Firudin Ağasıoğlu “Etrusk – Türk bağı”nı təqdim etdi

 

Ötən gün “Park İnn”də görkəmli türkoloq Firudin Ağasıoğlunun (Cəlilov) “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi gerçəkləşib. Millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar qatılan tədbirdə giriş sözü ilə tanınmış jurnalist Sevil Nuriyeva çıxış edib. Kitabın işıq üzü görməsində “Oğuz Eli” İctimai Birliyinin rolunu diqqətə çatdıran jurnalist qurumun sədri Hüseyn Abdullayevə minnətdarlıq ünvanlayıb. Əsərin müəllifi Firudin Cəlilov çıxışında qələmə aldığı kitabın yazılma səbəblərini açıqlayıb: “1975-ci ildə mərhum şair Bəxtiyar Vahabzadə mənə zəng edib bir alman araşdırmaçısının mənimlə görüşmək istədiyini bildirdi. Həmin araşdırmaçı mənim şumerlər haqqında yazdığım məqaləni alman dilinə tərcümə etmişdi. Biz o araşdırmaçı ilə şumerlər haqqında uzun-uzadı söhbət etdik. Daha sonra söz dünya tarixində önəmli yerə malik olan etrusklara çatanda onlar haqqında daha az bilgili olduğumuz üzə çıxdı. Məni bu xalq haqqında yazmağa vadar edən ikinci cəhət almanların onları adlandırdığı ad idi. 35 il ərzində müxtəlif mənbələrdən, digər yazılı əsərlərdən və materiallardan istifadə edərək son iki ildə bu kitabı qələmə aldım. İndi dilimizdə işlətdiyimiz bəzi sözlərin kökü etrusklardan gəlir. Latın əlifbası da məhz etrusk əlifbasından yaranıb. Etrusklar özlərinə “rasna” deyiblər ki, bu da “Araz” sözündən qaynaqlanır. Azərbaycandan Anadolu və Liviya vasitəsilə indiki İtaliya ərazisinə köç edən və bizim etrusk türkləri kimi tanıdığımız türk toplumu şumerlər kimi dünya sivilizasiyasına böyük töhfələr bəxş edib. Heç təsadüfi deyil ki, renessans dövrü ilk Florensiyadan başlayaraq bir çox dünyaşöhrətli rəssamların adını tarixə yazıb. Bu xalq birinci minilliyin əvvəli yaranıb və minilliyin sonu süquta uğrayaraq 1000 il yaşayıb”. Kitabı haqqında ətraflı məlumat verən müəllifin sözlərinə görə, nəşrdə etruskların mənşəyi, tarixi, etnoqrafiyası, mifologiyası və dili barədə fikirlər, bilgilər öz əksini tapıb:

 “Kitabda etrusk-türk əlaqələrindən geniş, həm də ilk dəfə sistemli şəkildə bəhs edilib. Elmi-populyar üslubda yazılan bu kitab son 30 ildə türkologiya elminə gətirdiyi türk etnosunun Ön Asiyada yaranması baxışı üzərində qurulmuş yeni “Urmu nəzəriyyəsi” əsasında yazılıb”. Müəllif tədbirdə iştirak edənlərə kitabda yer alan şəkillər, xəritələr haqqında ətraflı məlumat verərək etruskların qədim tarixinə nəzər salıb. Xəritələrdən etruskların hansı ərazilərdə yaşadıqlarını göstərən müəllif etruskların qədim daş kitabələri, kurqan qəbirləri, miniatür sənət nümunələri, zərgərlik əl işləri, sənətkarlıq nümunələri haqqında geniş məlumat verib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın həyat yoldaşı Günay Kılıc mərasimdə çıxış edərək bu cür araşdırmaların türkün soy-kökünü daha yaxşı tanımağa şərait yaratdığını dilə gətirib.

 Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin həyat yoldaşı Zeyno Baran bir araşdırmaçı kimi türklərin qədim tarixinin hələ də tədqiqata ehtiyacı olduğunu deyərək, belə kitabların əhəmiyyətini vurğulayıb, dünyanın müxtəlif ölkələrində yaşayan türkləri öz köklərinə, tarixlərinə qarşı daha diqqətli olmağa çağırıb. Tədbirdə iştirak edən millət vəkilləri və alimlər də kitabla bağlı fikirlərini bölüşüblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 8 iyun.- S.7.