Əliqismət Lalayev: “Azərbaycan
teatrı bu gün ən yaxşı dövrlərindən
birini yaşayır”
– Xeyli müddətdir
ki, Musiqili Komediya teatrı təmirə bağlanıb. Təmir
işlərinin nə vaxt yekunlaşacağı
planlaşdırılır?
– Musiqili Komediya
Teatrı ötən ilin noyabr ayında prezident sərəncamı
ilə təmirə bağlanıb. Teatrda çox yüksək
səviyyədə təmir işləri artıq bir neçə
aydır ki, davam edir. Ümid edirik ki, gələn teatr
mövsümündə fəaliyyətə Musiqili Komediya
Teatrının binasında başlayacağıq.
– Təmirdən sonra
teatrın fəaliyyətində yeniliklər olacaqmı?
– Teatrın uzun – 100 illik yaradıcılıq yolu var. Şübhəsiz ki, 100 illik teatrın tarixində hər zaman yeniliklər olub və bu ənənə davam edir. Bu gün bizim teatrın repertuarında ilk dəfədir ki, Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” əsəri, Səfərəliyevin “Xanama” əsəri, Üzeyir Hacıbəylinin trilogiyası – “O olmasın bu olsun”, “Ər arvad”, “Arşın mal alan” operettaları oynanılır. Müxtəlif ölkələrə, şəhərlərə qastrollar səfərlərimiz olur. İyun ayının sonunda Lənkəranda milli teatrımızın növbəti festivalı keçiriləcək, biz həmin festivalda “Evlənmə” əsəri ilə çıxış etməyə hazırlaşırıq.
Teatrda təmir işləri yekunlaşdıqdan sonra, şübhəsiz ki yeniliklər olacaq. Teatr hər zaman yeniliyə can atır. Hansı teatrda yenilik varsa məhz o teatr tamaşaçılar arasında daha çox maraq doğurur. Biz də çalışacağıq ki, tamaşaçılar arasında həm repertuarımızla, həmdə kollektivimizlə maraq doğura bilən teatr olaq. Şübhəsiz ki, həm də binamızla. Görülən işlər əsasında belə demək olar ki binamız çox gözəl olacaq. Yeni mövsümdə aktyor heyətində daha çox gənclərə üstünlük veriləcək. Biz hər zaman teatrlar arası mübadiləyə böyük önəm veririk. Respublikanın ən tanınmış rejissorları, aktyorları bizim teatra gəlib tamaşalar qoyur, müxtəlif tamaşalarda rol alırlar. Məleykə Əsədova, xalq artisti Şükufə Yusupova, əməkdar artist Qurban İsmayılov, Yaşar Nuri, Valeh Kərimov bizim tamaşalarda oynayıb. Çalışırıq ki, tamaşaçıların sevdiyi aktyorları, hətta başqa teatrlarda çalışsalar belə, dəvət edək. Mənə elə gəlir ki, bu bizim teatrda daha uğurlu alınır, çünki tamaşaçılar bizim teatra daha çox üz tutur.
– Belə fikir var ki, xarici ölkələrlə müqayisədə Azərbaycan komediya teatrının vəziyyəti o qədər də ürəkaçan deyil. Sizcə, bu gün Azərbaycan tamaşaçı üçün nə etmək lazımdır ki, onlar yolunu teatrdan salsın?
– “Ürəkaçan deyil” söhbətini o insanlar yürüdür ki, onların Azərbaycan teatrından xəbəri yoxdur. Bu gün Azərbaycanın teatr, eləcə də mədəniyyət məkanında görülən işlər saysızdı, ölkənin çox qaynar mədəni həyatı var. Bu qaynar mədəni həyatın içərisində teatrların inkişafı xüsusi qeyd olunmalıdır. Azərbaycanın müxtəlif teatrları dünyanın ən müxtəlif yerlərində qastrollarda olurlar. Xarici teatrı görmədən belə fikir yürütmək mümkün deyil, bu fikri yürüdən o insanlardır ki, nə xarici teatrdan xəbərləri var, nə də bizim teatrlardan. Onlar deyirlər ki, müqayisədə o teatrlar daha yaxşıdır. Çox istərdim ki, bu gün teatr haqqında peşəkarlar danışsın. Düzdür, Azərbaycan teatrı müəyyən çətinliklər yaşayıb. Amma bu gün teatrlarımıza olan dövlət qayğısı nəticəsində bu problemlər aradan qaldırılır. Bütün teatrlar təmir olunur, dünyanın müxtəlif aparıcı rejissorları teatrlara dəvət edilir. Təbii ki, bunlar hamısı maliyyə vəsaiti tələb edən məsələlərdir. Beynəlxalq layihələr çərçivəsində xeyli sayda xarici sənətkarlar Azərbaycana gəldi. Şübhəsiz, bu ilk növbədə Azərbaycanda ictimai-siyasi vəziyyətin sabitliyindən irəli gəlir. Bu gün xarici rejissorlar bizim bölgə teatrlarında tamaşalar qoyur. Əgər o, teatra inanmasalar, gələrlər?! Məsələn gürcüstanlı rejissor Lənkəran teatrında tamaşa hazırlayır. Deməli o, Lənkəran teatrını tanıyır. Rejissor öz fikirlərini sərbəst şəkildə deməyə qadir olan bir insandır. Və ya türk rejissor Lənkəran, Gəncə teatrında tamaşa qoymaq istəyirsə, demək, onlar Azərbaycan teatrını, eləcədə Azərbaycan teatrının bir qolu olan Lənkəran, Gəncə teatrını tanıyırlar. “Xarici ölkə teatrları ilə müqayisədə bizim teatrlar zəifdir” fikrini yürütmək yanlışdır. Heç də zəif deyil, bu gün bizim gözəl aktyor heyətimiz var. Gürcüstandan bu yaxınlarda dünya şöhrətli Robert Sturuanın teatrında tamaşalar hazırlayan, çox tanınmış rejissor Qoca Kapanedzeni bizim teatra dəvət etdik, burda “Xanuma” əsərini qoydu, eləcədə Afaq xanım kimi sənətkarla çalışdı və inanın, ayrılanda burda qalmaq, işləmək arzusunu bildirdi. Biz onun bu istəyi haqqında düşünürük. Burda müəyyən şərtlər var. Şübhəsiz, bu, ilk növbədə onun burda yaşayışı ilə bağlıdır. Müəyyən sosial məsələlər var ki, onları hər dəqiqə həll etmək mümkün olmur. Bizim teatrlar heç də başqa teatrlardan geri qalmır. Peşəkar teatrşünasların fikri bundan ibarətdir ki, Musiqili Komediya teatrında oynanılan “Arşın mal alan”, “Xanuma” və “Evlənmə” tamaşalarını dünyanın hər yerində göstərmək olar. Teatrşünas Aydın Talıbzadə Qoqolun “Evlənmə” əsəri haqqında çox gözəl resenziya yazmışdı və o qeyd edirdi ki, bu tamaşanın əlindən tut, bütün dünyanı gəz, hətta bu tamaşa ilə rusların özünə göstərmək olar ki, Qoqolu neçə oynamaq lazımdır. Təbii biz istəyirik ki, daha yaxşı olsun, çatışmayan cəhətlərimizi özümüz bilirik, amma yaxşı tamaşalarımız da var. Azərbaycan teatrı bu gün ən yaxşı dövrlərindən birini yaşayır. Teatrın bu dövründə teatr haqqında söz deyən yaxşı teatrşünaslara ehtiyacımız var. Bizi teatrdan başı çıxmayan diletantların əlində qoymasınlar. “Azərbaycan teatrı zəifdir”, “Azərbaycan teatrı ölüb”... bu sözləri teatra heç bir dəxli olmayan insanlar işlədir. İndi reklam məsələlərinə çox diqqət yetirilir. Şübhəsiz ki, reklam çox vəsait tələb edən bir məsələdir. Adicə bukletlərin, proqramların çapı üçün xeyli miqdarda vəsait tələb olunur. Eləcə də televiziyalarda roliklərin getməsinə. İnsanları uşaqlıqdan teatr ruhunda böyütmək lazımdır. Bizim teatrda 6-17 yaş arası gənclərin məşğul olduqları yaradıcılıq studiyası fəaliyyət göstərir, burda uşaqlar müasir, milli rəqslərlə məşğul olur, eyni zamanda “Günay” uşaq teatrı var. Onlar xoreoqrafiya məşqlərində iştirak edir, vokal siniflərində məşğul olurlar. Demirəm ki, o uşaqların hamısı aktyor və ya rejissor, rəssam olacaq. Amma onların hamısının çox gözəl estetik duyumları olacaq. Sabah ailə başçısı olarkən öz övladlarının əllərindən tutub teatra gətirəcəklər. Və nəhayət biz peşəkar tamaşaçı yetişdirəcəyik. Bu işləri həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyi vəsait ayırır. Dövlətin teatrlara qayğısından səmərəli istifadə edərək, ara söhbətlərə son qoymaq üçün teatrlarımız bütün gücü ilə çalışmalıdır.
– Azərbaycan teatrının bugünkü vəziyyətini neçə qiymətləndirirsiniz?
– Bu gün ölkənin çox qaynar mədəni həyatı var. Azərbaycanda beynəlxalq tədbirlər, simpoziumlar, konqreslər keçirilir. Bakıda XXI əsr dünya teatrı necə olmalıdır, inkişaf perspektivləri məsələlərinin əks olunduğu beynəlxalq teatr konfransı keçirildi. Dünyanın hər yerindən teatr xadimləri axışıb gəldilər. Onların burda gördükləri, hətta gedəndən sonra yazdıqları məktublar, bizə göndərdikləri rəylər o qədər xoş və cəlbedici idi ki. Biz sevinirik ki, bu gün Azərbaycanda yaşayırıq və Azərbaycan teatrında işləyirik. Bu gün Azərbaycan teatrı dünyaya açıqdır. Xaricə qastrollara gedirik, xaricdən bura teatr nümayəndələri gəlir. Bundan artıq teatr üçün nə lazımdır. Artıq yaxşı işləri qiymətləndirmək tamaşaçıların üzərinə düşür. Ümid edirik ki, tamaşaçılar gələcək, yaxşı işlərə öz qiymətini verəcək.
– Təmirdən sonra kimlərlə çalışmaq fikriniz var? Aktyor heyətinizdə dəyişikliklər olacaqmı?
– Bizim teatrın qapıları bizi sevən hər kəsin üçünə açıqdır. Təmirdən sonra planlarımız daha çoxdur. Planlar həyata keçdikdən sonra onlar haqqında danışmaq daha maraqlı olur.
– Uzun illər Naxçıvanda da teatra rəhbərlik etmisiniz. Teatr fəaliyyətiniz dövründə ən yaddaqalan teatr hansını hesab edirsiniz?
– Naxçıvan teatrında təxminən 10 ilə yaxın rejissor kimi çalışmışam. Amma burda rəhbər kimi işləyirəm. Professional səhnədə ilk işim Emin Sabitoğlunun və Sabit Rəhmanın gənc nəslin yaddaşında qalan, Nəsibə Zeynalova, Səyavuş Aslan və Hacıbaba Bağırov üçlüyünün təqdim etdiyi “Hicran” tamaşası ilə olub. Heç ağlıma gəlməzdi ki, 10 illər sonra mən Musiqili Komediya teatrının direktoru olacam. O zamanlar bizim görkəmli aktyorlarımız Nəsibə xanım Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov Naxçıvana gəlirdilər, bizim aktyorlarla birgə tamaşada oynayırdılar. Tamaşalardan çox razı qalırdılar, bu da məni sevindirirdi.
Rejissor öz tamaşalarını həyata gətirir, heç kim deyə bilməz ki, mənim bu əsərim digərindən daha yaxşıdır. Yaxşı hesab etmədiyi əsəri rejissor tamaşaçıya göstərməməlidir. Mən hesab edirəm ki, Naxçıvan teatrında qoyduğum işlərin hamısı çox uğurlu idi. Bu gün də rejissorlara, aktyorlara yaradıcılıqlarında irəliləyişlər əldə etmələri üçün köməklik göstərirəm. Bunu bacarıramsa, demək, öz funksiyamı yerinə yetirə bilirəm.
– Sovet dövründə musiqili komediyanın tanınmış gülüş ustaları var idi. Niyəsə son illər gənc nəslin nümayəndələri arasında belə aktyorların yetişdiyinin şahidi olmuruq. Bunun səbəbi nə ilə bağlıdır?
– Bu gün bizim teatrda Afaq Bəşirqızı kimi böyük sənətkar çalışır. Sovet dövründə işləsə belə bu gün o yenə var. Gənc nəslin nümayəndələri arasında da var. Hamının “Keyxanım” kimi tanıdığı Ülviyyə Əliyeva, Fərid Əliyev, Çingiz Əhmədov kimi istedadlı aktyorlar, Nərgiz Kərimova kimi gözəl vokalist çalışır. Ramil Qasımov Opera Teatrında Koroğlunu oynadı. Azərbaycan opera səhnəsinin 7-ci Koroğlusu Musiqili Komediya teatrından çıxdı, bu tarixi bir hadisədir.
Bu gün bizim olduqca istedadlı aktyorlarımız var. Müasirlərimiz olduğu üçün, biz onlara layiq olduqları qiyməti verə bilmirik. İllər sonra biz bu adamlara da keçmişdən gələn gözəl səda kimi baxacağıq. Sadəcə olaraq biz o aktyorları müasirimiz olduğu üçün bir az diqqətdən kənar qoyuruq.
– Necə hesab edirsiniz, bu gün Azərbaycan tamaşaçısı nəyə gülür? Gülüşün bugünkü vəziyyətindən razısınızmı?
– Belə bir gözəl söz var: “Yazıq o şəxsə ki, qaraqabaqdır, nə gözəl yaraşır insana gülmək”. Əgər siz hesab edirsinizsə ki, insanlara gülüş çox lazımdır, mütləqdir ki, gülsünlər. Onda bizim teatra gəlsinlər. Güləcəklər, onda özləri biləcəklər nəyə gülürlər. Xüsusən də son tamaşalarda səhnədə olan hadisələrə tamaşaçı reaksiyasından, siz buna gülüş deyirsiniz, çox razıyam. Tamaşaçılar bizim səhnədən demək istədiyimiz fikirləri tuturlar və məhz o fikirlərə gülürlər. O fikirlərin arxasında isə bizim təlqin etdiyimiz həyat eşqi bizim gülüşün arxasında dayanır.
– Musiqili komediya üçün yazanların sayı çoxdurmu? Yazılanlardan razısınızmı?
– Çox təəssüf ki, yox. Artıq 3 ildir ki, teatrdayam. Bu müddət ərzində gözəl səviyyəli, ürəyimizdən tikan çıxara biləcək libretto müəllifi ilə rastlaşmamışam. Buna çox təəssüf edirəm.
– Sizcə, bu nə ilə bağlıdır?
– Görünür libretto yazmaq dram əsəri yazmaqdan daha çətindir. Çox istərdim ki, Azərbaycan teatrında libretto təqdim edən gözəl müəlliflər olsun.
– Gənclərin teatrın bu növünə marağı necədir? Teatra gənclər necə seçilir?
– Müsabiqələr elan edirik. Düzdür, bu müsabiqələrdə çox adam iştirak edir, amma biz onların içərisindən bir-iki nəfəri seçirik. Çünki, Musiqili Komediya teatrının şərtləri başqadır. Burda olmaq istəyənin aktyorluq bacarığı ilə yanaşı, oxumaq, oynamağı bacarığı da olmalıdır. Bütün bu keyfiyyətləri özündə birləşdirən gənclər çox azdır. Ola bilər gözəl səsi var, amma aktyor kimi çox zəifdir. Ola bilər, aktyor kimi güclüdür, səsi yoxdur, ola bilər, bu iki keyfiyyəti özündə birləşdirsin, üçüncü keyfiyyət olmasın. Bizim teatrda bu üç şərt vacibdir. Biz çox istəyirik ki, belə gənclər gəlsin. Sentyabr ayında yenidən müsabiqə keçirmək istəyirik, görək bu dəfə kimlər gələcək, kimləri seçəcəyik.
– Xarici ölkələrdən yaradıcı heyət dəvət etməyi nəzərdə tutursunuz?
– Qarşıda planlar var,
danışmaq hələ tezdir. Reallaşandan sonra bu barədə
məlumat verə bilərik.
– Təmirdən sonra teatr
yeni avadanlıqlarla təmin olunacaq. Texniki sahələrdə
kadr məsələsi necə həll olunacaq?
– Xarici ölkələrə
mütəxəssislər göndərməyə
başlamışıq, bizim əməkdaşlar müxtəlif
kurslarda iştirak edirlər.Bu yaxınlarda 3 nəfər
Tiflisdə, 2 nəfər Novosibirskdə oldu.
İşçilərin texniki işlərə yiyələnmələri
üçün müəyyən kurslar keçməsinə,
bu kursların təşkilinə xüsusi diqqət yetiririk.
Yaxşı aktyora, rejissora ehtiyacımız olduğu qədər
gözəl dekoratora, işıqçıya, işıq rəssamlarına
da ehtiyacımız var. Bu sahədə çətinlikləri
aradan qaldırmaq üçün Mədəniyyət və
Turizm Nazirliyi bizə yaxından kömək edir.
Sədaqət SÜLEYMANOVA
525-ci qəzet.- 2011.- 7 iyun.- S.6.