Ruhun şad olsun, Ustad!
UNUDULMAZ SƏNƏTKAR MOBİL ƏHMƏDOVUN
ƏZİZ XATİRƏSİNƏ
İlk dəfə “Bəxtiyar”
filminə baxanda 11 yaşım vardı. Filmdə dünya
şöhrətli ifaçı Rəşid Behbudovun
ifasını dinlədikdən sonra məndə müğənniliyə
böyük həvəs yarandı.
Oxuduğum məktəbin
özfəaliyyət xorunda iştirak edirdim. Bir gün həm
də adaşım olan yoldaşlarımdan biri dedi: “Dövlət
Uşaq Filarmoniyasında səslə məşğul olan
yaxşı müəllimlər var, gedək ora”.
Həftənin
üçüncü günü idi. Dövlət Uşaq
Filarmoniyasına gəldim və ikinci mərtəbəyə
qalxdım. Orada xalq artisti Ramiz Mirişlinin oğlu Yusif
Mirişli ilə tanış oldum. Gəlişimin məqsədini
bildirəndən sonra səsimə qulaq asdı və dedi: “Sənin
səsin vokal səsdir, bazar günü gələrsən,
yaxşı olar ki, sənin səsini Mobil Əhmədov
yoxlasın”.
Səbirsizliklə gözlədiyim
bazar günü yetişdi və mən sevinə-sevinə yenə
filarmoniyaya gəldim, yaxınlaşıb Mobil müəllimə
salam verdim və soruşdum: “Bağışlayın, Mobil
müəllim sizsiniz?” O, özünəməxsus bir tərzdə:
“Ə, tutalım ki, mənəm, sonra?...” – dedi. Yaş fərqimizə
görə, doğrusu bir az onun danışıq tərzi məni
çaşdırdı. Oxumaq arzusunda olduğumu biləndə
dedi: “Ə, burda dur görüm, səsin varmı ə...”
Mənim üçün “Ay
qara göz amandır”, “ Özümün gözü,
sözümün sazı”nı oxudu və onun
oxuduqlarını təkrar etməyimi istədi. Mən də
onun oxuduqlarını təkrarladım. Bir söz demədi. Evə
qayıtdım və anama bildirdim ki, Mobil Əhmədov səsimə
qulaq asdı.
Səhəri anam mənimlə
Mobil müəllimin yanına gəldi və ondan soruşdu ki,
bu uşaqdan oxuyan olacaqmı? – “A bajı, gərək
vaxt-zaman keçsin, onun nəyə qadir olduğunu bilim ki, mən
sizə nəsə deyim.
Bu minvalla Mobil müəllim
mənim ustad oldu. Bir çox qastrollara getdik. Dövlət
Uşaq Filarmoniyasının üzvü kimi 86 ölkə
arasında, Moskvada keçirilən uşaq musiqi
festivalında 15 yaşında 2-ci yerə layiq görüldüm.
Mənim uğurlarım müəllimim Mobil Əhmədovu
çox sevindirirdi.
O, isti yay günlərinin
birində söhbətarası məndən soruşdu:
“Musiqili Komediya Teatrında işləyə bilərsənmi, ə?”
Mən onun sualını zarafat kimi qəbul edib dedim ki, bəli,
işləyə bilərəm.
Mobil müəllim məni
dirijorun yanına apardı. Çox həyəcanlı idim.
Dirijor ifamı diqqətlə dinlədi və dedi: “Əla!
Amma yaşı çox azdır, hələlik bu
uşağı xora qəbul edək, orada daha da püxtələşəcək”.
Həmin vaxtlar Musiqili Komediya
Teatrının direktoru mərhum aktyorumuz, xalq artisti,
Hacıbaba Bağırov idi. Məni göstərərək
Mobil müəllim ona dedi ki, nəvəmdir, onu solist kimi
işə qəbul edin, oxusun. Hacıbaba müəllim də
dirijor dediyi kimi, məsləhət gördü ki,
götürək hələlik xorda oxusun, sonra solist kimi
qeydiyyata salarıq, oxuyar. Mobil müəllim dedi ki, əgər
mənim nəvəmi solist kimi qəbul etməsəniz, mən
də işdən çıxacağam. Məsələni bu
qədər ciddi görən Hacıbaba müəllim məni
solist kimi işə qəbul etdi. İki həftədən
sonra müəllimimin səsinə yazılmış, Oqtay
Kazımi və Ramiz Heydərin rejissor Yusif Əkbərovun
quruluşunda hazırlanmış “Qızıl toy”
tamaşasında Azəri oynadım. Hiss etdim ki,
iştirakım və ifam çox bəyənildi. Mobil müəllim
də parterdə əyləşib sevincdən gülən
gözlərini məndən çəkmirdi.
Sevincdən və həyəcandan
onun burnundan qan açılmışdı. Əynindəki
ağ “vodalazka” al qana boyanmışdı. Mən onu bu vəziyyətdə
görəndə sənətə məsuliyyətim daha da
artdı.
Əziz və heç zaman
xatirimdən silinməyən mehriban müəllimim Mobil Əhmədov
mənə Bülbül məktəbinin sirlərini öyrədib.
Mən onun sayəsində milli vokalın sirlərini mənimsəmişəm.
Onun vasitəsi ilə mən Tofiq Quliyevlə, Süleyman Ələsgərovla,
Vasif Adıgözəlovla, Lütfiyar İmanovla və
başqa tarixi şəxsiyyətlərlə
1961-ci ildən Musiqili Komediya
Teatrına qəlbən bağlanan Mobil Əhmədov
ayrı-ayrılıqda gözəl müğənni,
vokalçı ola bilərdi. Ancaq o, teatrda bir-birindən
maraqlı, təkrarolunmaz özünəməxsusluğu ilə
gözəl obrazlar yaradıb, xalqın yaddaşına həkk
olundu. 1970-ci illərə yaxın o, Şıxəli Qurbanovun
əsəri əsasında Süleyman Ələsgərovun
“Milyonçunun dilənçi oğlu” operettasında Yetim
obrazı ilə çox böyük uğurlar qazandı.
Mobil müəllimin sənətini,
ifaçılığını analiz etdikdə onun tembrində
böyük bir azərbaycanlılıq duyulur. Bülbül məktəbinin
orijinallığı və professionallığı Mobil Əhmədovun
ifasında bir daha özünü təsdiq edir. O, romansı
romans kimi, ariyanı ariya kimi, mahnını mahnı kimi ifa
edirdi.
Azərbaycan Teleradiosunun
fondunda Mobil müəllimin 600-ə yaxın lent yazısı
var. Ruslar “zolotaya seredina” (qızıl orta) deyirlər. Onun
musiqidə “Qızıl orta”sı çox güclü idi. Hər
bir əsəri zərgər dəqiqliyi ilə işlədirdi.
Keçmişə nəzər saldıqda görünür
ki, 45 il, fasiləsiz, incəsənətimizə xidmət edən
Mobil Əhmədov, həm rolları, həm
danışığı, həm də ifası ilə,
yorulmadan çalışıb.
Əlavə olaraq xorda əsərlər
yazdırıb. Cahangir Cahangirovla “Xəzər” mahnı
romansı, Süleyman Ələsgərovun “Küsmərəm”
və ona şöhrət gətirən “Qarabağın
qızları” əsəri xorun və Mobil müəllimin
ifasında dillər əzbərinə çevrilib. 1959-cu ildə
Rauf Hacıyevin rəhbərlik etdiyi estrada orkestri ilə Mobil
müəllim dünyanın onlarla ölkəsini gəzib.
Qastrollar zamanı o, vətənimiz Azərbaycanı layiqincə
təmsil edib. Onun ifasında xalq mahnıları da xüsusi
çəkiyə malikdir. Əhsən Dadaşov adına
“Xatirə” ansamblı, Əhməd Bakıxanov adına ansambl,
Səid Rüstəmov adına xalq çalğı alətləri
orkestri, Niyazi adına simfonik orkestrlə müxtəlif əsərləri
lentə yazdıran Mobil müəllim gələcək nəslə
dəyərli bir irs qoyub gedib. Bəstəkar Tofiq Quliyev deyib
ki, Mobil Əhmədovun səsində böyük bir vətənpərvərlik
var.
O daim müəllimini – dahi
Bülbülü yad edir, qazandığı hər uğuru
onun adı ilə bağlayırdı.
İnsan faktoru Mobil Əhmədov
üçün həmişə ön planda idi. O, tələbələri
ilə həm də yaxın dost idi. Daim onların məişəti
və problemlərilə maraqlanardı. Deyərdi ki,
yaradıcı insanın problemi olmamalıdır, o, yalnız
yaradıcılıqla məşğul olmalıdır.
Mobil Əhmədov şərəfli
bir ömür yaşadı. Mənim üçün sevimli
müəllimimin itkisi çox ağır oldu. İyunun 2-si
idi, teatra telefon zəngi gəldi ki, Mobil müəllimin
halı pisdir. 2006-cı ilin 2 iyunu, heç demə, onun bu
dünyadakı həyatının son günü imiş. Mən
ona baş çəkməyə hazırlaşırdım
ki, anam mənə başsağlığı verdi, dedi:
“Müəllimin dünyasını dəyişib”.
Mən başımı
tutaraq, teatrdan çıxıb Azneft meydanı tərəfə
qaçdım. 13 il mənə ustadlıq edən bu unudulmaz
insan, gözəl ailə başçısı, səmimi və
qayğıkeş dost, yüksək səviyyəli
pedaqoq-musiqiçi, vətənimiz Azərbaycana layiqli
övlad – Mobil müəllim bizi tərk etmişdi! Məhz
onun varlığında cəmlənmiş insani keyfiyyətlərə
görə, əziz müəllimimin xatirəsi mənim daim sənət
eşqi ilə çırpınan ürəyimdə
yaşayacaq. Onun yarımçıq qalmış
arzularını həyata keçirməyə və onun mənə
olan ümidlərini doğruldacağıma bu əvəzsiz
insanın məzarı önündə söz vermişəm.
Onun böyük
arzularından biri məni “Koroğlu” rolunda görmək idi. Mən
bunu etdim, onun arzusunu yerinə yetirdim. İndi ustadımın
ölümündən artıq 5 il ötür. Amma bu mənə
50 il kimi görünür.
Rahat uyu, ustad! Ruhun daim
şad olsun! Ulu yaradandan daim sənə rəhmət diləyirəm!
Dərin ehtiramla:
böyük ümidlər bəslədiyin tələbən,
mənəvi nəvən Ramil
QASIMOV
525-ci qəzet.- 2011.- 3 iyun.- S.7.