Şəfalı əllər, iti
zəka, düzgün qərar
2011-ci ilin iyun ayında həmyerlimiz
akademik Q.A. İlizarovun anadan olmasının 90 illiyi,
İlizarov metodu ilə müalicənin 60 illiyi, hal-hazırda
onun adını daşıyan Rusiya Travmatologiya və Ortopediya
Bərpa Elmi Mərkəzinin 40 illik yubileyi qeyd olunacaq. Bu ərəfədə
həmçinin İlizarovun ən layiqli
davamçısı, digər həmyerlimiz professor Hüseynəli
İsmayılovun 50 illiyi və elmi-praktik əmək fəaliyyətinin
25 illiyi tamam olur. Ömrünün yarısını akademik
İlizarovun müalicə üsuluna həsr edən, öz
ixtiraları və təkmilləşmələri ilə onu
daha da zənginləşdirən professor Hüseynəli
İsmayılov dünyanın bir çox ölkələrində
görkəmli travmatoloq-ortoped kimi ad qazanıb.
Professor Hüseynəli
İsmayılov Borçalı mahalının Dmanisi
(Başkeçid) rayonunun Qızıl Kilsə kəndində
hamının xeyir-şərinə yarıyan zəhmətkeş
bir ailədə dünyaya gəlib. 1986-cı ildə Azərbaycan
Dövlət Tibb İnstitutunda ümumi cərrahlıq
ixtisasına yiyələnən H. İsmayılov sonralar həyatını
Kurqan şəhərində yerləşən və
hazırda həmyerlimiz akademik İlizarovun adını
daşıyan travmatologiya-ortopediya elmi mərkəzinə
bağlayıb. Həmin elmi mərkəzdə fəaliyyətə
başlamaq ucun H.İsmayılov böyük bir müsabiqədən
keçməli olub. Akademik İlizarov 100 namizəd
arasından 7 nəfəri seçmişdi ki, onlardan biri də
H.İsmayılov idi. Bu, o vaxtlar idi ki, uzun müddət dayaq-hərəkət
üzvlərinin müxtəlif patologiyası ilə əziyyət
çəkən insanlar dünyanın bütün nöqtələrindən
Kurqan şəhərinə gəlir, müalicə olunaraq fəal
həyata qayıdırdılar. Həkimlik məsuliyyətini
dərindən dərk edən akademik İlizarov öz
ideyalarını həyata keçirmək ucun
H.İsmayılov kimi gənclərə böyük ehtiyac
duyurdu. 1989-cu ildə Kurqanda klinik ordinaturanı bitirdikdən
sonra elmi şuranın qərarına əsasən aspiranturada
saxlanılan H.İsmayılova akademik İlizarov
özünün yeni başladığı
travmatologiya-ortopediyanın ən çətin sahəsi olan əl
və ayaq sümüklərinin patologiyası mövzusunda elmi
iş üzərində işləməyi məsləhət
bildi. H.Ismayılova qədər akademik Ilizarov bu işi 3-4 nəfər
elmi işçiyə və həkimlərə həvalə
etmişdi, lakin onlar heç bir nəticə əldə edə
bilməmişdilər. Məhz H.İsmayılovun istedadına
bələd olan akademik İlizarov hələ aspiranturada
oxuyarkən onu əl və ayaq sümüklərinin
patologiyası elmi qrupuna rəhbər təyin etmişdi. 1990-cı
ildə aspirant Hüseynəli İsmayılovun akademik
İlizarovla müştərək ixtirasının qeydə
alınması onu daha da ruhlandırdı. Yeni üsulla xəstə
bir neçə dəfə əməliyyat olunmaqdan və
yaxud da ayaq sümüklərinin 3-4 yerdən osteotomiya
(sındırılma) olunmasından xilas olunurdu. 1993-cü ildə
H.İsmayılov dissertasiya işini müvəffəqiyyətlə
tamamlayaraq elmlər namizədi adini qazandi.Perm Dövlət Tibb
Universitetinin rektoru, dissertasiya şurasının sədri
akademik Vagner bu işə böyük qiymət verərək
deyib: “H.İsmayılovun elmi işi bir daha mənə
sübut etdi ki, Ilizarov aparatı sadəcə bir aparat yox,
böyük bir elmi konsepsiyadır. Onun elmi işi bir çox
mütəxəssislərin diqqətini cəlb etdi. Artıq
o, elmi qrupda gənc həkimlərdən ibarət öz
komandasını formalaşdırmışdı. Rəhbərlik
etdiyi qrupun bir sıra uğurlarından sonra H.İsmayılov
həmçinin əl və ayaq sümüklərinin
patologiyasının müalicəsi üzrə elmi-klinik
ortopediya şöbəsinin rəhbəri təyin
olunur.H.Ismayılov eyni vaxtda mərkəzin cərrahiyə
şurasının sədri,elmi tədqiqat
komissiyasının, elmi şuranın və elmi müdafiə
şurasının üzvü təyin olunur. Qeyd edək ki,
İsmayılovun rəhbərlik etdiyi şöbəyə
İlizarov tərəfindən çox güclü nəzarət
vardı. Ora nəinki xarici həkimlər, hətta mərkəzin
əksər həkimləri belə daxil ola bilməzdi. Bu
gün də İlizarov mərkəzinə baş çəkən
dünya ortoped-travmatologlarını ən çox
maraqlandıran əl və pəncə patologiyasının
müalicə üsullarıdır. Məhz H.İsmayılov
dünya ortopediya və travmatologiya tarixində ilk dəfə
olaraq əl və pəncə patologiyasının İlizarov
və onun təkmilləşmələri üsulu ilə
müalicə prinsiplərinin konsepsiyasını tərtib edərək
elmi əsaslandırıb. Sonralar onun rəhbərliyi ilə 6
gənc dissertant bu sahə üzrə namizədlik
dissertasiyasını müdafiə etdi. Onların arasında
bir yapon dissertantı da var idi.
1995-ci ildə H.
İsmayılovu “Baldır və pəncənin deformasiyasının
bərpası” mövzusu ətrafında məruzə etmək
üçün ABŞ-a dəvət edirlər. Xarici mütəxəssislər
onun məruzəsini dinlədikdən,video yazılara
baxdıqdan sonra gördüklərinə
inanmadıqlarını bəyan edərək bütün
bunların kompüterdə hazırlandığını
bildirirlər. Bundan sonra həmin opponentləri Kurqana dəvət
edirlər və onlar çox böyük təəccüblə
gördüklərinin həqiqiliyini etiraf etməyə məcbur
olurlar.
O vaxtlar beyni qıc olan xəstələrin
ortopedik problemləri də H.İsmayılovun diqqət mərkəzində
idi. Belə xəstələr çox zaman yataq rejiminə məruz
qalırdılar. Həmin xəstələrə İlizarov
aparatının tətbiqindən əlavə yumşaq
toxumalar üzərində əməliyyat aparmaq və bundan
sonra bərpaedici müalicə üsullarını da tətbiq
etmək lazım gəlirdi. Məhz İsmayılov tərəfindən
kompleks müalicə sistemi tətbiq edilərək belə xəstələr
normal həyata qaytarıldı. Bu üsul da indi Rusiya təbabətində
və xarici klinikalarda geniş tətbiq olunur.
Akademik İlizarov adətən
pəncə əyrilikləri olan xəstələri beş
yaşından başlayaraq müalicə edərdi. Bunun bir səbəbi
müalicə üçün müraciət edən şəxslərin
illərlə növbə gözləməsi, digər səbəbi
isə aparatın az yaşlı uşaqlara qoyulmasının
çətinliyi idi. Məhz onun yetirməsi H.İsmayılov
İlizarov aparatının yüngül modelini yaradaraq,onu az
yaşlı uşaqlara tətbiq etdi. O, həmin aparatı ilk
dəfə 11 aylıq qız uşağına tətbiq etdi və
müsbət nəticə alındı. Üç
yaşında təkrar müayinəyə gələn zaman həmin
uşağın anası sevincindən ağlayaraq deyirdi:
“Doktor, mən sizə minnətdaram , mənim qızım
heç vaxt bilməyəcək ki, onun belə bir problemi
olmuşdur.” Sonralar mərkəzdə yuxarı və
aşağı ətrafların anadangəlmə
qüsurlarının müalicəsi prinsipləri daha da təkmilləşdirilərək
yeni elmi işin əsası qoyuldu və tezliklə bu
mövzuda İsmayılovun iki yetirməsi namizədlik
dissertasiyasını müdafiə etdi. İlizarov üsulunun
tətbiqi və onun elmi qrupda ixtira və təkmilləşmələrlə
zənginləşdirilməsinə qədər belə xəstələrin
ayaqları kəsilərək protez qoyulurdu.
1995-ci ildən başlayaraq H. İsmayılovun rəhbərlik etdiyi şöbə Elmi Mərkəzin daxili reytinqi üzrə adətən birinci yeri tutur və ildən-ilə şöbə müdirinin də reytinqi yüksəlirdi. Elə həmin il İranın, ixtisasca ortoped, üstəlik bu ölkənin ən iri tibbi sığorta şirkətlərindən birinin rəhbəri tanışlıq və gələcək əməkdaşlıq məqsədi ilə H. İsmayılovu öz ölkəsinə dəvət edir. Bir il sonra H. İsmayılov 1 həftə Tehranda,3 gün isə əyalət şəhəri olan Yəzddə qalaraq bir neçə uğurlu əməliyyat aparır. İranda pəncə sümüyünün osteomielitinə (iltihabı) düçar olmuş, Iran ortopedlarə tərəfindən çox saylı cərrahi əməliyyatlar aparılmış,baldırında 4 sm ölçüdə qısalma olan 22 yaşlı qızın ayağının amputasiyası qərara alınmışdı. Ancaq həmyerlimiz H. İsmayılovun məharəti sayəsində qız ömürlük şikəstlikdən xilas oldu və sonra da ərə gedərək iki uşaq dünyaya gətirdi. İlk dəfə İranda İlizarov metodunu tətbiq edən H. İsmayılovun həmin cərrahiyə əməliyyatı bu ölkədə böyük sensasiyaya səbəb oldu və ona yeni imkanlar açdı.
1998-ci ildə H. İsmayılovun da daxil olduğu mütəxəssislərdən ibarət nümayəndə heyəti İngiltərəyə dəvət edilir. Burada onlar London, Brimingem, Liverpul, Edinburq şəhərlərində ölkənin aparıcı travmatoloji şöbələrinin işi ilə tanış oldular. Hər yerdə lövhəcik, bolt və şuruplardan istifadə etməklə köhnəlmiş metodların tətbiq edilməsini gözləri ilə gördülər. Rusiyalı mütəxəssislərin oxuduqları məruzələr ingilislərdə böyük maraq yaradır. Bir müddət sonra Kurqana gəlməyə qərar verən ingilislər akademik İlizarovun tələbəsi olan H. İsmayılovun doğrudan da möcüzələr yaratdığını öz gözləri ilə görürlər .Onlar Ilizarov mərkəzinin 350 mütəxəssisin arasından yalnız Hüseynəli İsmayılovun bir illiyə İngiltərəyə ezam olunması üçün mərkəzin rəhbərliyinə müraciət edirlər
2000-ci ildə Perm Dövlət Universitetinin müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edərkən elmi opponentləri onun elmi-praktik işinə böyük qiymət verərək,yekdilliklə söylədilər: İsmayilovun elmi işinin dünya travmatologiya-ortopediya sahəsində analoqu yoxdur.Rusiya Ali Attestasiya komissiyası isə bu elmi işi “stolüstü” kitablar sırasına daxil etdi.
39 yaşında doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Elmi Mərkəzdə artıq İlizarovun ən layiqli və bacarıqlı tələbəsi kimi tanınmağa başlayan H.İsmayılovun elmi işlərini və ixtiralarını həmin ərəfədə İlizarov üsulunu öyrənməyə Kurqana gələn Yaponiya və Cənubi Koreya travmatologiya və ortopediya cəmiyyətinin üzvləri də təqdir edirdilər.
2000-ci ildə Kurqan vilayətinin qubernatorunun fəxri fərmanı ilə təltif olunan H. İsmayılov 2001-ci ildə İlizarov üsulunun İngiltərədə öyrənilməsində göstərdiyi fəaliyyətə görə Aberdin şəhərinin merinin (Şotlandiya) və Koroleva xəstəxanasının müdiriyyətinin fəxri fərmanlarına layiq görülüb. Professor İsmayılov indi də belə hesab edir ki, Şotlandiyada ona verilən ən qiymətli hədiyyə 12 yaşlı qız uşağının kompüterdə yaratdığı şəkil və onun ürək sözləridir. Konsilium qızın ayağını kəsməyə qərar versə də, H. İsmayılov buna imkan verməyib, xəstəni müalicə edə bilmişdi. Həmin qızın yaratdığı şəkildə H. İsmayılov yaxasında oraq və çəkic fəxri kürsünün birinci pilləsində təsvir olunub və bu sözlər yazılıb: Doktor, mən ürəyimi sizə ərməğan edərdim,ancaq bilirəm ki, götürməzsiniz. Mən və ailəm sizə hədsiz minnətdarıq”.
Anadangəlmə pəncəsi olmayan digər 15 yaşlı qız uşağının şəfa taparaq dikdaban ayaqqabıda gəzməsi də professor İsmayılovun ən gözəl mükafatlarındandır. Belə ki, professor öz ixtirasına əsasən baldırın hesabına pəncəni qurmağa, ona düzgün anatomik forma verməyə müvafiq olmuşdu.
Professor H.İsmayılovun bu və digər möcüzəli əməliyyatları barədə “BBC” televiziya kanalı 5 dəfə yayımlama vermiş və onu dünyaya tanıtdırmışdır. H İsmayılov haqqında bu kanalın internet saytında və bir çox tanınmış mətbuat orqanlarında geniş məlumat verilib.
2002-ci ildə professor İsmayılov üzün müddətli müqavilə əsasında akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Bərpa Elmi Mərkəzinin Yaxın Şərq üzrə rəsmi nümayəndəsi təyin olunur və Tehranın “Milad” dövlət sığorta xəstəxanasında fəaliyyətə başlayır. Elə fəaliyyətinin ilk illərində minlərlə xəstə onun qəbuluna düşmək üçün növbə gözləyir. 9 il müddətində 4 mindən artıq ən mürəkkəb cərrahiyə əməliyyatı aparır.
Professor İsmayılov ara-sıra Azərbaycanda da cərrahi əməliyyatlar aparır. Böyrək çatışmazlıqları olan, ürək problemlərindən əziyyət çəkən 80 yaşlı bir xəstəni Almaniyada belə müalicə üçün qəbul etməmişdilər. Həmyerlimiz Bakıya gəlib onun çanaq oynağını süni orqanla (protezlə) əvəz etdi. Tezliklə ağrılar çəkilib getdi. Xəstə ayağa qalxıb nəvəsinin toyunda oynadı.
Ümumiyyətlə, professor İsmayılov Rusiyada, Yaxın Şərq və bir çox ölkələrdə 6 min nəfərdən artıq xəstə üzərində uğurlu cərrahi əməliyyat aparıb. O, dünyanın 86 ölkəsinin (ABŞ, Almaniya, Yaponiya, İngiltərə, Koreya,Türkiyə, İran və s.) mütəxəssislərinə İlizarov üsulunun öyrənilməsində kömək etmiş və təşəkkürlərə layiq görülmüşdür. Onun əsas elmi ixtirası olan əl və ayaq xəstəliklərində və sınıqlarında böyük uğurla tətbiq edilən aparat Yaponiyada patent alıb. H.İsmayılovun ortopediya və travmatologiya sahəsində müvəffəqiyyətlə istifadə olunan axırıncı ixtirası 2008 –ci ildə İsveçrədə keçirilən Beynəlxalq müsabiqədə birinci yeri tutaraq fəxri mükafata layiq görülüb. Həmin müsabiqədə 70 dövlətin nümayəndələri iştirak edirdi.Bu qələbə Iranın həm dini lideri, həm də prezidenti tərəfindən yüksək qiymətləndirildi. Rusiya höküməti 2003-cü ildə 100-dən artıq beynəlxalq konfranslara qatılan və elmi məruzələrlə çıxış edən professor Hüseynəli İsmayılova Rusiyanın əməkdar səmərələşdiricisi adını verib.
2007-ci ildə isə o, Rusiyada elmin inkişafına göstərdiyi xidmətə və ixtiralarına görə Əməkdar elm və təhsil xadimi adına ,“Alfred Nobel” və “Vernadiski” qızıl medallarına layiq görülüb, adı Rusiyanın görkəmli alimləri internet ensiklopediyasına daxil edilib.
O, anadangəlmə və qazanılmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş 200-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 16 tədris kitabçasının, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və təkmilləşmələrin müəllifi, İlizarov adına fondun mükafatı laureatı, Pəncə və Pəncə-baldır üzrə Rusiya Cərrahiyə Cəmiyyətinin fəxri üzvü, Ümumrusiya Estetik və Plastik Əl Cərrahiyyəsi Cəmiyyətinin, Dünya və Avropa Travmatologiya və Ortopedia Cəmiyyətlərinin, Amerika Travmatologiya və Ortopedia Cəmiyyəti Akademiyasının üzvü, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir.Professor H.İsmayılov bütün bunlara şəfalı əlləri ,iti zəkası və çətin situasiyalarda düzgün qərar çıxarmasıyla nail olub.
Professor H.İsmayılov həm də gözəl ailə başçısıdır. Onun belə uğur qazanmasında həyat yoldaşı akuşer-ginekoloq, tibb elmləri namizədi Sevinc İsmayılovanın da böyük rolu olub. Tehrandakı Rusiya səfirliyinin nəzdində olan Beynəlxalq Rus Məktəbində əla qiymətlərlə oxuyan övladları Ülviyyə və Orxan isə ataları ilə fəxr edirlər.Gözəl alim, dəyərli insan Hüseynəli İsmayılov Kurqandakı diasporumuzla həmişə sıx əlaqə saxlayır, öz xalqına baş ucalığı gətirməyə çalışır, respublikamızda gedən inkişafa sevinir.
Süleyman ƏLİSA
525-ci qəzet.- 2011.- 9 iyun.- S.4.