“Bakı Universiteti” nəşriyyatı:
dünəninə və bugününə baxış
Tarixi Bakı
Dövlət Universitetinin (BDU) yaranması ilə sıx
bağlı olan “Bakı Universiteti” nəşriyyatı fəaliyyətə
redaksiya-nəşriyyat şöbəsi kimi başlayıb. Keçən
əsrin 20-30-cu illərinin ictimai-siyasi həyatındakı
proseslər, Böyük Vətən Müharibəsi
dövrü və müharibədən sonrakı illərin
çətinlikləri “Bakı Universiteti” nəşriyyatının
fəaliyyətində öz rolunu oynayıb. Universitetin dövri elmi orqanları 1921-ci ildən
çıxmağa başlamış “Xəbərlər” və
1924-cü ildən nəşr olunmuş “Nəzəri və
praktik təbabət” jurnalları idi. 1921-ci ildə
“Bakı Dövlət Universitetinin Xəbərləri”nin yarımcildi buraxılıb. Birinci
yarımcild təbiətşünaslığa və təbabətə,
ikinci isə humanitar elmlərə həsr olunub. 1922-ci ildə
“Bakı Universitetinin Xəbərləri”nin
ikinci nömrəsi və birinci yarımcildi (təbiətşünaslıq
və təbabət) çapdan çıxıb.
Nəşriyyatın fəaliyyəti müxtəlif obyektiv və subyektiv səbəblər üzündən bir neçə dəfə dayandırılmış, lakin ziyalı təbəqələrin təkidi sayəsində yenidən fəaliyyətini davam etdirmişdir. Universitet nəşriyyatının fəaliyyəti növbəti dəfə 1961-ci ildə dayandırılmışdı, lakin onun qrifi ilə çap olunan kitablar artıq bütün respublikada tanınırdı. 1961-ci ildə nəşriyyatda köhnə qayda ilə yalnız universitetin elmi xəbərləri, tədris proqramları, metodiki göstərişlər, kiçik həcmli monoqrafiyalar və s. çap edilirdi. Respublikada yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi, onların dərslik, dərs vəsaitləri və başqa ədəbiyyatlarla təchiz edilməsi məqsədilə 1984-cü ildə Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyi və Azərbaycan SSR Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq 24 yanvar 1984-cü il tarixində universitetin fəaliyyətdə olan redaksiya-nəşriyyat şöbəsinin əsasında yeni nəşriyyatın yaradılması haqqında 24/p saylı sərəncam verdi. Bu sərəncama əsasən həmin ilin fevral ayından etibarən yeni nəşriyyatın təşkilati işlərinə başlanılmışdı. Respublika Ali Təhsil Nazirliyi və universitet rektorluğunun qərarı ilə nəşriyyatın köhnə binasının (keçmiş Kommunist küçəsi, 6) istifadə üçün yararsız olması ilə əlaqədar nəşriyyata mətbəə üçün əlavə yararlı sahə ayrılmışdı.
Lakin həmin sahə də yeni nəşriyyatın normal fəaliyyəti üçün kifayət etmirdi. Odur ki, 20 sentyabr 1984-cü il tarixdə universitet nəşriyyatının daha səmərəli işləməsini təmin etmək, onun müasir elmi-texniki tələblərə uyğun yenidən qurulmasına, yeni alınmış poliqrafiya avadanlıqlarının əlverişli sahədə yerləşdirilməsinə və nəşriyyatın tam məhsuldar işləməsinə nail olmaq məqsədilə universitetin yeni tikilən tədris binasında yer ayrıldı. 1985-ci ildə universitet nəşriyyatının 3 ədəd poliqrafiya maşını var idi.
Bunlar alimlərin çap məhsullarına olan ehtiyacını müəyyən qədər ödəsə də, nəşriyyatın tam fəaliyyəti məhdud çərçivədə qalırdı. Yeni yaradılan nəşriyyatın əsaslı fəaliyyəti üçün isə, ilk növbədə, müasir tələblərə cavab verən poliqrafiya bazası olmalıdır.
13 mart 1987-ci ildə Sov.İKP MK-nın və SSRI Nazirlər Sovetinin qəbul etdiyi “Ali təhsilli mütəxəssislərin hazırlanması və xalq təsərrüfatında istifadə olunmasının köklü şəkildə yaxşılaşdırılması tədbirləri haqqında” qərarında ümumittifaq və respublika əhəmiyyətli II dərəcəli nəşriyyatların açılması, eyni zamanda, mövcud nəşriyyatların işinin yenidən qurulması kimi təxirəsalınmaz vəzifələr irəli sürüldü. O illərdə keçmiş ittifaq üzrə 10 nəşriyyat açılmışdı ki, onlardan biri də “Bakı Universiteti” nəşriyyatı (“Azərbaycan Universiteti” nəşriyyatı) idi. Həmin qərara müvafiq olaraq respublika rəhbərliyi və Təhsil Nazirliyi 1987-ci ilin may ayında çağırdıqları kollegiyada uğurlu addımlardan birini atdılar. Mərkəzi Komitə və Nazirlər Sovetinin qərarı ilə respublika əhəmiyyətli II dərəcəli nəşriyyat kimi fəaliyyətini davam etdirən “Bakı Universiteti” nəşriyyatının yeni strukturu, maliyyə sistemi də həmin qərarda öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, “Bakı Universiteti” nəşriyyatı respublika təhsil sistemində öz mətbəəsi olan yeganə nəşriyyat idi.
1980-ci illərdə artıq ölkə nəşriyyatları arasında ilk dəfə olaraq “Bakı Universiteti” nəşriyyatında kompüter bürosu yaradılıb, ofset çap üsuluna keçmək üçün irəliyə doğru addım atılıb.
1988-ci ildən bəri “Bakı Universiteti” nəşriyyatının qrifi ilə çap olunan müxtəlif mövzuları əhatə edən tədris ədəbiyyatlarının bir çoxu artıq Azərbaycan dilində ilk dəfə işıq üzünü bu nəşriyyatda gördü: “Azərbaycan tarixi üzrə qaynaqlar”, “Bakı Universitetinin tarixi”, “İxtisasa giriş”, “Ərəb ölkələri coğrafiyası”, “Cinayət hüququ”, “Ailə hüququ”, “Əski türk yazılı abidələri müntəxəbatı”, “Türk dili”, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan”, “Kvant mexanikası”, “Geodeziyanın əsasları və topoqrafiyası”, “Biotexnologiyanın əsasları”, “Möcüzəli sistem” və s. Bu çap məhsulları öz dəst-xətləri, sanbalları ilə eyni profilli, digər nəşriyyatların məhsullarından kəskin şəkildə fərqlənməyə başlayıb.
Yarandığı dövrlərdən “Bakı Universiteti” nəşriyyatına və onun nəzdində fəaliyyət göstərən mətbəəyə müxtəlif illərdə Fərhad Zeynalov, Əjdər Babazadə, Adil Abdullayev, Abuzər İsmayılov, Ağamusa Zeynalov, Bəhram Cəfərov, Kərim Həsənov, Balakişi Ağayev rəhbərlik etmişlər. 2006-cı ildən isə “Bakı Universiteti” nəşriyyatına İslam Şirinov rəhbərlik edir.
Respublikamız müstəqilliyini yenidən bərpa etdiyi vaxtdan “Bakı Universiteti” nəşriyyatının da həyatında dəyişikliklər baş verdi. Xalqımızın keçirdiyi ağır vəziyyət nəşriyyatın da həyatından yan ötməmişdi. Nəşr etdiyi kitablar əhəmiyyətli olsalar da, keyfiyyətcə, poliqrafik cəhətcə getdikcə günün tələblərinə cavab vermirdi. Bu da onun maddi-texniki təchizatının aşağı olması ilə, yeni poliqrafiya avadanlıqlarının olmaması ilə bağlı idi.
2005-ci ildən nəşriyyatın həyatında növbəti dönüş yarandı. BDU-nun rektoru akademik Abel Məhərrəmovun sərəncamı və rəhbərliyi ilə “Bakı Universiteti” nəşriyyatının yerləşdiyi sahə müasir tələblərə uyğun təmir edildi. Nəşriyyat müasir dizaynlı mebellərlə, kondensasiya qurğuları ilə təchiz olunub. “Bakı Universiteti” nəşriyyatının maddi-texniki bazası gücləndirilmiş və günün tələblərinə uyğun yeni texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, hazırda nəşriyyatda istehsalat sahəsində aşağıdakı avadanlıqlardan istifadə edilir: Yaponiya istehsalı olan ikirəngli “Komori” tipli ofset çap maşını; Almaniya istehsalı olan “Multieffekt” vərəqqatlayan maşın; “Poni” tipli yapışqanla blok hazırlayan maşın; “Remark” tipli üzçıxaran maşın; “Remark” tipli formayuyan maşın.
“Bakı Universiteti” nəşriyyatı redaksiya, kompüter şöbəsindən, yeni poliqrafik avadanlıqlarla təchiz olunan istehsalat sahəsindən ibarətdir.
Qeyd etmək lazımdır ki, “Bakı Universiteti” nəşriyyatının yenidən təmir edilməsi, müasir poliqrafik avadanlıqlarla təchiz olunması çap məhsullarının yüksək keyfiyyətliliyinə, vaxtında nəşr olunmasına böyük zəmin yaratmışdır. Təsadüfi deyildir ki, ötən illərlə müqayisədə “Bakı Universitetinin Xəbərləri” jurnalı vaxtında işıq üzü görür. Bu da respublika alimləri, mütəxəssisləri tərəfindən razılıqla qarşılanır.
Hazırda “Bakı Universiteti” nəşriyyatının qrifi ilə çap olunan kitablar keyfiyyət və poliqrafiya baxımından respublikanın digər nəşriyyatlarında nəşr edilən kitablardan heç də geri qalmır, əksinə, onlardan keyfiyyət və kəmiyyətcə daha üstündür.
Fərəhləndirici haldır ki, İslam Şirinovun nəşriyyata rəhbərlik etdiyi illər ərzində “Bakı Universiteti” nəşriyyatında müxtəlif proqramlar, metodiki göstərişlər və dərs vəsaitləri ilə yanaşı, çoxsaylı ali məktəb dərsliyi çap edilmişdir. Nəşriyyatda çap olunan dərsliklər və dərs vəsaitləri yüksək poliqrafik tərtibatı və keyfiyyəti ilə seçilirlər. “Bakı Universiteti” nəşriyyatı 2007-ci ildə III Respublika Kitab satışı sərgisində iştirak etmiş və 1 “Diplom” və 1 “Şəhadətnamə”yə layiq görülmüşdür. Eyni zamanda, 2008-ci ilin aprelində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Bakı Universiteti” nəşriyyatının çap etdiyi dərsliklərin sərgi-satışı yüksək səviyyədə keçirilmiş və bu KİV-də geniş işıqlandırılıb.
“Bakı Universiteti” nəşriyyatında 2007-ci ildən hal-hazıradək “Kimya” (A.Məhərrəmov, R.Əliyeva, T.Mahmudov, F.Çıraqov), “Kitabxanaların kompyuterləşdirilməsinin əsasları” (A.Xələfov, A.Qurbanov), “Təqribi hesablama üsulları” (Y.Məmmədov), “İnsan və heyvan fiziologiyası” (Ə.Əliyev, F.Əliyeva, V.Mədətova), “Üzvi kimya: sual və cavablar” (A.Məhərrəmov, M. Allahverdiyev), “Mikologiya” (A.İbrahimov, Z.Abdulova, L.Mehdiyeva), “Xarici əlaqələr hüququ” (H.Qasımova), “Azərbaycan biblioqrafiyasının tarixi” (Z.Əliyev), “Kvant mexanikası” (A.Muxtarov), “Müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda uşaq ədəbiyyatı” (Q.Namazov), “Azərbaycanda kitabxana işinin tarixi” (A.Xələfov), “Müasir beynəlxalq hüquq: insan hüquqları, əhali və miqrasiya problemləri” (Ə.Əliyev), “Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası” (V.Babazadə, A.Xasayev), “Beynəlxalq xüsusi hüquq” (Ə.Əliyev, A.Məhərrəmov), “Mir Cəlal –100” (Y.Seyidov), “Klassik mexanika” (Ə.Ağamalıyev), “Cinayət hüququnda cəza problemi” (F.Səməndərov), “Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində” (A.Xələfov), “Ş.Hüseynov –biblioqrafiya”, “Tarixi yaddaş – kargüzarlıq sənədləri” (F.Şiriyev, İ.Hacıyeva), “Yüksək molekullu birləşmələr kimyası” (O.Əkbərov, A.Əzizov, E.Əkbərov), “Həyat fəaliyyətinin kimyəvi əsasları” (A.Məhərrəmov, M.Allahverdiyev), “Polimerlərin fiziki kimyası” (E.Məsimov), “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” (V.Əfəndiyev), “Ümumi ekologiya” (R.Sultanov, N.Sadıqova, Ü.Ataşova), “Ümumi astrofizika” (R.Hüseynov), “Azərbaycan Demokratik Cümhuriyyəti dövründə dil, məktəb və tədris problemləri” (Y.Seyidov, S,Abasova), “Azərbaycan faunasının taksonomiyası və coğrafiyası (onurğalılar)” (Q.Mustafayev, N.Sadıqova, T.İskəndərov) və başqa dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, metodiki göstərişlər, proqramlarla yanaşı “Bakı Universitetinin Xəbərləri” elmi jurnalının 4 seriyası – humanitar, sosial-siyasi, təbiət elmləri və fizika-riyaziyyat elmləri rüblük jurnalları, müxtəlif elmi konfransların materialları, həmçinin Bakı Dövlət Universiteti üçün dərs jurnalları, tövsiyələr, protokollar, blanklar və sair çap edilib.
“Bakı Universiteti Nəşriyyatı”nda fəaliyyət göstərən kollektivin hər bir üzvü çap edilən məhsulun keyfiyyətli olmasında xüsusi əmək sərf edir və onların işi təqdirəlayiqdir.
S.QARAYEVA
525-ci qəzet.- 2011.- 4 iyun.- S.15.