Ağdam tamaşasına bilet
VAHİD QAZİNİN “RUHLAR ŞƏHƏRİ”
KİTABI HAQDA QEYDLƏR
Ağdama gedən varmı? Ey! – Ev tikən, pullarını dönə-dönə sayıb gizlədən, dissertasiya yazıb alim olmaq istəyən, toy tədarükü görən, dünya səyahətinə çıxmağa hazırlaşan, işdən qovulan, vəzifə pilləsində iməkləyən, böyük adam olmaq uğrunda kompyuter, “dil” öyrənən, qul bazarında qara daşın üstündə oturub iş gözləyən kəs – ağdamlı, qarabağlı, azərbaycanlı, dayan! Dayan, ayaq saxla! Səni Ağdama aparan var. Ağdamı xatırlamaq və ya görmək istəyirsənmi? Vahid Qazinin 122 səhifəlik “Ruhlar şəhəri” kitabını oxu! Vahid öz xatirələri ilə bütün ağdamlıların xatirələrini, yaddaşını oyatdı. Qulağımızda Ç.Aytmatovun “Əsrdən uzun gün” əsərindəki manqurtlaşdırılmış oğluna yana-yana, israrla “sənin atan Donanbaydır, eşidirsənmi, Donanbay...” – deyən qadının (sonra da elə yaddaşı, ruhu öldürülmüş oğlunun atdığı oxla sinəsindən yaralanıb ölən və əfsanədə deyildiyi kimi dilindəki son kəlmələrə görə “Donanbay” quşuna çevrilən ananın) səsini eşidirik. Vahid kitaba daxil olan on beş essenin hər birində sanki qulağımıza dönə-dönə, əzab çəkə-çəkə pıçıldayır: sən ağdamlısan, eşidirsən, ağdamlı! Bunu unutma və ətrafındakıları da unutmağa qoyma! Bakıda qalaya bənzər evlərin, elmi dərəcən, vəzifən, “obyekt”lərin, cild-cild kitabların, nələrin olsa da, sən donmuş müharibədə yaddaşı, ruhu, ağdamlılığı təcavüzə məruz qalmış vətənsizsən! Səndən sonrakı nəslində ağdamlılıq ruhu öləcək, onlar kimə oxşayacaq? Nə bakılı ola biləcək, nə şəkili, qubalı, qazaxlı. Bəs kim olacaq? Amorf, hibrit, qarışıq, “qaçqın” damğalı birisimi? Qarabağ savaşı başlayanda respublikanın hər yerində:
“Ağdam qoymaz erməni bir
addım da bəri gəlsin”, “Ermənilərin qorxusu
ağdamlılardandır”; – kimi fikirlər
dolaşırdı. Hamı deyirdi: “Ağdam qoymaz”. Demədilər:
“Ağdamı qoymazlar”. Qarabağ sövdələşməsində
birinci ağdamlıları tərksilah etdilər. Kitaba
yazılmış “ön söz”də oxuyuruq: “Bir vaxtlar
keçmiş SSRİ-nin paytaxtında yaşayan moskvalılar
haqqında deyirdilər: “Moskvalı olmaq vəzifədi”. Məncə
Qarabağda da ağdamlı olmaq vəzifə kimi bir şey
idi. Və o torpaqların işğal olunmasıyla
bütün qarabağlılar əgər öz doğma
yerini-yurdunu itirdisə, ağdamlılar sanki təkcə
öz yerini-yurdunu yox, həm də ən böyük “vəzifələrini”
itirdilər. “Ağdamlı” olmaq vəzifəsini (R.Rövşən).
Ağdamı və ağdamlıları sərraf kimi qiymətləndirən
gözəl şairimiz R.Rövşənin digər bir dəqiq
müşahidəsi adamı heyrətləndirir: “Hər halda
mən bir vaxtlar “haralısan?” sualına bütün
Qarabağda ağdamlılar kimi qürurla, hətta bir az təkəbbürlə
cavab verənlərə rast gəlməmişdim. Və bəlkə
də Ağdamı o cürə qəddarlıqla
dağıdıb xaraba qoyan ermənilər ağdamlılardan
həm də o qürurun, təkəbbürün
acığını çıxmışlar”. Vahid, esselərində
hiss olundu ki, sən ömrünün “saatsız keçən
vaxtlarında” – uşaqlıq və yeniyetməliyində
Ağdamda çox küçələr dolaşmısan. “Sarıtəpə”,
“Seyidli”, “Dostluq” kinoteatrının, “İmarət”in, “Raykom”un,
“Əmək evi”nin, “Çörək muzeyi”nin, təzə
hamamın, köhnə hamamın, 1¹-li məktəbin,
bazarın, univermaqların və s. ətrafında təkcə
yaddaşın və ayaqlarınla deyil, ruhunla, qəlbin, vətəndaşlığın
və ən əsası – Ağdama və
ağdamlılığa olan böyük sevginlə
dolaşmısan. Ağıllısını, dəlisini,
alverçisini, ziyalısını, davakarını, mədənisini,
qaymaqsatan, südsatanından tutmuş hamısını
ruhlarını incitmədən, rəğbətlə, sevə-sevə
xatırlamısan: “Ağdamın südsatanları
Bakının indiki xlorsatanları kimi deyildilər. Onların
üzündə “insan əzabının son əlamətləri”
görünmürdü. Qıvraq, diribaş, eşq dolu həyat
bənizliydilər, ətrafa xoş ovqat, enerji
yayırdılar. Çəkdikləri əziyyətin tək
nişanəsi ağır zənbil daşıyan ovuc, bir də
barmaqlarının bərkimiş qabarlarıydı, vəssalam...”
Sənin xatirələrində
Ağdamın keçmədiyin çox küçələri,
xatırlamadığın çox dəyərli insanları,
adət-ənənəsi, elit, kübar özünəməxsusluqları
qalıb, yazılmayıb. Mən universitetdə oxuyanda müəllimlərimdən
biri Ağdamda qonaq olanda gördüyü süfrə
açmaq, qonaq qəbul etmək mədəniyyətindən,
ağdamlıların həyat tərzindən çox
böyük rəğbətlə danışırdı. Vaxtilə
elmi, təhsili, mədəniyyəti, insanlarının öz
fərasətləri hesabına düzəltdiyi maddi rifahı
ilə seçilən sakinləri Bethovenə, Şopenə,
Vısotskiyə, klassik Azərbaycan və dünya musiqisinə
qulaq asırdılar. Hər kəsin evində müxtəlif
musiqi alətləri, xüsusilə pianino var idi. Burda adi,
ziyalı təbəqəsinə aid olmayan insanlar da V.Hüqonu,
L.Tolstoyu V.Şekspiri, Q.Markesi, N.Hikməti oxuyur, teatrlara, rəsm
sərgilərinə, mədəni-intellektual tədbirlərə
ruhi ehtiyac nöqteyi-nəzərindən
yanaşırdılar. Sən xarici maşını ilk dəfə
tarzən R.Quliyevdə gördüyünü
xatırladın. Qırx il öncə bütün rayonlarda
maraqla baxılan “Ford” markalı maşını Ağdama gətirən
“Ford” Fuad haqqında başqa rayondan göndərilən raykom
katibi Bakıdan gedən böyük vəzifəli şəxslərdən
birinə: “hamı mənə deyir ki, yerli vətəndaşlar
səni saymır, sən sovet maşınında gəzirsən,
Ford Fuad xarici maşında” – gileyini etmişdi... Q.Rüstəmovu,
A.Babayevi, S.Məmmədovu, R.Quliyevi, “Qarabağ bülbülləri”
sən demiş: “bir konservatoriyalıq”, azərbaycanlı
ruhunu ləyaqətlə dünyaya bəyan edən
musiqiçisi, məşhur alim Xudu Məmmədovun ideya və
layihəsi ilə tikilmiş, Ağdamın simvoluna
çevrilmiş “çay evi”,dünyaca ünlü atları,
sağlığında Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülənlərdən biri, amma bu addan
imtina edib: “Qəhrəmanın torpağında düşmən
at oynatmaz. Ölkə işğal olunub, qız-gəlin əsir
düşüb, mən sinəmə ulduz asıb “qəhrəmanam”
deyə bilmərəm — deyən Fred Asif kimi qəhrəmanı
var idi Ağdamın...
Çox qəribəliklər var idi
ağdamlılarda. On ikinci essede oxuyuruq: “Avtovağzal barədə
isə şuşalı dostum Hikmət Sabiroğlunun diliylə
deyim ki, səndə daha yaxşı təsəvvür
yaransın. Ağdamı və ağdamlıları onun kimi təsvir
eləyən (şuşalı ağdamlını göydə
alırdı) ikinci adam tanımıram. Hikmət Ağdamı
belə xatırlayır: “Uşaq vaxtı Muğanlı kəndində
yaşayan xalamgildən gəlirdim. Ağdam
avtovağzalında mən boyda bir uşaq yaxınlaşdı,
əlindəki vedrəni yerə qoydu, soruşub eləmədən
bir stəkan noxudu kitab vərəqindən düzəltdiyi
“klok”a töküb pencəyimin cibinə dürtdü. “10 qəpiyimi
ver” – dedi. Bunu elə sürətlə elədi ki, nə
baş verdiyini anlamağa vaxt tapmadan çıxarıb 10 qəpiyi
verdim. “Sağ ol”da demədi, çönüb: “İsti noxud
var!” — deyə qışqıra-qışqıra getdi”. Sən
düz deyirsən, doğrudan da, dava başlayanda “davaya elə
birinci o “pis uşaqlar” getdi. Şəhəri onlar qorudu, həmin
o dəli-dolu uşaqlar vaxtilə özləri kimi vurub-tutan,
dili kimi dilçəyi də olan böyüklərə
qoşuldular, vuruşdular, yaralandılar, şəhid oldular, əlil
oldular, öldülər, öldülər, sonra da: “Getdilər
atları çimizdirməyə, ...qulançar
yığmağa, moruq dərməyə”. (İsa
İsmayılzadə) 6 min şəhid verdi Ağdam Qarabağ
uğurundakı müharibədə. Bu 6 min şəhidin ən
azı 20 min yaxını, doğması qara geydi; dərdli, xəstə,
“tez qocalan”, fikirli, qaraqabaq oldu bu yaxınlar... Ümidsiz,
ruhsuz, haqsızlıq, ədalətsizlik, namərdliklə
barışanlardan oldular... Ağdamlılar çox şeylərini
itirdi. Hər şeyi yenidən qursalar da ağdamlı ola bilmədilər.
Bircə qazancları oldu; “Qaçqınlıq vəsiqəsi”.
Hamının istehza, tənə dolu baxışlarla
baxdığı, “torpaqlarını qoyub gəliblər
bakılı olmağa” nifrətiylə süzdükləri
“Qaçqınlıq vəsiqəsi!” Bu vəsiqə ilə
işıqdan, qazdan, sudan, havadan, günəşdən
güzəştlə istifadə edə bilərsən.
Bütün təbii – uçan, qaçan, axan sərvətlərə
güzəştli istifadə hüququn var, qaçqın
ağdamlı! Sənin faciəndən siyasi məqsədlər
üçün istifadə etməkdən ötrü gah
“köçkün”, gah da “didərgin” statusunun hansı daha
çox sənə yaraşır – deyə müzakirələr
də açdılar, qərarlar da qəbul etdilər. Ey azad
ruhlu, qürurlu ağdamlı, bu adların hansı xoşuna gəlir?
“Qaçqın”?, “Köçkün?” yoxsa “Didərgin?” Ciblərini,
çantanı tez-tez yoxlayıb, bu vəsiqəni itirərsən
– deyə qorxma! Bu vəsiqəni bərk-bərk əzizləyib
saxlama! Bu vəsiqəni sənə qazandıran
dünyanın bütün mənfi güclərini,
ruhlarını, şeytanlarını lənətlə! Əlindəki
qaçqınlıq vəsiqəndən də utanma, sən
satqın deyilsən. Vaxt gələcək tarixin divanında məhşərə
sən yox, səni bu hala salanlar cavab verəcək...
Vücudumuzda,
varlığımızda, mövcudluğumuzda haqqı olan
Ağdamı – məğlub ruhlar səhərini ermənilər
söküb xarabazara çeviriblər. Küçəsiz,
evsiz, tinsiz, dalansız, Allahın səması altında
qapısız, pəncərəsiz, qıfılsız,
kilidsiz, yağışı, qarı, günəşi
boş-boşunaa dövr eləyən bir şəhər...
Deyirlər Ağdam düzəngahdı... Sabah Ağdam
alınsa onun spesifikliyini dünyanın heç bir
komissiyası, təşkilatı özünə qaytara bilməz.
Onu məhz ağdamlılar – suyu, gülü, çiçəyi,
havası, tozu, torpağı ruhuna, varlığına
çökmüş insanlar etməlidilər. Bu ruhları
sağlam və üzü Ağdama doğru tərbiyə etmək
və qorumaq lazımdır. Və V.Qazinin “Ruhlar şəhəri”
kitabının “Xəyal memarı” adlanan on beşinci essesində
oxuyuruq: “Heç bilirsənmi Ağdamı xəyallarımda
neçə dəfə tikmişəm?... Mənimlə
Ağdamı tikməyə gedərsənmi?” Ağacın,
otun, daşın, divarın, torpağın – hər şeyin
yaddaşı var. Ağdam torpağı sinəsində evlərindən
tonqal çatılan, üstünə qanı tökülən,
ayağıyalın, başıaçıq qürbətə
səpələnən vətəndaşlarını unutmur.
Sərgərdan ruhlarla baş-başa verib aşılacaq,
yarılacaq, keçiləcək sərhəddə sakinlərinin
qayıdışını gözləyir...
Hər şeyin yaddaşı var;
küçələri, evləri, tinləri, döngələri
yoxa çıxmış Ağdam torpağının da. Bəs,
ağdamlıların?..
İradə MUSAYEVA
525-ci qəzet.- 2011.- 4 iyun.- S.29.