Kurikulum islahatları Azərbaycan təhsilində mühüm mərhələ kimi
Bu gün Azərbaycanın ümumi təhsil sistemində məzmun islahatları “Kurikulum islahatları” adı altında aparılır. Məzmun sahəsində yeni siyasətə görə başlıca diqqət şagirdlərdə idraki bacarıqların, ilk növbədə, təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin, müstəqil qərar qəbuletmə və tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasına yönəldilir, verilən biliklərin zəruriliyi, həyatla bağlılığı, bilavasitə inkişafa, dünyagörüşün genişlənməsinə xidmət etməsi ön planda saxlanılır.
Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, tədrisdə yeni fənn kurikulumlarının tətbiqi uşaqların fikirlərini sərbəst şəkildə ifadə etməsinə şərait yaradır. Tədrisdə yeni milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda dərsliklərin tətbiqi uşaqları düşünməyə, düzgün nəticə çıxarmağa vadar edir. Kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunub və əsas diqqət nəticəyə nail olunduğunu göstərmək üçün şagirdin nümayiş etdirməli olduğu fəaliyyətlərə yönəldilib. Bu, bacarıqlar şəklində müəyyən olunan standartlar və bunların yerinə yetirilməsini təmin edən alt-standartlar sistemi vasitəsilə ifadə olunur. Məzmunun belə müəyyənləşdirilməsi şagird fəaliyyətinin ardıcıl olaraq izlənilməsinə, onların nailiyyətlərinin müntəzəm qiymətləndirilməsinə imkan yaradır. Təlim prosesi ilə gözlənilən nəticə arasında əks-əlaqə mexanizminin qurulması təmin olunur: “Müasir dərsin əsas cəhətlərindən biri şagirdlərin fəallığıdır ki, buna da interaktiv (fəal) təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən iş forması müəyyən edilir: fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir. Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır. Müəllim dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalıdır. Bu gün məktəbdənkənar mühitdə mövcud informasiya vasitələrindən fəal istifadə edən şagird dərsdə onlar üçün maraqlı olanları görmək istəyir. Bunun üçün müəllimin İKT-dən yüksək istifadə etmək bacarığı olmalıdır. Həm də bu texniki təminatı lazımi materiallarla zənginləşdirməyi bacarmalıdır. Başqa sözlə desək, mövzuya uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır. Belə dərslərdə həmçinin digər texniki təminatların olması dərsin səmərəliliyini artırır. Müəllim dərsə yaradıcı yanaşmalıdır, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməlidir. Bu zaman öyrədici, inkişafetdirici, tətbiqedici funksiyalar nəzərə alınmalıdır”. Təhsil naziri deyir ki, təhsil tarixində ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən 1 və 2-ci siniflər üçün dərslik komplektləri hazırlanıb. 2009-10-cu tədris ilində Milli kurikuluma müvafiq olaraq paytaxtın 3 pilot məktəbində həndəsə və cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə başlanıb.
Azərbaycan təhsilinin məzmunu və onun formalaşması barədə məlumatları təqdim etmək, təhsilin məzmununun keyfiyyətlə həyata keçirilməsi məqsədilə təhsil işçilərini müxtəlif resurslarla silahlandırmaq məqsədilə kurikulum.az portalı yaradılıb. Nazir deyir ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır. Bu məqsədlə ibtidai sinif müəllimlərinin yeni fənn kurikulumunun tətbiqi üzrə təlim kurslarından keçirilməsi sahəsində son üç il ərzində müəyyən təcrübə əldə edilib. Birinci siniflər üçün fənn kurikulumunun tətbiqinə 2008-ci ilin sentyabrından başlanıldığını nəzərə alınaraq iyun-avqust aylarında Azərbaycanın bütün rayonları əhatə olunmaqla 9000 nəfər ibtidai sinif müəllimi təlim kurslarından keçib. Bu proses 2009-cu ildə də davam etdirilib və daha 7500 müəllim təlimdən keçib. 2008 və 2009-cu illərdə ibtidai sinif müəllimlərinin fənn kurikulumunun tətbiqi üzrə təlim kurslarının keçirilməsi Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsi tərəfindən, Kurikulum mərkəzi ilə əlaqəli şəkildə təşkil edilib. 2010-2011-ci tədris ilində birinci siniflərdə dərs deyəcək 8 minə yaxın ibtidai sinif müəllimi üçün yeni fənn kurikulumları üzrə təlimlər Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində, tender yolu ilə, yeni ixtisasartırma modeli əsasında həyata keçirilib: “Aparılan monitorinqin və təlim iştirakçıları ilə keçirilən sorğuların nəticələrinin təhlili göstərib ki, ixtisasartırma təhsilinin yeni model əsasında təşkili daha səmərəlidir”. M.Mərdanovun dediyinə görə, bugünlərdə Təhsil Nazirliyi Qeyri Hökumət Təşkilatları arasında 2011-2012-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində işləyən ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələr imzalanıb: “Məlumat üçün bildirim ki, Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarını təşkil edəcək təşkilatları müəyyənləşdirmək, onlar tərəfindən təlimləri həyata keçirmək məqsədilə bu ilin yanvar-fevral aylarında tender elan edib. Tender komissiyasına 7 təşkilat müraciət etsə də, təqdim olunan sənədlərin araşdırılıb qiymətləndirilməsi nəticəsində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” və “Təhsilin humanistləşdirilməsi” ictimai birlikləri təlim kurslarını keçirmək hüququ qazanıb. 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 9670 ibtidai sinif müəlliminin təlim kursundan keçirilməsi proqnozlaşdırılır və bu kurslar 164 təlimçi tərəfindən aparılacaq. 2011-2012-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin 1-ci siniflərində dərs deyəcək, həmçinin son 3 ildə təlimdən keçməyən ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə 60 saatlıq tədris planı və proqramı təsdiq edilib. Təlim kurslarının bu ilin iyun-avqust aylarında keçirilməsinə dair müvafiq tapşırıqlar verilib. Bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin, həmçinin məcburi köçkün məktəblərinin 1-ci sinifdə işləyəcək ibtidai sinif müəllimlərinin həmin müəssisələrin yerləşdikləri ərazilərdə təşkil edilən təlim kurslarına cəlb olunmaları nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasında ibtidai sinif müəllimlərinin fənn kurikulumunun tətbiqi üzrə təlim kurslarından keçirilməsinə müvafiq şəkildə köməklik göstərilməsinə dair Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinə tapşırıq verilib”. Nazir qeyd edib ki, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi – Abşeron iqtisadi zona üzrə 3 təlim mərkəzində 580 nəfər müəllim, 8 nəfər təlimçi, Aran iqtisadi zona üzrə 19 təlim mərkəzində 2280 nəfər müəllim, 36 nəfər təlimçi, Dağlıq Şirvan iqtisadi zona üzrə 4 təlim mərkəzində 340 nəfər müəllim, 6 nəfər təlimçi, Yuxarı Qarabağ iqtisadi zona üzrə 5 təlim mərkəzində 490 nəfər müəllim, 9 nəfər təlimçi. Cəmi dörd iqtisadi zona üzrə 31 təlim mərkəzində 3690 ibtidai sinif müəllimi təlim kursundan keçiriləcək. Təlimçilərin sayı 61 nəfərdir. “İnkişaf” elmi mərkəzi Bakı şəhəri iqtisadi zonası üzrə 20 təlim mərkəzində 2080 nəfər ibtidai sinif müəllimi, 32 nəfər təlimçi. Lənkəran iqtisadi zonası üzrə 9 təlim mərkəzində 960 nəfər müəllim, 20 nəfər təlimçi. Cəmi iki iqtisadi zona üzrə 29 təlim mərkəzində 3040 ibtidai sinif müəllimi təlim kursundan keçiriləcək. Təlimçilərin sayı isə 52 nəfərdir. Azad Müəllimlər Birliyi Gəncə-Qazax iqtisadi zonası üzrə 14 təlim mərkəzində 1490 nəfər ibtidai sinif müəllimi təlim kursundan keçiriləcək. Təlimdə iştirak edəcək təlimçilərin sayı 14 nəfərdir. “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi Şəki-Zaqatala iqtisadi zonası üzrə 6 təlim mərkəzində 790 nəfər ibtidai sinif müəlliminin təlim kursundan keçirilməsi planlaşdırılır. Təlimçilərin sayı isə 21 nəfərdir. “Təhsilin humanistləşdirilməsi” ictimai birliyi Quba-Xaçmaz iqtisadi zonası üzrə 6 təlim mərkəzində 660 nəfər ibtidai sinif müəllimini təlim kursundan keçirəcək. Prosesdə iştirak edəcək təlimçilərin sayı 16 nəfərdir.
Təhsil naziri bildirib ki, öz növbəsində təlim kurslarını həyata keçirəcək müvafiq təşkilatlar onlarla bağlanacaq müqavilə şərtlərinə uyğun olaraq təlim kurslarının təşkili ilə bağlı ilkin hesabatlarını hazırlayıb təsdiq etdirməlidirlər. Qrafik əsasında kursların keçirilməsini, müəyyənləşdirdikləri metodologiya əsasında təlim iştirakçılarının fəaliyyətlərinin keyfiyyətinin test imtahan yolu ilə yekun qiymətləndirilməsini, proqramı mənimsə yənlərə müvafiq sertifikatın verilməsini həyata keçirməli, habelə fərdi iştirak səviyyəsi, hər bir təlim qrupunun təlim nailiyyətləri haqqında Təhsil Nazirliyinə yekun hesabat təqdim etməlidirlər. M.Mərdanovun dediyinə görə, təlim kurslarının yüksək səviyyədə və keyfiyyətli yerinə yetirilməsi üçün bağlanacaq müqavilələr təlim keçirən təşkilatların üzərinə bir sıra öhdəliklər və vəzifələr qoyur: “Hər bir təşkilat həmin öhdəliklər, vəzifələrlə əvvəlcədən tanış olub və onların məsuliyyətini yetərincə hiss edirlər. Lakin onu da qeyd etməliyəm ki, həmin təşkilatlar üzərinə düşən vəzifələri Təhsil Nazirliyinin bu işə cavabdeh olan əməkdaşları, rayon şöbələrinin əlaqələndiriciləri, məktəb direktorları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirməlidirlər. Müqavilə çərçivəsində hər bir iqtisadi zona üzrə təlim kurslarının cədvəli və qruplar üzrə kursdan keçən müəllimlərin siyahıları ən qısa vaxtda hazırlanıb yerlərə və Təhsil Nazirliyinə təqdim edilməlidir. Təlim kursunu bitirənlərə sertifikatların verilməsi üçün müvafiq sayda sertifikat blankının alınmasına dair nazirliyə sifariş məktubu təqdim olunmalıdır. Təlimçilərin kurikulum üzrə zəruri təlim materialların və əlavə resurslar, təlim kursundan istifadə ediləcək ümumi yanaşmalar, metodologiyalar haqqında təsəvvürə malik olmaları təmin edilməlidir. Bununla yanaşı təlim kurslarının keyfiyyətli keçirilməsinə daxili nəzarət, monitorinq və qiymətləndirmə aparılması üçün ümumi metodologiya hazırlanıb tətbiq olunmalıdır. Bütün təlim mərkəzləri, təlim keçiriləcək otaqlar zəruri təlim materialları və dəftərxana ləvazimatları, həmçinin İKT avadanlıqları ilə təchiz olunmalıdır. Təlim kursunun və təlimçilərin, habelə təlim proqramının keyfiyyəti haqqında yekun sorğu vərəqəsinin təlim iştirakçıları tərəfindən doldurulması təşkil edilməlidir. Müəllimlərin kurslardan yayınması və təlim kursunun keyfiyyətinə xələl gətirə biləcək hər hansı problem barədə Təhsil Nazirliyinə dərhal məlumat verilməlidir”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 4 iyun.- S.14.