Cabbarlışünaslığa
yeni və dəyərli töhfə
XX əsr Azərbaycan ədəbiyyatında
ən çox öyrənilən, tədqiq və nəşr
olunan sənətkarlardan biri Cəfər Cabbarlıdır
(1899-1934). Filologiya elmləri üzrə fəlsəfə
doktoru, dosent Asif Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı
və mühiti”(Bakı, “Elm” nəşriyyatı,
2009) kitabını oxuyana qədər, səmimi qəlbdən
etiraf edim ki, “C.Cabbarlı haqqında hər şeyi bilirəm
iddiasında olmasam da, çox şeyi bilirəm”
gümanında idim. C.Cabbarlının sovet dönəmində
və müstəqilliyimizin ilk illərində çap
olunmuş bədii və elmi əsərlərini, tərcümələrini
oxumaqla yanaşı, akademik Məmməd Arifin məlum tədqiqatlarından
üzü bu yana böyük dramaturq haqqında yazılan
çox sayda elmi-nəzəri, bədii-publisistik əsərləri
də oxuduğumdan və sənətimlə bağlı uzun
illər C.Cabbarlını tədris etdiyimdən
özümü bu bənzərsiz sənətkarın az qala
bilicilərindən biri hesab edirdim. Asif müəllimin
– arxiv tozunu uda-uda, saralmış kağızlarla dilləşə-dilləşə,
onlara yeni həyat bəxş edə-edə nəzəriyyəçi
və mətnşünas alim kimi formalaşan təvazökar
qələm dostumun kitabını oxuyandan sonra başa
düşdüm ki, bildiklərim C.Cabbarlını olduğu
kimi qavramağa yetərli deyilmiş.
Asif Rüstəmli
tədqiqatını o faktlar əsasında qurub ki, bu
faktların əksəriyyəti ya büsbütün ədəbi-elmi
ictimaiyyətə bəlli olmayıb, ya da bəlli olubsa da,
üstündən vaz keçilmək məsləhət
bilinib. Hər
iki halı C. Cabbarlı həyatı və irsinin tədqiqi
tarixi üçün zərərli hal hesab edir və bu
“unudulmuş” faktlarla böyük ədibin sənət və
həyat yolunun bir sıra qaranlıq məqamlarına
işıq tutduğu üçün müəllifə bəri
başdan minnətdarlığımızı bildiririk. C.Cabbarlının
otuz beş illik ömür tarixçəsini və iyirmi ildən
artıq davam edən yaradıcılıq yolunu, demək olar
ki, sətir-sətir vərəqləyən A. Rüstəmli
təkzib olunmaz dəlillərlə sübut edir ki, ədibin
7-ci rus və müsəlman məktəbində oxuması da,
mətbuata ilk gəlişi də, indiyəqədərki tədqiqatlarda
olduğu kimi deyil, yəni C.Cabbarlının 1907-ci ildə
birinci sinifə getməsi və 1915-ci ildə mətbuat aləminə
gəlməsi tarixləri yanlışdır. Əldə
etdiyi dəlillərlə o, sübut edir ki, C.Cabbarlı
1905-1908-ci illərdə 7-ci rus və müsəlman məktəbində
oxumuş, ilk yazısı da 1907-ci ildə “Tazə həyat” qəzetində
dərc olunmuşdur.
C.Cabbarlının uşaqlıq və
ilk gənclik çağları, 7-ci rus və müsəlman
məktəbində və Bakı şəhər Alekseyev
adına 3-cü Ali-ibtidai məktəbdə oxuduğu illər,
ona dərs deyən müəllimlər, yazılarını
çap etdirdiyi mətbuat orqanlarının gənc
Cabbarlının dünyagörüşünün
formalaşmasına təsiri barədə yerli-yataqlı və
inandırıcı məlumat verən müəllif
özündən əvvəl bu sahə ilə məşğul
olan tədqiqatçıların əsərlərini də
araşdırmaya cəlb etməyi unutmur, irəli
sürdüyü hər bir mülahizənin arxasında fakt,
yaxud rəsmi sənəd durduğundan bir çox mübahisəli
məsələlərə aydınlıq gətirir. Gənc
C.Cabbarlının ilk poetik əsərlərinin nə vaxt və
hansı mətbuat orqanlarında çap etdirməsi məsələsinə
aydınlıq gətirən A.Rüstəmli gərgin və
üzüntülü zəhmət sayəsində
tapdığı faktlara əsaslanaraq mübahisəyə
biryolluq son qoyur və yazır: “İstinad edilən faktlar, irəli
sürülən arqumentlər Cəfər Cabbarlının
ilk lirik və satirik şeirlərinin tarixinin 1915-ci il aprel və
iyun aylarında çap edilmiş “Bahar” və “Əl
götür” əsərlərindən deyil, “Həqiqəti-əfkar”
qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc
edilən “Eşidənlərə” və “Şücaətim”
şeirlərindən başlandığını təsdiqləyir.
Məlumdur ki, elmi ictimaiyyət C.Cabbarlının ilk dram əsəri
olan”Vəfalı Səriyyə”nin 1915-ci
ildə yazıldığını qəbul etmiş,
hazırkı ali və orta məktəb dərsliklərində
bu fakt bu gün də qüvvədə qalmaqdadır. A.
Rüstəmlinin əldə etdiyi və C.Cabbarlının
öz xətti ilə yazılmış bir cib
kitabçasında “Vəfalı Səriyyə”
dramının da mətni var və burada “Vəfalı Səriyyə”nin yazılma tarixini nişan verən müəllif
qeydləri vardır: “1912, noyabrın 1-də, Qurban
ayının 3-də”. Düzdür, müəllif
özü də qeyd edir ki, C.Cabbarlı sonralar əsər
üzərinə işləmiş, düzəlişlər
etmişdir. A.Rüstəmli yazır ki, “Vəfalı Səriyyə”nin son mətni dörd pərdə olsa da, ilkin
variant iki məclisdən ibarətdir. Birinci və ikinci pərdələr
birinci məclisdə, üçüncü və
dördüncü pərdələr isə ikinci məclisdə
bir yerdə verilmiş, sonralar isə müəllif tərəfindən
mətn üzərində əlavələr, düzəlişlər
edilərək təkmilləşdirilmişdir”
. Asif Rüstəmlinin digər bir tapıntısı C.Cabbarlının
13-14 yaşlarında ikən yazdığı, indiyədək
çap olunmayan və haqqında danışılmayan, “Seyid
Hüseyn Sadıqzadənin “böyükcə bir hekayə”
adlandırdığı” “Kazım bəy” əsəridir. Müəllif
kitabında bitməmiş və hazırda C.Cabbarılı adına Respublika Dövlət Teatr Muzeyində
saxlanılan bu əsərdən natamam roman kimi bəhs edir və
imkanları daxilində əsərin qısa məzmunu ilə
oxucuları
C.Cabbarlının bu
illərdəki həm ədəbi, həm də siyasi fəaliyyətinin
geniş mənzərəsini gözümüz önündə
canlandırmağa müvəffəq olan müəllifin
çox doğru qənaətinə görə C.Cabbarlı
“istiqlal hərəkatının atəşin bağrından
qopan, pərvəriş tapan, türk milliyyətçiliyi və
hürriyyətçiliyi məfkurəsinə sahib
çıxan” parlaq nümayəndəsi kimi ədəbi
ictimaiyyətin diqqət mərkəzində idi. Müəllifin araşdırmalarının nəticələrindən
o da aydın olur ki, həmin illərdə gənc C.Cabbarlıya,
onun yaradıcılığına maraq çox böyük
imiş. Tədqiqatdan o da məlum olur ki, C.Cabbarlı
Qafqaz İslam ordusunun komandanı kimi Bakıya gəlmiş
Huru Paşanı da heyran qoymuş və Nuru Paşa, hətta
C.Cabbarlının qonağı da olmuş, onun ev şəraitini
yaxşılaşdırmaq istəsə də, o, minnətdarlıqla
bundan imtina etmişdir. Müəllif daha sonra bildirir ki, bu
görüşdən sonra Nuru Paşa gənc C.Cabbarlıya
bir neçə qiymətli hədiyyə göndərmiş və
ədibin anası Şahbikə xanım hazırda C.Cabbarlıbnın
ev muzeyində ən qiymətli eksponatlar
kimi qorunan bu hədiyyələri qəbul etmək məcburiyyətində
qalmışdı. Tədqiqatçı onu da
vurğulayır ki, “Bakı müharibəsi” adlı beş pərdəli daramı da (əsərin
mətni hələ ki, tapılmayıb – İ.Q.) məhz
general Nuru paşaya, onun başçılıq etdiyi qəhrəman
türk ordusuna həsr olunmuşdur. “Ulduz”, “Ədirnə fəthi”
dramlarının səhnə təcəssümü ilə
bağlı ədəbi ictimaiyyətə bəlli olmayan bir
çox faktları üzə çıxaran A. Rüstəmli
bu illərdə C.Cabbarlını yazdığı bir
sıra unudulmuş şeirlərini də “Künci-qəfəsdən”
azad edərək ictimaiyyətə təqdim edir, bir sıra
şeirlərinin (məsələn məşhur “Ana”
şeiri) isə qələmə alınma tarixinə
aydınlıq gətirir. Biz məhz A.Rüstəmlinin gərgin
zəhmətinin sayəsində C.Cabbarlının həmin illərdə
şərqiyə çevrilərək dillər əzbəri
olan, lakin mətni indiyə kimi çap olunmayan daha iki əsəri
ilə: – “Türk sağ ikən...” və “Yaşasın Azərbaycan”
şeirləri ilə tanışlıq imkanı
qazanırıq. C.Cabbarlının Sovet dönəmində
çapı mümkün olmayan “Sevdiyim”, “Sevimli ölkəm”,
“Azərbaycan bayrağına” şeirlərini təhlil edən
və sonuncu şeiri “milli rəmzlərimizin ilk poetik əlifba
dərsliyi”hesab edən müəllif çox ədalətli
olaraq qeyd edir ki: “ Milli ruhlu Azərbaycan gəncliyinin maariflənməsində,
ictimai şüurun oyanışında C.Cabbarlının
poetik irsinin əhəmiyyəti danılmazdır”... və bu əsərlər
“mövzusu, ideya istiqaməti, fonematik səslər sistemi,
musiqiyə uyarlığı etibarilə milli himnin
yaranması prosesində təməl, mərhələ
missiyasını daşıyan layiqli sənət nümunələridir”.
Kitabın C.Cabbarlı şəxsiyyətinin
gizli məqamlarına işıq salan ən dəyərli
bölümü, heç şübhəsiz ki, “Cəfər
Cabbarlı və gizli istiqlalçılar”
başlığı altında verilənlərdir. Qırmızı
ordunun Azərbaycanı işğal etməsindən sonrakı
dövrdə təkcə C.Cabbarlının həyat və fəaliyyətini
deyil, ümumiyyətlə Azərbaycan tarixinin həmin zaman kəsiyini
öyrənmək üçün çox qiymətli fakt və
rəsmi sənədlərin üzə çıxarılaraq
ictimaiyyətə təqdim olunduğu bu səhifələrdə
bəlli olmayan, bilərəkdən gizlədilən bir
çox həqiqətlərə işıq tutulur. İstintaq,
axtarış və üzləşdirmə protokolları,
izahatlar, dindirmələr və s. bu kimi qatı
açılmamış səhifələrin mətnlərini,
şəkillərini verməklə tədqiqata cəlb edən
A. Rüstəmlinin bu sahədə ən böyük
uğuru, bizcə, hələ bundan sonra öz qiymətini
alacaqdır. Dövrün ədəbi-siyasi salnaməsi təsiri
bağışlayan bu səhifələr təkcə C.Cabbarlının
deyil, həm də onun məsləkdaşları olan Mirzəbala
Məhəmmədzadə, Əbdülvahab Yurdsevər,
Hacıbaba Cəbiyev, Ağasəlim Rəhimov, Nəsrulla
İsrafilov, Qurban Musazadə, Ələsgər Ələkbərov,
Əsəd Axundov və başqalarının həyatı və
siyasi fəaliyyətini öyrənib obyektiv şəkildə
qiymətləndirmək üçün çox maraqlı və
gərəkli faktlarla zəngindir.
Kitabın
sonrakı bölmələri C. Cabbarlının Sovet hakimiyyəti
illərindəki yaşam tərzi və fəaliyyətini əks
etdirir və məlumdur ki, ədibin həyatının
1923-1934-cü illər dövrü bir sıra monoqrafik tədqiqatlar,
hətta bədii əsərlər üçün mövzu
olmuşdur. Asif Rüstəmlinin ustalığı ondadır ki,
o, özündən əvvəl yazılanları sistemə salıb
ümumiləşdirməklə kifayətlənməmiş,
unudulmuş, tədqiqata cəlb olunmamış bir sıra
faktları da üzə çıxararaq müqayisələr
aparmış və əsl həqiqəti ortaya qoya
bilmişdir. Asif Rüstəmlinin uzun illər
davam edən səmərəli axtarışlarının bəhrəsi
kimi meydana çıxan bu dəyərli və fundamental əsəri
haqqındakı qısa, tezisvari mülahizələrimizdən
sonra belə bir nəticəyə gəlirik ki, zəhmət
heç vaxt səmərəsiz qalmır. Əminliyimi
bildirmək istəyirəm ki, arxivlərdə tozlu
qovluqları, oxunmağı çətinliklər törədən,
adamın gözlərinin nurunu aparan ərəb qrafikalı mətbuat
orqanlarını, saralıb-solmuş əlyazmaları səbir
və təmkinlə araşdırıb alim, mətnşünas
səliqəsi ilə sahmana salaraq
Cabbarlışünaslığa yeni, dəyərli töhfə,
sanballı monoqrafiya bəxş edən tədqiqatçı-alimin
bu böyük zəhməti ədəbi-elmi ictimaiyyət tərəfindən
layiqincə dəyərləndiriləcək.
İslam QƏRİBLİ,
ədəbiyyatşünas,
“Qızıl qələm” mükafatı laureatı
525-ci qəzet.- 2011.- 8 iyun.- S.6.