Muğanın fəxri

 

Adamlar yol yoldaşlığı eləmədən bir-birini yetərincə tanıya bilmirlər. Bu, sınanmış bir həqiqətdir. Hətta tanışlığın yaşı, deyək ki, xeyli qədim olsa da... Vaqif Qurbanovu çoxdan tanıyıram. Barəsində yazılar yazmışam, toy məclislərində, ya elə-belə vaxtlarda bir yerdə durub-oturmuşuq, xahiş eləyiblər, şeir demişəm, kefimizin duru vaxtlarında qol götürüb rəqs eləmişik. Neçə illər bundan əvvəl Vaqif müəllimin atası – Sovet dövrünün məşhur rəhbərlərindən biri, SSRİ Ali Sovetinin deputatı Ağayar Qurbanov barəsində yazdığı “Atam haqqında söz” kitabının redaktoru olmuşam. Adamların tərcümeyi-halını biləndə bizə elə gəlir ki, həmin adamları yaxşı tanıyırıq. Məzuniyyət günlərinin birində biz Vaqif müəllimlə yol yoldaşlığı edib Gürcüstana gedəndə başa düşdüm ki, tərcümeyi-hal insan ömrünün illərə bölünmüş xronoloji düzümüdür, adamların xarakterini tam dolğunluğu ilə əks etdirmir.

Onun xidməti maşını – “Mersedes”in arxa oturacağında ikimiz əyləşmişdik. Uzun yolu qısaltmaq lazım gəlirdi. Burada rəsmiyyət keçmirdi, siyasətdən danışmaq da ləzzət eləmirdi. Açılışmaq lazım gəlirdi. Necə var idiksə, elə görünməli idik. Artıq hər şey arxada qalmışdı. Yazını-pozunu xatırlamaq, məclislərdə deyilən tostları yada salmaq yerinə düşmürdü.

İlahi, Muğanda barmaqla göstərilən, məşhur, imkanlı adamın ailəsində böyüyüb ərsəyə gələn, qırx ildən artıq müddətdə respublikanın böyük ərazisində tale yüklü işlər görən, öz səmimi, mehriban rəftarı, insanlığı ilə xətir-hörmət qazanan bu yüksək vəzifə sahibi nə qədər sadə, eyni zamanda dərin intellekt sahibi imiş. Uşaq kimi kövrək, cavan kimi çılğın, yaşlı kimi müdrik...

Elə ilk on kilometrlərdən sonra bizə elə gəldi, on il, iyirmi il bundan əvvəl deyil, əslində biz bir vaxtda, bir yurdda, bir eldə anadan olmuşuq, uşaqlığımız bir keçib və mənim Vaqif Qurbanov haqqında yazdıqlarım ötəri, sxolastik hisslərin məhsulu olub. İş burasındadır ki, Vaqif müəllim barədə indi başqa cür yazmağa cəhd elədiyim anlarda da əvvəlki yazılardan qaçmaq mümkün olmur, mənə məlum olan bəzi faktları istər-istəməz təkrar etmək zorunda qalıram.

Vaqif Qurbanov Azərbaycan xalqı qarşısında çox mühüm xidmətləri olan, təəssüf ki, bu xidmətlərin müqabilində kölgədə qalıb nəinki yüz, lap min faiz layiq olduğu qiymətini ala bilməyən usta meliorator, istedadlı mühəndis, görkəmli kənd təsərrüfatı mütəxəssisidir. Bu vətən qarşısında Vaqif müəllimin elə xidmətləri var ki, həmin xidmətləri şəxsən mən qəhrəmanlıq səviyyəsinə bərabər tuturam. Və həmin xidmətlərdən bəzi məqamları hər şeyi düzgün, obyektiv, həqiqəti neçə varsa elə qiymətləndirməyi bacaran Vətən övladlarının nəzər-diqqətinə təqdim edirəm.

Muğanda çörək torpaqdan çıxır, torpaq isə elə də səxavətli və əliaçıq deyil. Onun üstündə nanə yarpağı kimi əsib, nazını çəkməlisən. Bir balaca etinasızlıq bu torpağın ömürlük əldən çıxması ilə nəticələnə bilər. “Torpağın əldən çıxması kəndçi üçün nə deməkdir” sualına cavab verməsək də olar.

Vaqif Qurbanov 40 ildir ki, Muğanın mərkəzi Sabirabadda yerləşən “Muğansutikinti” trestinə (sonra törəmə müəssisə, indisə Açıq Səhmdar Cəmiyyəti) rəhbərlik edir. 40 ildə Muğanın elə arxı, kanalı, elə qarışı yoxdur ki, Vaqif müəllimin ora ayağı dəyməmiş olsun. Bu saf niyyətli adam bütün ömrünü torpağın safa çatmasına həsr edib. Rəhbər vəzifə daşımaq, bu vəzifənin öhdəsindən gəlmək hələ hər şey demək deyil və bizdə belələri həqiqətən çoxdur. Məsələ burasındadır ki, Vaqif Qurbanov vəzifədə olduğu müddət ərzində bir əsgər, bir komandir kimi – bunların hamısı ona yaraşır – özünü, öz nəfsini, öz şəxsi karyerasını, böyük şanslarını bir yana qoyub, idarəsini, böyük bir kollektivi və bu kollektivin gələcəkdə görə biləcəyi işləri, böyük fəaliyyət perspektivini qoruyub saxlaya bilib, bunları zamanın təlatümlərindən salamat çıxardıb.

“Muğansutikinti” respublikada irihəcmli kollektorların çəkilişi ilə məşğuldur. Kənd təsərrüfatına azacıq bələd olanlar bu kollektorları “torpağın qan damarı” adlandırırlar. Bu kollektorlar min hektarlarla ərazinin yuyulub safa çıxarılmasına xidmət edir. Yazının bu yerində dərin minnətdarlıq hissi ilə deməliyik ki, “Muğansutikinti” 1969-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış, qısa müddət ərzində o vaxtkı Sovet dövlətində mövcud olan ən qiymətli texnika vasitələri ilə təmin olunmuşdur. Bunlardan biri – 50-60 metr enində kollektor qazmaq gücündə olan addımlayan ekskavatorlar (el arasında buna “şaqay” deyirlər) böyük çətinliklə Ukraynadan gətirilmişdi.

Yüzlərlə texnikanın sırasından tək bu ekskavatorların adını çəkməyimiz təsadüfi deyil. Nə də bu ekskavatorların texniki imkanlarını reklam etmək fikrindən uzağıq. Heydər Əliyevin hakimiyyətdə olduğu səksəninci illərdə “Muğansutikinti” respublika üçün həyati əhəmiyyət kəsb edən bir layihənin – Baş Mil-Muğan Kollektorunun tikintisinə başladı. Tikinti Neftçala rayonunun ərazisində – Xəzərdən başlayıb İmişlidə başa çatmalı idi. 54 kilometr məsafədə iş sürətlə getdi. Ekskavatorlar Salyan rayonunun ərazisinə – Bakı-Astara yolunun yanına çatanda işlər dayandı. Respublikada rəhbərlik dəyişilmişdi. Kollektorun çəkilişinin davam etdirilməsi yeni rəhbərliyin, sonrakı illərdə isə bir-birini əvəz edən rəhbərliklərin nəzər-diqqətindən, maraq və əhəmiyyət dairəsindən kənarda qaldı. Ekskavatorlar Bakı-Astara yolunun yaxınlığında pərt olmuş adamlar kimi “burunlarını aşağı salıb” dayandılar.Tezliklə vəziyyət daha qəlizləşdi, “söküb-dağıtmaq” küləkləri ölkəni bürüdükcə, Bakı-Astara yolu ilə İrana metal daşıyan maşın karvanları bir-birinin ardınca düzüldü. Elə bir dövr gəldi ki, harada metal göründü, diqqət ora yönəldi, həmin yerə heç kəs rəhm eləmədi. Metalı doğrayıb xarici ölkəyə göndərmək, bununla da külli miqdarda pul qazanmaq əməliyyatları tüğyan edirdi. Maşın karvanlarının qabağında şütüyən pərdəli “Qaz-31”lərin arxa oturacağında əyləşən qara eynəkli “cənablar” Bakı-Astara yolunun qırağındakı “əla mala”, çəkisi yüz tonlarla ölçülən ekskavatorlara da, heç şübhəsiz, müştəri gözü ilə nəzər yetirirdilər. Onlar tezliklə “əla malın” sahibini axtarmağa və Vaqif Qurbanova mesajlar göndərməyə başladılar. “Muğansutikinti”nin rəisinə külli miqdarda pul təklif edilirdi. Gizlətməyin mənası yoxdur, bütöv bir ömür boyu bizim, hətta nəvə-nəticələrimizin firavan həyatına təminat yaradan məbləğdən hansı birimiz boyun qaçırarıq?! Özü də elə məbləğ ki, dünyanın qarışdığı, ölkədə başıpozuqluğun, xaosun hökm sürdüyü bir vaxtda “mütəxəssislərin rəyi” ilə bağlanan bir aktla həmin pulu əldə etmək mümkün ola...

Nəfs! Cəmisi dörd hərfdən ibarət bu sözdən sonra nida işarəsi qoyuram ki, həmin söz bir az bərk səslənsin. Onu öldürmək nağıllardakı yüz başlı əjdahanı öldürməkdən qat-qat çətindir. Vallah-billah əsl qəhrəmanlıqdır. Hansı ki, Vaqif Qurbanov o illərdə bu qəhrəmanlığı göstərə bildi. Bakı-Astara yolunun qırağında “burnunu sallayıb” dayanan ekskavatorların burnu da qanamadı. Uzun müddət işsiz dayanan bu ekskavatorlar həm də “Muğansutikinti”nin işsiz qalması demək idi. 20-30 il ilan mələyən Muğan torpağının üstündə təcrübə əldə edən ustaları, fəhlələri, sənətkarları maaşsız-filansız qoruyub saxlamaq, kollektivi dağılmaqdan xilas etmək asan iş deyildi. Rəisin təmizliyini, kişiliyini, mərdliyini görənlər nəyin bahasına olursa-olsun dözmək, sabahkı günləri gözləmək qərarına gəldilər. Və həmin gün doğrudan da yetişdi. Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdandan sonra tezliklə İslam İnkişaf Bankından alınan pul hesabına, yarımçıq qalmış Baş Mil-Muğan Kollektorunun tikintisi davam etdirildi. “Addımlayan ekskavatorlar” Bakı-Astara yolundan üzü günbatana – İmişliyə tərəf addımlamağa başladılar.

Vaqif Qurbanovun vətəndaş xidməti ilə bağlı bu hadisənin mahiyyətini nə dərəcədə çatdıra bildim, deyə bilmərəm, ancaq mən bu fikirdəyəm ki, təkcə bu xidmətinə görə respublikanın rəsmi dairələri Vaqif müəllimə ən azı (onun özü heç bunu da ummur) “sağ ol” deməlidirlər.

Tərcümeyi-hal məsələsi qəliz məsələdir. Burada illər gərək bir-birinin ardınca düzülsün. Məsələn, mən, “Muğansutikinti”nin təkcə Muğanda deyil, Xanarx kanalında, Cəbrayıl və Zəngilan köçkünləri üçün Biləsuvar ərazisində, Hacıqabul rayonunda, Bəhrəmtəpə Baş Hidroqovşağında, daha neçə-neçə yerdə gördüyü işlərdən danışmaq niyyətində deyiləm. Çünki bunlardan biri barədə danışanda digərini unutmaq mümkündür. Sadəcə vacib bir məsələni təkrar-təkrar vurğulamaq lazım gəlir: hazırda dövlətin qərarı ilə Açıq Səhmdar Cəmiyyətinə çevrilən “Muğansutikinti” Vaqif Qurbanovun rəhbərliyi altında 40 ildən çoxdur ki, ruzisini torpaqdan çıxaran minlərlə insana “çörək ağacı” rolunu oynayıb. Əkin-biçin adamının xidmətində dayanıb.

...Gürcüstana 2 maşın gedirdik. Heyətimiz cəmisi 5 nəfərdən ibarət idi; Vaqif Qurbanov. Hacıqabul rayon icra hakimiyyətinin sabiq başçısı, hazırda Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətində məsul vəzifədə olan Firudin Babayev, Sabirabadlı fermer Namil Vəlişov, sürücü Afət, bir də mən...

Hələ Azərbaycan ərazisində ikən yekdilliklə Vaqif müəllimi heyətə başçı seçdik. O vaxt “Azərsutikinti” ASC-nin sədr müavini işlədiyindən Gürcüstanda Vaqif müəllimi gürcü dostlara “zamministir” kimi təqdim elədik ki, söhbətin bu yerində də kiçik bir haşıyə çıxmaq gəlir.

Nə gizlədək, bütün dövrlərdə istənilən vəzifəni tutmaq üçün doxsan faizimiz vasitə axtarmışıq, əl-qol atmışıq. Vaqif müəllim bu məsələdə tam istisna təşkil edir. Heç vaxt vəzifə axtarışında olmayıb, onu vəzifəyə aparıblar, bəzən hətta özü istəməsə də... Səksəninci illərin əvvəlində Cəlilabadda “Cənubmuğansutikinti” tresti yarandı. Rayonun birinci katibi Sosialist Əməyi Qəhrəmanı İbrahim Qurbanova trestə rəhbərlik üçün 4-5 namizəd təklif olundu. İbrahim Qurbanov namizədlər arasında dərhal Salyanda qısa müddət bir yerdə işlədiyi Vaqif Qurbanovun adı üzərində dayanır. Vaqif Qurbanov həmin trestdə rəis olduğu illərdə cənub bölgəsində güclü meliorativ tədbirlər həyata keçirildi, kanallar çəkildi, infrastruktur yaradıldı.

2000-ci ildə “Azərsutikinti” ASC təsis olunanda onun tərkibində “Muğansutikinti” kimi 10 trest fəaliyyət göstərirdi. Sonralar bu trest rəhbərlərindən birini – Vaqif Qurbanovu ASC-yə “Muğansutikinti”dəki vəzifəsində qalmaqla sədr müavini apardılar. Məqsəd aydın idi, sistemin problemlərini, problemlərdən çıxış yollarını, Vaqif Qurbanov kimi heç kəs dərindən bilə bilməzdi. Vaqif müəllim üçün çətin də olsa xeyli müddət həftənin yarısını Bakıda, yarısını Sabirabadda keçirməklə iki vəzifə daşəmalı oldu.

“Zamministir” – bizim kiçik heyətin rəhbəri Gürcüstan səfərimizin gözəl bir səfər kimi yaddaqalan olması üçün sözün əsl mənasında xüsusi qabiliyyət, əsl istedad nümayiş etdirdi. Rustavidə taksi sürücüsündən xahiş elədi ki, bizi qədim gürcü restoranlarından birinə aparsın. Milli gürcü yeməklərindən dadıb, axşamdan xeyli keçmiş Rustavi küçələrində Azərbaycan xalq mahnıları oxumağa bizi Vaqif müəllim həvəsləndirdi. Rəhbərimizin təklifi ilə Barjomidə səfər yoldaşımız Namilin ad gününü keçirdik. Vaqif müəllim otel işçilərini, inzibatçıları da ziyafətə dəvət elədi. Geniş bir məclis düzənlədi. Hazırda otel işçiləri kimi məclisə toplanan adamlar Sovet dövrünün kadrları idi, əksəriyyəti bir vaxtlar rəhbər vəzifələrdə olmuşdu. İşsizliyin törətdiyi əlacsızlıqdan bura toplaşmışdılar. Saf niyyətlə düzənlədiyimiz məclis nə qədər şən və ləzzətli olsa da, gürcü qardaşlar arada tikanlı replikalarından da qalmırdılar. Onları başa düşmək çətin deyildi. Qısa müddətə də olsa Azərbaycandan bura gəzib-dolanmağa, istirahət eləməyə gələn pullu qonaqlar bunlarda bir balaca qısqanclıq yaradır və nə qədər çalışsalar da, gürcülər ürəklərindəkiləri gizlədə bilmirdilər. Bir tikanlı atmaca, bir naxələf deyim Vaqif müəllimin diqqətindən yayınmırdı. Rəhbərimiz aksentsiz, təmiz rus dilində ev sahiblərinin cavabını verir, bu cavablar öz yumoru, siyasi məna tutumu ilə atmacalardan daha tutarlı olurdu. Vaqif müəllim məclisdə əsl Azərbaycanlı qonaqpərvərliyi göstərməklə yanaşı, xalqlarımızın ziyalı təbəqəsinə xas olan hazırcavablıq, yüksək intellekt, geniş dünyagörüş, savad, mədəniyyət nümayiş etdirirdi. Vaqif Qurbanov burada – qonşu respublikada mühəndis-meliorator deyildi. O, Azərbaycanın maraqlarını ləyaqətlə təmsil edən siyasi xadim, öz xalqının milli mənliyinin müdafiəsində dayanan qeyrətli azəri-türk oğlu idi.

Mən onu indiyə qədər bu dərəcədə tanıya bilməmişdim. İndiyə qədər bilməmişdim ki, Vaqif müəllim gözəl şeir dinləyicisidir. Şeirə son dərəcə diqqətlə qulaq asır, hər misranın, hər bəndin məna tutumunu yadda saxlamağa çalışır, şeir deyilən dəqiqələrdə misraların oyatdığı ovqatla yaşayır.

Kimliyindən asılı olmayaraq Vaqif müəllim tərəf-müqabilinin keçirdiyi hisslərə son dərəcə hörmətlə yanaşır. Tərəf-müqabili hisslərini gizlətməyə çalışanda Vaqif müəllim onu qabaqlayır, istəyini reallaşdırmaqda ona köməklik göstərir.

Əlbəttə, biz Borjomiyə siyasi debatlar aparmağa getməmişdik. Vaqif müəllim tezliklə söhbətin yönünü dəyişdi. Kimin qabında nə vardısa, qoydu ortaya. Gürcü, Azərbaycan mahnıları bir-birinə qarışdı. Rəqs etdik, şeir dedik. Borjomidə iki gün qalıb Tiflisə gəldik. Vaqif müəllimin məsləhəti ilə şəhərin görməli yerlərini gəzdik, azərbaycanlılar yaşayan məşhur Şeytanbazar məhəlləsində olduq. Gözəl, yadda qalan bir səfər beləcə başa çatdı. Ayrılanda hamımız Vaqif Qurbanova təşəkkür etdik. Muğanın fəxri olan, ömrünü torpağın şirinliyinə həsr edən bu adamdan ötrü bizim təşəkkürlər nə əvvəlinci, nə də sonuncu idi.

 

 

Tofiq HÜSEYN

 

25-ci qəzet.- 2011.- 3 iyun.- S.8.