Dövlət dilinə hörmət hər kəsin borcudur

 

Bu ilin oktyabrında Azərbaycan Respublikasında dövlət müstəqilliyinin 20 illiyini təntənə ilə qeyd edilməsinə hazırlıq gedir. 20 ildə Azərbaycanın qazandığı uğurlardan çox yazılıb və təbii ki, bundan sonra da yazılacaq. Amma yubiley ərəfəsi hələ də Azərbaycan dilinin dövlət dili kimi sərbəst işlədilməsi sahəsində problemlərin olması təəssüf doğurmaya bilməz. Bu problemlərin həllinin zəruriliyi ilə bağlı vətəndaş mövqeyi bildirənlərə qarşı digərlərinin deyil, daha çox ruslaşma siyasətinə məruz qalmış azərbaycanlıların çıxış etməsi isə problemin həllini daha da çətinləşdirir. Özü də bunu gənc nəslin vətənpərvərlik, milli dövlətçilik ruhunda tərbiyəsinə məsul olan şəxslərin etməsi təəccüb doğurmaya bilməz. Bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycan dili hazırda 50 milyona yaxın azərbaycanlının danışdığı və digər türk xalqlarının da başa düşdüyü geniş yayılmış bir dildir. Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunana qədər Qafqaz xalqları arasında ünsiyyət dili məhz Azərbaycan dili olması da onun geniş yayılmasından xəbər verir.

Şimali Azərbaycanın 1828-ci ilin fevralında imzalanmış Türkmənçay müqaviləsi ilə çar Rusiyası tərəfindən işğalı ilə başlanan ruslaşma siyasətinə qarşı xalqımız daim mübarizə aparıb, öz dilini, adət-ənənəsini qoruyaraq bu günə qədər gətirib çıxarıb. XIX əsrin əvvəllərində Qasım bəy Zakir və silahdaşlarının apardığı mübarizə, 1875-ci ildən “Əkinçi” qəzetinin nəşri ilə başlanan milli şurun inkişafı H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, F.Köçərli və başqa şəxsiyyətlərin ciddi səyləri ilə daha da inkişaf etdirildi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycan dilinin dövlət dili elan edilməsi məhz bu cur gərgin mübarizənin nəticəsində mümkün oldu.

XI ordunun işğalından sonra yenidən ruslaşma siyasətinə məruz qalan Azərbayan xalqının dilinin, adət ənənəsini müdafiəyə qalxanlar içərisində milli qüvvələrlə yanaşı, N.Nərimanov, Ə.Xanbudaqov kimi hakimiyyətdə təmsil olunan şəxsiyyətlərin də olması təqdirəlayiq haldır. N.Nərimanov “Bəzi yoldaşlara cavab” məqaləsində yazırdı: “Türk dili (Azərbaycan dili) Azərbaycanda dövlət dili elan edilmişdir və Azərbaycanda bu dilin hüquqlarından və üstünlüklərindən tam şəkildə istifadə olunmalıdır. Heç kim bunu ləğv edə bilməz və heç kimə də imkan verilməz ki, Azərbaycanda bu dilin mənasını, rolunu azaltsın”. Təəccüblüsü odur ki, o zaman N.Nərimanovun obyektiv mövqeyinə qarşı çıxanların əksəriyyəti özlərini beynəlmiləlçi adlandıran azərbaycanlı kommunistlər olmuşlar. Onlar erməni L.Mirzəyanla birləşərək N.Nərimanova qarşı mübarizə aparmış, ondan Moskvaya çoxlu sayda şikayət məktubları yazmışlar. Bu mübarizənin qurbanı olan N. Nərimanova kommunist rejimi XX əsrin 50-ci illərin ortalarına kimi millətçi damğası vurmaqla, onu tarix səhnəsindən silməyə çalışmışdı. 1930-cu illər repressiyaları milli şura malik H.Cavid, M.Müşfiq, Ə.Cavad kimi ziyalıları cismən məhv etsə də, mübarizəni dayandıra bilməmişdi.

Stalinin ölümündən sonra siyasi mühitin bir qədər demokratikləşdirilməsi milli dil uğrunda mübarizənin yeni mərhələsinin əsasını qoymuşdur. Azərbaycan KP MK-nın birinci katibi İ. Mustafayev və Ali Sovetin sədri, xalq yazıçısı M.İbrahimovun 1959-cu ildə vəzifədən uzaqlaşdırılması da onların məhz Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasına çalışmaları olmuşdu. Bu dövrdə şair və yazıçıların öz əsərlərində Azərbaycan dili uğrunda mübarizəsi sonrakı dövrlərdə də müvəffəqiyyətlə davam etmişdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusən də 1992-1993-cü illərdə respublikada yaşayan rusdilli vətəndaşlar Ədliyyə Nazirliyinin nəzdində təşkil olunmuş Azərbaycan dili kurslarına yazılaraq ciddi səylə dövlət dilini öyrənməyə başlamışdılar. Onlar düzgün olaraq belə hesab edirdilər ki, müstəqil dövlətin vətəndaşlarıdırlarsa, deməli dövlət dilini də bilməlidirlər. Hazırda Azərbaycan dilində sərbəst danışan rusları, ukraynları, yəhudiləri və digər xalqların nümayəndələrini görəndə onlara olan hörmət daha da artır.

Bir neçə il bundan qabaq dövlət dilinin fəal işlədilməsi problemləri ilə bağlı ANS ÇM radiosunda debatda mənim opponentim kimi redaksiyaya digər millətlərin nümayəndəsinin deyil, rusdilli azərbaycanlının gəlməsi problemin hansı səviyyədə olmasının göstəricisidir. Ermənilər hazırda Azərbaycana qarşı bütün vasitələrdən istifadə etdiyi bir vaxtda bizim hələ də öz dilinə ögey münasibət bəsləyənləri haqqa gətirə bilməməyimiz acı təəssüf doğurur.

Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində deyilir:

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Bəzi rusdilli azərbaycanlıların 21-ci maddənin I bəndinə deyil, II bəndinə istinad edərək dövlət dilinə deyil, rus dilinə üstünlük verməsinə haqq qazandırmaq fikrimizcə yanlışdır. Çünki I maddədə qeyd olunan “Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir” müddəası abstrakt bir müddəa deyil. Bu maddəyə görə Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını məhz əhalinin 90 faizini təşkil edən milli çoxluq və ondan sonra digər vətəndaşlar vasitəsilə həyata keçirməsi nəzərdə tutulub. Bir anlığa təsəvvür edək ki, qanunların humanistliyindən sui–istifadə edərək 90 faizin hamısı rus dilinə üstünlük verərsə onda milli dövlət uğrunda uzun illər aparılan mübarizənin nəticəsi heç olar. Şükür ki, bu cür şəxslər azdır və dövlət inkişaf etdikcə sayı daha da azalır. Fikrimizcə, II maddə əsasən milli azlıqların nümayəndələri üçün nəzərdə tutulub və tolerantlığın əsas göstəricisidir. Lakin bu da o demək deyil ki, Azərbaycan Respublikasının vətəndaşı olan digər xalqlar dövlət dilinə qarşı laqeyd qalmalı, onu öyrənməməlidirlər.

Fikrimizcə Konstitusiyanın qəbulundan 7 il keçdikdən sonra, 2002–ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” yeni qanunun qəbul edilməsi problemlərin hələ aradan qaldırılmadığının əsas göstəricisi idi. Qanunun “Dövlət dilinin qorunması və inkişafı” adlı 18- ci maddənin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır”. Lakin faktlar göstərir ki, bu cür cəhətlər hələ də qalmaqdadır.

Prezident H.Əliyevin rəsmi tədbirlərdə yüksək rütbəli məmurların çıxışlarını kəsərək onlardan dövlət dilində danışmağı tələb etməsinin öz müsbət nəticəsini qısa müddətdə verməsi çoxlarının yadındadır. Bundan nəticə çıxarmayan vətəndaşın, xüsusilə məmurun, müəllimin, elmi işçinin və başqalarının hazırda nədənsə şikayətlənməyə haqqı yoxdur.

Fikrimizcə, dövlət dilinin fəal işlədilməsinə nail olmaq üçün aşağıdakı tövsiyələrin həyata keçirilməsinə ehtiyac var:

1. Dövlət dilinin fəal işlədilməsi üçün mühitin, mənəvi və maddi bazanın yaradılması;

2. Dövlət dili haqqında qəbul edilmiş qanunların icrasına nəzarətin daha da gücləndirilməsi;

3. Ali və orta ixtisas məktəblərinə tələbə qəbulu zamanı Azərbaycan və rus qruplarında müsabiqənin birgə aparılması və keçid balının eyni olması (Hazırda keçid balının rus qruplarında az olması, bəzi azərbayanlı valideynləri uşaqlarını orta məktəbin rus qruplarına verməyə həvəsləndirir);

4. Elmi Şuralarda müdafiə olunan dissertasiyaların yalnız dövlət dilində yazılmasının təmin edilməsi (Hazırda müdafiə olunan dissertasiyaların yarıdan çoxu dövlət dilində deyil, rus dilində müdafiə olunur);

5. Dövlət dili haqqında qəbul edilmiş qanunların müasir dövrə uyğun olaraq təkmilləşdirilməsi;

6. Dövlət dilinə ögey münasibətə ictimai qınaq mühitinin yaradılması;

7. Dövlət qulluğuna, xüsusilə də gənc nəslin tərbiyəsi ilə bağlı fəaliyyətlə məşğul olan kadrları işə qəbulu zamanı işə onların dövlət dilinə, bayrağına, himninə hörmət hissinin olmasına xüsusi fikir verilməsi və s.

Bu tövsiyələrə müxtəlif münasibətlərin olması təbiidir. Lakin Azərbaycanın dövlət müstəqilliyi kimi, dilinin də ildən-ilə daha da güclənəcəyi şübhəsidir.

Dil haqqında diskussiyalarda adətən “quyuya su tökməklə quyuda su olmaz” kimi atalar məsələləri çox işlənir. Fikrimizcə dövlət dilinə məhəbbət, millətə, dövlətə bağlılıq tərbiyəsi ailədən başlamalı, məktəbdə davam etdirilməlidir. Bunu üçün Yaponiya, qardaş Türkiyə kimi dövlətlərdən nümunə götürmək olar. Bu prosesdə buraxılmış səhvlərdən ibrət götürməli, Azərbaycan dövlətinin daha da gücləndirilməsi üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir.

 

 

Məhərrəm  ZÜLFÜQARLI

İctimai Problemlərin Tədqiqi

Assosiasiyasının sədri

 

525-ci qəzet.- 2011.- 7 iyun.- S.4.