Gülxanə Parkında polislə
söhbət
YAXUD “MƏMLƏKƏTİMƏ
QOVUŞMAQ ÜÇÜN ÖLMƏK ZORUNDAYAM?!”
Gülxanə Parkına
çatar-çatmaz tərəddüd etmədən
kiçik taxta parçası ilə əyilib yeri qazmağa
başladım. Əvvəlcə torpağın üstündəki
çəməni təmizləməli oldum. Sonra isə bir ovuc
torpaq, sadəcə bir ovuc torpaq götürmək idi məqsədim.
Torpağı əvvəlcədən özümlə
götürdüyüm torbanın içərisinə qoydum.
Səliqə ilə ağzını bağlayarkən intuitiv
olaraq başımın üstündə kiminsə
dayandığını hiss etdim. Yuxarı baxarkən bir polis
nəfəri ilə göz-gözə gəldik. Birinci sözə
o başladı. “Əfəndim, kos-koca adamsınız, nədən
yeşilliyə zərər veriyorsunuz...?!”
Ayağa qalxdım. Çox sevdiyim İstanbul ləhcəsində mənə verilən suala yenə çox sevdiyim Azərbaycan ləhcəsində cavab verdim: “Mənim məqsədim yaşıllığı korlamaq deyil, sadəcə bir ovuc torpaq götürmək idi...! Onu da götürdüm”. Qarşısındakı şəxsin qəribə, hələ o dövrdə Türkiyədə nisbətən çətin anlaşılan bir ləhcədə danışdığını görən polis nəfəri daha diqqətli və nəzakətli olmağa çalışaraq “toprakmı almak istədiniz”-deyə cavabımı anlamağa və dəqiqləşdirməyə çalışdı. Bəli sözünü başa düşməyəcəyini bildiyim üçün “hə” dedim. “Pəki, toprağı nə yapacaksınız”, – deyə daha bir sual verdi. “Heç nə, ölkəmə qayıdanda bu torpağı Moskvaya aparıb Nazim Hikmətin məzarının üstünə səpəcəyəm”. “Siz Rusiyadanmı gəldiniz, kommunistmisiniz?” “Yox, mən Azərbaycandan gəldim, kommunist də deyiləm. Amma Nazim Hikməti biz azərbaycanlılar çox sevirik. Atam mənim adımı onun şərəfinə Hikmət qoyub. Nazim Hikmətin şeirlərindən onun Gülxanə parkını çox sevdiyini, hətta orada özünü bir ceviz ağacı kimi gördüyünü bilirəm. Ona görə də, özümə söz vermişdim ki, İstanbula getsəm, mütləq Gülxanə Parkından Nazim Hikmətə bir vətən sovqatı gətirəcəyəm. Bu sözümü yerinə yetirməyə çalışıram”.
Polis nə deyəcəyini götür-qoy edir, tərəddüdlə o tərəf-bu tərəfə baxırdı. Kommunist rejiminin hakim olduğu bir ölkədən gəlməm, Nazim Hikməti bu dərəcədə sevməm onun xoşuna gəlmir, türkcə danışmağım isə xoşuna gəlirdi. Mənə necə münasibət göstərəcəyini müəyyənləşdirə bilməyən polis məni polis məntəqəsinə də apara bilərdi, sərbəst də buraxa bilərdi. Pasaportunuz varmı?! Yenə hə dedim. Alıb baxdı və “hadi çabuk buradan gedin” dedi. Mən onun bu qərarına həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, polis məntəqəsinə getməkdən qurtardım, kədərləndim ona görə ki, bizim türk və Türkiyə sevdalısı kimi tanıdığmız Nazim Hikmət vətənində düşmən kimi görülürdü. Bu hadisə 1989-cu ilin iyun ayında olmuşdu...
Polisdən ayrılıb Gülxanə Parkını əhatə edən “Rumeli hisarı”nın divarlarına doğru irəlilədim. Sıx ağacların arasından irəlidə Bosfor boğazının mavi suları görünürdü. Birdən mənə elə gəldi ki, dənizin maviliklərindən mənə bir cüt mavi göz baxır. Bu əlbəttə “mavi gözlü Dev”in həsrət dolu baxışları idi.
O, mavi gözlü bir devdi
Minnacık bir kadın sevdi
Kadının hayali
minnacık bir evdi,
bahçesində ebruli
hanımeli
açan bir ev...
... Şimdi anlıyor ki,
mavi gözlü dev,
dev gibi sevgilere mezar
bile olamaz,
bahçesində ebruli
hanımeli
açan bir ev...
... İlk ağlıma gələn
də elə bu şeir oldu. Artıq neçə gün idi
ki, Türkiyədə idim. Günlərim sevinc və fəxarət
dolu hissərlə keçirdi. Gülxanə Parkında isə
çox kədərləndim...
... Şimdi anlıyor ki, mavi
gözlü dev...!
Bəli, “mavi gözlü
dev” sonralar çox şeyi anladı. Sevdiklərinin əslində
ona layiq olmadığını dönə-dönə, təkrar-təkrar
anladı. Bunlara çox üzüldü, çox kədərləndi...
Ancaq məncə ən çox kommunist ideallarına
inancında səhvə yol verdiyini başa düşəndə
kədərləndi... Bu kədərin ifadəsi də
çox sərt və kəskin oldu! “Bığlı köpək
məni aldatdı”...! Nə etmək olar ustad! Kommunizm adlanan
rus məlakəsi, daha doğrusu, məlakə donuna girmiş
iblis kimi aldatmadı ki?! Ancaq təəssüflənməyə
dəyməz! Görünür bu da tariximizin alın
yazılarından biri imiş...!
Yürek deyil bə...!
Çarıxmış bu,
manda (camış) gönünden
Təpər, hababam, təpər
Paralanmaz, (yırtılmaz)
Təpər taşlı
yolları...!
Paralanarmış ustad! Həm
də necə...! Özü də sadəcə 61
yaşında. Qapı cəftəsini açmağa belə
gücü çatmazmış...!
Paralanmayacaq kimi görünən,
o camış gönündən biri də məndə var.
Ancaq o da paralanacaq. Bilirəm... sadəcə geci, tezi var. Ən
çox da vətən həsrəti paralayacaq onu!
Karşı yalı (sahil) məmləkət
Səsləniyorum Varnadan
Eşitiyormusun Mehmet
Mehmeeet...!
Mən də səsləndim, qarşı yalıda olan məmləkətimə... Ancaq Bolqarıstandan, Varnadan deyil, Karsdan, Çıldır gölünün üstündəki Ağbaba dağlarından... Həyatın təzadına, ironiyasına bax. Kiçik yaşlarımda Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən ucqar bir dağ kəndində yaşayarkən, həmişə Türkiyə tərəfə boylanar, oranı görmək istəyərdim. 1989-cu ildə isə vəziyyət tam əksinə dəyişmişdi. İndi Türkiyədən Karsdan boylanıb doğulduğum kəndə baxmaq istəyirdim...!
Yenə sən köməyimə çatdın ustad.
“Ayrılıqların hər çeşidini bilən” Nazim Hikmət
Məmləkətim, məmləkətim...
Nə səndə tikilən pencəyim qaldı,
Nə yollarını ölçmüş ayaqqabı...
... İndi yalnız saçlarımın ağında,
alnımın qırışında,
ürəyimin infarktındasan,
məmləkətim!
Məmləkətim, məmləkətim!
Bu qədər ayrılıqların, həsrətin, ümidsizliyin içərisində sənin bir ümidin vardı ustad. Ölənə qədər səni tərk etmədi. Bu ümid səni yaratmağa, yaşamağa sövq etdi. Doğrudur, bu bir qədər kədərli, bir qədər acı, bir qədər talesiz bir ümid idi. Amma hər halda ÜMİD idi.
“Məmləkətimə qovuşmaq üçün ölmək zorundayım”
Bu necə ümid idi?! Bu nə qədər ümidsiz, nə qədər acizanə bir ümid idi. Doğrudur, bu arzuna, ümidinə hələ qovuşmamısan. Ancaq gec-tez qovuşacaqsan. Bəs mən məmləkətimə, doğulduğum torpağa qovuşmaq üçün nə etmək zorundayam, ustad?!
Hikmət BABAOĞLU
525-ci qəzet.- 2011.- 4 iyun.- S.17.