Boksçumuz İBO versiyasında
çempion adına layiq görülüb
ƏGƏR AVQUST AYININ 5-ə KİMİ ÇEMPİON
ADININ VƏ KƏMƏRİNİN MÜDAFİƏSİ TƏŞKİL
EDİLMƏSƏ İDMANÇIMIZIN TİTULU ƏLİNDƏN
ALINA BİLƏR
Ağəli Alışov 1986-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Oğlanqala kəndində anadan olub. Uşaqlıq və yeniyetməlik illərini doğulub boya-başa çatdığı kənddə keçirən A.Alışov 1998-ci ildən idmanla maraqlanmağa başlayıb. Əvvəlcə idmanın uşu, futbol, şahmat kimi növləri ilə məşğul olub. 2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərinə köçüb. Burada işlədiyi üçün bir müddət idmandan kənar düşüb. Lakin 2005-ci ildən təkrar idmana qayıdaraq, peşəkar boksla məşğul olmağa başlayıb. Peşəkar boksçu kimi ilk döyüşünü də Moskva şəhərində keçirib. Özbək idmançısıyla üz-üzə gələn dəri əlcək ustası qısa vaxtda rəqibini məğlub edib. Amma bundan sonrakı döyüşlərində yarışın təşkilatçılıq məsələlərini üzərinə götürən boks menecerlərinin olmaması ucbatından, hakimlərin açıq-aşkar haqsızlığı ilə uduzdurulub.
Ədalətsizliklə qarşılaşan A.Alışov vəziyyətdən çıxış yolu tapmaq ümidi ilə Rusiya Federasiyasında məşhur olan “VAYUR” idman klubu ilə maraqlanıb. Bu klubda keçirdiyi sınaq döyüşü zamanı rəqibi ilə 8 raund mübarizə aparmalı olub. Elə bu döyüşdəcə klubun müəllimləri Ağəlinin peşəkarlığını bəyəniblər. Nəticədə “VAYUR” idman klubu 2006-cı ilin oktyabrında boksçumuz ilə 3 illik müqavilə imzalayıb. Bu klubun təmsilçisi kimi Ağəli 2007-ci ilin aprel ayının sonuna kimi 3 döyüş keçirib. Həmin yarışlardan 1-i xal hesabı, digər ikisi isə təmiz qələbəylə-nakautla Ağəlinin hesabına başa çatıb. Beləcə idman sahəsində uğurlara imza atan boksçumuz öz karyerasını qurub. Ağəli Alışov Moskva şəhərində mənzillə, avtomobillə, aylıq 4 min ABŞ dolları həcmində xərcliklə təmin olunub. Bununla yanaşı, məşqçilər idmançımızın ali təhsil almasını təmin etmək məqsədilə onun sənədlərini hazırlayıb Moskvadakı Xalqlar Dostluğu Universitetinin “Hüquq” fakültəsinə veriblər. Lakin 2007-ci il may ayının 1-də baş vermiş bir hadisə onun peşəkar boksçu kimi daha böyük nailiyyətlər əldə etməsini əngəlləyib.
Belə ki mayın 1-də universitetin qarşısında keçmiş SSRİ məkanındakı ölkələrin dövlət səviyyəsində sərgisi təşkil olunub. Həmin sərgidə hər bir ölkə öz çadırını qurub və orada mənsub olduğu mədəniyyəti müxtəlif vasitələrlə nümayiş etdirib. Azərbaycanla yanaşı, Ermənistanın da iştirak etdiyi bu sərgidə ermənilər hər zaman olduğu kimi bu dəfə də təxribata əl atıblar. Onlar öz çadırlarının qarşısında Ermənistanın bayrağı ilə bərabər, separatçı “Dağlıq Qarabağ Respublikası”nın da bayrağını asıblar. Təbii ki, bu orada yaşayan soydaşlarımız, eləcə də Azərbaycanı sərgidə təmsil edən azərbaycanlılar tərəfindən narazılıqla qarşılanıb. Azərbaycanlıların kəskin etirazı ilə üzləşən Ermənistan təmsilçiləri qondarma qurumun bayrağını yığışdırıblar. Lakin bir saat sonra ermənilər təkrar tanınmayan “respublika”nın bayrağını əvvəlki yerində asıblar. Həmin sərgidə iştirak edən Azərbaycan təmsilçilərinin yanında olan boksçumuz A.Alışov da ermənilərin bu hərəkətini müşahidə edib. O, ermənilərə yaxınlaşaraq, qondarma qurumun bayrağının təkrar çadırın qarşısında asılmasına etirazını bildirib və onlardan bayrağı aşağı endirməyi tələb edib. Bu zaman ermənilər idmançımızı təhqir etməklə yanaşı, onu odlu silahdan atəş açmaqla yaralayıblar. Bundan sonra həmin sərgidə qafqazlılar arasında kütləvi dava düşüb. Xəstəxanaya çatdırılan boksçumuz Moskvadakı azərbaycanlı iş adamlarının köməkliyi ilə tam müalicə olunub. Yenidən idmana qayıtmaq düşüncəsilə xəstəxanadan çıxıb “VAYUR” idman klubuna gələn A.Alışov burada əsl sürprizlə rastlaşıb. Belə ki klub rəhbərliyi Ağəli ilə imzalanan müqaviləyə xitam verib. Eyni zamanda idmançımızın sənədləri də Xalqlar Dostluğu Universitetindən geri qaytarılıb. Özünə isə bildirilib ki, sən sərgidə Azərbaycanı və azərbaycanlıları müdafiə edirdin, indi get Vətənində sənə dəstək olsunlar.
Çətin
vəziyyətə düşən A.Alışov Heydər Əliyev
Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
(AMOR) sədri Leyla xanım Əliyevaya müraciət
ünvanlayıb. Üzləşdiyi problemləri AMOR sədrinə
çatdıran boksçumuz idmançı karyerasını
davam etdirmək üçün ondan dəstək istəyib.
Boksçumuzla görüşən AMOR rəhbərliyi ona hərtərəfli
dəstək veriləcəyini bildirib. Bundan olduqca sevinc hissi
keçirən A.Alışov 2007-ci ilin sentyabrında
Ukraynanın Donetsk şəhərinə yollanıb. Orada dünya səviyyəli
“Union Boxing Promotion” idman klubuna müraciət edib.
İdmançımızı sınamaq, nəyə qadir
olduğunu yoxlamaq üçün klub tərəfindən
boks yarışı təşkil edilib. Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin maliyyə dəstəyi
ilə reallaşan bu döyüş zamanı
idmançımız ukraynalı rəqibini III raundda nakauta
uğradıb. Bu qələbənin ardınca A.Alışov
2009-cu ilin sonuna kimi daha 7 dəfə döyüşməli
olub. Bütün bu döyüşlərin də maliyyə təşkilatçılığını
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi həyata
keçirib. Ümumilikdə 8 döyüşün
hamısında A.Alışov qələbə qazanaraq
özünə olan etimadı tam doğruldub.
İdmançımız həmin döyüşlərin 7-də
rəqibini nakauta uğradıb. Hətta 2008-ci ildə
keçirdiyi döyüşlərin birində erməni
idmançısını nakaut edib tam qələbə
qazandığına görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev boksçumuzu təbrik
edib.
2009-cu ilin sonlarında maliyyə
dəstəyi olmadığına görə A.Alışov
yenidən döyüşlərə ara verməli olub. Az bir
müddət keçdikdən sonra Donetsk şəhərində
yaşayan soydaşımız, əslən Gəncədən
olan Nazim Kazımov adlı iş adamı
idmançımıza dəstək olub. Həmyerlimiz məşhur
Kliçko qardaşlarına məxsus “K2 Ukraina” kampaniyası
ilə əlaqə yaradıb. İdmançımızın
həmin kompaniyada döyüşlərinin təşkilinə
kömək edib. A.Alışov N.Kazımovun maliyyə dəstəyi
ilə 2010-cu ildən 2011-ci ilin mart ayına kimi adıçəkilən
kompaniyada 3 döyüş keçirib. Peşəkar boks
ustamız hər üç döyüşdə rəqibini
nakaut vəziyyətinə salaraq tam qələbə
qazanıb. III döyüş Ukrayna çempionu ilə olub. Rəqibini
asanlıqla məğlub edən A.Alışov onun
çempion kəmərini əlindən alıb. Beləliklə
də idmançımız 59 kiloqram çəki dərəcəsində
peşəkar boks üzrə Ukraina çempionu adına layiq
görülüb.
Sonuncu döyüş
zamanı tanınmış həmvətənimiz, əfsanəvi
idmançı və mesenat Oleq Andreyeviç Krapivin
boksçumuz A.Alışovun peşəkarlığını
bəyənib. O, 2011-ci il mayın 7-də Almaniyanın
Veysvassen şəhərində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünə həsr
olunmuş boks yarışı təşkil edəcəyini
bildirərək, A.Alışovu da həmin yarışda
iştirak etməyə dəvət edib. Dəvəti qəbul
edən dəri əlcək ustamız ulu öndərin xatirəsinə
həsr olunmuş boks yarışında Çexiya
idmançısı ilə üz-üzə gəlib. II
raundda rəqibini nakauta uğradan boksçumuz çempion
adına layiq görülüb. Bununla da İBO versiyası
üzrə çempion kəmərinə sahiblənib.
İndi boksçumuz bu il
avqust ayının 5-ə kimi çempion adının və kəmərinin
müdafiəsini təşkil etməlidir. Bunun
üçün çempionluğa iddialı boksçulardan
biri ilə yarışıb qələbə qazanmaq gərəkdir.
İdmançımız öz qələbəsinə tam əmin
olsa da, maliyyə dəstəyinin olmaması ucbatından bu
döyüşü təşkil edə bilmir. Əgər
növbəti döyüş təşkil edilməsə
avqustun 5-də idmançımızın titulu əlindən
alına bilər.
Qeyd edək ki, İBO versiyasında-peşəkar boks üzrə 59 kq çəki dərəcəsində dünyada 1700-dən artıq döyüşçü var. Onlar arasında ən güclüsü hazırda A.Alışovdur.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2011.-9 iyun.- S.8.