Ələsgər Ələkbərovun
100 illik yubileyi qeyd edilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Ələsgər Ələkbərovun 100 illik yubileyi münasibətilə tədbir gerçəkləşib. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin aparıcılıq etdiyi tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, xalq artistləri Ağakişi Kazımov və digərləri çıxış edərək teatr və kino sənətinin görkəmli nümayəndəsi Ələsgər Ələkbərovun ömür yolu və bənzərsiz yaradıcılığı haqqında geniş məlumat veriblər. Çıxış edənlər ölməz sənətkar haqqında fikirlərini dilə gətirərək onun yüksək insani keyfiyyətlərini sadalayıb, xatirələrini bölüşüblər.
Aparıcı Məryəm Əlizadə Ə.Ələsgərovun həyat və yaradıcılıq yoluna nəzər salıb: “1910-cu ilin martında dünyaya göz açmış, bir çox filmlərdə və teatr səhnəsində biri-birindən maraqlı və yaddaqalan obrazlar yaratmış Ə.Ələkbərov adını sənət tariximizə əbədi həkk etmiş sənətkarlarımızdan. Aktyor 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil aldıqdan sonra türk işçi teatrında fəaliyyət göstərib və burada bir sıra yaddaqalan obrazlar qalereyası yaradıb. Bir neçə il müxtəlif teatrlarda çalışan sənətkar 1933-cü ildən öz yaradıcılıq taleyini indiki Akademik Milli Dram Teatrına həsr edib. Görkəmli sənətkarımız Ələsgər Ələkbərovun “Böyük dayaq”, “Fətəli xan”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Vulkan üzərində ev” və başqa filmlərdə yaratdığı obrazlar Azərbaycan kino tarixində xüsusi yer tutur. XX əsr milli teatr və kinomuzun ən görkəmli simalarından biri olan Ələsgər Ələkbərov 1963-cü il yanvarın 31-də vəfat edib”.
M.Əlizadə yaradıcılığının ilk illərindən Ə.Ələkbərovun tamaşalarına baxan insanların uzun müddət onun yaratdığı obrazın təsirindən çıxa bilmədiklərini, onun canlandırdığı Vaqif (“Vaqif”) və Otello (“Otello”) obrazları sənət dünyasının ən layiqli incilərindən olduğunu və korifey sənətkarın Vaqif rolunda 1000 dəfədən çox səhnəyə çıxdığını diqqətə çatdırıb.
Çıxış edənlər Ə.Ələkbərovu fərqləndirən cəhətin onun oynadığı Otello kimi xarici obrazları Azərbaycan ruhunda oynaması və bu obrazı milliləşdirməyi bacarması olduğunu dilə gətiriblər.
Gecədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorlarının ifasında Ələsgər Ələkbərovun yaradıcılığında mühüm yer tutan “Vaqif”, “Bahar suları”, “Otello” tamaşalarından parçalar göstərilib, görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxlar və fotoşəkillər nümayiş etdirilib. Teatrın foyesində Ələsgər Ələkbərovun yaradıcılıq fəaliyyətini əks etdirən lövhə də hazırlanıb.
Qeyd edək ki, tədbirin ssenari müəllifi əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu, rejissoru xalq artisti Mərahim Fərzəlibəyov olub.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.-7 iyun.- S.7.