“Dnepetrovskdəki Azərbaycan
diasporu fəallığı ilə həmişə öndə
gedib”
QÜDRƏT HACIYEV: “NÖVBƏTİ QURULTAY DÜNYA AZƏRBAYCANLILARI
ARASINDA BAĞLILIĞI DAHA DA MÖHKƏMLƏNDİRƏCƏK”
Bu günlərdə vətənə
gələn Ukrayna Azərbaycanlıları Konqresinin
Dnepetrovski bölməsinin rəhbəri Qüdrət
Hacıyev “525-ci qəzet”in qonağı olub. İyirmi dörd
ildən artıq diaspora işi ilə məşğul olan
Q.Hacıyev deyir ki, qarşıya qoyduqları məqsədə
nail olsalar da, nəticələrlə kifayətlənməyib,
azərbaycançılıq ideyalarını, Qarabağ həqiqətlərini
yorulmadan təbliğ edirlər.
– Otuz ildən artıqdır
Ukraynada yaşayıram. 88-ci ildə Qarabağ hadisələrinin
başlaması, SSRİ-nin çökməsindən sonra biz
diaspora işi ilə məşğul olmağa qərar verdik.
Bu həm Qarabağ həqiqətlərini, həm də yeni
yaranmış müstəqil dövlətimizin təbliği
üçün vacib idi. 90-cı illərin əvvəllərində
Ukraynanın Dnepotrovsk vilayətində ilk dəfə “Azəri”
cəmiyyətini yaratdıq və mən qurumun sədr
müavini oldum. 97-ci ilə qədər fəaliyyət
göstərən cəmiyyətin işi çox zəif
oldu. Sədrin fəaliyyətsizliyi ucbatından istədiyimiz nəticəni
ala bilmədik. 97-ci ildə bu cəmiyyət ləğv olundu
və mənim təşəbbüsümlə yeni bir qurum,
“Savalan” yarandı. Biz Şimali Azərbaycanla Cənubi Azərbaycanı
mənəvi cəhətdən birləşdirmək məqsədi
ilə bu qurumu yaratdıq. Həmin ildən bəri 17 ildir
Dnepotrovskidə diasporamız çox güclü fəaliyyət
göstərir. Ukrayna böyük dövlətdir. 25 vilayəti,
şəhərləri var. Kiyev də daxil olmaqla ölkə
üzrə Dnepetrovskdəki Azərbaycan diasporu öz fəallığı,
gördüyü işlərlə həmişə öndə
gedib. 97-ci ildə biz “Yeddi gözəl” ansamblını
yaratdıq. Ötən illər ərzində bu ansambl Azərbaycan
mədəniyyətini, incəsənətini Ukraynada çox
böyük uğurla təbliğ edib. 98-ci ildən rus dilində
“Savalan” adlı qəzetimiz nəşr olunur. Burada da Azərbaycan
tarixini, Qarabağ həqiqətlərini yerli xalqa
çatdırmağa çalışırıq. Deyim ki,
öz məqsədimizə nail oluruq. 99-cu ildə milli lider
Heydər Əliyevin təşəbbüsü və
tövsiyəsi ilə Ukraynada fərdi qaydada fəaliyyət
göstərən bütün Azərbaycan cəmiyyətləri
bir araya gələrək UAK yaratdılar. Bütün cəmiyyətlər
bir amala, məqsədə xidmət etməyə
başladılar. O gündən bəri həqiqətən də
çox böyük işlər görülüb. Bu işləri
sadalamaq istəmirəm. Bütün milli
bayramlarımızı, faciə günlərimizi qeyd edirik. Ən
sonuncu nailiyyətlərimizdən onu deyə bilərəm ki,
ötən il aprel ayında ilk dəfə olaraq Dnepetrovskdə
UAK Azərbaycanlı Gənclərin birinci forumu keçirildi.
Onun təşəbbüskarı mən idim. Orda Ukraynanın
bütün bölgələrindən, vilayətlərindən
800-dən artıq iştirakçı var idi. Bu tədbir
Ukraynadakı Azərbaycan gənclərinə sanki bir təkan
verdi. Tədbiri bilərəkdən aprelin 24-də, ermənilərin
saxta soyqırımı günü təşkil etmişdik. Şəhər
meri, vilayət qubernatoru da tədbirimizə
qatılmışdı. UAK Gənclər təşkilatının
hazırda 178 üzvü var və qurum çox təşkilatlanmış
şəkildə fəaliyyət göstərir. Həmin gənclər
Ukraynada doğulan, böyüyən gənclərdir. Ali məktəblərdə
oxuyurlar. Yüksək təhsillə yanaşı bizim gənclik
dövrümüzdən fərqli olaraq informasiya
texnologiyalarına, xarici dillərə yiyələnən gənclərdir.
–Qüdrət müəllim,
bu gün Ukrayna azərbaycanlıları, diaspora vahid mövqedən
çıxış edə bilirmi?
–Dnepetrovski meri bir neçə
dəfə vurğulayıb ki, vilayətin ən güclü
diasporu Azərbaycan diasporudur. Orda çox xalqların
diasporası var, amma fəaliyyət göstərənlərin
sayı təxminən 12-dir. Bunların arasında yəhudi,
erməni, alman, yunan, gürcü, litva, rusiya diasporu var. Ən
seçiləni isə azərbaycanlılardır. Yəhudiləri
diaspora adlandırmaq olmaz. Şəhərin 40 faizi yəhudilərdir
və onlar yüzilliklərdir ki, burada yaşayırlar. Bununla
belə onlar da bizimlə rəqabət apara bilmirlər.
Amma bir faktı da təəssüflə
bildirmək istəyirəm ki, bəzən içimizdə azərbaycançılığa,
Azərbaycan dövlətçiliyinə qarşı olan
qüvvələr olur. Həqiqətən o qüvvələr
UAK-ın işinə maneçilik etməyə
çalışırlar. Bilirsiniz, bir var səmimi olaraq içdən
gələn hisslərlə vətəni sevmək, onun
uğrunda canını fəda etməyə hazır olmaq, bir
də var öz məqsədini reallaşdırmaq
üçün vətənpərvərə çevrilmək.
Bu cür insanlar məqsədlərinə nail olandan sonra vətənpərvərlik
qalır bir kənarda. Onlar məqsədlərinə
çatmaq üçün elə addımlar atırlar ki, bu
addımlar nə azərbaycançılığa, nə də
insanlığa yaraşır. Anlamırlar ki, şəxsi məqsədlərini
reallaşdırmaq üçün vətənpərvər
olmaq mümkün deyil.
–Bəs bu cür addımlar
ümumi işə nə kimi təsir göstərir?
–Bu cür hadisələr hətta
yerli dövlət orqanlarına da çatır. Olub ki, məni
çağırıb maraqlanıblar ki, niyə diasporada belə
insanlar var, hətta buna təəssüflərini də ifadə
ediblər. Mən isə deyirəm ki, millətindən
asılı olmayaraq belə hallar hər bir millətin
içində baş verə bilir. Çox istərdim ki, bizdə
bu kimi hallar baş verməsin. Çünki bu gün
hamımızı bir araya gətirəcək Qarabağ dərdimiz
var. Bu yara sağalana qədər gərək azərbaycanlılar
bir yerdə olub, bir-birləri ilə dil tapmağı
bacarsınlar. Azərbaycan həqiqətlərini başqa
xalqlara, millətlərə çatdırmaq üçün
bir yerdə çalışmaq lazımdır. Bu cür
insanlar öz məqsədlərinə çata bilmirlər.
Çünki süni vətənpərvərliklə məqsədə
nail olmaq mümkün deyil.
Digər tərəfdən
bir faktı da nəzərə almaq lazımdır ki, bu
gün Ukraynada Azərbaycan diaporasına rəhbərlik edən
şəxslər uzun müddətdir ki, bu yoldadırlar. UAK-ın
Ali Məclisinin sədri Akif Gülməmmədovun, UAK sədri
İlqar Abbasovun azərbaycançılıq yolunda fəaliyyəti
hər kəsə nümunə olmalıdır. Onların bu
yolda doğurdan da böyük zəhmətləri var.
–Ukrayna azərbaycanlılarının
ümumi səviyyəsi barədə nə deyə bilərsiniz?
–Azərbaycanlıların
Ukraynada, o cümlədən Dnepotrovskdə ümumi səviyyəsi
çox yüksəkdir. Biznes sahəsində uğurla fəaliyyət
göstərən soydaşlarımız var. Eyni zamanda elm sahəsində
uğur qazanan həmvətənlərimiz də çoxdur. Tibb
elmləri doktoru, psixoterapevt Vaqif Rəmanov nəinki Ukraynada,
bütün dünyada tanınmış insandır. Tibb elmləri
namizədi Niyazi Rəhmanov, texnika elmləri namizədi, şəhər
sovetinin deputatı Hafiz Aslanov, deputat Fəxrəddin Əliyev
də həmçinin. Yəni azərbaycanlılar Ukraynada ali
məktəblərdə, dövlət vəzifələrində
uğurla çalışırlar.
–Bəzən bizdə belə
arxayınçılıq yaranır ki, keçmiş
ittifaqda, digər yaxın ölkələrdə Azərbaycanı
kifayət tanıyırlar və daha çox təbliğata,
iş görməyə ehtiyac yoxdur. Sizdə belə
arxayınçılıq varmı?
–Ümumiyyətlə, ukrayna
xalqının mentaliteti ruslara nisbətən çox fərqlidir.
Sanki tarixən bizdə ümumi bağlılıq,
oxşarlıq var. Bəlkə bu vaxtilə Ukrayna
torpağında türk mənşəli xalqların
yaşaması ilə bağlıdır. Bəzən elə
ukraynalı görürsən, onun azərbaycanlı, yoxsa
ukraynalı olduğunu ayıra bilmirsən. Bu
oxşarlığı ukraynalılar özləri də etiraf
edirlər. Suala gəlincə, on il əvvəl biz Qarabağ
problemini yerli xalqlara çətin çatdırırdıq. Bu
gün isə belə problemimiz yoxdur. Düşünürəm
ki, heç vaxt arxayınçılıq işimizə təsir
etməməlidir, nə qədər çalışsaq da yenə
də daha nələrisə edə bilmək barədə
fikirləşməliyik.
Sentyabr-oktyabr aylarında
Ukrayna Azərbaycan gənclərinin ikinci forumunu təşkil
etmək fikrimiz var. Onu da deyim ki, birinci xanım, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın himayədarlığı
ilə keçirilən Muğam müsabiqəsinə də
Ukraynada maraq çox böyükdür. Ümumiyyətlə,
bu ölkədə Azərbaycana böyük maraq var.
–Digər diasporalarla əlaqələr
nə səviyyədədir?
–Bayaq dediyim kimi Ukraynada
çoxlu diasporalar var. Ermənilərin sayı burada
Qarabağ hadisələrindən sonra çoxaldı. Eyni
zamanda ermənilərin iki diasporu var. Bunlar Azərbaycan ermənilərinin
və Ermənistan ermənilərinin diasporalarıdır.
Onların arasında konfliktlər olur. Amma söhbət milli məsələlərdən,
vətəndən gedəndə bir-birlərinə
qarşı olan iradlarını unutmağı bacarırlar.
Gürcü, yəhudi, yunan
diasporaları ilə yaxşı əlaqələrimiz var.
Xüsusilə yəhudilər, gürcülər gecə-gündüz
yanımızdadırlır.
–Yeri gəlmişkən,
qarşıdan Dünya Azərbaycanlılarının
üçüncü qurultayı gəlir. Bu tədbirdən
nə gözləyirsiniz?
–Yəqin ki, qurultayda
iştirak edəcəm, gözləntilərim isə
böyükdür. Azərbaycan kiçik dövlət olsa da,
xalqımız çox böyükdür. Biz dünyaya
özümüzü sübut edə bildik və böyük
dövlətlər artıq bizimlə hesablaşırlar.
“Evravij”da Ukrayna Azərbaycana
10 xal verdi, bunda diasporamızın böyük əməyi var
idi. Düşünürəm ki, növbəti qurultay
özümüzü bir xalq kimi dünyaya sübut etməyimizdə,
dünya azərbaycanlıları arasında
bağlılığı daha da möhkəmləndirməkdə
təkan olacaq. Həmçinin Qarabağ probleminin həllində
bu qurultay təsirsiz ötüşməyəcək.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 4 iyun.- S.10.