Elegiya əvəzi – kədərli etiraf

 

Məmməd müəllimi 7 gündür ki, itirmişik. Onu ürəkdən sevən əzizləri, dostları, tələbələri, yetirmələri, yaxın-uzaq oxucuları, qələm dostları, çox sevdiyi el-obası onun yoxluğuna inana bilmirlər. Axı bu necə ola bilər ki, insanlara qucaqdolusu sevgilər, yaxşılıqlar, xeyirxahlıqlar bəxş eyləyən bir mərd insanın ömür karvanı nakamcasına yarı yolda dayana... Sədaqətli, vəfalı oğullar Ata itirələr... Dünən də, bu gün də gəlib səninlə vidalaşdım, Məmməd müəllim, ay Məmməd müəllim. Bax, indi ötüb gedən gecənin dərinliyində alnımı qələmimə söykəyib ağrılarımı yazmaq, oxucularınla dərdləşmək istəyirəm... Artıq necə gündür ki, ürəkdən sevdiyin Azərbaycanın qəzetləri sənin haqqında nekroloqlar, xatirələr (gözyaşları ilə dolu!) çap edirlər... Oxuyuram, oxuyuram ürəyim sızıldayır... Çünki sənin necə bir mərd qələm sahibi olduğunu bilirəm. Mənim 200-ə qədər tarixi, ədəbi və digər yazılarımın isıq üzü görməsinin bütün əziyyətlərini sən çəkmisən.

Tanışlığımız çox qəribə olmuşdu. 2000-ci ilin əvvəllərində “Bizim əsr” qəzetində “Bir Əziz Şərif vardı” adlı kədərli bir yazım çap olunmuşdu. Oxuyub məni axtarmışdın. Redaksiyada işləyən etibarlı dostun, indi Bakıda yaşayan şair Allahverdi Aqilin vasitəsilə məni redaksiyaya dəvət etmişdin. İndi də o görüşümüz gözlərimin önündədir, lap apaydın. Deyirdik, gülürdük, ədəbiyyatdan, tarixdən danışırdıq. Sənin qəribə, saf, cazibəli qara gözlərin mərdcəsinə müsahibinin düz gözlərinə baxırdı. Çətin olardı ki, kimsə səninlə razılaşmasın. Mən də həvəslə səninlə razılaşdım və “Şərq qapısı” qəzetinin fəal yazarlarından oldum. Doğrudur, “Şərq qapısı” qəzetində yazılarım 1977-ci ildən çap edilib. Sonralar “Sovet Naxçıvanı” (“Sovetskaya Naxçıvan”) adlanan qəzetimizdə gen-bol yazılarım oxuculara çatdırılıb. Qarabağ dərdimizdən sonra yazı yazmırdım, bir-ikisi ola olmaya. Şəhərdən uzaqda yaşayıb işləyən Musanı doğmalıqla yenidən “Şərq qapısı”nın səhifələrinə qaytardın. Həmişə deyirdin ki, sən mənim “tapıntımsan”. 200-yə yaxın yazılarımın ilk oxucusu və redaktoru sən olmusan özü də çox ciddi. Məqalələri çox gözəl tərtibatla çap edərdin. Deyirdin ki, oxucu tərtibatdan da mənəvi ləzzət alsın. Bəzən yazımı geri qaytarırdın ki, təzədən işlə. Hətta elə tarixi yazı olub ki, iki-üç dəfə təzədən yazdırıbsan mənə. Çünki 2004-cü ildən AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda işlədiyimdən yazdıqlarım əsasən Naxçıvanın XVIII-XIX əsrlərdəki siyasi tarixindən damlalar idi. Hamısı təzə tapılan arxiv sənədləri əsasında yazıldığından çox məsuliyyət tələb edirdi. Bütün məsuliyyəti və çətinlikləri sən mənimlə birgə yaşayırdın. Beləcə redaktor müəllif-dostluğu yaranırdı. Sanki mən də redaksiyanın bir əməkdaşı idim. Bunların hamısının əsl səbəbkarı sən idin. Yadıma düşür. Bir dəfə dedim ki, tarixi yazılarıma romantik adlar qoymayın. Onsuz da bu romantika axırıma çıxıb. Ürəkdən güldün...

O qədər belə doğma söhbətlərimiz olub ki, yazılsa bir kitab olar... Bu gün Şərurdan qayıtmışam. Hələ də qulaqlarımda ağıçı qadınların ürək göynədən, adamın sümüklərini sızladan bayatı fəryadları eşidilir...

 Gizləmirəm. Dözə bilmirəm. Bütün bədənim göz yaşları ilə dolub... Bu amansız xəbəri 22 mayda gündüz saat 4-də telefonla mənə dedilər. Telefon əlimdən düşdü. 9 ay bundan öncə qardaşımın da ölüm xəbərini belə demişdilər. Onda da indi də inanmaq istəmirdim. Amma Göydən Yerə nə yağsa qəbul etməyə borcluyuq. Xəbəri eşidən kimi sevimli oğlunu xatırladım, ürəyim yandı. Özüm də atamı itirəndə o hissləri yaşamışam. Allah cavan yaşda oğullardan uzaq etsin, çətin çəkiləsi dərddir. O vaxtlar böyük yazıçımız Anar qiyabi tanıdığı oxucusuna – mənə yazmışdı: Heyf, sənin də ürəyin yaralandı Musa. Ata itirənlər bilirlər bu “yaralanmanı”. Səhəri, yəni mayın 23-ü 4 il 3 ay işlədiyin Tarix İnstitutunun bütün işçiləri direktorun otağına toplaşdı. Elə bir matəm vardı ki, görsəydin, üsyan edərdin. Hamı faciənin amansızlığını yaşayırdı... Gəldik görüşünə. Taleyin amansız yazısı lap dəli etmişdi məni. Gözlərim oğlun Vüsarı axtarırdı. Tapdım, üzündən öpdüm. “Unutma,- dedim, – çox mərd və cürətli bir kişinin oğlusan”. O da özünü saxladı, mən də. Cümə axşamı iş yoldaşımız Arif müəllimə dedim ki, Məmməd müəllimlə görüşə gedək. 50 qızılgüldən buket hazırladıq və getdik. Bir müddət matəm çadırında oturandan sonra Elxana dedim ki, Elmarı da çağır, birlikdə gedib Məmməd müəllimlə görüşək. Dayanmışıq anası və atasının məzarları arasında əbədiyyata qovuşan Məmməd müəllimin məzarı önündə. Hamımız rəhmət oxuyub sakitcə dayanmışıq. Xeyli zamandan sonra deyirəm: Məmməd müəllim ölümün çox yandırır məni, çox. Və artıq dəli hönkürtülərimi saxlaya bilmirəm. Hiss edirəm ki, mənimlə gələnlərin hamısı lal-lal ağlayırlar. Gözucu görürəm ki, Elxan Yurdoğlu oturub dizlərini qucaqlayıb. Nələr çəkdiyimi Allah bilir. Beləcə görüşüb vidalaşırıq dostumla. Bütün qayğılar tökülüb Vüsarın çiyinlərinə. Dağ boyda baba, ata itirib. Ana, qardaş xəstəxanada. Heç bilmirik nə deyək. Belə hallarda təsəlli öz mənasını itirir...

 ...Məmməd müəllimlə şəxsi dostluğumuz olmasa da necə deyərlər bir-birimizə etiraf etmədiyimiz qəribə bir saf niyyətli ünsiyyətimiz vardı. Sonralar bir yerdə işləyəndə bir inciklik yaşatmışdılar bizə. Bu, bir yazı ilə bağlı idi, amma bununla da bizi bir-birimizdən aralı sala bilməmişdilər. Mən onun şöbəsinin elmi işçisi və otaq qonşusu idim. Elə olurdu ki, səhər saat 10-dan 3-ə, 4-ə qədər birnəfəsə yazırdı. Belə hallarda adicə bir telefon zəngindən narahat olardı. Zəhmətkeş və ciddi qələm sahib idi. Mərd, halal və cəsarəti Allah ona istedad kimi vermişdi. Vaxtilə redaksiyada birgə işlədiyi Fariz Yunislinin hər gün dediyi özünəməxsus “Məmməd müəllim çox gözütox adamdır” fikrini də ürəkdən təsdiqləyirəm. Heyflər olsun ki, bunları keçmiş zamanda deyirəm. Hey gözüm axtarır onu, elə bilirəm yenə iti sürətlə pilləkənləri qalxıb iş otağına gələcək, duzlu söhbətləri ilə ürəkdən gələn gülüşləri ilə iş yoldaşlarını sevindirəcək. Sərt xarakterli və kövrək adam olan Məmməd müəllim imkansız cavanlara maddi yardım edərdi. Amma bunu hamıdan gizli saxlardı. Bunun dəfələrlə şahidi olmuşam. Onun mətin xarakterində saf kənd adamına məxsus cizgilər möhkəm yer salmışdı. İlahi, kimsə bu qədər torpaq əkib-becərməyi sevərdimi?! Onun yazdıqlarının hamısında torpaqdan güc alan saflıq, halallıq, etibarlılıq var. Bir də mənim ən çox sevdiyim mərdlik var. Məni ona ən çox bağlayan mərdliyi idi. İlahi kitabımız “Quran”da deyildiyi kimi, könlü ilə dili bir olan adam idi. İnciyirdi amma küsməyi bacarmırdı.

Özünəməxsus yüksək əxlaqi keyfiyyətləri vətənə sadiq məhəbbəti ilə uzlaşırdı. Yerindəcə onunla bağlı bir məsələni demək istərdim. “Şərq qapısı” qəzetində (27 oktyabr 2010-ci il ) onun seçkiqabağı yazdıqlarını olduğu kimi köçürsəm, yuxarıda dediklərimi incələməyə ehtiyac qalmaz. Təvəllüdü 1962-ci il. İxtisası – Tarix, Hüquqşünas Elmi dərəcəsi – Tarix elmləri namizədi Partiyalılığı – Bitərəf Vəzifəsi – “Azərbaycan” qəzetinin xüsusi müxbiri Üzv olduğu təşkilatlar – Azərbaycan Yazıçılar Birliyi, “Dialoq Avroasiya” Beynəlxalq yaradıcılıq təşkilatı Fəxri adı – Azərbaycanın əməkdar jurnalisti, Naxçıvan MR əməkdar jurnalisti, Dərc olunan kitabları: “Heydər Əliyev çörəyi”, “Siyasətdə Naxçıvan dərsləri”, “Mənim qəzetli dünyam”, “Şərqin qapısı Naxçıvan”, “Naxçıvanda ictimai-siyasi proseslər (1988-2005)”, “Naxçıvan – Kiçik Azərbaycandır”, “Mən bu siyasətin, bu iqtidarın sıravi əsgəriyəm”, “Amalım – göstərilən etimadı doğrultmaqdır”. Məmməd müəllim öz ardıcıllarını yetişdirmişdi. Onları yad təsirlərdən bir mənəvi ata kimi qoruyurdu. Onlar bu gün Azərbaycanın tərəqqisi naminə çox vicdanla yazıb-yaradırlar. Elxan, Elmar, Fariz, Rufik, Türkanə və digərləri sevimli müəllimlərinin güvənc yeri idi. Qüssə dolu kədərli günlərdə elə ən çox onlarla ünsiyyətdəyəm. Bu gənclərin-istedadlı qələm sahiblərinin gələcəyinə ümidim çoxdur. Mayın 21-də iməcilikdə idik. Məmməd müəllim gəldi. Hamı ilə doğmaca, çox səmimi görüşdü. Demə axırıncı görüş imiş. Beli məndən alıb belləməyə başladı. Həmişə ürəkdən işləyərdi. Bir də onda Mirzə Cəlil sayağı tənqidi üzə demək adəti vardı. Görsəydi ki, kimsə ürəksiz işləyir qanı qaralardı. Mən beli ondan aldım ki, səfərdən təzəcə qayıtmısan. Dedi bilirsən ki, hara getsəm qələmsiz qalammaram. Əslində adı məzuniyyət olurdu. Gecə-gündüz əsərlər üzərində işləyirdi. Birdən məni kənara çəkib soruşdu: elmi işini müzakirəyə verdin, ya yox? Güldüm və əlavə etdim ki, ay Məmməd müəllim, sən ki indi yazdıqlarıma yaxın gəlmirsən, mən də təqdim etmirəm. O isə qayğılı-qayğılı dilləndi: yox, birinci gün işə gəlib, səninlə əməllicə bir söhbət edəcəyəm, görüm səni niyə ətalət basıb. Axı sən qələmə biganə deyilsən. Bu gün gedirəm kəndə ağaclarımızı indi şirə xarab eləyir, onları dərmanlayacağam, uşaqları da aparacağam. Elə qəfildəncə dedi: indi hamını çay qonaqlığına aparacam, sən yuxarı başda oturacaqsan, bildin də nə dedim. Bilirdim niyə elə deyir... Heyf, çox heyf. Elə gözləyirdim o dərdləşməyimizi, mənə çox lazım idi. İntizarla gözləyirdim. O, akademiyaya işləməyə gələndə mənə deyirdilər ki, qardaşın da yanına gəldi, daha sənə heç bir çətinlik yoxdur. Amma fələk imkan vermədi işə qayıtmağına. Məncə, kədərlərin kədəri sahibini gözləyən evidir, qələmidir, doğmalarıdır. Azərbaycan mətbuatı ən güclü, qorxmaz qələm sahiblərindən birini itirdi. İnanmıram ki, əlli-altmış ildə sənin dəsti-xəttini əvəzləyəcək jurnalist olsun. Hər gün Elxanla, Elmarla, Farizlə sənlə bağlı dərdləşirik, dərdləşirik, dərdləşirik. Elmarın dedikləri məni için-için yandırır. Bir-neçə ay bundan əvvəl Elmara deyir ki, bu gün bir məsələdə Musa tək qalmışdı. Ürəyim dözmədi kömək çıxdım, çünki haqlı idi. Hərçənd ki, söz vermişdim ona kömək çıxmayacam. Belə idi Məmməd müəllim etibarlı, yanımlı. İndi mən sevimli oğlun Vüsarın nəmli gözlərində səni görürəm. Ancaq onun ah çəkməyinə dözə bilmirəm. O ahın dalğaları məni tar-mar edir. Deyirdi ki, oğlanlarımsız uzun müddət ayrı qalammıram. Bu səbəbdən uzaq səfərlərə getmirdi. Sözgəlişi, Məmməd müəllim mənim ulduz elmi ilə bağlı yazılarımı da çap edib. Hətta bir dəfə onun ad günündə ( o iyunun 4–də Əkizlər bürcündə doğulub) özünün çox təkidindən sonra ona kosmoqram hazırlamışdım. Kabinetində bu kosmoqrama xeyli güldük. Onun arxivində azı 10 il bundan əvvəl yazdığım bir məktub da var. Həmişə deyirdi ki, məktubu saxlayıram. Məmməd müəllim, mənim çiyinlərimdə sənin mənəvi haqqın var. Gözləyirdim ki, Vüsarın toyunda etiraf edəm, hamı bilsin. Bir çox arzularım kimi bu da ürəyimdə qaldı. Amma hər ikimizin də çox sevdiyimiz, abunəçisi olduğumuz, yazılarımız dərc olunan “525”-də oxuculara təqdim etməli oldum, gözyaşları ilə dolu bu kədərli etirafı. Bu etirafda hər ikimizin də çox sevdiyimiz mərdlik var. Bax, Vüsarın yolunda ölümə də gedərəm! Mən informatik yuxulara inanıram.

 Mayın 27-də yuxuda gördüm səni. Gündüz saat 3 idi. Qucaqlaşdıq, hönkürdük. Bilirsən, ya yox, oğlum İqrar yaralıdır, – dedin. Beləcə, az-çox dərdləşdim oxucularınla, amma deyə bilmədiyim çox düşüncələrim, xatirələrim qaldı. Heyf sənə Məmməd müəllim, heyf! İllər ötəcək, “Ata-Oğul” türbəsi əfsanəsi yaranacaq. Çox sevdiyin atanla sənin əbədiyyət evin birdir: bir məzarda hər kəs öz mənzilində.

 Mən 2 ay bundan əvvəl səni sanki yenidən kəşf etmişdim. Gözlərim hey səni axtarırdı. Həmişə axtaracaq. Ən çox isə haqq söz boğulan yerdə...

 

 

Musa QULİYEV,

27 may 2011, Naxçıvan

 

525-ci qəzet.- 2011.- 4 iyun.- S.19.