Hamlet İsaxanlı: “Böyük
iradə sahibi olmalısan ki,xırda maneələr səni
yolundan çəkindirə bilməsin”
Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi,
professor Hamlet İsaxanlı ilə müsahibə
Hamlet müəllim, ilk
sualım Azərbaycan təhsil sistemi haqdadır. Bu barədə
nələri söyləmək istərdiniz?
Qısaca olaraq, istərdim Azərbaycan
təhsil sistemi ilə xarici ölkələrin bu sahədə
təcrübəsi haqda müqayisəli xülasə verim. Azərbaycanda
da dünyanın başqa ölkələrində olduğu
kimi təhsil ayrı-ayrı pillələrə
bölünür. Ən birinci pillə məktəbəqədər
təhsildir. Bir çox ölkələrin təcrübəsində
bu mərhələ uşaqların 3 – 5 yaşına təsadüf
edir. Sonrakı mərhələ – Məktəb təhsili əsasən
UNESCO klassifikasiyasına uyğun olaraq, ibtidai, aşağı
orta və yuxarı orta pillələrə bölünür.
Ölkəmizə ibtidai təhsil 4 illikdir. Halbuki çox
ölkələrdə bu müddət daha çox, əsasən
6 il təşkil edir. Ümumən götürsək, ölkəmizdə
məktəb təhsili 11 illikdir və bu 11 il özündə
qeyd etdiyimiz 3 pillənin hamısını ehtiva edir. Bəzən
müəyyən mütəxəssislər tərəfindən
ayrılıqda hər bir təhsil pilləsinə uyğun məktəblərin
ixtisaslaşması fikri də irəli sürülür. Bu,
fikrimcə məqsədəuyğun olardı. Biz, öz
növbəmizdə “Dünya” məktəbini təsis etdikdə
qərara aldıq ki, bu, məktəbəqədər, ibtidai,
aşağı orta və yuxarı orta təhsil pillələrinin
hamısını özündə ehtiva etsin. Bundan sonra gələn
təhsil pilləsi orta ixtisas, yəni kolleclər və
peşə məktəbləridir. Azərbaycanda bu təhsil
pilləsi əfsuslar olsun ki, nisbətən zəif inkişaf
edib. Biz rəsmi olaraq təhsilin bu pilləsi ilə
bağlı tədris aparmırıq. Amma bununla belə,
oxşar xidmət Xəzər Universiteti nəzdində treninq
mərkəzləri tərəfindən təqdim edilir. Müəyyən
istiqamətlər üzrə təlimlər keçirilir və
nəticədə kursu uğurla bitirənlərə
sertifikatlar da verilir.
Təhsil sahəsində
islahatlar etməli olsaydınız, hansı tədbirləri həyata
keçirərdiniz?
Əslində təhsildə
islahatlar məsələsi mənim həm yazdığım
kitablar, beynəlxalq konfranslar, həm də ictimaiyyət
qarşısında etdiyim çıxışlar zamanı ən
çox toxunduğum problemdir. Birinci və ən mühüm
məsələ – dövlət və özəl təhsil
müəssisələri arasında münasibətlərin tənzimlənməsidir.
Hazırda təhsildə, xüsusilə ali təhsil istiqaməti
üzrə ciddi rəqabət mövcuddur. Biz
çalışmalıyıq ki, təhsilimizin keyfiyyəti
yüksək olsun və bu cür rəqabət şəraitində
bir özəl təhsil qurumu kimi
çalışmalıyıq ki, daha çevik hərəkət
edə bilək. Məsələn, ali təhsil müəssisələrinə
tələbə qəbulu prosesinə baxaq. Bu vacib mərhələdə
ali təhsil müəssisəsi özü müstəqil
olaraq heç bir tədbir həyata keçirə bilmir.
Bütün qəbul proseduru tam olaraq, dövlət tərəfindən
həyata keçirilir. Düzdür müəyyən dövr
ərzində bu məqsədəuyğun hesab olunurdu ki, tələbə
qəbulu zamanı xoşagəlməz halların, daha
doğrusu korrupsiyanın qarşısı alınsın. Amma
sonrakı mərhələdə fikrimcə, ali məktəb
özü müstəqil qərar vermək hüququna malik
olmalıdır.
Başqa bir problem.
Dünyanın hər bir ölkəsində təhsilin bitməsi
zamanı verilən sənəd – diplomlar məzunlara ali təhsil
müəssisəsi tərəfindən verilir. Bu, nə deməkdir?
Yəni hər bir ali məktəbin özünün diplomu
olur, diplomun arxasında alı məktəbin nüfuzu
dayanır. Bizdə isə bu tam fərqli – mərkəzi
qaydada həyata keçirilir. Bütün təhsil
qurumlarına eyni dövlət təşkilatı tərəfindən
eyni diplom forması təqdim edilir.
Daha bir problem. Ali məktəblər
yeni ixtisaslar üzrə mütəxəssis hazırlamaq məsələsində
sərbəst olmalıdır. Dövlətin bu işə
az-çox maliyyə ayırması və ya heç
ayırmamağı bu hazırlığın səviyyəsi
ilə əlaqəli ola bilər.
Dördüncü ən əsas
məsələ – dövlətin təhsilə münasibətdə
tətbiq etdiyi vergi siyasətidir. Hər bir işin uğurlu
idarəedilməsi düzgün maliyyələşdirmə
mexanizmindən asılıdır-özəl və ya dövlət
qurumu olmağından asılı olmayaraq. Belə
düşünürəm ki, təhsil müəssisəsindən
əlavə dəyər vergisinin tələb edilməsi
düzgün deyil. Üstəlik də dünya təcrübəsində
elə bir ali məktəb yoxdur ki, yalnız tələbələrdən
aldığı təhsil haqqı ilə fəaliyyət
göstərsin. Əlavə dövlətdən kömək
olmalıdır. Həmçinin ali təhsil
qurumlarının özləri kifayət qədər
qoçaq olmalıdır ki, ictimai, xeyriyyə və biznes
qurumlarından müəyyən vəsait toplaya bilsin. Xarici
ölkələrin təcrübəsində belə hallar
kifayət qədərdir. Məsələn, 10 nəfər tələbənin
bir xeyriyyəçi tərəfindən oxudulması,
maddi-texniki bazanın qurulmasına dəstək olmaq kimi. Hətta
ABŞ və digər Qərb ölkələrində belə
bir təcrübə də var ki, təhsil müəssisələrinə
maliyyə yardımı göstərən qurumlara münasibətdə
dövlət vergi güzəştləri tətbiq edir. Ali məktəbin
köməyə bu qədər ehtiyacı olduğu halda onun əlavə
dəyər vergisi verməsi düzgün deyil.
Hamlet müəllim, fikrinizcə
bu gün “Azərbaycan məktəbi”nin ən böyük
problemi nədir?
Obyektiv desək, hazırda azərbaycan
məktəblərində çox problem var. Bunlardan ən
birincisi müəllimlərin əməkhaqqı məsələsidir.
Fikrimcə, müəllimin aylıq əməkhaqqısı
heç olmasa 800 manat olmalıdır ki, ailənin ən zəruri
tələbatları ödənilsin. Təəssüf ki, nəinki
müəllim, hətta məktəb direktoru belə qeyd etdiyim
məbləğdə əməkhaqqı ala bilmir. Məhz bu
səbəbdən müəllimlərin çoxu repetitorluq fəaliyyəti
ilə məşğul olur. Bu da öz növbəsində
onun bir müəllim kimi məktəbdə etdiyi tədrisin
keyfiyyətinə mənfi təsir göstərir.
Bundan əlavə, dünyada
xüsusi göstərici var – bir müəllimə
adambaşı düşən şagirdlərin sayı. Bu
dünya təcrübəsində inkişaf etmiş ölkələrdə
orta hesabla 20 şagird təşkil edir. O qədər də zəngin
olmayan ölkələrdə bu göstərici 25-30 şagird
təşkil edir. Azərbaycanda bu rəqəm 8 –dir. Təsəvvür
edin ki, bu qədər müəllim artıqlığı
var. Üstəlik də bu müəllimlərin xeyli hissəsi
bilik cəhətdən kifayət qədər zəifdir. Belə
müəllimlər nəticədə məntiqi olaraq, orta təhsilin
keyfiyyətinə mənfi təsir göstərir.
Digər tərəfdən,
düşünürəm ki, orta məktəb müəllimlərinin
çox ciddi yenidən hazırlıq sistemi olmalıdır.
Xüsusi Treninq proqramı hazırlanmalı və tətbiq
edilməlidir.
Bəs sual oluna bilər ki,
müəllimlərin əməkhaqqı niyə
artırılmır? Çünki onların sayı həddindən
artıq çoxdur. Azərbaycanda hazırda 300 mindən
artıq müəllim var. Paradoksal bir hal da odur ki, bu qədər
müəllim sayı ilə yanaşı müəllim kadrlar
hazırlayan dövlət ali məktəb ixtisaslarının
sayı-hesabı yoxdur. Üstəlik müəllim
ixtisasını seçən abituriyentlər, adətən, qəbul
imtahanlarında nisbətən zəif bal toplayan məktəb
məzunları olur.
Başqa bir məsələ
– məktəblərin maddi texniki bazasının gücləndirilməsi
zərurətidir. Düzdür ölkəmizdə bu istiqamətdə
real işlər aparılır. Heydər Əliyev Fondu və
Təhsil Nazirliyinin həyata keçirdiyi layihələr
danılmazdır. Amma bu iş hər zaman davam etdirilməlidir.
Belə ki, təmir-tikintiyə ehtiyacı olan məktəblərin
sayı çoxdur. Hələ görülməli çox
işlər var.
Yerdə qalan problem kimi mən
təhsildə rüşvət və tapşırıq sisteminin
olmasını hesab edirəm. Bu çox dəhşətli bir
haldır. Bu xoşagəlməz hallar olan yerdə heç
vaxt keyfiyyət, bərabərlik və ədalətdən
danışmaq olmaz.
Sizin üçün
“Yaxşı məktəb” məfhumu altında hansı həqiqətlər
dayanır?
İki il bundan əvvəl
biz “Dünya” məktəbində görkəmli elm və
ictimai xadimlərin iştirakı ilə geniş konfrans
keçirdik. Konfransın mövzusu isə “Yaxşı məktəb
nədir” idi. Zənnimcə, hər şeydən əvvəl,
yaxşı məktəbin özünəməxsus bir
inkişaf planı və fəlsəfəsi olmalıdır.
“Mənim məktəbimi digərlərindən fərqləndirən
nədir” sualına cavab olmalıdır. Məktəb ən
yaxşı, ən peşəkar müəllimləri ətrafına
toplamalıdır. Məktəbin yaxşı maddi – texniki
bazası olmalıdır. Məktəbin tədris planı
müasir olmalı, həm dünya təcrübəsini nəzərə
almalı, həm də milli dəyərlərə söykənməlidir.
Şagirdlər əzbərçi deyil, düşünmək
qabiliyyəti, məsələ həll etmək, qərar qəbul
etmək istiqamətində güclü olmalıdır.
Bundan əlavə, idarəetmə
sisteminin təkmilləşdirilməsi də vacib məsələdir.
Misal üçün bildirim ki, qonşu Gürcüstanda belə
bir təcrübə var ki, məktəbin idarə heyəti təşkil
olunur Gizli səsvermə yolu ilə 6 Müəllim, 6 valideyn və
bir şagird seçilir. Direktor burda yalnız
icraçıdır.
“Dünya” məktəbi digər
ümumtəhsil məktəbləri ilə müqayisədə
hansı üstünlüklərə malikdir?
“Dünya” məktəbi digər
məktəblərdən yaxşı mənada xeyli fərqlənir.
Bizim üçün ən mühüm məsələ
korrupsiya və tapşırıq sisteminin olmamasıdır.
Bu, həm şagird və tələbə qəbulunda, dərs
prosesində şagirdlərin biliyinin qiymətləndirilməsi,
müəllim – şagird, müəllim-valideyn münasibətlərində
özünü göstərir. Məktəb rəhbərliyi
tərəfindən bu məsələ çox ciddi şəkildə
tənzimlənir.
Məktəbdə təhsil
alan hər bir şagird orada çalışan müəllimin
öz uşağı simasındadır. Doğma
uşağımızı sevdiyimiz qədər də hər
şagirdə yanaşırıq. Bu ideya çox mühümdür.
Təhsil proqramına
maraqlı olması baxımından dəyişikliklər
edirik. Elə fənlər var ki, hətta özümüz
proqrama daxil edirik.
Yalnız bizdə şagird
dinləyici deyil, dərsin iştirakçısına
çevrilir. Şagird, müəllim qədər fəal
olmalıdır, müzakirələr apara-apara bir şəxsiyyət
kimi öz fikrini formalaşdırmalıdır. Bu, şagird mərkəzli
təhsil modeli adlanır. Sadə dildə desək, burada
şagirdlər oyunçu, müəllim isə onların məşqçisidir.
Bundan başqa tərbiyə
məsələlərinə ciddi yanaşma mövcuddur. Burada
hamı bərabərdir və hamıya eyni qayğı
göstərilir. Ən əsas məqam isə Dünya məktəbinin
Azərbaycanda yeganə İB statusu olan məktəb
olmasıdır.
Məktəbinizdə
neçə şagird təhsil alır və onların
sayının artımı gözlənilirmi?
Hazırda “Dünya” məktəbində
təxminən 300 şagird təhsil alır. Bu, bizin
üçün yaxşı rəqəmdir. Bu gün məktəbimizdə
olan maddi-texniki baza məhz bu sayda şagirdə keyfiyyətli təhsil
vermək imkanı yaradır. Lakin bununla belə, şagird
sayının artımı gələcək illər
üçün planlaşdırılır. Belə ki,
“Dünya” məktəbi üçün yeni tədris və
xidmət kompleksinin istifadəyə verilməsi
planlaşdırılır. Yaxın günlərdə tikinti
işlərinə başlanılacaq. O zaman biz şagird
sayını artıra biləcəyik. Yeni kompleksin tikintisi
kifayət qədər bahalı layihə olacaq. Buna görə,
bizə maliyyə yardımı göstərə biləcək
qurumlara müraciət edirik ki, bizə dəstək olsunlar.
Məktəbin müəllim kontingenti haqda nə deyə bilərsiniz?
İlk
növbədə bildirim ki, Dünya məktəbində hər
müəllim işləyə bilməz. Müəllimlərimiz
əsasən üç qrupa bölünür:
elm adamları, professor və dosentlər
təcrübəli orta məktəb müəllimləri
Dünya məktəbinin
gənc məzunları.
“Dünya” məktəbində müəllimlərin əməkhaqqı individual xarakter daşıyır. Məbləğ müəllimin tədris etdiyi fənnin çətinliyi, dərs saatlarının həcmi, tədris etdiyi dil və digər amillərdən asılıdır.
Hamlet müəllim, sonda
Sizin məktəbin Uğur formulunu bilmək istədik.
Uğurunuzu şərtləndirən cəhətlər?
Hər bir işin müvəffəqiyyətli
sonluğu üçün qızıl qaydalar mövcuddur.
Birinci və ən mühüm şərt peşəkarlıqdır.
Hamı öz işinin peşəkarı olmalıdır.
İkinci şərt, dəqiq və
düşünülmüş planlaşdırmadır.
Üçüncü şərt
– iş görmək ehtirasıdır. Zənnimcə, bu,
çox əhəmiyyətlidir. Daxili alov, bir işi yerinə
yetirmək istəyi və etdiyin işdən zövq almaq
imkanı.
Ən sonuncu şərt isə
iradəli insan olmaqdır. Çünki böyük iradə
sahibi olmalısan ki, xırda maneələr səni yolundan
çəkindirə bilməsin, başladığın
işi sonuna qədər uğurlu icra edə biləsən.
S.Babayeva
525-ci qəzet.- 2011.- 3 iyun.- S.4.