Yüksək mənəvi amal sahibi

 

Türk epos təfəkkürünün şah əsəri, ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanında ana Allaha bərabər tutulur: “Ana haqqı-Tanrı haqqı” deyilir. Həyatda heç bir övlad Ana haqqını qaytara bilmir. Xüsusilə biz qızlar ana olaraq Ana haqqımızı öz övladlarımıza qaytarırıq. “Ana qəlbi möcüzələr xəzinəsidir” deyib P.Berente. “Yaxşı ana min müəllimə dəyər” bunu da C.Bertels deyib. İ.V.Höte isə deyirdi ki, “Təbiətin ən böyük möcüzəsi anadır”. Böyük sərkərdə Napoleon isə bu fikirdə idi ki, “Ana bir əli ilə beşiyi, o biri əliylə dünyanı yırğalayır”. “Anamın bircə öpüşü məni rəssam etdi” – bu isə dahi Rafaelin səmimi etirafıdır... Mənim anam – filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli mənim həm tanrım, həm möcüzəm, həm müəllimim, həm dünyam həm də ən ülvi sevgimdir. Mənim isə anamın şirin bir təbəssümü məni alim etdi. O çox danışıb xırdaçılığa varmağı, həm özünü, həm də müsahibini yormağı sevmir. Bütün övladlar üçün onların anaları gözəldir. Mən anamı yalnız mələklərlə qiyaslaya bilərəm. O həqiqətən mələk kimi saf, ülvi və müqəddəsdir. Deyirlər ki, insanın hər çiynində bir mələk əyləşib, biri onun etdiyi yaxşılıqları, digəri isə pislikləri yazır. Mən əminəm ki, anamın çiynində əyləşib pislikləri yazan mələyin “qeyd dəftəri” bom-boşdur.

Çünki, Aybəniz xanım dünyaya insanlara xeyirxahlıq etmək üçün gəlib. Görkəmli təbiətşünas alim, böyük vətəndaş və sədaqətli türkçü atam Teymur Əliyevi vaxtsız itirdikdən sonra mən anamı dərk etməyə başladım. Onun zərifliyi, həssaslığı, yeraltı çaylar kimi səssiz axan böyük sevgisi ilə bərabər həm də yüksək qürur və iradəsi, dərindən-dərinə düşünməsi məni heyran qoydu. Getdikcə anam mənim qadın idealıma çevrildi. Aybəniz xanım olduqca nikbin, həyat eşqi ilə yaşayan, öz qadınlıq duyğularını uca tutan, hisslərinə və arzularına hörmət bəsləyən güclü bir xanımdır. Lakin o, hisslərini çılpaq büruzə verməyi sevmir, duyğularnı gizlətməyi fəqət, lazım gələndə ortaya çıxarmağı bacarır. O, ailəmizlə cəmiyyət arasında dözümlü bir məhəbbət körpüsüdür. Anam – Aybəniz Əliyeva-Kəngərli elə soyadından da göründüyü kimi Azərbaycan tarixində öz qədimliyi və möhtəşəmliyi ilə şəriksiz nüfuza malik Kəngərlilər nəslindəndir. Bu nəslin tarixi və xalqımızın taleyindəki rolu cild-cild kitablara sığmayan tədqiqatlara möhtacdır. Kəngərli soyadını daşımaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Aybəniz xanım bu şərəfi qorumağı və bu məsuliyyəti daşımağı yaxşı bacarır. Faktiki olaraq o bu şərəfin həzz və qürurunu yaşayır, xanım-xatınlığında oturuşunda-duruşunda, danışığında, geyimində, yerişində bir zadəgan ədası var anamın. Görünür biz ondan hələ çox şey öyrənməliyik.

Tanınmış folklorşünas alim Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli 6 iyun 1947-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil alıb. Təyinatla Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri kimi əmək fəaliyyətinə başlayıb. Düz bir qərinə- 33 il bu vəzifədə səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində Azərbaycan folklorunun epik növünə daxil maraqlı janrı olan nağıllar üzərində elmi tədqiqat aparıb.

“Azərbaycan nağıllarında qadın obrazları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. A.Əliyeva-Kəngərliyə böyük etimad göstərilib – o, 2002-ci ildə Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin olunub. O, intensiv bir surətdə MEK-in təbliğat-təşkilat imkanlarını genişləndirib – “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası”, “Azərbaycan – Fransa elmi-mədəni əlaqələr zalı”, “Tədris Mərkəzi”, “Azərbaycan – İran əlaqələri zalı” yaradılıb. O, kitabxanaçılıq və kitabşünaslıq sahəsində tanınmış mütəxəssis kimi Frankfurt, Moskva, İstanbul, Tehran şəhərlərində beynəlxalq konfranslarda, beynəlxalq kitab sərgilərində iştirak edib, xalqımızın ən ağrılı problemi – Qarabağ problemi haqqında həqiqətləri dünyaya çatdırmaq işində fəal iştirak edib. Məlumdur ki, bu gün bütün dünyada qloballaşma hərəkatı baş verir. Bu isə öz növbəsində vahid informasiya məkanının formalaşmasını tələb edir. Bu baxımdan kitabxanaların üzərinə böyük vəzifələr düşür. Aybəniz xanımın bu çətin sahədəki fəaliyyəti də təqdirəlayiqdir. Vahid informasiya məkanı Azərbaycanın bütöv bir mühitlə dünyaya inteqrasiya etməsinin arsenalını təşkil edir. İnformasiya məkanı müasir informasiya texnologiyaları əsasında formalaşdırılır. Lakin bu kifayət deyil, burada kitab mübadilələri də həlledici rol oynayır ki, bu da elektron kitablar vasitəsi ilə həyata keçirilir. AMEA-nın MEK-da bu istiqamətdə aparılan işlər bilavasitə Aybəniz xanımın adı ilə bağlıdır. O, özünəməxsus bir inamla kitabxanada fondların və xidmətin elektronlaşdırılması yönümündə işlər aparır. Onun “Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar” (2007) kitabı belə bir qənaətə gəlməyə imkan verir. Aybəniz xanım fəaliyyətini təkcə direktorluqla məhdudlaşdırmır. O, Azərbaycan Qadınlarının Milli Konfederasiyasının Azərbaycan MEA üzrə idarə heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Elmi Araşdırmalar Jurnalının redaksiya heyətinin üzvü, bir neçə informasiya mərkəzlərinin, Moskvada çıxan beynəlxalq məcmuənin redaksiya heyətinin üzvüdür. Aybəniz xanım bir folklorşünas kimi ciddi axtarışlar aparır. Onun “Azərbaycan nağıllarında qadın obrazları” (1992), “Bəşəriyyat qadınla yüksələcək” (2001), “Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar” (2007), “Azərbaycan folkloru və kitab mədəniyyəti” (2008), “Azərbaycan folkloru. Biblioqrafik göstərici” (2010), “Heydər Əliyev və Azərbaycan elmi. Biblioqrafik göstərici” (2010) kimi kitabları. 100-dən artıq elmi-nəzəri və tənqidi –publisistik məqaləsi, 20 biblioqrafik nəşri tədqiqatçı alim kimi fəaliyyətlərinin geniş miqyaslarını əks etdirir. Aybəniz xanım 2010-cu ildə folklorşünaslıq və kitab mədəniyyətimiz sahəsindəki uzunmüddətli araşdırmalarını birləşdirərək “Azərbaycan folklor kitabı: qaynaqları, təşəkkülü və inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Uğurla keçən bu müdafiə onun alim nüfuzunu bir qədər də artırdı. Onun bu fundamental əsəri üzərində bir qədər geniş dayanmaq istəyirəm. Azərbaycan folkloru haqqında böyük alimlərimiz Hənəfi Zeynallının, Salman Mümtazın, Hümmət Əlizadənin, Vəli Xuluflunun, M.H.Təhmasibin, İsrafil Abbaslının, Paşa Əfəndiyevin, Mürsəl Həkimovun, Azad Nəbiyevin, Vaqif Vəliyevin, Qəzənfər Paşayevin, Bəhlul Abdullanın, Məhərrəm Qasımlının... dəyərli kitab və monoqrafiyaları çap olunub. İmaməddin Zəkiyevin kitab tariximiz haqqında fundamental tədqiqatı var. Lakin ilk dəfədir ki, folklor irsimizlə, kitab tariximizin vəhdətini əks etdirən əsər – Aybəniz Əliyeva-Kəngərlinin “Azərbaycan folkloru və kitab mədəniyyəti” (2008.423s.) monoqrafiyası çap olunur. Xalqın tarixi və mədəniyyətinin qədimliyi bir sıra alimlərlə yanaşı həm də folklor irsinin toplanması qorunması, yazıya alınması ilə ölçülür.

A.Əliyeva-Kəngərli “Folklor kitabı” anlayışına elmi izah verir, Azərbaycan kitab mədəniyyəti tarixində onun yerini müəyyənləşdirir. Bu monoqrafiyanın nəzəri-metodoloji baxımdan dəyəri bir də bundadır ki, müəllif ümumtürk konteksti ilə üzə çıxır. Azərbaycan folklor kitabını da bu kontekstdən ayırmır. Məsələn, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsəri Azərbaycan folklor kitabının hazırlıq – özül mərhələsi kimi nəzərdən keçirilir. Bu əsərdə epos təfəkkürümüzün şah əsəri olan “Kitabi-Dədə Qorqud” orta əsrlər əlyazma folklor kitabının ana abidəsi kimi araşdırmaya cəlb olunur. Azərbaycan ədəbiyyatı tarixinə öz janrları ilə “yeni dövr” kimi daxil olmuş XIX əsr-maarifçilik epoxası folklor kitabının təkamülü baxımından da yeni mərhələ hesab oluna bilər. Aybəniz xanım bunu “əlyazma-kitab” mərhələsindən “çap-kitabı” mərhələsinə keçid epoxası kimi səciyyələndirilir. Bu həm də çoxtirajlı folklor nəşrləri mərhələsi idi. Monoqrafiyanın əsas hissəsini məntiqi olaraq XX əsr folklor kitabının nəşri tarixi əhatə edir. Bunu elmi-kütləvi nəşrlər dövrü kimi xarakterizə edən müəllif “Koroğlu” eposunun M.H.Təhmasib nəşrlərini, nağıl antologiyalarını, dastan toplularını, müstəqillik illərindəki möhtəşəm nəşrlərin müqayisəli-tipoloji təhlilini verir. Yüzlərlə elmi və praktik materiala, fakt və arxiv sənədlərinə istinadən yazılmış “Azərbaycan folkloru və kitab mədəniyyəti” monoqrafiyası həm folklorşünaslar, həm də kitabşünaslar ümumən ədəbi tənqid tərəfindən elmdə uğurlu nəticə kimi yüksək qiymətləndirilmişdir. Aybəniz Əliyeva-Kəngərli uğurla böyük bir kollektivə rəhbərlik edir, Dissertasiya Şurasının sədridir. 2006-cı ildə o, AMEA-nın “Fəxri fərmanı” ilə təltif olunub, 3 doktorantın məsləhətçisi, 7 dissertantın elmi rəhbəridir. Kəngərlilər nəslinə tarixi nüfuz qazandıran xüsusiyyətlərdən biri də bu idi ki, bu nəslin yetirmələri həm yüksək milli heysiyyata vətəndaşlıq idealına, həm də dövlətçilik duyğusuna malik idilər. Aybəniz xanım bu dəyərli şəcərə ənənələrini şərəflə qoruyub saxlayır. Onun təkcə vətəndaşlıq və alimlik sahəsində yox, həm də idarəçilik prinsiplərində dövlət qanunları, konstitusion tələblər əsas yer tutur. Qədim türk tarixindən gələn vətən əxlaqı, milli əxlaq Aybəniz xanımın ictimai ideallarında ehtiva olunur. Azərbaycan qadınına tarixən məxsus olmuş ən gözəl məziyyətləri o, öz varlığında, həyat və fəaliyyətində əzmlə qoruyub saxlayır. Aybəniz xanım yüksək mənəvi amal sahibidir. Onun amallarının mahiyyətində bağrı qan olmuş vətəninə tükənməz məhəbbət dayanır.

O, Azərbaycanın bütün dünyada getdikcə artan iqtisadi və siyasi nüfuzundan uşaq səmimiyyəti ilə sevinir. Azərbaycanın Himni çalınanda, bayrağı qalxanda fərəhdən gözləri dolur. Bütün həyat və fəaliyyətini ulu öndər Heydər Əliyevin idealları əsasında quran anam, ölkə prezidenti İlham Əliyevə dönməz vətəndaş sədaqətinin canlı timsalıdır. Bu sədaqətli qadın həm öz qədim və şərəfli nəslinin, həm də türkün əxlaq ənənələrini yüksək ləyaqətlə davam etdirir. Mən Azərbaycan ictimai mühitində nüfuz sahibi olan anamla fəxr edir, özümü də onun əsərlərindən biri sayıram.

 

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2011.- 4 iyun.- S.28.