ADMİU-da beynəlxalq elmi-praktiki konfrans
“TÜRKSOYLU XALQLARIN MUSİQİ MƏDƏNİYYƏTİNİN
TƏDQİQİ PROBLEMLƏRİNƏ” HƏSR OLUNUB
Artıq neçənci ildir
ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin “Musiqi sənəti” fakültəsi tərəfindən
“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi
problemlərinə” həsr edilmiş elmi-praktiki konfrans
keçirilir. Bu günlərdə ADMİU-nun Elmi Şura
zalında Türkiyənin Azərbaycandakı səfirliyinin və
müşavirliyinin nümayəndələrinin, Mədəniyyət
və Turizm Nazirliyinin, Bakı Musiqi Akademiyasının və
universitetin professor – müəllim heyəti və tələbələrin
iştirakı ilə düzənlənən X beynəlxalq
elmi-praktiki konfrans növbəti dəfə gerçəkləşdi.
“Musiqi sənəti” fakültəsinin təşkil etdiyi
konfrans özünün dərin elmi məzmunu, bədii axarı
və baxımlığı ilə toplantı
iştirakçılarının marağına səbəb
oldu. Konfransı giriş sözü ilə açan “Musiqi sənəti”
fakültəsinin dekanı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova
türksoylu xalqların timsalında iki qardaş ölkənin
– Türkiyə və Azərbaycanın zəngin tarixə və
mədəni irsə malik olduğunu vurğulayaraq dedi: “Bunu həmin
xalqların yaradıcılığında özünə
yer alan çoxsaylı paralellər vasitəsilə
müşahidə etmək olar. Bu dövlətlərin
biri-birinə yaxın olan dilləri, vahid dini həmin
regionların mədəniyyətlərinin
qarşılıqlı əlaqə, qarşılıqlı
mübadilə və qarşılıqlı zənginləşməsinə
rəvac verib. Bu xalqların təbii, üzvi xarakterli əməkdaşlığı
son zamanlar humanitar elm sahəsində fəaliyyət göstərən
çoxsaylı alimlərin müzakirə predmetinə
çevrilib, türkşünaslıq və regionlararası əlaqələri,
onların fərqli və oxşar cəhətlərini
araşdıran müqayisəli sənətşünaslıq
kimi elmi istiqamətlərin meydana gəlməsinə şərait
yaradıb. Respublikamızda bu sahədə elmi
araşdırmalar keçən əsrin 90 – cı illərindən
rəvac tapıb. Tarixi vərəqləyərkən biz dahi
Üzeyir Hacıbəylinin türkçülük ideyası
uğrunda nə qədər mübarizə
apardığının şahidi oluruq. Dövrümüzün
nailiyyətlərindən biri də bu ideyanın artıq bir
varlıq, həqiqət kimi qəbul olunmasıdır. Ümumtürk
musiqi aləmi çox zəngin və dərin
qarşılıqlı əlaqələr tarixinə malikdir. Bu
tarixi mənbələrin öyrənilməsi Azərbaycan
humanitar elmi qarşısında duran ən önəmli
problemlərdəndir. Çünki hər bir xalqın, o
cümlədən, Azərbaycan xalqının musiqisini, onun
etnogenezini, ümumilikdə türk xalqlarının musiqisini,
etnosunu, ümumi mədəniyyətini öyrənmədən
aşkarlamaq mümkün deyil. Şübhəsiz ki, Azərbaycan
xalqının musiqi mədəniyyəti bir – birinə
qonşu ölkələrin mədəni ənənələri
ilə qarşılıqlı əlaqədə inkişaf
edib. Təsadüfi deyil ki, məhz orta əsrlər
dövründə bu xalqların mədəniyyətində
istər professional, istərsə də xalq
yaradıcılığı janrları üçün səciyyəvi
olan, tiplərarası qarşılıqlı əlaqəni təmsil
edən bir sıra təsnifat formalaşır. Əsasən
mahnı – rəqsvari və instrumental musiqidə çoxəsrlik
əlaqə nəticəsində musiqi dilinin səciyyəvi
cizgiləri cilalanaraq formalaşıb, bu baxımdan azərbaycan
və türk musiqisinin özünəməxsus xüsusiyyətlərini
təyin edib”.
Natiqin müfəssəl məruzəsindən
sonra deyilənləri əyani şəkildə öz
çıxış və ifalarında nümayiş etdirən
tələbə – gənclərə söz verildi. ADMİU –
nun III kurs tələbəsi Engin Gənc Türk musiqisində
Çahargah məqamının rolundan və türk musiqi mədəniyyətində
önəmli və çox orijinal bir alət sayılan qabak kəmanədən
danışaraq, əlindəki kamanı dilə gətirdi.
Qazaxların milli musiqi aləti
olan dombradan danışan II kurs tələbəsi Ferit
Çoban bu alətin bizim sazla oxşar və fərqli cəhətlərini
nəzərə çarpdırdı.
Balaban alətinin türk
musiqisində tətbiqinə dair II kurs tələbəsi Məhhəmməd
Ökkeşin söylədikləri və bu alətdə
“Rast” dəsgahından bir guşəni ifa etməsi də
yaddaqalan oldu.
I kurs tələbəsi Fəridə
Ağazadənin videogörüntülər vasitəsi ilə
talış folkloru nümunələri olan halaylar barədə
dedikləri tamaşaçılara əsl estetik zövq verdi.
I kurs tələbəsi
Mühittin Çan Şimşekin “Türk musiqisində ritm
problemi”nə həsr edilmiş çıxışı,
Bakı Musiqi Akademiyasının tələbələri –
Humay Fərəcovanın “Üzeyir Hacıbəylinin
poeziyası” və Ülviyyə İmanovanın Qara Qarayevin bəstəkarlıq
məktəbinə həsr edilmiş məruzələri
konfransın yüksək səviyyədə gedişatını
təmin etdi.
Sonda “Musiqi sənəti”
fakültəsinin dekanı E.Hüseynova bu konfransın təşkilində
onlara mənəvi dəstək verib hər cür şərait
yaratdığına görə ADMİU – nun rektoru, professor
Timuçin Əfəndiyevə dərin minnətdarlığını
bildirdi.
Yüksək səviyyədə
öz işini başa vuran konfrans bir daha sübut etdi ki, bu
cür tədbirlər elm sahəsində ilk
addımlarını atan gəncləri sabahkı gün
böyük araşdırmalara, tədqiqatlara, layihələrə
imza atmağa və böyük səhnələrə vəsiqə
qazanmağa ruhlandırır.
İNTİQAM
525-ci qəzet.- 2011.- 3 iyun.- S.7.