Sofi Həmid ziyarətgahı

 

VƏ YA AĞ DƏVƏNİN MÖCÜZƏSİ

 

Sofi Həmid ziyarətgahı Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir. Ətrafında yaşayış yeri olmayan, gözdən-könüldən uzaq yerdə qərarlaşan bu müqəddəs yerin özəlliyi Sofi Həmid adlı şəxsin dəfn olunduğu türbə və türbənin həyətindəki ağ dəvə heykəli ilə bağlıdır. Pirin qapısından daxil olan kimi, nəzərə çarpan bu heykəl ziyarətgahın belə demək mümkünsə, əsas simvolu hesab olunur. Sofi Həmid ziyarətgahının digər özəlliyi həm də ondan ibarətdir ki, pirin müqəddəsliyinə tapınanlar, ona inam gətirənlər arasında çoxluğu ana olmağı arzulayan qadınlar təşkil edir.

 

Sofi Həmid kimdir?

 

Bakının digər ziyarətgahları ilə müqayisədə olduqca sadə görkəmə malik Sofi Həmid Ziyarətgahı mahiyyət etibarilə çox zəngindir. Belə ki, ziyarətgah yerləşdiyi eyni adlı qəbiristanlıqla birlikdə həm tariximizi, həm folklorumuzu, həm də xalq adət-ənənələrimizi özündə əks etdirir.

Məsələn, bu ərazinin ziyarətgah kimi mövcud olmasının kökündə dəvələrdən nəqliyyat vasitəsi kimi istifadə ilə bağlı bir rəvayət dayanır. Rəvayətə görə, Sofi Həmid XIV əsrdə bu regiona molla kimi bu gələn bir ərəb taciri olub. Ölümünün yaxınlaşdığını anlayanda öz səyahət yoldaşlarından xahiş edir ki, onu dəvəsinin istirahət etmək üçün dayandığı yerdə basdırsınlar. Sofi Həmidin yoldaşları vədlərinə əməl edib onun vəsiyyətini yerinə yetirirlər. Deyilənlərə görə, hazırda ziyarətgahın həyətinin ortasında qərar tutan ağ dəvə heykəli elə tacirin dəvəsinin dayandığı yerdə yonulub. Maraqlıdır ki, o zaman dəvə dizləri üstə necə dayanıbsa, heykəli də həmin formada daşdan yonublar. Bu günə qədər “ağ dəvə” ətrafında bəzi inamlar və adətlər formalaşıb. Yuxarıda qeyd etdiyimiz kimi, məsələn, inama görə, əgər övladı olmayan qadın həmin dəvənin altından keçirsə, onda o, ana ola bilər. Bunun üçün o, dəvənin altından üç dəfə keçməlidir. Ümumiyyətlə, inama görə, dizləri üstə çömbələn “ağ dəvə” ilə yer arasında yaranmış çox qısa məsafəni keçə bilən insan öz arzusuna çatır. Elə görünür, bu səbəbdən uzun illər axın-axın ziyarətçilərin çoxluğuna tab gətirməyən heykəlin altındakı mərmər örtüklü qat bir qədər aşağı çöküb.

Digər tərəfdən, əgər ziyarətgahın yaranması ilə bağlı dövrü nəzərə alsaq, bildiyimiz kimi, həmin vaxtlar dəvə əsas nəqliyyat vasitəsi olub. Buna görə də, ziyarətgahın yerləşdiyi qəbiristanlıqda olan qəbir daşlarının bir çoxunda dəvə təsvirləri öz əksini tapıb. Bundan başqa, dəvələr həmçinin müsəlmanların Məkkəyə ziyarəti zamanı da əsas nəqliyyat vasitəsi rolunu oynayıb. O da məlumdur ki, orta əsrlərdə Azərbaycan, Asiya və Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsində nəqliyyat vasitəsi kimi dəvələrdən geniş istifadə olunub. Bu baxımdan elə Azərbaycanın özündə də bu heyvan mahiyyət etibarilə mühüm əhəmiyyət kəsb edib.

Yuxarıda qeyd etdiyimiz kimi, haqqında danışdığımız ziyarətgah quruluş etibarilə sadədir. Hündür ağ divarlarla əhatəyə alınmış bu pirə daxil olmaq üçün kiçik dəmir qapı qoyulub. Ümumiyyətlə, ziyarətgah Sofi Həmidin dəfn olunduğu türbədən, ağ dəvə heykəlindən və kiçik həyətdən ibarətdir.

Pir ətrafında formalaşmış inama görə, əvvəlcə dəvə, sonra isə Sofi Həmidin qəbri ziyarət edilir. Qəbir həyətin baş tərəfində, kiçik və sadə evə bənzər türbədə yerləşir. Sofi Həmidin kimliyi haqqında heç bir tutarlı məlumat yoxdur. Sadəcə, yuxarıda qeyd olunduğu kimi, o, XIV yaşamış ərəb taciri olub. Amma nəzərə alsaq ki, Sofi Həmidin dəfn olunduğu ərazi müqəddəs yer kimi ziyarət olunur, o halda maraqlı məqamlar üzə çıxır. Elə götürək “Sofi” sözünü. Deyilənlərə görə, orta əsrlərdə bu ad addımbaaddım müxtəlif yerləri gəzib, orada olan müqəddəs yerləri ziyarət edən şəxslərə şamil olunurdu. Yəni rəvayətdə də deyildiyi kimi, onlar gəzərgi mollalar olub. Görünür, elə buna görə də, Sofi Həmidin dəfn olunduğu bu türbə müqəddəs yer kimi ziyarət olunur. Ziyarətgahın həyətində digər diqqət cəlb edən məqam divar boyu uzanan üzüm ağaclarına bağlanmış müxtəlif parça qırıqlarıdır. Bəzi hallarda parça və dəsmaldan düzəldilmiş uşaq bələkləri və beşiklərinə də rast gəlmək olur. “Beşik”lər sanki olduğu kimi, hər iki tərəfdən ağacın budaqlarına bağlanıb. Ziyarətgaha nəzarət edən qadının sözlərinə görə, əvvəllər bura gələn insanlar niyyət edib, parçanı dəvənin boynuna bağlayarlarmış. Amma zaman keçdikcə, ənənələr də dəyişib. Məsələn, ziyarətgaha gələn bir qadının sözlərindən bəlli oldu ki, ailə qurduqdan sonra uzun illər qızının övladı olmayıb. Yalnız Sofi Həmidə gəldikdən və inama uyğun formalaşmış rituallara əməl etdikdən sonra (qeyd. dəvənin altından üç dəfə keçib və həyətdəki üzüm ağacına kiçik parçadan beşik düzəldib bağlayıb) onun övladı olub. Elə ona görə də, həmin vaxtdan 3 il keçməsinə baxmayaraq qadın tez-tez bura gəlib Sofi Həmidi ziyarət edir, ruhuna dua oxuyur.

 

Folklorumuzun zəngin məkanı

 

Deyilənlərə görə, əvvəllər Sofi Həmidin qəbri üzərində türbə olmayıb. Türbə yalnız XVIII əsrdə tikilib və elə bu dövrə aid abidə kimi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.

Hazırda Sofi Həmidin türbəsinin yerləşdiyi böyük qəbiristanlıq eyni adı daşıyır. Bu yerdə onu qeyd edək ki, türbədən yazarkən, onun yerləşdiyi qəbiristanlıqdan danışmamaq sadəcə mümkün deyil. Məzarların üzərində folklorumuzu, tarixin müxtəlif məqamlarını əks etdirən təsvirlərin olması qəbiristanlığın qədim dövrlərə malik olmasından xəbər verir. Məsələn, onlardan bəzilərinin üzərində qədim əfsanələrin təsiri hələ də açıq-aydın görünür. Görünür ki, İslamaqədərki dövrdə mövcud olan inanclar nəsildən-nəsilə keçərək yerli əhali arasında hələ də qalmaqdadır. Məsələn, türbəyə getmək üçün qəbiristanlıq boyu yolda ayağımızın altından bir neçə dəfə ilan keçdi. Sən demə, bu, əraziyə yaxın yaşayanlar üçün adi haldır. Ziyarətgaha nəzarət edən qadının sözlərinə görə, qəbiristanlığın yaxınlığında yaşayanlar ilanları müqəddəs hesab edirlər. Onlar inanırlar ki, əgər sən ruhən pak insansansa, qəbiristanlıqda olan ilanlar sənə toxunmayacaqlar.

Hətta həmsöhbət olduğum bəzi ziyarətçilərin dediklərindən bəlli oldu ki, çox vaxt onlar evlərini ilandan qorumaq üçün Sofi Həmidin torpağından götürüb evlərinə aparır və evin dörd tərəfinə səpirlər.

Bu arada üzərində hətta ilan rəsmləri həkk olunmuş qəbir daşları da nəzərimizdən yayınmadı. Çox güman ki, bu təsvir həm də animist inanclarla (heyvana inam) bağlıdır. Bildiyimiz kimi, Azərbaycanda ilanlara sitayiş islama qədərki dövrə təsadüf edir. Tarixdən bəllidir ki, bu tip animist inanclar qədim albanlar və orta əsrlər türk tayfaları arasında geniş yayılmışdı. Hətta İslama qədərki dövrdə ilan bəzi qədim tayfaların totemi olub. Məsələn, qədim türklərin bayraqlarında ilanların və əjdahaların təsvirlərinin olması buna sübutdur. İlanlardan başqa qəbirlər üzərində çoxlu at təsvirləri də görmək mümkündür. Burada yəhərlənmiş və ya faytona bağlanmış at rəsmləri var. Məzar daşları üzərində həmçinin dağ maralı və ya qoyun təsvir olunan təbiət səhnələrini, o cümlədən bəzi hallarda inək təsvirinə də rast gəlinir.

Bildiyimiz kimi, adətən Azərbaycanda tipik qəbir daşlarında Qurandan yazı və dualar təsvir olunur. Lakin Sofi Həmiddə Nizami Gəncəvi, Hafiz Şirazi və Ömər Xəyyam kimi orta əsr Azərbaycan və ya Şərq şairlərinə məxsus dünyəvi yazılara da rast gəlmək mümkündür.

 

İncəsənət qalereyası

 

Sofi Həmiddə olan qəbir abidələrin çoxu SSRİ dövründə qoyulduğundan sovet üslubunu əks etdirir. Bildiyimiz kimi, sovetlərin siyasəti həm də ateizmi təbliğ etmək idi. Bu kimi ideologiyanın təsiri Azərbaycanda müsəlman qəbiristanlıqlarında da görünür. Həmin dövrdə qəbirlərin üzərində daha çox mərhumun məşğul olduğu sənət növünün təsvirləri var. Beləliklə, Sofi Həmid qəbiristanlığı həmin dövrdə Azərbaycanda islam təsirinin zəiflədiyinin sübutudur. Burada məzar daşlarının müxtəlif yerlərində və baş daşında ölmüş şəxsin cinsini, maraq dairəsini və ya peşəsini ifadə edən fiqurlar işlənib.

Həmin vaxtlar əhəngdaşından yonulmuş sadə qəbir daşlarının əvəzinə hündür pedestallı, beş guşəli Sovet ulduzu və vəfat etmiş şəxsin şəkli və ya peşəsi ilə bağlı simvollar çəkilmiş qəbirlər meydana gəldi.

Yalnız Lenin və Stalinin deyil, Sovet İttifaqında bütün vətəndaşların ölümdən sonra yada salınması mümkün idi. Hər bir kəndli və fəhləyə dünyasını dəyişmiş qohumları üçün abidə və ya gözəl məzar düzəltməyə icazə verilirdi. Buna görə də məhz elə bu dövrdə Sofi Həmid ziyarətgahı az qala “İncəsənət qalereyası”na çevrildi. Amma Azərbaycan öz müstəqilliyini əldə etdikdən qəbirlərin üzərindəki təsvirlər də dəyişməyə başlayıb. Nəzarətçinin bildirdiyinə görə, son 7-8 il ərzində qəbir daşlarında Qurandan götürülmüş misraların sayı gündən-günə artmaqdadır. Bəlkə də illər keçdikcə, qəbirlərin üzərindəki təsvirlər də başqa şəkil alacaq.

Bəli, istər Sofi Həmid türbəsi, istərsə də, qəbiristanlığı gəzdikcə, bu yerin tarix və folklorumuz üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyinin şahidi olursan. Və istər-istəməz düşünürsən ki, bu məkan hələ özündə nə qədər bizlər üçün faydalı “sirlərini” qoruyub-saxlayır. Bu bir daha göstərir ki, onun həm tarixi, həm də folklorumuz baxımından araşdırılmasına doğrudan da, ehtiyac var.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 8 iyun.- S.6.