Professor Tofiq Hacıyevin bədii
dil məsələlərinə elmi baxışı
AMEA-nın müxbir
üzvü, əməkdar elm xadimi professor Tofiq Hacıyev Azərbaycan
ədəbi dili tarixinin ən görkəmli tədqiqatçısıdır.
Onun çoxşaxəli filoloji araşdırmalarında bədii
dillə bağlı fundamental yaradıcılığı da
müasir dilçilik elmimizin ən sanballı nümunələri
kimi diqqəti çəkir. Ardıcıl və sistemli şəkildə
tədqiqata cəlb etdiyi ədəbi şəxsiyyətlərin
bədii dil mədəniyyəti, söz sənətkarlığı
görkəmli dilçi alimin çoxsaylı tədqiqat
işlərində öz əksini tapmışdır. Ədəbiyyatımızın
korifeylərinə, ədəbi prosesin tanınmış
nümayəndələrinə xas olan dil və üslubi məziyyətlər
qədim və zəngin ədəbiyyatımızın ənənəvi
fonunda nəzərdən keçirilmişdir. Onun qələm
məhsulları özündə müasir filoloji
düşüncəmizin siqlətini nümayiş etdirir,
müasir elmi təfəkkürümüzün estetik-analitik
ağırlığının təzahürü kimi meydana
çıxır.
Professor T.Hacıyevin bu sahə
ilə bağlı bütün monoqrafiya, dərslik, kitab və
məqalələrində dil sənətkarlığının,
onun estetik təbiətinin məğzi açılır. Ədəbi
şəxsiyyət və bədii dil problemləri nəzəri
dilçilikdə ön plana çəkilir. Onun iki cildlik “Azərbaycan
ədəbi dili tarixi”, “XX əsrin əvvəllərində
Azərbaycan ədəbi dili”, “Satira dili”, “Molla Nəsrəddinin
dili və üslubu”, “Sabir: qaynaqlar, sələflər”,
“Füzuli: dil sənətkarlığı”, “Şeirimiz, nəsrimiz,
ədəbi dilimiz”, “Yazıçı dili və ideya-bədii
təhlil” və s. kimi monumental kitablarında, ədəbi tənqid
və poetikaya dair çoxsaylı və dəyərli məqalələrində
bədii dil və üslub məsələləri,
sözün estetik problematikası elmi-nəzəri miqyası
ilə səciyyəvidir. Bədii dil və üslub problem və
qayğıları onun geniş diapazonlu
yaradıcılığında, bir qayda olaraq, dövrün
estetik fikri, ədəbi prosesin ən aktual problemləri ilə
ahəngdarlıq təşkil edir. Bədii üslubun, yazıçı
dilinin, poeziya nitqinin inkişaf meyllərini, onun problem və
qayğılarını əhatəli estetik kontekstdə dəyərləndirmək
onun yazı üsuluna, təhlil və araşdırma
özünəməxsusluğuna xas olan keyfiyyət göstəriciləridir.
Məhz buna görə də Professor T.Hacıyevin bədii ədəbiyyatın
dili ilə bağlı parlaq fəaliyyəti filologiya,
xüsusilə poetik linqvistikada olduqca uğurlu hadisə kimi
etiraf və təqdir olunmuşdur.
Professor T.Hacıyevin bədii dilin nəzəriyyəsi ilə əlaqəli bənzərsiz yaradıcılığının başlıca istiqaməti çoxəsrlik ədəbiyyatımızın bədii dil təcrübəsinin hərtərəfli şəkildə öyrənilib ümumiləşdirilməsindən ibarətdir. T.Hacıyev yaradıcılığında dilimizin tarixi kökəni, onun inkişafında zaman amili, üslubi rəngarəngliyi geniş elmi filoloji aspektdən nəzərdən keçirilmiş, zamanın söz sənəti qarşısında qoyduğu estetik tələblərə aid nəzəri müddəalar mühüm təfərrüatları ilə izlənilir. Professor T.Hacıyev geniş tədqiqat predmetləri içərisində bədii dilin müxtəlif aktual və köklü problemlərinə aydınlıq gətirir., poetik yaradıcılıqda forma, dil-üslub zənginliyinin əhəmiyyətini, bədii nitq mədəniyyətini daim diqqət mərkəzində saxlayır, bədii təsvir və ifadə vasitələri axtarışları problemlərinə həmişə həssas tədqiqatçılıq duyğusu və səriştəsi ilə yanaşır. Nəsimi, Xətai, Füzuli, S.Ə.Şirvani, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi klassiklərimizdən tutmuş S.Əhmədov, B.Bayramov, Ə.Kərim, R.Rza, B.Vahabzadə, M.Araz, R.Rövşən, S.Rüstəmxanlı və son dövrümüzün başqa görkəmli qələm sahiblərinin yaradıcılığı timsalında dil sənətkarlığının vacib problemləri ətrafında söhbət açır, dil və üslub cəhətdən orijinallığın, yeniləşmənin mexanizmini konkret dil faktları əsasında səciyyələndirir. Ənənəyə yeni yaradıcı baxışla forma yeniliyinə yiyələnən məziyyətlərini ümumiləşdirərək sırf nəzəri aspektdən işıqlandırmışdır. Bunun ədəbi-bədii dilin təkamülünə təsirinin şərhi də öz elmi sanbalı ilə diqqəti çəkir. Söz və ifadə yaradıcılığının, novatorluğunun, folklor poetikasına bağlılığın, klassik ədəbiyyatdan faydalanma meyllərinin spesifik əlamətlərinə elmi-nəzəri baxış T.Hacıyev yaradıcılığında öz mükəmməlliyi, prinsipial elmi konsepsiyası ilə birləşir. Bütün hallarda bədii ədəbiyyatın dilində müşahidə edilən linqvistik faktorları görkəmli türkoloq dövrünün, real həyatın bədii şüurda törətdiyi hadisə kimi dəyərləndirir. Ədəbi prosesdəki novatorluğun əsas istiqamətlərini dillə bağlayan T.Hacıyev bədii idrak proseslərinə, onun müasirləşməsinə aid elmi qənaətlərini olduqca sərrast arqumentlərlə, aydın, məntiqi dəlillərlə, xüsusi inandırıcılıqla təqdim edir. Hər bir söz sənətkarını onun dildən istifadə, üslubi özünəməxsusluğu ilə səciyyələndirir. “Bədii dili ilə öz dövrünün sənət etalonu” S.Vurğunu, “sərbəst şeiri dili ilə milliləşdirən” R.Rzanın, “ürəyini dilinə verib və oxucunun ürəyini bu dillə ələ alan” H.Arifi, “özünü epik intonasiyada kökləmiş” Qabili və digər çoxsaylı söz ustalarını ədəbi dilin dinamikası, bədii fikrin hərəkəti ilə vəhdətdə araşdırmış, dillə bağlı sənətkarlıq axtarışlarına xüsusi əhəmiyyət vermişdir.
T.Hacıyevin fəaliyyəti ilə filologiyamızda bədii dilin hərtərəfli tədqiqinə maraq intensiv xarakter almışdır. Bunun sayəsində Azərbaycan dilçilik elminin, ədəbiyyatşünaslıq və ədəbi tənqidin elmi-nəzəri səviyyəsi yüksəlmişdir. Bədii dil konsepsiyasını, onun fundamental nəzəriyyəsini yaratmaq işində T.Hacıyev misilsiz xidmətlər göstərmişdir. Bədii dil proseslərinə həsr olunmuş yazılarında Azərbaycan dilinin potensial poetik imkanları, ifadəlilik qüdrəti, zəngin bədii təsvir vasitələri ilə yanaşı bədii söz ustalarının fərdi üslubu, yaradıcılıq fəaliyyəti öz geniş əksini tapmış, dilimizin inkişaf meylləri, aktual problemləri də parlaq şəkildə təqdim olunmuşudur. Ədəbiyyatşünas Vilayət Quliyevin aşağıdakı mülahizəsi böyük türkoloqun alim portretinin mühüm cizgilərindən biri kimi dəyərlidir. “Poetexnikanı öyrənmək baxımından T.Hacıyev B.Tomaşevskinin, yaxud V.Vinoqradovun rus ədəbiyyatı üçün gördükləri işi Azərbaycan ədəbiyyatı üçün görür”.
Porf. Tofiq Hacıyev Azərbaycan ədəbiyyatının bütün inkişaf mərhələlərindəki sənət dilindən danışarkən onun elmi təfəkkürünün orijinal təzahür və ifadə formaları aşkarlanır. Təbii elmi üslub, ən ciddi problemlərin şərhində elmi üslubla bədii üslubun vəhdəti, məntiqi təfəkkürün obrazlı ifadə tərzi türk dünyasının görkəmli aliminin fərdi yaradıcılıq üslubunun ayrılmaz atributlarındandır. Onun elmi nəzəri təfəkkürünün məhsullarına xas olan məziyyət, ən parlaq əlamət elmiliklə yanaşı sadəliyi, aydınlığı və təbiiliyidir. Tofiq Hacıyev qələmindən çıxmış və hər bir əsər fenomenal təfəkkürün məhsulu kimi parlaq yaradıcılıq aktıdır.
Yazımın sonunda hörmətli müəllimimi, Azərbaycanşünaslığımızı dəyərli töhfələri ilə zənginləşdirən məhsuldar alimimizi, filologiya elmini yeni baxış və fikirləri ilə zinətləndirən professor Tofiq İsmayıl oğlu Hacıyevi 75 yaşı münasibəti ilə təbrik edir, ona həyatda və yazıb-yaratmaqda, tükənməz yaradıcılıq ilhamı, möhkəm cansağlığı arzulayıram.
İsmayıl MƏMMƏDOV,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-2011.- 9 iyun.-
S.7.