Tarixi reallıq və mif
Kamal Abdullanın
axırıncı romanı onun yaradıcılıq təkamülündə
yeni mərhələdir. Əgər “Yarımçıq əlyazma”nın
mövzusu tarixdən və yazılı abidədən,
“Sehrbazlar dərəsi”nin mövzusu mifdən
götürülmüşdüsə, “Unutmağa kimsə
yox...” romanında müəllif müasir həyata müraciət
edir. Əsər Bakıdan kəndə gəlmiş gənc
alimin mağara divarlarındakı yazını oxuması hadisəsi
üzərində qurulmuşdur. Burada da, əvvəlki
romanlarda olduğu kimi, tarixə və mifoloji dövrə
müasir həyat nöqteyi-nəzərindən baxış sərgilənir.
Fərq ondadır ki, “Unutmağa kimsə yox...” romanında əvvəlkilərdən
fərqli olaraq müasir həyat və müasir insanların
obrazları da öz əksini tapmışdır. Bu da o deməkdir
ki, K.Abdullanın bu romanında müasir həyatla
keçmiş qarşılaşdırılır, birləşdirilir
və bir bütövlük, vəhdət halında təsvir
olunur. Mağara divarlarındakı Çiçəkli
yazı da keçmişin rəmzidir. Orada yazılanlar da
keçmişdən xəbər verir. Gənc dilçi alim
F.Q. müasir həyatın nümayəndəsi kimi
Çiçəkli yazını oxuyur və orada
yazılanlarla. FQ.-nin öz həyatı və məhəbbəti
arasında canlı bir əlaqə yaranır. Bununla da sanki
keçmişlə müasir həyat arasında bir
oxşarlıq yaranır. Sanki keçmiş reallaşaraq
canlı həyata, indi isə mifləşərək əfsanəyə
çevrilir.
Reallıqla mifin, bugünlə keçmişin vəhdəti özünü həm də real gerçəkliyin təsvirində göstərir. Bu təsvirdə reallıq mifoloji çalar kəsb edir. F.Q.-nin maşınla gəldiyi kənd yolu da, Vəng dağının özü də, qəhrəmanın kəndə çatdığı o axşam alatoranı da, göyün üzündəki ulduzlar da – hər şey qəhrəmana qədim əsatirlərdəki dünya mənzərəsi kimi ecazkar və sirli-soraqlı görünür. “Qüruba yaxın, ürəksıxan bir vaxt idi”. El arasında buna axşamın dar vaxtı deyirlər. Bu da qədim mifoloji təsəvvürün qalığıdır. “Həmən axşam göy üzü teatr pərdəsi kimiydi”. Vəng dağı da “sol böyrü üstə uzanmış koppuş devə” bənzəyirdi. Bu, realist təsvir deyil, reallığın mifləşməsi kimi bir şeydir.
Nə səbəbdən K.Abdulla dünyanı, yeri-göyü, dağı-daşı olduğu kimi realist şəkildə təsvir etmir? Yəqin, o səbəbdən ki, realist təsvir gerçəkliyin surəti olaraq onun məğzini deyil, şəklini əks etdirir, sadəcə olaraq gerçəkliyi təkrarlayır, onun surətini çıxarır. Dünyanın mifoloji mənzərəsini yaratmaqla K.Abdulla onun məğzinə varmaq və bütün məlumları və məchulları ilə birlikdə onun simvolik obrazını yaradır. Bu obraz zahirən deyil, daxilən, forma etibarilə deyil, mahiyyət etibarı ilə oxşardır. K.Abdullanın bədii dünyası real dünyanın cansız surəti deyil, onun canlı obrazıdır. Bu sirli-soraqlı dünyanı heç vaxt sonacan dərk etmək mümkün olmur. K.Abdulla dünyanın özünəməxsus bədii modelini yaradır. Ümumiyyətlə, bədii əsər real gerçəkliyin modelidir. Bu mənada realist əsər, onun klassik nümunələri öz bütövlüyü ilə sanki canlı orqanizmi xatırladırdı. Bu əsərlərin süjet hadisələrindən tutmuş, ayrı-ayrı xarakterlərinə qədər hər şey canlı bir yekdillik təşkil edirdi. K.Abdullanın romanı isə özünün süjetsiz, xronoloji ardıcıllıqsız təhkiyəsi ilə birlikdə xaos təəssüratı oyatsa da, əslində möhkəm daxili və gizli sistem əlaqələrinə malik olan kosmosdur. K.Abdullanın romanı canlı orqanizm deyil, məhz mükəmməl sistemdir, hətta kosmik sistemdir.
K.Abdulla dünyasında canlı olan, duyan və düşünən təkcə insan deyil, dünyanın özü də, onun dağı-daşı da, ağacı da canlı varlıq kimi təsvir olunur. İnsan isə bu canlı varlığın zamanda və məkanda mövcud olan bir məqamıdır. Bəhram kişi onun bir məqamıdırsa, Mirzə Pirqulu onun başqa bir məqamıdır. Hər ikisi də yaşıl kərpicli sobanın ətrafında görükürlər. Bununla da tarix sanki hərəkətdə, zaman və məkan daxilindəki müxtəlif məqamlarda görünür.
“Göy üzü bu uzaqdakı dağı, dağ ətəyindəki kəndə aparan tozlu-torpaqlı yolu (əgər buna yol demək olardısa), bu yolla dişini dişinə sıxıb zor-güc gedən köhnə maşının özünü bir canlıymış kimi ağır-ağır nəfəs alaraq öz içinə yığırdı”. Dünya bir bütövlük, müasir həyat, insanlar, Vəng dağının ətəyindəki kənddə Bəhram kişinin həyətində bitmiş qarağacın altında baş verən hadisələr tarixin dərinliyindən gələn həyatın davamı kimi görünür. “Hadisələr irəlidən, qol-budağın, sıx yarpaqların uzanmadığı, çatmadığı yerdən cərəyan etməyə başlayırdı, ulduzlar üzü aşağı, səma ilə bir yerdə əyilib düzəlib, haradasa kəndin güclə gözə görünən ucqar bir nöqtəsində, uzaqdakı təpələrin üstündə torpağa yapışmışdılar. Bu nöqtəni F.Q. öz aləmində hadisələrin üfüqü adlandırmışdı”. Üfüq məkan anlamıdır. Hadisələr isə həm də zamanda baş verir. “Hadisələrin üfüqü” anlamında zamanla məkan sanki birləşir və həm zaman, həm də məkan mənasında uzaq, lap uzaq, az qala dünyanın o başında, tarixdən əvvəl baş verən hadisələrin yerini və zamanını ifadə edir. Burada məkan uzaqlığı (üfüq) həm də zaman uzaqlığıdır. Hadisələr sanki zamanı və məkanı öz içinə yığır və bununla da dünyada baş vermiş və baş verməkdə olan hadisələrin əzəli kimi mənalandırılır. Hadisələrin üfüqü həm məkanın, həm də zamanın üfüqüdür. Dünya özünün keçmişi və indisi, yaxını və uzağı, dağı və daşı, ağacları və canlıları ilə birlikdə bir vəhdətdir. Bunu da qəhrəman möhtəşəm Ahəng adlandırır.
Dünyanın, tarixin və həyatın hansısa bir məqamını, hadisəsini dərk etmək üçün onu bu Ahəngin tərkib hissəsi kimi götürmək lazımdır. Buna görə də gərəkdir ki, insan özü də bu Ahəngin tərkib hissəsi olsun. Ola bilirmi, bilmir. Müasir insan öz iradə və iddiaları, elmi və bilikləri ilə birlikdə bu vəhdətdən, bu möhtəşəm Ahəngdən kənarda qalır. Faciə də elə bundadır ki, bu dünyanın içində ola-ola insan bu Ahəngdən kənarda qalıb. “Bəs biz, biz nə üçün bu ahəngdən kənardayıq, niyə, görəsən, ona qovuşa bilmirik?!” Qarağacın altında oturan F.Q. “bu möhtəşəm Ahəngə qovuşmasının, amma yox, əslində, qovuşa bilməməsinin sirrinə vaqif olmaq niyyətində idi”. Çiçəkli yazını da o, bu Ahəngin içinə girərək oxuya bilərdi.
İnsanın bu vəhdətə daxil ola bilmək, onun tərkib hissəsinə çevrilmək imkanı var. Qədim insanlar təbii olaraq bu vəhdətin içində olublar. Müasir insan isə bu vəhdətin içinə yalnız və yalnız məhəbbət vasitəsilə daxil ola bilər. Məhəbbət özünü unudub başqasıyla birləşmək deməkdir. Bəhram kişinin məhəbbətində bu cür vəhdət vardır. F.Q.-nin məhəbbətində isə bu cür özünüunutma yoxdur: “mənim sevməyim də adam kimi deyil”. Çiçəkli yazıda təsvir olunan o nakam məhəbbət də sevənləri dünyayla və bir-biri ilə birləşdirir. Burada söhbət, əlbəttə, ruhi vəhdətdən gedir. Bəhram kişi də özünün nakam məhəbbətilə bu vəhdətin içindədir. Ona görə də mağaranın ruhunu da eşidən və onunla ünsiyyətə girə bilən təkcə Bəhram kişi olur. F.Q. isə hələ ki, bu Ahəngdən kənardadır. Ona görə də onun Afaqa olan məhəbbəti həm də nifrətə bənzəyir, əslində bu, həm məhəbbətdir, həm də nifrət. F.Q. Afaqı həm sevir, həm də ona nifrət edir. Bu məhəbbət ona həm rahatlıq və səadət bəxş edir, həm də narahatlıq və bədbəxtlik gətirir. F.Q.-nin bu ikili, əcaib məhəbbəti nədənsə Bəhram kişiyə ziddiyyətli görünmədi, əsl məhəbbət kimi göründü. Çünki Bəhram kişi özünü unutmağı bacarır. Onunçün nəyisə (həyatınımı, məhəbbətinimi) qurban vermək o qədər də çətin olmur – təki Ahəng pozulmasın, təki o, bu Ahəngdən kənarda qalmasın. Ahəngin içində bulunan Bəhram kişi, həm də Allahın dərgahında bulunur. Onun göylərdə yeri var. Lakin K.Abdulla Bəhram kişini də, dünyanı da dini nöqteyi-nəzərdən deyil, mifoloji nöqteyi-nəzərdən təsvir edir.
Maddi aləmin bir hissəsi
olan mağara da mifoloji obrazdır. O, həm də
işıqlı dünyadan ayrı sirr içində bir aləmdir,
möhtəşəm Ahəngin astar üzüdür, bəlkə
də onun uzaq keçmişidir. Mağara keçmişin rəmzidir.
Mağaranın ruhu da keçmişin ruhudur. Bu ruh
keçmişin sirrini açmaq istəyənləri cəzalandırır,
Çiçəkli yazıya əl vuranlar məhv olurlar. Bəhram
kişi mağaranın ruhu ilə söhbət edir. Bu ruh bir
işıq topası kimi onun gözünə
görükür və onunla danışır. Deməli,
keçmiş itib getmiş bir varlıq deyil, daim yaşayan,
bugünün işlərinə təsir edən bir qüvvədir.
Bəhram kişi də “Sehrbazlar dərəsi”ndəki Səyyah
sehrbaz kimi, ruhlarla insanlar arasında bir vasitəçi rolunu
oynayır, keçmişlə indinin ünsiyyətini yaradır.
Amma bu, ona onun həyatı bahasına başa gəlir.
F.Q. müasir
düşüncəli, iddialı bir gənc kimi möhtəşəm
Ahəngdən kənarda olduğundan nə mağara, nə də
Çiçəkli yazı öz sirrini ona açmır, bu
da qəhrəmanı məyus edir. “Çiçəkli
yazının sirrinə bir addım belə yaxınlaşa
bilməmişdi. Əlbəttə, bu, F.Q.-ni haldan
çıxarır, olan-qalan əsəblərini tarıma
çəkir və o, yeri gəldi-gəlmədi əsəbiləşməkdən
...özünü saxlaya bilmirdi......gərək özündən
xəbərsiz gözlərindən çıxıb
yanağına düşən göz yaşına təəccüb
etməyəydi. Çox lovğa-lovğa bu işə
girişmişdi, bu da mükafat – göz yaşı”. F.Q.-nin
bir damla göz yaşı möhtəşəm Ahəngdən
ayrılığın nəticəsi, bu nisgilin ifadəsidir.
Bu göz yaşı, bir tərəfdən, bütün
kainatın (ulduzlardan tutmuş öz yuvasına gecikmiş
arıya qədər) “möhtəşəm Ahəngin
qarşısaında sözsüz və aciz sitayişindən
doğurdusa, o biri tərəfdən, Çiçəkli
yazı qarşısında F.Q.-nin gücsüzlüyündən
xəbər verirdi. Bir damla göz yaşı – sitayişin və
gücsüzlüyün qovuşduğu nöqtə”.
Gözüyaşlı və ah-naləli insan tarix boyu, ta ki
Füzulidən tutmuş üzü bu yana bu Ahəngə pərəstiş
etmiş və daim ondan ayrılığın
ağrı-acısını yaşamışdır, ona
görə də sağalmaz dərdə mübtəla
olmuş və dərdi, işgəncəni bir nemət kimi
sevmişdir. F.Q.-nin bir damla göz yaşının təsviri
yazıçının oxucuya ünvanladığı məsajdır.
Müəllif hiss edir ki, bu cür eyhamsız oxucu bu incə mətləbi
anlamaya da bilər. Ahəngdən kənarda qalmış və
ona can atan insanın sitayişi və gücsüzlüyü
həm nəşədir, həm də ələm.
İnsanı bu Ahəngə daxil edə biləcək bir
qüvvə varsa, o da məhəbbətdir, özü də nakam
məhəbbət. Həm Çiçəkli yazıda təsvir
olunan məhəbbət, həm Bəhram kişinin
Gülsümə olan məhəbbəti, həm də F.Q.-nin
Afaqa olan o nakam məhəbbəti Ahəngə
qovuşmağın ağrılı yolu kimi səciyyələndirilir.
İnsanın möhtəşəm Ahəngə olan
münasibəti adekvat şəkildə nakam məhəbbətdə
ifadə olunur. İnsanlar, əksərən, Ahəngin
içində bulunmaq, ona qovuşmaq barədə deyil, onun
sirrini açmaq barədə düşünürlər.
Çiçəkli yazını oxumaq istəyi də
möhtəşəm Ahəngin sirrini açmaq
iddiasıdır ki, bunun da cəzası çox
böyükdür.
Bu mənada F.Q.-nin Afaqa olan
ziddiyyətli məhəbbəti də Ahəngdən təcrid
olunmanın nəticəsi kimi səciyyələndirilə bilər.
Əsərdə məhəbbət mövzusu zamanın
süjet xəttini təşkil etməsə də,
böyük və vacib mövzudur. Məhəbbət
mövzusu bir növ hadisələrin alt qatında yer almış
və onları istiqamətləndirən amillərdən
biridir. Hətta Çiçəkli yazının içindən
çıxan məzmun da məhəbbət mövzusudur. Qəhrəmanın
hər şeyi (elmi, tarixi və s.) vacib sandığı bir məqamda
birdən-birə hiss etməyə məcbur olur ki,
bütün bunlardan daha vacib olan və bəlkə də elə
tarixin də, mifin də əsasında duran məsələ məhz
məhəbbət məsələsidir. Bayaqları dediyimiz o
bir damla göz yaşının içində möhtəşəm
Ahənglə yanaşı Afaqa olan məhəbbətin də
xiffəti vardı.
Ümumiyyətlə,
möhtəşəm Ahəngin içində olmaq
yaddaşsız olmağı tələb edir. Yaddaşla
birlikdə möhtəşəm Ahəngin içinə girmək
mümkün deyil. Yunan əsatirindəki o qayıqçı
Xaron bütün ölülərin yaddaşını öz
içinə yığmaqla dünyanın ən böyük
əzabkeşinə çevrilir. Ölülərin ruhu isə
çayın ortasına çatanda yaddaşlarını
tamam itirir və ruhlar dünyasında xoşbəxt və
qayğısız yaşayırlar. Onlar üçün
artıq unutmağa da, xatırlamağa da kimsə qalmır.
Ölülər ruhlar dünyasına
yaddaşsız-filansız gedirlər. Yaddaş isə bu
dünyanın həm əzabı, həm də nəşəsidir.
İnsan bu dünyaya yaddaşsız gəldiyi kimi
yaddaşsız da bu dünyadan köçür. Yaddaş
K.Abdulla bədii dünyasında bu dünyada
qazanılmış yük kimi səciyyələndirirlər.
Nə onsuz yaşamaq, nə də onunla rahatlıq tapmaq olur. Cənnət
deyilən şey bəlkə də elə bu dünyanın
yaddaşından azad olmaq deməkdir? K.Abdullanın təsvir
etdiyi Sehrbazlar dərəsi deyilən o cənnət məkanda
da yaddaş yox idi. Sehirbazlar da ora düşən kimi bu
dünyada olanları unudurdular. Yalnız bu dünyadan oraya gedənlər
onların yaddaşını özlərinə
qaytarırdılar. Bu da yə1in onlara əzab verirdi.
Yaddaş (ümumiyyətlə
tarix) həm də gələcəyə mane olan bir şey
kimi də səciyyələndirilə bilər. Yaddaş “yeni
olan nə varsa ona düşməndir”. Bunu Patriarx deyir. Bununla
belə, yaddaşsız yaşamaq da mümkün deyil. Deməli,
həm də “İnsan üçün ən əsas olan yaddaşdır”.
Çiçəkli yazı barəsində Patriarxın dediyi
sözlər (“Biz yaddaşa nə dərəcədə əsaslanmalıyıq
və nə dərəcədə ondan təcrid
olmalıyıq?”) həm də tarixə aid edilməlidir.
K.Abdullanın
özünün tarixə baxış konsepsiyası
vardır. Bunu yazıçı ilk dəfə
“Yarımçıq əlyazma”da nümayiş etdirdi. Təəssüf
ki, onda oxucuların hamısı bu baxışın mənasını
doğru-düzgün başa düşə bilmədi.
K.Abdullada tarixə qarşı nə inkarçılıq
var, nə də mühafizəkarlıq. Onda tarixə dialektik
bir münasibət var. Tarixi nə unutmaq olar, nə də hər
şeyi unudub tarixlə yaşamaq olar. Tarix, tarixi yaddaş o dərəcədə
vacibdir ki, nə dərəcədə ki o, bugünün
içində yaşayır və gələcəyə xidmət
edir. Tarixi yadda saxlamağı da, onu unutmağı da eyni dərəcədə
bacarmaq lazımdır. Romanda həyat yaddaşla
unutqanlığın dialektikası kimi səciyyələndirilir.
Belə olan halda tarixə və tarixi yaddaşa qarşı
birmənalı şəkildə nə pərəstiş etmək,
nə də etinasız olmaq gərəkdir. Odur ki
Çiçəkli yazı keçmişin sirri kimi həm
açılmalıdır, həm də
açılmamalıdır. Hər halda, hər şey
açıla bilməz. Ona görə də mağaranın
ruhu Bəhram kişiyə yalançı açar, yəni
mümkün variantlardan birinin açarını verir.
Bugünün mövqeyindən tarix çoxvariantlı məzmun
kəsb edir. O, heç vaxt birvariantlı ola bilməz. Əks
təqdirdə tarix bugünün üzərində hakim kəsilərdi
və bununla da yeniliyi və gələcəyi
mümkünsüz edərdi. Patriarx deyir: “Dəqiq, konkret
tarix olmayanda variantlar yaranır”. Bu da paralel dünyalar kimi
paralel mənalar deməkdir. Paralel dünyalara müvafiq də
paralel mənalar olmalıdır. “Patriarx Stiks
çayının sahilində olub, hökmən olub”, – deyə
F.Q. onu dinləyərək düşünür. Əgər
olubsa, deməli, bu, paralel dünyaların birində baş verə
bilərdi.
Molla Güləlinin söylədiyi
rəvayət, yəni qədim mifin bir başqa variantı
paralel dünyalardan birində baş verə bilərdi. Deməli,
eyni bir hadisə eyni bir zaman içində iki müxtəlif
paralel dünyalarda müxtəlif cür baş verə bilər.
Onda heç bir hadisənin birvariantlı və birmənalı
çözümü mümkün deyil. O cümlədən
Çiçəkli yazıda ifadə olunmuş həqiqət
də müxtəlif variantlı olmalıdır. Bunun da bədii
mənası ondan ibarətdir ki, həyatda və tarixdə
yeganə və mütləq məna axtarmağa dəyməz,
hər şey nisbidir və paralel dünyalarda olduğu kimi
çoxvariantlıdır.
Molla Güləlinin
Patriarxın dilindən söylənilən yuxusunda da birmənalı
heç nə yoxdur, hər şey nisbidir. Orada
yağış da bilinmir “yuxarıdan aşağı
yağır, yoxsa aşağıdan yuxarı
yağır”....Yuxuda mələklər Molla Güləlini
hadisələrin üfüqünə aparırlar. Bura
“bütün hadisələrin baş verdiyi yerdir”. Bura sanki
invariant dünyadır. Qalanları isə bu dünyanın
variantlarıdır, yəni paralel dünyalardır. Onların
da hər birində hadisələrin üfüqündə
baş verənlər müxtəlif variantlarda baş verir. Bəlkə
hadisələrin üfüqü deyilən bu yer elə
haqqın dərgahıdır? Molla Güləlinin də oraya
düşməsi onunçün bir mükafatdır?
“Unutmağa kimsə yox...”
romanında K.Abdulla keçmişin və tarixin yeni fəlsəfi-bədii
obrazını yaradır. Yazıçı həyatın məna
və məzmununu onda görür ki, onun bəlli (əslində
bəlli olmayan) indisinə ramən sirli-soraqlı
keçmişi və naməlum gələcəyi vardır.
Keçmişin sirri ilə gələcəyin naməlumluğu
oxşar mənəvi-psixoloji ovqat – sonsuzluq ovqatı
yaradır. Keçmiş haradan başlayır, onun əzəli
varmı? Gələcək harada qurtaracaq, onun sonu olacaqmı?
Bu sualların müsbət cavabı yoxdur. Olsaydı – həyat
öz mənasını itirərdi. K.Abdullanın həyat və
dünya, keçmiş və gələcək barəsindəki
fikirləri paradoksal göründüyü qədər də
reallığa adekvat olan fikirlərdir. Buradakı ziddiyyətlər
və paradokslar yazıçı dünyaduyumunun
paradoksları deyil, reallığın özünün mahiyyətindən
irəli gələn paradokslardır. Dünya və tarix, həqiqətən
də, bu qədər ziddiyyətli və paradoksaldır.
Paradoksal dünyanı onun paradoksları ilə birlikdə təsvir
etmək, onun paradoksal obrazını yaratmaq – postmodernizmin sənətə
gətirdiyi yenilik bundan ibarətdir. Realizmdəki aydın və
birmənalı obrazlar dünyası əslində həqiqətə
uyğun deyildi. Bunu həm yeni elm, həm də yeni sənət
təsdiq etdi. Ona görə də K.Abdulla bədii
dünyası, onun obrazlar sistemi, təsvir etdiyi dünya mənzərəsi
daha həqiqətəuyğun və daha dəqiqdir. O ki
qaldı biz oxucuların dünyanı başqa cür,
başqa şəkildə və başqa məzmunda görməyimizə
və dərk etməyimizə – bu artıq
yazıçının deyil, oxucunun özünün
qüsurudur. Paralel xətlərin kəsişməsi
Eynşteyn elminin qüsuru deyil. Paralel xətlərin kəsişməsini
görməmək isə oxucuların qüsurudur.
Çiçəkli
yazının əsl mahiyyəti onun birmənalı şəkildə
yeganə variantda oxuna bilməməsindədir. Çiçəkli
yazının oxunmasına imkan verən yalançı
açar söz də, yazının mətnindəki mənalar
da tarixdən əvvəlki dövrün həqiqətləridir
ki, onlar sonsuz saydadır. Mütləq və yeganə həqiqət
isə yoxdur. K.Abdullanın sonuncu romanının mənası
da məhz bundadır – keçmiş barəsindədir.
“Sehrbazlar dərəsi” gələcəyə
tuşlanmışdı, gələcək haqqındaydı.
Bu əsərdə məlum və yalançı reallıqdan
naməlum və həqiqi gələcəyə baxış
nümayiş etdirilmişdi. Şəhər, saray, şah, vəzir,
cəlladbaşı və s. indidən keçmişə
yollanan görükməz dünyaydı. Sehrbazlar dərəsindəki
həyat və özünün bütün o mifoloji mənası
və məzmunu ilə birlikdə gələcək idealın
həqiqətləri idi. “Unutmaya kimsə yox...” romanında isə
məqsəd keçmişi dərk etməkdir, onun mənəvi
və fəlsəfi mənasını açmaqdır. Əsas
fikir də bundan ibarətdir ki, keçmişin həqiqətləri
çoxvariantlıdır. Onları birvariantlı həqiqətə
çevirmək olmaz. Onda tarixin mənası itmiş olar.
Tarix ölü düstura çevrilər. Bu isə həyat
deyil, həyatın sonu olardı.
“Unutmağa kimsə yox....”
romanının xüsusiyyətlərindən biri də ondan
ibarətdir ki, burada təsvir olunan hadisələr aydın
zaman-məkan çərçivəsinə
salınmışdır. Xüsusilə də zaman göstəriciləri
ön plana çəkilmişdir. Yarımfəsillərin
adları da zaman və məkan göstəriciləridir: “Kəndə
gələli iki ay altı gün sonra”, “Axşama yaxın bir
vaxt”, “Kəndə gəldiyi birinci axşam” və s. adlar,
başlıqlar, hadisələrin deyil, zamanın göstəriciləridir.
Burada xronoloji ardıcıllığa da riayət olunmur, hadisələrin
təsviri xronoloji ardıcıllıqla deyil, adda-budda verilir.
Burada təhkiyə zamanın diktaturasından azad şəkildə
aparılır. Bununla da bir növ zamanın nisbiliyi məsələsi
vurğulanır. Sanki əsəri istənilən fəsildən
başlayıb istənilən ardıcıllıqla oxumaq olar.
Bu da postmodernist romanın poetikasını nəinki pozmur, bəlkə
də ona daha uyğun gəlir.
Bədii əsərdə
xronoloji ardıcıllığa riayət olunması hadisələrin
realist təsvirinə xidmət edən amildir. Real həyatda
baş verən hər bir hadisə müəyyən zaman-məkan
çərçivəsində baş verir. Amma, deyək ki,
yuxu, ya da mif zaman-məkan çərçivəsi
tanımır. Burada zamanı və məkanı dəqiqləşdirməklə
və xüsusi olaraq qeyd etməklə K.Abdulla tarixin
içində, indiki zamanda baş verən hadisələrdən
söhbət getdiyini diqqətə çatdırır. Bu
reallıq fonunda, bəlkə də bu reallıq donunda
zamansız və məkansız bir hadisədən xəbər
verən Çiçəkli yazının içinə girmək
müşkül məsələyə çevrilir. Burada
K.Abdulla reallıqla mifi, indiylə keçmişi
qarşılaşdırır, hətta birləşdirir və
vahid bir hadisə axarı yaradır. Çiçəkli
yazıda deyilənlərlə real həyatdakı hadisələr
arasında bir oxşarlıq, paralellik yaranır. Sanki
bütün bunlar ayrı-ayrı hadisələr deyil, paralel
dünyalarda baş verən eyni bir hadisədir.
Çiçəkli
yazının sirrini açmaq üçün zaman-məkan
çərçivəsindən kənara çıxmaq, bir
hesablama sistemindən başqasına adlamaq lazımdır. Bu mənada
Çiçəkli yazı “ümidlərin, qədimliyin,
eralardan əvvəlin sübutunun havada əriməsidir.
Çiçəkli yazı ilğımdır”. Deməli,
tarixdən əvvəlki mifoloji dövr deyilən bir
zamanın hadisələrinin birmənalı yozumu, konkret mənası
və məzmunu yoxdur. Odur ki, Çiçəkli
yazıdakı mətnin dili də, üslubu da indiki dilə bənzəmir.
O, informasiya dili, xəbər dili deyil, mifdə olduğu kimi,
ifadə dilidir, odur ki çətin şərhə gələn
dildir. Bülbülün oxuması, ya da gülün rayihəsi
nəyi xəbər verir, nəyi bildirir? Əslində
heç nəyi, sadəcə olaraq özünü ifadə
edir. Çiçəkli yazının mətni də gələcək
nəsillərə göndərilən mesaj deyil,
özünüifadədir, sevən qəlbin naləsidir.
F.Q.-nin Bəhram kişinin köməyi
ilə, əslində isə onun həyatı bahasına oxuya
bildiyi mətn onun dostu Azəri əsla razı salmır. Bu mətndən
nəsə qeyri-adi bir informasiya gözləyirdilər. Əsərdə
alimlərin, institut rəhbərlərinin bu mətnə
münasibəti, F.Q.-nin oxuduğu məzmuna münasibəti
haqqında heç bir məlumat verilmir. Əsas məsələ
bunda deyil. Yazıçının məqsədi tarixə
münasibəti dəyərləndirməkdir, tarixə
münasibətdə insanları göydən yerə endirməkdir.
Nədən hamı tarixdə daim bir möhtəşəmlik
axtarır? Kamal Abdulla yazıçı olaraq tarixin içinə
girməyi (elmi mənada deyil, estetik mənada), tarixi hadisələrə
onların öz zamanı mövqeyindən, yəni indiki
zamanda baş verən hadisə kimi baxmağı sevən və
bacaran yazıçıdır. O, tarixi bugünə gətirmir,
tarixə bugünün mövqeyindən də baxmır, hadisələrin
baş verdiyi zamanın içindən baxır. Onda da tarix
olduğu kimi, yəni adi görünməyə
başlayır, özünün süni möhtəşəmliyini
itirir. Bu da bəzən müasir oxucunu qane etmir. O, tarixi
möhtəşəm görmək istəyir. Axı nə
üçün tarix hökmən möhtəşəm
olmalıdır? Nə üçün tarixi şəxsiyyətlər
müasir adamlar kimi adi deyil, qeyri-adi olmalıdırlar? Yəqin,
ona görə ki, biz onları bu cür görmək istəyirik
və onlar da bizim nəzərlərimizdə olduğundan daha
möhtəşəm görünürlər. K.Abdulla isə
tarixi hadisələrə onların öz zamanı və məkanı
mövqeyindən baxır, yəni təhkiyəçini də,
oxucunu da xəyalən o zamana aparır. Bu da tarixi adiləşdirir.
Bunu biz “Yarımçıq əlyazma”da da, “Unutmağa kimsə
yox...” romanında da görürük. Bununla da K.Abdulla sanki
tarixlə müasir həyatı üzvi şəkildə birləşdirir
və bir vəhdət halında təsir edir. Bu da postmodernist ədəbiyyatın
müasir insanı tarixin cazibəsindən və sehrindən
azad etmək istəyidir, qeyri-adidə adini və əksinə,
adidə qeyri-adini göstərə bilmək cəhdidir. Bunu
biz Çiçəkli yazının timsalında da
görürük. Orada öz əksini tapmış olan o nakam
məhəbbətin tarixçəsi heç də
şahların və sərkərdələrin tarixindən
aşağı deyildir. Məhəbbət tarixdən də əzəldir.
Əslində, məhəbbət böyük tarixdir. Onunla
müqayisədə şahların tarixi ötəri və
birdəfəlik hadisələrdir, yəni kiçik tarixdir. Şahların
tarixi sonsuzluq içində bir andır, məhəbbət isə
elə sonsuzluğun özüdür. Məhəbbət
bütün zamanların sonsuz əhvalatıdır, tarixin
özüdür. Bununla da K.Abdulla hamıya möhtəşəm
görünən tarixi adilik qiyafəsində təsvir etdiyi
kimi, hamıya adi görünən gündəlik həyatın
da möhtəşəm mənasını açmağı
bacarır, bir növ romanda “hadisələrin
üfüqünü yaradır və burada keçmişlə
indiki həyat bir araya gəlir, vəhdət halında birləşir.
Çiçəkli yazı da, elə “Unutmağa kimsə
yox...” da hadisələrin üfüqüdür. Burada, bu
romanda tarixlə mif, keçmişlə indi birləşərək,
bir vəhdət halına gələrək
çoxvariantlı bir məzmun yaradır.
“Unutmağa kimsə yox....” romanı da yazıçının ilk iki romanını tamamlayaraq bir bütövlük, yəni ədəbi-tarixi prosesdə bir dövr yaradır ki, bunu da Kamal Abdulla dövrü adlandırmaq olar. Müasir Azərbaycan ədəbiyyatındakı modernizm və postmodernizm dövrü özünün ən dolğun ifadəsini məhz K.Abdullanın yaradıcılığında tapmışdır.
Məmməd QOCAYEV
525-ci qəzet.- 2011.- 9 iyun.- S.6.