Unudulanların sorağında
İstedad da
insan kimidi: uşaqlıq, yetkinlik, dövrü olur. Elə
istedad var ki, zaman, dövr keçsə də
böyümür, uşaq kimi qalır; eynən infantil
yaşlı adam kimi. Amma elə istedadlar da olur ki, zaman
keçdikcə nəinki böyüyür, hətta qədərindən
artıq, ağlasığmaz sürətlə
böyüyür, binadan onun üçün çəkilmiş,
imkanı daxilində olan çərçivələrlə
razılaşmır, barışmır, bu həddləri, səddləri
aşıb keçərək özünə sonsuzluq,
hüdudsuzluq qazanır. Və burdan o yana seçkinlik,
böyüklük başlanır. Anadangəlmə istedad demək
olar ki, hər adamda var. Amma
bu istedadı kim, haracan apara biləcək? Əsas olan da elə
budu.
Örnəklər az deyil. Məsələn,
mənim aləmimdə bu “istedad marafonunun” ən layiqli
“qaçışçı”larından biri rus kinorejissoru
Nikita Mixalkovdu. Belə ki, onun erkən filmləri istedadlı,
son filmləri isə artıq böyük rejissorun bədii məhsuludu.
O, uzun axtarışların, ağır zəhmətin
hesabına istedadlı rejissordan böyük rejissor yarada bildi.
Yaxud, bu yaxınlarda “Xəzər” jurnalı üçün
müsahibəsini tərcümə edərkən son Nobel
mükafatçısı Varqas Lyosanın Qustav Flober
haqqında dediyi bir fikir diqqətimi çəkdi. O, Floberin
ilkin dövrlərdə ortabab bir yazıçı
olduğunu, sonralar öz üzərində inadkarlıqla
çalışdığını qeyd edərək, onun
“Madam Bovari”sini sadəcə istedadlı yox, artıq
böyük yazıçının ədəbi məhsulu
adlandırır. Deməli, Floberin inadkarlığı öz
bəhrəsini verdi və nəticədə istedadlı
yazıçı özündən böyük
yazıçı yarada bildi.
Kamal Abdullanın yenicə
çapdan çıxmış “Unutmağa kimsə yox...”
romanını oxuyarkən mən oxşar nümunəni azərbaycanlı
müəllifin timsalında da gördüm.
“Unutmağa kimsə yox...”
Kamal Abdullanın hələlik son romanıdı. Amma bu əsəri
müəllifin yaradıcılığının (nəsri,
dramaturgiyası, hətta elmi-bədii əsərləri də
daxil olmaqla) sırf yekunu kimi deyil, müəyyən mənada
başlanğıcı kimi də qəbul etmək olar. Yəni,
müəllif bu romanıyla bu günə qədərki Kamal
Abdulla yaradıcılığına yekun vurmaqla
yanaşı, həm də hardasa yeni Kamal Abdullanı təqdim
edir.
Bəzən hansısa əsəri
oxuyandan sonra oxucuda belə bir sual yaranır: görən, filan
yazıçı bu mövzunu necə işləyərdi?
“Unutmağa kimsə yox...” romanını oxuyandan sonra isə məndə
belə bir qəti qənaət əmələ gəldi: bu
romanı ancaq Kamal Abdulla yaza bilərdi. Və burda söhbət
konkret nədənsə yox, həm üslubdan, həm
obrazlardan, həm müşahidələrdən və s. gedir.
Səbəb, daha doğrusu səbəblər rəngarəng,
müxtəlif və fərqlidi. Və mən bu yığcam
yazıda daha çox bu səbəblər üzərində
dayanmaq istərdim.
Dil yazıçının
həm silahı, həm səngəri, həm gözü, həm
səsidi. (Bu siyahını kifayət qədər uzatmaq da
olar.) Odur ki, ilk əvvəl romanın dili üzərində
dayanaq. Bu məqamda bir daha təkrar etməliyəm, bəli,
bu romanı ancaq Kamal Abdulla yaza bilərdi. Çünki bu
romanı ancaq dilçi-alim yaza bilərdi. Müəllif
eksperiment apararaq sanki oxucuya Azərbaycan dilinin
hüdudlarını, daha doğrusu hüdüdsuzluğunu
göstərir. Hər iki yazıçının təhkiyəsi
və yaratdıqları mənzərə tam fərqli, hətta
deyərdim ki, əksqütblü olsa belə bu dil mənə
nədənsə digər bir nasiri, böyük rus
yazıçısı Andrey Platonovu xatırlatdı.
Platonovun nəsri daha çox dil üzərində qurulan nəsrdi.
Onun əsərləri necə deyərlər, həm rus dilindədi,
həm də rus dilində deyil. Və yazıçı
yaratdığı dil sisteminin içərisinə traktor,
entuziazm, paravoz, elektrikləşdirmə və s. kimi antibədii
sözləri elə uyğunlaşdırır ki, oxucu bu
sözlərin poetikasına vurulmaya bilmir. Yəqin elə bu səbəbdəndi
ki, Platonov nəsri sırf rus diliylə nəfəs alır,
bu dilin çərçivələrindən kənarda demək
olar ki, yaşam hüququnu itirir. Və həm də yəqin
elə bu səbəbdəndi ki, Platonovun nəsri demək olar
ki, tərcüməyə gəlmir.
Kamal Abdulla rus sələfindən
fərqli olaraq bu romanında dil üzərində eksperimenti
sözlərin deyil, təhkiyənin və ritmin üzərində
aparır. Oxucu ilk əvvəl karıxır. Yox, deyəsən
bu cümlə nəsə düz olmadı. Sonra bir də
oxuyur. Yox, deyəsən, elə belə olmalıymış. Nəhayət,
bir də oxuyur. Hə, ən düzü elə bu imiş. Beləcə,
oxucu ilə yazı dili arasında gedən bu mükalimə
sonucda qarşılıqlı anlaşma ilə
yekunlaşır. Bu yerdə bir məsələni də qeyd
etməliyəm. Belə ki, bu gün “Biləcəri səddini”
adlamış nadir yazıçılarımızdan biri də
Kamal Abdulladı. Deməli, bu eksperimentlə müəllif əsərin
tərcümə tərəfini kifayət qədər çətinləşdirib
və həm də qəlizləşdirib. Yaxşı
yadımdadı, bir vaxtlar Rusiyaya çıxmaq və bu dil
vasitəsilə ümumittifaq miqyasda tanınmaq
üçün bizim bəzi nasirlər hətta əsərlərinə
ad verəndə belə onun ilk öncə rus dilində necə
səslənəcəyini nəzərə alırdılar.
Kamal Abdulla isə bu romanla, daha doğrusu romanın diliylə
onun barəsində olan stereotipləri alt-üst etdi. Yəni,
müəllif çoxlarının iddiasına rəğmən
əsərlərini əcnəbi oxucular üçün
deyil, ilk öncə azərbaycanlı oxucular üçün
yazdığını təsdiqləmiş oldu. Bəli, bu
dil, müəllifi özgə dillərə tərcümə
sarıdan müəyyən qədər uduzduracaqsa belə, Azərbaycan
ədəbiyyatının qazancı sözün hər mənasında
göz qabağındadı.
Niyə bu romanı məhz
Kamal Abdulla yaza bilərdi? Növbəti səbəbə diqqət
edək. Çiçəkli yazını oxumağa ezam
olunmuş baş qəhrəmanın yetişdiyi, işlədiyi
və yaşadığı mühit müəllifin
özünə çox doğmadı. O, bu mühitə nəinki
dərindən bələddi, hətta onun ən xırda
nüanslarını belə təkcə müşahidə
etməklə kifayətlənməyərək, hətta hiss
edir. Çiçəkli yazı kimi öz adının da
deşifrəyə ehtiyacı olan F.Q. kimdi? Müxtəlif
mülahizələr irəli sürülə bilər, amma mənim
anlamımda F.Q. müəllifin özüdü. Çünki
əks halda müəllif romanını F.Q.-nın deşifrə
etdiyi Çiçəkli yazıdan olan bir iqtibasla
adlandırmazdı. Və bu yerdə roman içində roman
anlamına gəlirik. Bəlkə elə Kamal Abdullanın
yazdığı roman özü də əslində
bütünlüklə F.Q.-nin deşifrə etdiyi
Çiçəkli yazıdı? Kamal Abdulla niyə
bütün obrazlardan fərqli olaraq F.Q-nin adını tam
açıqlamaq istəmir? Bəlkə elə romana, həm də
Çiçəkli yazıya açar söz elə F.Q.
özüdü. Hər halda o, müəllifin bizlərə
birbaşa təqdim etdiyindən daha sirli, daha müəmmalı
obrazdı – ilk baxışdan ən üzdə olan, dərinə
vardıqca ən çoxqatlı, ziddiyyətli və mürəkkəb
obraz.
Roman içində roman
dedik. Digər tərəfdən “Unutmağa kimsə yox...” həm
də roman içində romanlar silsiləsidi. Qabriel Qarsiya
Markes “Yüz il tənhalıqda” romannın içində
epizodik təqdim etdiyi bəzi süjetləri, hadisələri
sonralar bu mətndən çıxararaq müstəqil hekayələr
kimi oxucularına təqdim etdi. Kamal Abdullanın son
romanında isə bu yanaşmanın əksi müşahidə
olunur. Kamal Abdulla daha öncə yazdığı “Parisin
seçimi” və “Dəvə yağışı” hekayələrini
əgər belə demək olarsa, son romanına transplantasiya
eləyir. İlk əvvəl mən bu priyomu hardasa eksperiment
kimi qəbul etdim. Amma mətnin məğzinə vardıqca
anladım ki, bu hekayələr vaxtilə müstəqil əsərlər
kimi yazılsalar da əslində nəhayət, indi öz yerlərini
tutdular. Və bu roman bu hekayətlərsiz, daha doğrusu, bu əhvalatlarsız
yarımçıq görünərdi. Və niyə məhz
elə bu iki hekayə? Sualın cavabını bu keçidlərə
açar funksiyasını yerinə yetirən Stiks
çayının sirrində axtarmaq lazımdı. Əgər
bu romanda yerdən göyə yağan o qəribə
yağışı məkan içində zaman kimi qəbul
etsək, həmin o Stiks çayı da heç şübhəsiz
zaman içində məkandı. Və bu xronotop bütün
roman boyu oxucunu izləyir. Oxucu həmin yağış və
axar çay vasitəsilə bu gündən həm
keçmişə (Parisin seçimi), həm də gələcəyə
(“Dəvə yağışı”) boylanır.Parisin
seçimindən fərqli olaraq, dəvə
yağışı əhvalatının bu mətnə necə
uyğunlaşa biləcəyi doğrusu ilk öncə mənə
inanılmaz göründü. Amma hadisələr bir-birini əvəz
etdikcə mənim bu çaşqınlığım da
öz-özünə qeyb oldu. Ümumiyyətlə Kamal
Abdulla nəsrinin bir özəlliyi də elə budu: müəllifin
yaratdığı aləmə istənilən mətni daxil
etmək mümkün olsa da, sonra bu aləmdən nəinki
hansısa əhvalatı yaxud məqamı, hətta hansısa
bir abzası, yaxud cümləni belə xaric etmək
mümkün deyil. Çünki bunacan yazılan
yazılıb, pozulan pozulub və artıq bu binanın
(romanın) hörgüsü elədi ki, burdan bir kərpic
(söz) belə düşə bilməz.
Müəllif əsərində
ilk baxışdan hiss olunmayacaq dərəcədə gizli bir
priyomdan da istifadə edir. Bu romanda üç xətt var ki,
onların hər biri ayrı-ayrılıqda müstəqil
yaşam hüququ və statusu almış mətn kimi də qəbul
oluna bilər:
I. Çiçəkli
yazını kimin oxuya biləcəyi ilə bağlı şəhərin
elmi dairələrində, institutlarda, Tutuquşu zalında gedən
yarıdramatik, yarıironik müzakirələr, bu mühitin ən
xırda detallara qədər dəqiq və sərrast
müşahidələrlə təqdim olunması, bu xəttin
digərlərinə qəti qarışmayan situasiyaları,
obrazları və s.
II. F.Q.-nin Çiçəkli
yazını oxumaq üçün ezam olunduğu kənd. Bu
kəndin Bəhramı, Mübarizi, Şirazı,
Gülsümü. Bu kəndin Çoban papağında,
mağarasında, Qarağacın ətrafında baş verən
əcaib-qəraib hadisələr, Bozların müəmması
və s.
III. F.Q.-nin Afaqla eşq
tarixçəsi.
Birinci mətn əsasən
dialoqlar, gizli və aşkar müşahidələr, vizual
effekt, hardasa səhnəni xatırladan teatral elementlər
üzərində qurulub.
İkinci mətn isə
özündə sırf psixoloji qatları ehtiva edir. Bu mətndə
deyilməyənlərin çəkisi deyilənlərdən
daha ağır gəlir. F.Q.-nin Bəhramla, Mübarizlə səsli
və səssiz mükalimələri sarsıntı həddinəcən
gəlib çataraq psixoloji gərginlik yaradır. Bu mətndə
hətta əhvalatdan doğan əhvalatlar da, qəfildən
dalğa kimi gəlib dalğa kimi qeyb olan ikinci dərəcəli
obrazlar da məhz bu psixoloji qatın tamamlanmasına xidmət
edir.
Üçüncü mətn
isə sırf lirik – sentimental ovqat üstə köklənib.
Sanki bu mətn – F.Q.nin eşq tarixçəsi oxucuya istirahət
vermək, onu həmin psixoloji gərginlikdən müəyyən
müddətə xilas etmək üçün təqdim
olunub.
Və bu üç xətti
ayrı-ayrılıqda müstəqil mətn kimi təqdim edərkən
romanda növbəti priyom, daha doğrusu, növbəti keyfiyyət
aşkarlanır. Oxucuda belə təsəvvür yaranır
ki, bu mətn içində mətnləri sanki üç
müxtəlif yazıçı təsvir və təqdim
edir. Romanın baş qəhrəman F.Q.nin deyil, Bəhrəm
kişinin nakam məhəbbətinin öləziyən
işartıları ilə yekunlaşması isə ən
sonda belə yeni suallara rəvac verir. Niyə F.Q.nin Afaqı
yox, Bəhramın Gülsümü? Bəlkə elə bu
tarixçə (roman, kitab) bütünlüklə Bəhram
kişinin təxəyyülünün məhsuludu? Bəlkə
bu hadisələri oxucuya əvvəldən sonacan elə məhz
Bəhram kişi nəql edirmiş? Bəlkə o möhtəşəm
ahəng də, qəribə yuxular da, paralel dünyalar da eləcə
Bəhram kişinin qallüsinasiyalarıdı?..
“Əlindəki ağ
torbanı və içindəki kitabı yenə də
barmaqları ilə əzizləyə-əzizləyə
Gülsüm nənə oturduğu yerdən mənə
yaralı-yaralı (hüznlə) baxdı. Bu baxış
yavaş-yavaş öz yarasını onu qorumağa
çalışan çox incə, çox həzin və
çox köməksiz bir təbəssümə
bürüdü. Həqiqətən, mən çox təbəssüm
görmüşəm, amma beləsini görməmişdim. Həqiqətən,
gülümsər Gülsüm onun haqqında deyilən kimi
gözəllər gözəli imiş.
Amma o təbəssümün
gəlib qonduğu yaşıl (mavi, bənövşəyi?)
gözlərin dibində mənim getməyimi səbirsizliklə
(bir başqa dünyada – səbrlə) gözləyən iki
damla yaş var idi. Bəlkə mənə elə gəldi, kim
bilir?!”
Bəli, ədəbiyyatın
missiyası, sirri-sehri də elə cavabsız suallardadı.
Doğrudan da axı, kim
bilir?!
Yaşar
525-ci qəzet.- 2011.- 4 iyun.- S.19.