etdirdikləri əvəzolunmaz
peşəkarlıqlarını və bu qüsursuz məhsullarını
alqışlayıram. Haqqı danmaq olmaz. Dərk etmək
lazımdır ki, bizim hər birimizin, göylərin
teleskopundan baxmaq məqamı ilə üz-üzə gələcəyimiz
zamanın, heç də uzaqda olmadığı bir həqiqət
də göylərdən bizi izləyir.
Böyük əminliklə
mən, bu qənaətə gəlmişəm ki,
qloballaşan və sərhədsizləşməyə
doğru gedən bir zamanda, yer üzünün bütün
insanları kimi, Azərbaycan məkanında yaşayan insanlar
da, düşünmək, əylənmək, heyrətlənmək,
müasir, yüksək zövqlü tamaşalara baxmaq
üçün Avropa teatrlarına üz tutmayacaq.
Çünki artıq Azərbaycanda teatr sənəti
inkişaf mərhələsinin müəyyən bir nöqtəsinə
qədər yüksələ bilib. Göründüyü
kimi, Elçinin, çox böyük mükafatlardan ucada
dayanan, teatr üçün yazdığı bütün əsərləri,
bu yüksəlişdə, kifayət qədər xidmət
göstərib və bununla da öz yerini, mövqeyini müəyyənləşdirib.
İftixar PİRİYEV
AMEA-nın dissertantı,
əməkdar mədəniyyət işçisi
525-ci qəzet.- 2011.- 3 iyun.- S.6.