İsa Məlikov: “Eurovision-2011” qaliblərinin
prodüseri kimi özümü rahat hiss edirəm”
– Azərbaycana “Eurovision” qələbəsini
gətirən Eldar Qasımov və Nigar Camalla prodüser kimi
işləmək sizə həvalə olunub. Qaliblərlə
işləmək çətinliyi sizi qorxutmur ki?
– Eldar yanıma “Eurovision”
müsabiqəsinin qalibi kimi gəldi. Onu milli seçimlərdən
tanıyırdım. Çox sevindirici haldır ki, Nigar və
Eldar ulduz xəstəliyinə tutulmayıb və ümumiyyətlə,
bu xəstəlikdən uzaqdırlar. Dekabrda Eldarla Nigar necə
var idisə, böyük qələbədən sonra da eyni səmimiyyəti
saxlayıblar. Hər zaman dünya ulduzlarına fikir verirdim.
Onların belə bir xüsusiyyəti var, çox səmimidirlər
və heç kim deməz ki, onlar ulduzdur. Hər zaman
düşünürdüm ki, axı niyə bizim
şou-biznes üçün bu nadir hal hesab olunur? Bizim
şou-biznesdə bir balaca uğur qazanmış müğənni
artıq yerə-göyə sığmır. Bu məsələdə
bir balans olmalıdır. Eldar və Nigar isə özlərini
dünya ulduzları kimi səmimi aparırlar.
– Siz əvvəl Nigarın
prodüseri kimi çalışırdınız. Bəs,
Eldarla işləmək kim tərəfindən təklif
olundu?
– Bunu
qarşılıqlı təklif olaraq qiymətləndirmək
daha düzgün olar. Düsseldorfda Eldarla bununla bağlı
söhbət etmişdik, o da mənə öz fikrini
demişdi. Eldar artıq Ukraynanın “Euromedia” şirkəti ilə
işbirliyinə başlayıb. Əlbəttə ki, Eldar
üçün mahnı seçimi etmək, albom
hazırlamaq, çox işlər görmək
lazımdır. Mən hələ əvvəldən Eldarla
işləmək istəyimi bildirmişdim, əgər Eldar
razıdırsa, mən çoxdan razıyam. Bir həftə
bundan öncə Eldarla və həmin Ukrayna şirkəti ilə
danışdıq ki, hamımız birgə
çalışacağıq. Yəni Eldarın səhnə
həyatını bir yerdə hazırlayacağıq.
Eldarın Azərbaycan üçün nəzərdə
tutulan layihələri, eyni zamanda albomu ilə məşğul
olacağam. Sözsüz ki, yerli şou-biznesi başqa ölkənin
şou-biznesindən daha çox bilirəm. Eldarla işləyən
şirkət Avropa və digər ölkələrdə onun
işlərini görəcək. Eləcə də Nigarla bu
cür işbirliyində olacağam.
– Onların Azərbaycanda
konsertini planlaşdırırsınızmı?
– Mütləq
olmalıdır və biz bunu planlaşdırırıq. Onlar
konsertlər verməli, layihələrdə iştirak etməlidirlər.
Hazırda əsas məsələ onlara proqramının
yığılmasıdır. Ən azı hər birinin bir
saatlıq proqramı olmalıdır. Eldar və Nigarın
albomlarında mənim mahnılarım da olacaq. Stefan Örn də
onlar üçün mahnı yazır. Çox istəyirəm
ki, digər xarici ölkə və Rusiyanın musiqiçilərini
də bu işə cəlb edim. Albomlar hazır olandan sonra həm
Bakıda, həm də bölgələrdə turne şəklində
konsertlər təşkil olunacaq.
– Hər zaman yaddaqalan layihələrə
imza atan İsa Məlikov Eldar və Nigar üçün nələr
planlaşdırır?
– Eldar və Nigar Azərbaycana
“Eurovision” qələbəsini gətirən iki primadır.
Prima olaraq da biz istəyirik Eldarın öz solo albomu,
Nigarınsa öz solo albomu olsun. Bu o demək deyil ki, Eldar və
Nigar dueti dağılır, parçalanır. Duet olaraq onlar
yenə də “Running Scared”i, bəlkə də başqa
mahnıları oxuyacaqlar. Amma hər birinin
ayrı-ayrılıqda solo karyerası olacaq.
– Azərbaycanı
“Eurovision”da təmsil etməsi üçün Nigar Camalın
namizədliyini məhz siz irəli sürmüsünüz.
İlk dövrlər, elə milli seçimlərdən sonra
da bəziləri Nigar Camala inamsız yanaşırdı, hətta
bəzən iddialı açıqlamalar da olurdu...
– İlk əvvəl mən
qələbəmizə çox sevinirəm. Nigar hamıya
sübut etdi ki, bu seçim doğru idi. Eldar və Nigar dueti
çox uğurlu alındı. Onların ikisinin də
bir-birini hər baxımdan tamamlaması hamıya sübut
olundu.
– Siz özünüzü yəqin
ki, qalib prodüser olaraq hiss edirsiniz.
– Sadəcə olaraq
prodüserəm və işimi sona kimi bu cür aparmaq istəyirəm.
Qalib deməzdim, işləyən prodüserəm. İşləməyi
çox sevirəm. Hər kəsin öz yolu var. “Eurovision”
müsabiqəsində Azərbaycanın qalibiyyəti ölkəmizin
inkişafını, sıçrayışla irəlilədiyini
göstərir. Gün gələcək ki, biz Mərkəzi
Avropa ölkələrindən də yüksəkdə
olacağıq.
– Azərbaycanın bu
müsabiqədə 4 illik təmsilçiliyi ərzində
İsa Məlikovun adı daima hallanıb və öz dəsti-xəttinizlə,
layihələrinizlə seçilmisiniz.
Üçüncülük qazanan Aysel Teymurzadə, ötən
ilki seçimlərdə iştirak edən Elli və bu il
Nigar Camal. Yəni Siz artıq Azərbaycana qələbə
qazanmış bir təmsilçini göstərdiniz. Bundan
sonra da bu sahədə işinizi davam etdirəcəksinizmi,
yoxsa artıq “bitdi” deyirsiniz?
– Qalibiyyətdən dərhal
sonra dedim ki, İsa, artıq nöqtə qoyuldu, qurtardıq.
Ancaq yenə də kənarda qala bilmirəm. İndi də
deyirəm, bu il də iştirak edim, namizəd tapım,
göstərim və daha olmayacaq.
– Yəqin bu məqsədlə
sizə artıq çox müraciətlər var?
– Gənc istedadlar çoxdur
və hazırda məlumat bazam çox genişdir. Hamı
özünü göstərmək istəyir və
düşünürəm ki, bunu etməsəm, günah olar.
Yəqin ki, kimisə tapıb ortaya çıxaracağam.
Müraciət edənlərin arasından daxilimdə
seçim aparıram. Mütləq xarici
görünüş, xarici dilə yiyələnməsi,
musiqi duyumu olmalıdır. İngilis dilini bilməməsi mənim
üçün qəbahətdir. Yaxşı səsi olsa da,
xarici görünüş və dil bilgisinin olmaması ilə
barışa bilmərəm. Artıq səhnə
tendensiyası dəyişib. Ötən il Nigarı 20 nəfərin
arasından seçmişdim. Amma Ayseli seçəndə 55
namizəd var idi və maraqlıdır ki, elə 55-ci Aysel idi.
Mən Nigarı ortaya çıxarmalı idim, çünki
o bu müsabiqə üçün bütün formatlara
uyğundur. İlk əvvəl sadəliyi,
tamaşaçıları özünə cəlb etməsi,
səhnədəki səmimiliyi, danışıq qabiliyyəti.
Nigarla Eldarın Düsseldorfda jurnalistlərlə bəzi
zarafatları artıq dilimizdə əzbər olub. Nigar sonuncu
dəfə səhnəyə 21 yaşında
çıxmışdı, ondan sonra artıq musiqi fəaliyyətini
dayandırdı və iqtisadçı olmaq istədi. 9 ilə
yaxın musiqi ilə məşğul olmayan birinin yenilənmiş
formada səhnəyə çıxması möhtəşəm
idi və mən yanılmadığım üçün
xoşbəxtəm.
– Bu il seçimlərə
qız, yoxsa oğlan namizəd hazırlamaq fikriniz var?
– Mənim qızlarla
işbirliyim daha yaxşı alınır. Bəlkə də
bu ondan irəli gəlir ki, iş modelim, iş prinsipim,
mahnılarım qızlarla işləməyə daha çox
uyğun gəlir. Bilirsiniz, qız müğənnilərdə
oğlanlardan daha çox səmimilik görürəm. Eldar
ilk oğlandır ki, səhnədə görəndə ona
inandım. Çox heyf ki, bu illər ərzində Eldar mənim
qarşıma çıxmayıb. Ancaq yenə də qismət,
bu gün də onunla işləyirəm.
– Maraqlıdır, artıq
“Eurovision” ulduzları ilə işləmək imkanı qazanan
İsa Məlikov dünya ulduzlarından kiminlə işləmək
arzusundadır?
– Mənim sevimli müğənnilərimdən
biri Kreyk Deviddir. Məndə o müğənninin
bütün albomları var və onun sənətinə hədsiz
hörmət bəsləyirəm. Amma bu gün Kreyk Devid mənə
zəng edib onun prodüseri olmamı istəsə, “yox”
cavabı verərəm. Çünki hə deməyə
utanaram, axı Kreyk Devidin yanında elə onun özü səviyyəsində
bir prodüser olmalıdır. Bəlkə də bir neçə
ildən sonra artıq özümü buna hazır hiss edəcəyəm
və bilmədiklərimi öyrənəcəyəm. Ancaq
indi “Eurovision” qaliblərinin prodüseri kimi özümü
rahat hiss edirəm. Hər zaman özümə tənqidi
yanaşıram və düşünürəm ki,
özünə kənardan baxa bilməyən insan uğur
qazana bilməz. Əgər bunu nə zamansa bacarmasam, həmin
gün həyatımda uğursuz günün
başlanğıcı olacaq.
– Mən bildiyim qədəri
ilə Azərbaycanda heç bir həmkarınızla dostluq
münasibətiniz yoxdur?
– Bəli, heç bir prodüserlə
dost deyiləm. “SS Production”un rəhbəri Aysel Rəcəbli
ilə yaxşı tərəfdaşıq və
düşünürəm ki, prodüserlik aləmində
adekvat bir insandır. Prodüser müğənninin dəsti-xəttindən
başlayaraq onun kreativ resurslarına qədər hər
şeylə məşğul olmalıdır. Bu çox
böyük və məsuliyyətli sahədir. Bu sözün
altında çox şey var, sadəcə bunu bu gün Azərbaycanda
anlamaq istəyən yoxdur. Çox qəribədir, hərdən
daxilimdə prodüserliklə bəstəkarlıq
savaşır.
– Bir neçə müddət
əvvəl sizin prodüser məktəbi açmaq istəyinizi
eşitmişdik, ancaq deyəsən bu arzunuzu hələ də
reallaşdırmamısınız?
– Bəli, belə bir istəyim
var, ancaq hələ tezdir. Mənim stolüstü kitabım
var, deyə bilərəm ki, hətta təlimatımdır.
Bu, Donald Pasmonun “Musiqi biznesi haqqında hər şey”
kitabıdır. Bu kitab 11 dəfə yenilənmiş variantda
nəşr olunub. Donald Pasmon bu sahədə yeni nələrsə
kəşf edib, dəyişib və bunu kitabında da göstərib.
O kitabda bəzi məqamlar var ki, Azərbaycanda bunlardan istifadə
etmək hələ tezdir. Bəlkə də bir neçə
ildən sonra bu artıq mümkün olacaq. Hər dəfə
oxuyuram o kitabı və düşünürəm – necə
ağıllı insandır ki, bu cür kitabın müəllifidir.
Valeriyanın həyat yoldaşı İosif Priqojinin də
“Siyasət şou-biznesin zirvəsidir” kitabı var. Donalddan,
Priqojindən iş prinsiplərini götürüb öz
iş prinsipimi də qatıb bir kokteyl şəklində
istifadə edirəm. 10-15 il keçəndən sonra mütləq
öz kitabımı yazmaq istəyirəm. Əminəm ki, gələn
il Azərbaycanda möhtəşəm bir “Eurovision” olacaq. Yana
Çurikovanın sözü olmasın, “İndi görəcəksiniz
ki, “Eurovision”u necə keçirmək lazımdır”. Xarici
müğənnilərlə işləmək mənim
üçün çox maraqlıdır, çünki
yeniliklər olur.
– Eldar və Nigarın
“Eurovision” müsabiqəsində ikinci təmsilçiliyinə
necə baxırsınız?
– Şəxsən mən istəməzdim.
Onlar artıq qalib kimi yadda qaldılar və “Eurovision” tarixinə
düşdülər. Onlar “Dana İnternational” və
Lenanın səhvini təkrarlamasalar yaxşıdır.
– Həyat
yoldaşınız Paulina Məlikova əslən polyakdır.
Azərbaycan vətəndaşlığını qəbul
edibmi?
– Paulina 2 yaşından bəri
Azərbaycanda yaşayır. Azərbaycan dilini çox gözəl
bilir və əslən polyakdır. O, Azərbaycan adət-ənənələrini
məndən də yaxşı bilir. Müqəddəs Qurban
bayramında və digər milli bayramlarda zəng edib anamı
təbrik edir. Müsəlmanlığı da qəbul edib.
Paulina hər zaman Azərbaycana azarkeşlik edir və
buranı çox sevir.
525-ci qəzet.- 2011.- 9 iyun.- S.7.