Kazanda böyük türk dünyasının Tukay bayramı qeyd edildi

 

TÜRKSOY-un Nazirlər Şurasının mayın 19-22-də Moldovanın Qaqauz Yeri Muxtar Vilayətində keçirilmiş 27-ci toplantısında 2011-ci ili klassik tatar şairi “Abdulla Tukay İli” elan etdi.

Beləcə, 2011- ci il boyunca Qabdulla Tukaya həsr edilmiş silsilə tədbirlər başladı. Azərbaycanda da bir sıra elmi-ədəbi məclislər quruldu.

Şairin doğulduğu aprel ayında Kazanda keçirilən tədbirlər rəngarəngliyi, geniş miqyası ilə daha möhtəşəm göründü. Həmin günlər Kazana Türkiyədən, Altaydan, Krımdan, Qazaxıstandan, Finlandiyadan, Hollandiyadan, Rumıniyadan, İrandan, Moskvadan, Moldovadan, Özbəkistandan, Qırğızıstandan və bir sıra ölkələrdən elm adamları, yazıçı və şairlər gəlmişdilər.

Tatarıstan Respublikası Elmlər Akademiyasının Qalimcan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun “Qabdulla Tukay irsi və milli-mədəni əlaqələr” mövzusunda keçirdiyi elmi-praktiki konfrans özünəməxsus proqramı ilə diqqəti daha çox cəlb etdi. Təxminən 5-6 ay əvvəl internet vasitəsilə yayılmış elana əsasən konfransda iştirak etmək istəyənlər üçün böyük şans da yaranmışdı. Məqsəd bütün türk dünyasının alimlərini bir araya yığmaqla yanaşı, hər ölkədə Qabdulla Tukay irsinə münasibət, klassik tatar şairinin yaradıcılığının ədəbi əlaqələr çərçivəsində öyrənilməsi məsələsinə də diqqət yönəlmişdi.

25-26 aprel 2011-ci ildə Tatarıstanın Kazan şəhərində keçirilən elmi-praktiki konfransda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşları da əvvəlcədən göndərdikləri elmi məqalələrə görə burada iştirak etmək haqqı qazanmışdılar. Azərbaycan-tatar ədəbi əlaqələr üzrə tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru M.Həsənova “Qabdulla Tukay irsi və Azərbaycan ədəbiyyatşünaslığı”, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova “Qabdulla Tukayın “Saman bazarı, yaxud Yeni Kəsikbaş” poeması Azərbaycan dilində”, bu sətirlərin müəllifi isə “Qabdulla Tukay irsi və özbək ədəbiyyatşünaslığı” adlı irihəcmli elmi məqalələr ilə həmin konfransa qatılmışdıq. Əvvəlcədən göndərilən və qəbul edilən bütün məqalələr konfransın irihəcmli materiallar toplusunda dərc olunmuş və tədbirin proqramı, Qabdulla Tukayın 2 cildlik kitabları ilə birlikdə bütün nümayəndələrə paylanmışdı. Əslində elə bu nüans da tədbirin yüksək səviyyədə təşkilindən xəbər verirdi.

Tatarıstanın məşhur “Korston” mehmanxanasında keçirilən konfransın açılışında Tatarıstan Elmlər Akademiyasının prezidenti A.M.Mazqarov, Tatarıstan Respublikası Elmlər Akademiyasının Qalimcan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, professor, akademiyanın müxbir üzvü K.M.Minnullin, Tatarıstan mədəniyyət nazirinin müavini Z.R.Valeeva, YUNESKO-nun Rusiya üzrə nümayəndəsi Q.E.Orconikidze, Özbəkistan Respublikası Elmlər Akademiyası Qaraqalpaq bölməsi üzrə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, professor A.İ.Alniyazov, Türkiyə Dil Qurumunun direktoru, professor Şükrü Haluk Akalın və türk dünyasının bir sıra tanınmış ziyalıları öz ölkəsinin salamlarını iştirakçılara çatdırdılar. Plenar iclasda Azərbaycan nümayəndəsi filologiya üzrə fəlsəfə doktoru M.Həsənovanın geniş məruzəsi diqqətlə dinlənildi.

Sonra ədəbiyyatşünaslıq, dilçilik, folklor və incəsənət bölmələrində davam edən iclaslarda 144 məruzə dinlənildi. Ədəbiyyatşünaslıq bölməsinə Azərbaycana olan ehtiram və diqqətin nəticəsi olaraq bu sətirlərin müəllifi filologiya elmləri doktoru, professor Minnequlov X.Y. (Kazan) ilə birgə sədrlik etmək həvalə edilmişdi. Elə həmin bölmənin iclasında filologiya üzrə fəlsəfə doktoru X.Hümmətovanın da məruzəsi maraqla dinlənildi. Azərbaycanla bağlı, eləcə də müəllifi olduğumuz kitabları həm institutun rəhbərliyinə, Kazandakı Dövlət kitabxanasına hədiyyə olaraq təqdim etdik. Elə bu yaxınlarda Qabdulla Tukayla bağlı yazdığımız bir sıra məqalələrimiz dərc olunan respublikamızın müxtəlif mətbu orqanlarından nüsxələr də aparmışdıq. Dostlara, kitabxanalara payladıq.

Konfransın ikinci günü Kazandakı məşhur “Kreml sarayı”na gəzinti ilə başladı, “Milli Rəsm Qalereyası”nda rəssamların Q.Tukaya həsr etdikləri rəngli və gözəl əsərlərlə tanış olduq. Eyni zamanda şəhərin mərkəzində ucalan və gül-çiçək yağışına yuyulmuş Q.Tukayın əzəmətli heykəli qarşısında şeir bayramı keçirildi. Türk dünyasının bütün nümayəndələrini əhatə edən bu qrupda hamı biri – birinə mehriban və hörmətlə yanaşırdı, sanki illərin tanışı və yoldaşı kimi.

Günün ikinci yarısında isə M.Cəlil adına Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrında Q.Tukayın anadan olmasının 125 illiyi ilə əlaqədar təşkil olunmuş təntənəli yığıncaq başladı. Tədbiri Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov giriş sözü ilə açaraq Qabdulla Tukayın tatar ədəbiyyatının inkişafındakı elmi-ədəbi fəaliyyəti haqqında danışdı. Sonra YUNESKO-nun nümayəndəsi, RF mədəniyyət nazirinin müavini, TürkSOY-un sədri Dusen Kaseinov və başqaları çıxış edərək “Qabdulla Tukay-125” tədbirinin bütün iştirakçılarını salamladılar.

İki hissəli “Şairin eşqi” (bəstəkar R.Axiyarovun, librettosu P. Xarisanındır) operası tamaşaçılara təqdim olundu. Yüksək səhnə dekorasiyası olan, gözəl aktyor oyunları ilə nakam bir gəncin taleyini əks etdirən tamaşa böyük anşlaqla keçdi.

Sonda – axşamüstü “Kortson” mehmanxanasında ölkə prezidenti R.N.Minnixanovun adından Kazanın “Qabdulla Tukay-125” ünvanlı qonaqlarına ziyafət verildi. Ziyafət ərəfəsində Azərbaycan nümayəndə heyəti adından ölkə prezidentinə yaxınlaşdıq, türk dünyası adından keçirilən bu möhtəşəm bayramlarını bir daha təbrik etdik, xatirə şəkilləri çəkdirdik. Azərbaycanın müstəqilliyi uğrunda gənc ömrünü fəda edən 20 yaşlı şəhid – şair Ülvi Bünyadzadənin “Ömür yolu” (Azərbaycan, türk, rus, gürcü və ingilis dillərində) və “Ömrüm sənin eşqindi” kitablarını Prezidentə təqdim etdim. Azərbaycan adına göstərilən böyük hörmət və ehtiram yəqin ki, uzun illər xatirimizdən silinməyəcəkdir.

Həmin gün biri-birindən rəngarəng, maraqlı hadisələrlə, görüşlərlə başa çatdı. Gözəl tatar qızlarının səmimiyyətlə dolu qayğıkeşlikləri adamı lap duyğulandırırdı. Qabdulla Tukayın “mən türkəm, mən tataram” – həmin günlərin simvolik şüarına çevrilərək hər kəsin dodağında nəğməyə çevrilmişdi.

Q.Tukay istər nəsr əsərlərində, istərsə də şeirlərində sözünü daha kəskin, aydın, lakonik deyə bilmişdi. Vətəninə, millətinə olan sevgisini, can könüldən bağlılığını həm lirik duyğulu, həm də satirik şeirlərində ifadə etməyə uğurla nail olmuşdur. Millətinə xitabən yazdığı lirik ovqatlı “Millətimə” (1907) şeirini xatırlayaq:

 

Bütün fikrim, gecə-gündü

             sizə aiddir, millətim,

Səhhətindir səhhətim,

            həm illətindir illətim.

Müqəddəssən, möhtərəmsən

            içimdə bütün hər şeydən,

Dəyişməm kainata millətimi,

                   milliyyətimi.

... Sevər mənim qəlbim “milli”

           kəlməsini, bilməm nədən?

Eylə “milli” millətimi,

            bəxş et məmnuniyyətimi.

 

Şairin şeirlərindəki millət və millətçiliklə bağlı fikirləri xüsusilə fərqlənir.   İlk əvvəlki yaradıcılığında o, “millət” deyə bütün müsəlman dünyasına üz tuturdusa, sonrakı əsərlərində Tatar millətinə, millətçiliyinə, tatar milliyinə üstünlük vermişdir.

Kazandakı “Qabdulla Tukay-125” yubileyi çərçivəsində marağımı daha çox cəlb edən hadisələrdən biri də məktəbyaşlı uşaqların küçələr boyu əl-ələ tutaraq və “Mən tatarca danışıram” nəqarətli nəğmələr oxumaları sanki bütün dünyaya, istilaçı qüvvələrə üsyan himni idi, onların üç sözdən ibarət bu kəlmələri Tukay ömürlüyünə məhəbbət simvolu idi.

 

 

Almaz ÜLVİ,

filologiya elmləri doktoru

 

 525-ci qəzet.- 2011.- 7 iyun.- S.7.