Xəzərşünas alimlərin 50 illik arzusu

 

PREZİDENT “XƏZƏR ELMİ TƏDQİQAT MƏRKƏZİNİN YARADILMASI HAQQINDA SƏRƏNCAM VERİB

 

Unikal və təbii resurslarla çox zəngin olan Xəzər dənizi vahid Avrasiya materikinin iki böyük hissəsinin sərhəddində, geniş materik depressiyasında yerləşmişdir. Yer kürəsinin ən böyük qapalı su tutarı olan bu təbii su obyekti qəbul olunmuş coğrafi təriflə göldür və Günesin rekordlar kitabına düşmüşdür. Ancaq öz ölçüləri, faunasının səviyyəsi və hidrometeoroloji rejiminə görə o daha çox dənizə oxşayır və həmin səbəbdən Xəzər dənizi adlanır.

Xəzərin formalaşması 10 mln. il əvvəl başlamışdır və bu müddətdə onun səviyyəsinin müxtəlif hündürlük və periodlu bir neçə transqressiya və reqressiya fazaları baş vermişdir. Üçüncü geoloji dövrdə (70 mln. il əvvəl başlamışdır) Pontoxəzər hövzəsinin Tetis okeanı və cənub dənizlərindən izolyasiyası və tədricən ayrılması başlamışdır. Pont dövrünün sonunda, orta pliosendə (10 mln. il əvvəl) müasir Qara və Xəzər dənizlərinin tutduğu ərazini əhatə edən, nəhəng və qapalı Sarmat dənizi müxtəlif hissələrə parçalandı, ayrıca izolyasiya olunmuş hövzə kimi Xəzər dənizi yarandı. Dördüncü dövrdə (500 min il əvvəl başlamışdır) Xəzər dənizi Kuma-Manıç çökəkliyi vasitəsi ilə Qara dənizlə birləşmişdir. Axırıncı geoloji dövrdə Xəzər dənizi səviyyəsinin dəyişmə amplitudası 300 m-ə yaxındır. Bəzi hallarda Şimali Xəzərin hamısı, Orta Xəzərin isə bir hissəsi tamam qurumuş, ancaq Cənubi Xəzər – Lənkəran çökəkliyi su ilə dolu olmuşdur.

Müasir Xəzər 5 sahil dövləti ilə əhatə olunmuş, zəngin təbii ehtiyatlara malik bir təbii su obyektidir. Ən ehtiyatlı proqnozlara görə onun şelfində 10 milyard ton neft ehtiyatları vardır və onun 3 milyard tonu Azərbaycanın sektoruna düşür.

Xəzər dənizi unikal balıq təsərrüfatlı su tutarıdır. Son vaxtlara qədər burada ildə 0,3 mln.ton balıq ovlanırdı, onların arasında nərə kimiləri xüsusi dəyərə malikdir. Dünyada nərə balığı ovunun 85% Xəzərin payına düşürdü. Xəzər dənizinin bioloji resursları 1809 növ və qruplarda təmsil olunmuşlar.

 

Müasir Xəzər öz problemləri ilə birgə

 

Öz gözəlliyi, unikallığı, reliktliyi, bioresurslarlının və karbohidrogen ehtiyatlarının zəngin olması ilə yanaşı Xəzər dənizi ətrafındakı insan üçün problemlər də yaratmışdır. Düzdür bu problemlərin bir qismi insanın özü tərəfindən yaradılıb. Məzələn, dənizin ekoloji vəziyyətinin gərginləşməsi, balıq ehtiyatlarının tükənməsi, əvəzsiz sahil zonasının, çimərliklərin bərbad hala salınması və s. insanın düşüncəsiz fəaliyyətinin nəticəsidir.

Bəzi dəyişmələr isə antropogendən asılı deyildir. Xüsusən dənizin səviyyəsinin qısa müddətdə kəskin dəyişməsi.

Xəzər dənizini Yer planetinin digər qapalı su tutarlarından fərqləndirən ən səciyyəvi xüsusiyyəti onun səviyyəsinin böyük zaman və məkan diapazonunda daimi dəyişməsidir. Səviyyənin dəyişməsi hazırda Xəzərin ən böyük ekoloji və sosial-iqtisadi problemindən biridir. Keçmişdə baş vermiş transqressiya və reqressiyalar sahil zonasında yerləşmiş etnosların taleyində həlledici rol oynamışlar. L.Qumilyovun fikrincə qədim Xəzər dövlətinin qüdrətini zəiflədən amillərdən biri X əsrdə Xəzər dənizinin səviyyəsinin kəskin qalxması və şimali-qərbi Xəzər ətrafındakı otlaqların su altında qalması olmuşdur.

1978-95-ci illərdə baş vermiş transqressiya nəticəsində bütün Xəzər ətrafında böhran vəziyyəti yarandı, aqrosənaye komplekslərinə, neft və kommunal təsərrüfata, nəqliyyata və bir çox başqa sahələrə külli miqdarda ziyan dəydi. 1995-ci ilin qiymətləri ilə götürdükdə Azərbaycan Respublikasına birbaşa dəyən ziyan 2 milyard ABŞ dollarına yaxın oldu, ölkədə “ekoloji qaçqınlar” yarandı.

Keçən əsrin 50-60-cı illərində, dənizin səviyyəsinin düşdüyü dövrdə, “Xəzəri xilas etməli” şüarı irəli atıldı və şimal çaylarının Xəzərə yönəldilməsi, Şimali Xəzəri ayıran nəhəng dambanın tikilməsi, Qara-Boğaz-Qol körfəzinə axan suyun bağlanması və s. mühəndis-coğrafi layihələr işləndi və təklif olundu.

Ancaq bir çox xəzərçilərin 2000-ci ilə qədər Xəzər dənizinin səviyyəsinin düşəcəyi haqqında verdikləri proqnozlar özünü doğrultmadı. Keçən əsrin 80-ci illərində, dənizin səviyyəsinin qalxdığı dövrdə, mühafizə tədbirlərinin işlənməsi “Xəzərdən xilas olmalı” devizi altında aparılırdı. Xəzər ətrafına nəhəng dambanın çəkilməsi, Xəzər sularının Aral dənizinə və Manqışlak yarımadasının susuz çökəkliklərinə göndərilməsi, Qara-Boğaz-Qol körfəzinə axan suyun gücləndirilməsi və s. kimi daha nəhəng layihələr təklif olundu. Bu layihələrin heç biri uzunmüddətli strateji xarakter daşımırdı, onlar əsasən spekulyativ yönümlü idi və Xəzər dənizinin səviyyəsinin istiqamətini dəyişən dinamizmi, onun tarixi evolyusiyasını nəzər almırdı.

Müasir dünyanın digər qapalı dənizləri içərisində Xəzərin xüsusi yeri vardır. Bu fərq ancaq onun fiziki, hidrofiziki, hidrokimyəvi, hidrobioloji və yaxud səviyyəsinin dəyişməsi ilə müəyyənləşdirilmir. Burada əsas səbəb onun geosiyasi vəziyyəti, təkində karbohidrogen ehtiyatlarının xeyli zənginliyi və nərəkimilərinin dünya ehtiyatının əsas hissəsinin Xəzərdə yerləşməsidir. Əgər əvvəllər Xəzər obrazlı olaraq neft dənizi adlanırdısa, indi o həm də siyasət dənizi olmuşdur.

 

Xəzərin Azərbaycan üçün əhəmiyyəti

 

Digər Xəzərətrafı ölkələrlə müqayisədə Azərbaycan Respublikasının sosial-iqtisadi, son zamanlar isə həm də siyasi həyatı daha sıx surətdə Xəzər dənizi ilə bağlıdır. Xəzərin Azərbaycan sahilləri və şelfi özünün yüksək təbii-resurs, iqtisadi, infrastruktur potensialı ilə səciyyələnir və bunlardan səmərəli istifadə ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Xəzər dənizinin sahilləri ölkənin ən sıx məskunlaşmış ərazisidir, burada Azərbaycan əhalisinin 40%-dən çoxu yaşayır. Ölkənin paytaxtı Bakı şəhəri, əsas sənaye potensialı da burada yerləşmişdir. Xəzər sahillərində torpaq məhsuldardır və kənd təsərrüfatı baxımından tamamilə mənimsənilmişdir. Xəzər sahilləri azərbaycanlıların sevimli istirahət yeridir, çoxlu sayda bağ evləri, istirahət zonası və müalicə ocaqları mövcuddur. Bu sahillərdən respublika və beynəlxalq əhəmiyyətli dəmir və avtomobil yolları keçir.

Xəzər dənizində ən böyük dəniz donanması Azərbaycana məxsusdur və Bakı özünün dəniz bərəsi ilə birlikdə Xəzərdə ən böyük limandır. Ölkədə Xəzər dənizi ilə məşğul olan çoxlu sayda elmi və layihə təşkilatları fəaliyyət göstərir, keçmiş SSRİ dövründə Xəzərdə inşa olunmuş hidrotexniki qurğuların əksəriyyətinin layihəsi Azərbaycanda hazırlanmışdır. Azərbaycan Hidrometeorologiya Komitəsi əslində Xəzərin dinamik rejiminə və ekoloji vəziyyətinə nəzarət edən yeganə təşkilat idi. Azərbaycan alimləri Xəzərin tədqiqi sahəsində bir çox nailiyyətlər əldə etmişlər.

Xəzər nefti və qazının Azərbaycan üçün əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, müstəqillik dövründən sonra Azərbaycan özünün Xəzər şelfində neft kəşfiyyatı və istehsalının surətlə artırdı və transmilli şirkətlərlə müqavilələr bağlandı.

Xəzər sahillərinin əsas kurort rekreasiya sərvəti müxtəlif iqlim-müalicə vasitələrini və profilaktik istirahəti tamamilə təmin edə bilən günəş radiasiyası, dəniz suyu və çimərliklərdir. Günəşli saatların miqdarı 1900-2400 arasında tərəddüd edir. Hələ 1984-cü ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü H.Ə. Əliyevin təşəbbüsü ilə Xəzər dənizinin Azərbaycan sahil zonasında ümumittifaq əhəmiyyətli kurort-sanatoriya kompleksi yaratmaq üçün qərar qəbul edilmiş, Xəzərin Azərbaycan sahillərinin 660 km-i bu məqsəd üçün yararlı sayılmışdı.

 

Xəzər dəniz mərkəzinin yaradılmasının vacibliyi

 

İndiyə qədər Respublikamızda aparılan tədqiqat işləri pərakəndə xarakter daşıyırdı, bir növ özfəaliyyət yönəmli idi. Azərbaycanda Xəzər dənizi ilə məşğul olan vahid bir qurumun yaradılması respublikamızda bu sahədə işləyən xəzərşünas alimlərin çoxdankı arzusu idi. Bu sahədə ilk cəhdlər hələ 1970-ci illərin əvvəllərində edildi. Bakı şəhərində Xəzər Dənizi Problemləri İnstitutunun yaradılması haqqında mərkəzə, Moskvaya dəfələrlə təkliflər verildi. Ancaq, Azərbaycan Sovet Respublikasının sovetlər dövründə Xəzər dənizinin tədqiqi və idarəçiliyində lider mövqelərdən birinə malik olmasına və bunun üçün Bakı şəhərinin çox əlverişli olduğuna baxmayaraq, Moskva Azərbaycanda bu təşkilatın yaranmasına razılıq vermədi.

Müstəqillik dövrünün ilk məqamlarında, 1992-ci ildə Xəzər dənizi problemləri institutunun yaranması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı çıxdı. Ancaq o zamanki bir çox sərəncam və qərarlar kimi bu da həyata keçirilmədi.

Nəhayət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 aprel 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağında iştirak etdi. Alimlərin təklifinə diqqətlə yanaşdı və sonra “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin yaradılması haqqında sərəncam verdi.

Güman edirəm ki, belə bir qurumun yaradılması hər şeydən əvvəl Xəzər dənizinin ətraf mühitinin mühafizəsinə, onun bioresurslarının və karbohidrogen ehtiyatlarının rasional istifadəsinə, Xəzərətrafı regionun davamlı inkişafına, və ən əsası, Xəzər ətrafında yaşayan insanın həyatının komfortlu və keyfiyyətli olmasına xidmət edəcəkdir. Vahid mərkəzin yaradılması bu sahədə işlərin təşkili və koordinasiyasına yardım edəcək və nəhayət, Azərbaycan Respublikasında bu işlərə məsul bir təşkilat fəaliyyət göstərəcəkdir.

Uzun illərdir Xəzər dənizini öyrənən bir tədqiqatçı kimi mən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu sərəncamı verdiyinə görə xüsusi təşəkkür edirəm. Biz 50 ilə yaxındır belə təşkilatın yaranmasını arzulayırdıq.

 

 

Ramiz Məmmədov

AMEA-nın müxbir üzvü,

professor

 

525-ci qəzet.- 2011.- 8 iyun.- S.5.