Muğam işığında
düşüncələr
Filologiya elmləri doktoru, professor Kamil Vəlinin “Səs” kitabı işıq üzü görüb. Esse-kollaj janrında yazılmış kitab xanəndə Alim Qasımova, onun yaradıcılığına həsr olunub. Tək xanəndənin yaradıcılığı ilə məhdudlaşmayan kitabda müəllif muğam sənətinin dünəni və bu günü ilə bağlı bir çox mətləblərə də aydınlıq gətirib. Şair Qulu Ağsəs kitaba yazdığı “İki Alimin səsi” adlı ön sözündə kitabda iki “alim”in səsinin olduğuna iddia edir: “Alimin adı Kamil Vəlidi, Alim Qasımov deyil. Bu kitab iki Alimin Səsidi: öncə Kamil Vəlinin, sonra Alim Qasımovun. Dünyada ya eşq doğrudu, hər şey yalan, ya da hər şey gerçəkdi, eşq əfsanə. – Alim Qasımov Kamil Vəlinin bu sözlərini “Çahargah” üstdə oxusa, gül vurar. Alim Kamil Vəli Alim Qasımovun ifasını sözə çevirib – rahatlıqla. Alim Qasımov Alim Kamil Vəlinin sözünü səsə çevirmək üçün rahatlıq tapmayacaq. Xanəndəyə kömək xətrinə açar sözlər göndərirəm: caz – əsasən nəfəs və zərb alətlərindən ibarət orkestr üçün yazılmış rəqs musiqisi; harmoniya – yunanca “ahəng”, “əlaqə” deməkdi”.
Redaktor xanəndənin səsinə, oxu tərzinə də toxunur və bu səsi haqqında yazılan kitabla müqayisə edir: “Alimin ifasına alimlik yaraşmaz. O, bədahət oxuyur. Kamil Vəlinin bu kitabı da, məncə, alim kitabı deyil. Bədahət kitabdır”.
Ön sözün sonunda göydən iki səs də düşür, lakın bu səsin tərkibində Qulu Ağsəsin dediyi kimi insan başını yaracaq dəmir yoxdu.
“Oxucu dost!”a müraciətlə yazılmış ikinci yazıda müəllif esse-roman haqqında fikirlərini dilə gətirib. Bu janrın dünya ədəbiyyatında çox tanınmış nümayəndələrini sadalayan müəllif Azərbaycan ədəbiyyatında da bu janra müraciət edənlər haqqında ətraflı məlumat verir: “Subyektiv kompozisiya və yorumla, hermenevtik sərbəstliklə esse yaradıcılığı insan mərkəzli dünyabaxış, fərdi innovasiya, interpretasiya baxımından diqqəti cəlb edir. Esse ədəbi-fəlsəfi janrdır. Dünya ədəbiyyatında M.Monten, D.Didro, Volter, Sent-Böv, İ.Herder, H.Heyne, A.Morua, P.Valeri, B.Şou, A.Puşkin, F.Dostoyevski, F.Nitşe, B.Şklovski, İ.Andronnikov, A.Bitov esse janrında əsərlər yazmışlar. Çağdaş ədəbiyyatımızda B.Çobanzadənin Füzuli, R.Rzanın Kərkük bayatıları, Anarın Mirzə Cəlil, Q.Qəhrəmanovun Aşıq Ələsgər, bu sətirlərin müəllifinin Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil, Ənvər Paşa, A.Məmmədov, R.Fişer, V.Məmmədov, N.Səfərov haqqında yazıları da esse janrının prinsipləri ilə qələmə alınmışdır”.
Müəllif əsl romanın formulunu da oxucuları ilə bölüşür: “Bədii və ya fəlsəfi əsərin oxucuda ikinci həyat tapması və yaşaması əsl romanın özüdür. İstər esse-roman olsun, istər esse-povest və ya sadəcə, esse... heç fərq etməz. Bizim məqsədimiz janrın adı və ya poetik mündəricəsini müəyyənləşdirmək deyil, yaradıcı insanın paradoksial təfəkkür tərzini, hiss axınını, inamın və imanın anatomiyasını, yaradıcı insanın aldığı ilahi bilgini və sinerjini verməyə çalışmaqdır. Sirr həmişə açılmır, möcüzə də çözülmür – adını nə qoyursansa qoy”...
Ön söz əvəzi “İlkin səs olmuşdur, ey dost!” başlıqlı yazıda müəllif kitabın Alim Qasımov haqqında olduğu qədər... onun haqqında olmadığını yazır. Kitabın bir avtoportret, özşəkil olduğunu qeyd edir: “Bu yazı görünməyən Alim Qasımovu görünən Alim Qasımova tanıtmaq və anlatmaq üçün qələmə alınıb”.
“Eşitdiyin səslər bir-birinə bənzəməz, qardaş”, “Gecələrdən bir gecə”, “Heç çiçəyin səsini eşitdinmi?”, “Yarəb!”, “Göy üzü səni çağırır, eşidirsənmi?”, “Bir səs, bir nəfəs”, “Sənə bir əmanətim var”, “İlan”, “Ayrılıq sancısı”, “Nalədəndir” və digər yazıları xanəndənin yaradıcılığına həsr olunub.
Təqdimata ehtiyac olmasa da, qeyd edək ki, görkəmli alim, Türk Dil Qurumunun və Atatürk Kültür Mərkəzinin fəxri üzü, Çingiz Aytmatov Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu dünyanın müxtəlif ölkələrində və fərqli dillərdə çap olunmuş 50-dən artıq kitabın və 500-dən çox məqalənin müəllifidir. Azərbaycan Avrasiya Araşdırmaları Mərkəzinin sədridir. Hazırda İstanbul Aydın Universitetinin müəllimidir.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 4 iyun.- S.17.