Ali Yavuz Akpınar: “Türk xalqlarının çox zəngin ortaq mədəni-mənəvi dəyərləri var”

 

“AZƏRBAYCAN VƏ TÜRKİYƏ KLASSİK ƏDƏBİYYATLARININ TƏMƏLİ BİRDİR, BUNLARI AYIRMAQ OLMAZ”

 

Türk dünyasının dəyərli şairi və alimi, Türkiyənin Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru Ali Yavuz Akpınar bugünlərdə Azərbaycana gəlib. Bu gəlişini fürsət bilərək, onunla həmsöhbət olduq, fikir və düşüncələrini öyrəndik.   

Ali Yavuz Akpınar 1947-ci ildə Ardahanda dünyaya göz açıb. 1969- cu ildə Ərzurum Atatürk Universitetində Türk dili və ədəbiyyatı bölümündə təhsil alıb. 1969-1984- cü illərdə Atatürk Universitetində Azərbaycan ədəbiyyatı sahəsində asistan olaraq çalışıb. 1980-ci ildə Mirzə Fətəli Axundzadə haqqında dissertasiyasını tamamlayıb və 1994-cü ildə dosent olub. 1992- ci ildə bir il boyu “Amerikanın səsi” radiosunda Azərbaycan mədəniyyəti ilə bağlı məqalələr yazıb və səsləndirib. 1989-cu ildə ədəbiyyatımızın təbliğində göstərdiyi xidmətlərə görə Azərbaycanda dövlət mükafatına layiq görülüb. 1993-cü ildə Azərbaycan ədəbiyyatı və Türkiyə-Azərbaycan arasındakı ədəbi əlaqələr mövzusunda araşdırmaları və əsərlərinə görə Bakı Dövlət Universitetinin fəxri professoru seçilib. 1996- cı ildə Türk Ocaqları Mərkəzinin “Ziya Gökalp İlim və Teşvik” mükafatına layiq görülüb. Məmməd Əmin Rəsulzadə və İsmayıl Qaspralının külliyyatının nəşrilə məşğul olan Ali Yavuz Akpınarın elmi araşdırmalarının təməlini Cənubi və Şimali Azərbaycan ədəbiyyatı, XIX əsrin sonu ilə XX əsrin əvvəllərində Türkiyə ilə Türk dünyası arasında ədəbi əlaqələr təşkil edir. Araşdırma səbəbi ilə 1970-ci ildən etibarən tez-tez Sovet İttifaqı və İranda olub. Bu sahələrdə nəşr edilmiş ona yaxın əsəri və bir çox məqalələri var. Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun müxbir üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Professor Ali Yavuz Akpınar hazırda İzmirdə Ege Universitetində “Türk ləhcələri və ədəbiyyatları” bölümündə çalışır. Onunla görüşümüzdə dəyərli şair və alim Azərbaycana budəfəki gəlişinin səbəbini belə açıqladı.

 “Azərbaycana bu gəlişimin səbəbi Xəzər Universitetində “Azərbaycan dünya ədəbiyyatında” mövzulu tədbirlə bağlıdır. Əlbəttə ki, Türkiyə mənbələrində Azərbaycanla bağlı məlumatlardan saatlarla danışmaq olar. Ancaq onu deyə bilərəm ki, Osmanlı dövlət arxivində Azərbaycanın yaxın tarixi ilə bağlı – 1918-1919- cu illər, ondan əvvəlki tarixlə əlaqəli o qədər sənəd var ki, sizin tədqiqatçılar onları hələ yeni-yeni tədqiq etməyə başlayırlar. Hətta İran azərbaycanlıları, irandakı türklərin Səttar xan hərəkatından sonrakı inkişafları, siyasi vəziyyətləri haqqında Türkiyədə qiymətli sənədlər var. Azərbaycana gəlib-getmiş ziyalılarımızın xatirələri var. Bunlar çox əhəmiyyətlidir, həmin sənədləri bilmək, görmək lazımdır və yaxın tariximizi öyrənmək üçün bu mənbələr son dərəcə mühümdür”.

Ali Yavuz Akpınar bu fikirdədir ki, hər iki türk xalqının ədəbiyyatı klassik dövrdə bir-birindən elə də fərqlənmir: “Ancaq dil faktlarına əsaslanan ayrılıqlar ola bilər. Bununla belə, Azərbaycan klassik ədəbiyyatının təməli, o təməldəki dünyagörüş, ədəbiyyat anlayışı, vəzn, qafiyə məsələləri hamısı Türkiyə ədəbiyyatı ilə birdir və bunları ayırmaq olmaz. Çünki bunun kökü Şərq ədəbiyyatından gələn islami, dini motivlərə dayanır. Biz buna divan ədəbiyyatı deyirik, burada klassik ədəbiyyat deyilir. Yalnız Sovet dövrü Azərbaycan ədəbiyyatında bir qədər fərqlilik başlayır. Buna qədər arada o qədər də əhəmiyyətli bir fərq yox idi. Azərbaycanda 1917-ci ilə qədər inkişaf edən ədəbiyyatda da ortaq xüsusiyyətlər çoxdur. Yəni Azərbaycan modern ədəbiyyatı Mirzə Fətəli Axundovla başlayır desək də, diqqət edəndə görürük ki, orda da Avropa ədəbiyyatının izləri, Avropa təfəkkürünün ədəbiyyatımıza gəlməsinə bağlı ortaq cəhətlər var. Çünki Türkiyə ədəbiyyatına da  artıq XIX əsrin ortalarında Avropa ədəbiyyatının təsiri başlamışdı. Azərbaycanda Avropa ədəbiyyatına meyli Mirzə Fətəli Axundov, Türkiyədə də Namik Kamal, Şinasi kimi görkəmli yazıçılar təmsil edib. Məna etibarı ilə Axundovla Namik Kamalı, Şinasini qarşılaşdırmaq olar, amma Axundovun özünəməxsus bir dünyagörüşü var ki, onu xüsusən qeyd etmək lazımdır”.

Azərbaycan ədəbiyyatının, yazıçılarının Türkiyədə geniş təbliğatı ilə məşğul olan professor yeni nəsil yazarların yaradıcılığını izləmədiyini bildirdi. Bunun səbəbini də həm universitetdə dərs cədvəlinin mürəkkəb olması, həm də davamlı tədqiqatlar aparması ilə izah etdi: “Təəssüf ki, həm Universitetdə dərs dediyim, həm də xüsusi tədqiqatlarla məşğul olduğum üçün Azərbaycanın gənc yazarlarının yaradıcılığını izləmək imkanım olmur. Məsələn, uzun illərdən bəri mən İsmayıl bəy Qaspıralı ilə bağlı tədqiqat aparıram. Onun külliyyatını nəşrə hazırlayıram. Bundan başqa Azərbaycan ədəbiyyatının XIX və XX əsrlər dövrü ilə məşğulam. Ona görə də günümüzdəki ədəbiyyatı izləməyim mümkün deyil”.

Türkiyədə tələbələrin Azərbaycan ədəbiyyatına böyük marağı olduğunu qeyd edən həmsöhbətimiz “bir millət iki dövlət olduğumuz üçün “bir millətin bir ədəbiyyatı olmalıdır” fikrini önə çəkdi: “Türkiyədə sadəcə Azərbaycan deyil, bütün keçmiş Sovet İttifaqının tərkibində olan türk xalqlarının dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük maraq var. Gənclərimiz indi özbək, qırğız, qazax, türkmən dillərini öyrənməyə can atırlar. Siyasətçilərin dediyi söz doğrudur. Biz iki dövlət olsaq da, nəticə etibarı ilə bir millətik. Sadəcə azərbaycanlılarla deyil, Krım tatarları ilə, qazaxlarla, qırğızlarla, özbəklərlə də kökümüz eynidir. Ancaq Azərbaycanla daha çox yaxınıq və elə bil ki, tale bizi bir-birimizdən zorla ayırıb. Bu ayrılıq Şah İsmayıl Xətai və Yavuz Sultan Səlimlə başlayıb. Bu çox kədərli bir tarixdir. Hələ də Türk tarixində hər ikimizin zərərinə olan silinməz izlər var. Amma artıq o günlər geridə qalıb. Azərbaycanla Türk ədəbiyyatı, türk təfəkkürü arasında heç bir fərq olmamalıdır və bir-birimizi çox gözəl anlamalıyıq. Sovet dövrü bizim bir-birimizi tanımağımıza imkan vermirdi. Artıq bu problem aradan qalxıb. Türkiyədə Türk dünyası haqqında hər ay bir kitab çap olunur. Məqalələri hələ demirəm. Türkiyədə Azərbaycan türkcəsini yaxşı bilən sayılı adam var idisə, indi minlərlə adam var ki, Azərbaycan ədəbiyyatından romanlar, şeir, hekayələr, elmi əsərlər çap etdirirlər, oxuyurlar. Azərbaycanla münasibətlərimiz sürətlə inkişaf edir. Ancaq bunun əksi olaraq Azərbaycanda Türkiyə ədəbiyyatından nəşrlər azdır. Bu da məlum məsələdir ki, Azərbaycanda əhalinin sayı 10 milyona yaxındır , bizim orda 80 milyon əhalimiz var və ikisinin arasındakı tələblər vəziyyətə görə dəyişir. Sonra bizim Türkiyədə çap, nəşriyyat imkanlarımız, xüsusilə də dövlətin bu sahəyə qarşı diqqəti və imkanları artıb. Sadəcə Azərbaycan deyil, digər bir Türk dünyasından bəhs edən kitab çap etmək keçmişdəki kimi çətinlik törətmir, asanlıqla kitab çap etdirmək imkanlarımız var, dövlət də buna dəstək verir. Bir az da texnologiya buna kömək edir”.

Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında o qədər də böyük fərq olmadığını bildirən qonaq, belə gedərsə, yaxın zamanlarda qarşılıqlı çevirmələrə gərək qalmayacağını deyir:

“Mən inanıram ki, biz bir-birimizi bir az da yaxından tanıdıqdan sonra qarşılıqlı çevirmələrə də gərək qalmayacaq. Şeirləri demirəm. Şeir bir qədər çətindir. Düzdür, mən şeirlərin çevirilməsinin əleyhinəyəm. Məncə, orijinalını verib, sadəcə şərh etmək lazımdır. Mən Anar bəylə birlikdə Azərbaycan ədəbiyyatının antologiyasını şərh etdim. Ayrı-ayrı şairlərdən şeirlərin dilinə toxunmadan anlaşılmayan sözlərin sətir altında açıqlamasını vermişəm. İndi siz fikir verin ki, bir azərbaycanlı ilə Türkiyə türkü oturub qarşılıqlı söhbət edirik və bir-birimizi çox gözəl anlayırıq. Bu dildə nə kimi bir fərq ola bilər axı”. Y.Akpınar Sovet hakimiyyətinin bərqərar olduğu illərdə Azərbaycan dilinin öz kökündən uzaqlaşdırıldığını dedi: “Sovet dövründə Azərbaycan dili öz kökündən uzaqlaşdırıldı. Mən dilimizdəki fərqə bir o qədər də əhəmiyyət vermirəm. Düşünürəm ki, bizim dilimiz arasındakı fərq sadəcə olaraq şivə fərqi ola bilər. Məsələn, bir naxçıvanlı ilə bir qubalının danışığı arasındakı fərq kimi. Bu tarix boyu olub. Məsələn cığatay türkcəsi olub Orta Asiyada. Əlişir Nəvai cığatay türkcəsində yazıb, Osmanlılar da cığatay mədəniyyətini başa düşüblər, onun haqqında hətta şeirlər də yazıblar. Yəni nəticədə etnik mənsubiyyətimiz birdir, türk xalqlarının çox zəngin ortaq mədəni-mənəvi dəyərləri var. Bir-birimizə yaxınlaşsaq, düşünürəm ki, yenidən bütövləşə bilərik. Sovet dönəmində qəsdən sizin sözlərin tələffüzü farsların tələffüzünə yaxınlaşdırıldı. Son beş altı ildən etibarən Azərbaycan ədəbiyyatı Türkiyədə tanınma dövründə idi. Amma artıq bu kitablar nəşr olunmağa başlandıqdan sonra türk elm aləminin diqqətini cəlb etdi və artıq azərbaycanlı yazıçılar üzərində elmi tədqiqatlar aparılmağa başlandı. Məsələn, Anar, Elçin haqqında yazıldı, yəqin ki, yaxınlarda Yusif Səmədoğlu haqqında tədqiqat aparılacaq. Zaman irəlilədikcə daha da yaxınlaşma olacaq. Türkiyədə ədəbiyyatşünaslar, tənqidçilər bu əsərlər haqqında öz fikirlərini söyləyəcəklər. Mən Azərbaycana 1970-ci illərdən gəlib-gedirəm. Ancaq o zamanlar bizim aramızdakı münasibətlərin bu cür gözəl olacağını, doğrusu, təsəvvür belə etmirdim. Hətta o zamanlarda bir çox alimlərlə qorxa-qorxa danışırdım. Amma çox şükür ki, artıq belə bir problemimiz yoxdur . 60-cı illərdə, ondan daha əvvəl, 20-30-cu illərdə də bizim aramızda müəyyən qədər yaxınlaşma olmuşdu. Məsələn, Hüseyn Cavid, Sabir bizim üçün də çox doğmadır. Hətta Sabirin “Hophopnamə”si Türkiyədə lap əvvəllərdən tanınırdı, 1910-1920- ci illərdə Sabiri bizim ziyalıların əksəriyyəti yaxşı bilirdi. “Molla Nəsrəddin” jurnalını Türkiyədə tanıyırdılar, oxuyurdular. Əlifba problemimiz də yox idi. Hüseyn Cavidin əsərlərini Türkiyədə oxuyub-yazmaq bilən hər kəs alıb oxuyurdu. Hətta bizim Türkiyə türkcəsindən daha sadə və təmiz bir türkcə var Cavidin şeirlərində. Bizim Türkiyə türkcəsi Cümhuriyyətdən sonra ərəb-fars sözlərindən uzaqlaşdı. Ancaq Azərbaycan dilində belə hadisə olmadı. Biz dilimizdən boş yerə bir çox ərəb-fars sözlərini çıxartdıq. Sizinlə, tatarlarla, özbəklərlə və bir çox türk xalqları ilə münasibətlərimizi, ortaqlığımızı saxlayan cəhətləri atdıq, indi də danışanda onları tapmaqda çətinlik çəkirik. Əlbəttə, dilimizdə lazım olmayan, türkcə qarşılığı olan ərəb-fars sözlərini demirəm. Qarşılığı olmayan sözlərin qarşılığı tapılsın. Amma qarşılığı olmayan elə sözlər var ki, onları biz yenidən söz düzəltdik, yəni kökü olmayan, türkcədə yeri olmayan kəlmələr törətdik ki bu da doğru deyil. Dilin bir də iqtisadi dəyəri var. Türk dünyasında sırf iqtisadi cəhətdən bir ortaqlıq lazımdır. Deyək ki, Səməd Vurğunun bir əsərini Türkiyədə səhnəyə qoyduq. Bir var ki, bu əsəri 10 milyon nəfər izləsin, bir də var ki 80 milyon. Burda daha çox gəlir əldə olunar və aktyor da yaxşı qazanar, kostyumlar da daha mükəmməl olar. Ona görə də dilimizdə ortaq xüsusiyyətləri artırmalıyıq. Bu elə bir nöqtəyə gəlməlidir ki, ortaq bir ədəbiyyatımız – Ümumi Türk ədəbiyyatı olsun. Necə ki, ümumi bir ərəb ədəbiyyatı var. Dövlət olaraq ayrıldılar, ancaq ədəbiyyatları birdir. Almaniya ilə Avstriya ədəbiyyatı da birdir. Zamanında Slavyan xalqları da bu birliyi yarada bilmədilər. Bizim də aramızda bu soyuqluq hələ də tam aradan qaldırılmayıb. Biz türk dünyası olaraq birləşməliyik. Təbii ki, bunu heç birimizin siyasətinə də zərəri yoxdur. Əlbəttə ki, dünya ticarətində də, siyasətində də hər bir türk dövlətinin ayrı bir yeri olacaq”.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2011.- 7 iyun.- S.6.