Şair Ağa Laçınlının əlyazmaları Ədəbiyyat İncəsənət Arxivinə verilib

 

Şair alim Ağa Laçınlının əlyazmalarının bir hissəsi Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat İncəsənət Arxivinə təqdim olunub.

Arxivin direktoru Maarif Teymurov bildirib ki, 2007-ci ildə dünyasını dəyişmiş Ağa Laçınlının sənədlərini övladları təqdim edib. Arxivdə sistemləşdiriləcək bu əlyazmalar Ağa Laçınlının gələcək tədqiqatçıları üçün ən dəyərli mənbə olacaq.

1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olmuş Ağa Laçınlı 12 yaşından başlayaraq şeirlər yazıb. 1969-cu ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzetinin (indiki “Ədəbiyyat qəzeti”) şeir şöbəsində çalışıb. Yazıçılar İttifaqı (Birliyi) Natəvan klubunun müdiri olub. 1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib.

“Ümid”, “Sakitik”, “Sirli-soraqlı dağlar”, “Torpağın gücü”, “Ana duyğusu”, “Aşırımlar qarşısında”, “Vaxt yetişəndə”, “Sevgimizlə sevindirək”, “Meşə nəğməsi”, “Gecə yuxusu”, “Qorod tainstvenniy”, “Homer”, “Alın yazımız”, “Yapon şeirindən seçmələr” kitablarının müəllifidir.

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat edib.

 

 

525-ci qəzet.- 2011.- 10 iyun.- S.7.