Türk Dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da Türk Dünyası

 

Yazıçıların XIII Qurultayı qarşısında düzənlənən silsilə tədbirlər çərçivəsində oxunmuş məruzədən bir hissəni oxuculara təqdim edirik

 

Türk Dünyası! Dünya içrə dünya deyilən böyük coğrafi-mədəni ünvandan söhbət gedir... Və bu söhbət Ədəbiyyat planında, Söz sənəti üzərindədir. Gəlin ilk öncə aydınlaşdırmağa çalışaq: Türk Dünyasında dərinləşmiş ilişkilər ( – Ədəbiyyatla da dərinləşdirməyə çalışdığımız ilişkilər), “Türk birliyi”, bu birliyin mahiyyəti nədir, nə üçün vacibdir? Mümkün cavablardan biri yəqin belə olardı: Türk Dünyası türk dövlət və topluluqlarını çevrələyən, türkün maddi-mənəvi ünvanlarını ehtiva edən coğrafi və habelə etnoqrafik məkandır. Türk birliyi zamanında mövcud olmuş bir soy birliyidir. Türk birliyinin bütün soy coğrafiyamız üzrə oturuşması, bəlkə daha doğru olar desək, hərəkətə keçməsi lazımdır. Türk Dünyasının ümumdünya miqyasında görünməsinin digər uğurlar, başarılar, töhfəflərlə yanaşı önəmli dərəcədə Ədəbiyyatla bağlılığını, Prezident Heydər Əliyevin 6 noyabr 1996-cı ildə – Türk Dünyası Yazıçılarının III Qurultayındakı nitqindən götürdüyümüz fikirlərlə ifadə edək: “...Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır.

...Xalqlarımız tarix boyu insan həyatının bütün sahələrində, bəşəriyyətin bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və böyük bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmışlar. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür.”

Doğrudan da, Türk birliyi ideyası uğrunda hərəkatın alt yapısını tarix boyu yaradıcı insanlar, şairlər, ozanlar, dərvişlər, fikir adamları oluşdurublar. Qələm adamının türk birliyi adına verdiyi dəstəyin ( – o dəstəyin ruhani, ideoloji, fəlsəfi, kültürəl libasda olmasından asılı olmayaraq) gələnəyi, təcrübəsi var və yeni ədəbi nəsil də o xəttin qırılmamasında maraqlı olmalıdır. Bir gürcü filminin adı ilə desəm , “Köklərə borclu budaqlar” kimi...

Kaşğarlı Mahmudun, Əhməd Yasəvinin, Yunus İmrənin, Əlişir Nəvainin, Məhdumqulunun... adı bu gün, onların zamanındakı digər sənət-peşə yiyələrindən daha intensiv xatırlanan, daha tez-tez çəkilən mənəvi ünvanlardır. Heç təsadüfi deyil ki, onların hər biri Türk Dünyası Ədəbiyyatı dedikdə gözlər önünə ilk sırada gələn böyük adlar arasındadır...

Türkçülüyün, eləcə də maarifdə, ədəbiyyatşünaslıqda, dil və əlifba islahatında türkçülüyün ilk ataları Azərbaycandan Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,

Türkiyədən Əhməd Vefiq Paşa, Süleyman Paşa, Mehmet Əmin Yurdaqul, Əhməd Cevdət, Fuad Köprülüzadə, Ziya Göyalp,

Qazaxıstandan Mağjan Jumabay,

Tatarıstandan Yusuf Akçura,

Başqirdistandan Zəki Vəlidi Toğan, Şəyexzada Babiç,

Kırımdan İsmayıl Qaspıralı,

Özbəkistandan Əbdülrauf Fitrət, Əbdülhəmid Çolpan, Abdulla Qadiri,

Əfqanıstandan Şeyx Cəmaləddin Əfqani kimi klassikləri rəhmətlə anırıq. Ədəbiyyatda rəhmət (rəhmətlə anmaq), gələnəklərin davam etdirilməsi, onların Türk Dünyası adına, Ədəbiyyat adına, Sənət adına diləklərini gerçəkləşdirmək yaxud XXI yüzil güncəlliyi ilə uyumunu sağlamaqdır, təbii.

Həmin klassiklərin ardınca gələn, yenə klassik təyini ilə tanımlayağımız ədiblər:

Azərbaycandan Hüseyn Cavid, Əhməd Cavad, Almas Yıldırım, Məhəmməd Hadi;

Türkiyədən Yəhya Kamal, Mehmet Əmin Yurdaqul, Mehmet Akif Ərsoy, Fazil Hüsnü Dağlarca, Arif Nihat Asya, Nəcib Fazil Qısakürək, Hüseyin Nihal Atsız;

Özbəkistandan həmvətənimiz Maqsud Şeyxzadə, Xalid Səid Xocayev;

Kırımdan Numan Çələbi Cihan, Bəkir Çobanzadə,

Rumıniyadan Mehmet Niyazi;

Quzey Qafqazdan: Qaysın Quliyev;

Tatarıstandan Abdulla Tukay;

Xakasiyadan prof. Nikolay Katanov;

Sibirdən Bolat Söleymanov və bir çox başqaları öz genetik yaddaşlarının peşinə düşdülər.

Biz bu yerdə Haqq dünyasında olan, cənnətdə olduğuna inandığımız Şəhriyar, Bəxtiyar Vahabzadə, Rəfiq Zəka Xəndan, Xəlil Rza Ulutürk, Şahmar Əkbərzadə (Azərbaycan), Çingiz Aytmatov (Qırğızıstan), Rauf Pərvi (Özbəkistan), Şakir Səlim, Yunus Kandım (Kırım), Petri Huzanqay (Çuvaşıstan) kimi “Ortaq Türk keçmişindən ortaq Türk gələcəyi”nə aparan yolun geridönməz olması üçün Ömür qoymuş ədibləri bir daha rəhmətlə anırıq. Eyni zamanda ulu Tanrıya şükranlıqlarımızı yetiririk ki, bu gün də bu yolda ÖMÜR sərf edən, sağlığındaykən klassikləşmiş ədiblərimiz və öz yollarını bəlirləmiş gənc ədəbi qüvvələrimiz var.

Ədəbiyyatı ictimai-mədəni durumumuzun, halımızın ədəbi-bədii inkası kimi götürsək, durumumuz, halımız da, Anadolular demiş, söz konusu olur. Yaşadığımız binalar “Polski”, “Nemse”, “Stalinka”, “Xruşşovka”, “Kiyevski”, “Leninqradski”, yaxud “gecəqondu”, təmir işlərimiz “Evroremont”, yaxud kustar üsullu. Geyimimiz ya “Kitayski”, ya “Avropa malı”... Arabalarımız illa da xarici... İşlətdiyimiz avadanlıqların önəmli bölümü dışarı markalar... Üstəgəl, yaxın keçmişimizdə hətta aşıqların Stalinə, kommunist partiyasına, kolxoza söz qoşub, saz çalması kimi adıyaman aldanışlar... Və Ədəbiyyat, Ədəbiyyat adamı bu bunalımın içində nə etsin.!? Şeirsəl dirəniş, şeirsəl etiraz, Ədəbiyyatca bir çıxış yolu nə qədər etkili ola bilər?.. Milli ornamentlərimizə, milli naxışlarımıza, milli dəfiləmizə, milli ürətimimizə geniş meydan tanınmalıdır. Ədəbiyyat tək başına döyüşməməlidir. Sizə deyim, mən dünyanın ən böyük bayrağının Azərbaycanda dalğalanmasına da, Heydər Əliyev Fondunun düzənlədiyi Muğam yarışmalarına da, istər muğamın, istərsə də aşıq sənətinin Mehriban xanım Əliyevanın böyük səyləri ilə YUNESKO-nun qoruması altına alınmasını da bax, bu narahatçılıqlara böyük cavab kimi başa düşür və öz vətəndaş şükranlığımı yetirirəm. Hesab edirəm ki, keçmiş Sovet respublikaları arasında məhz Azərbaycanda Yazıçılar Birliyinə bəslənən dövlət münasibəti bütün digər əsaslarla yanaşı həm də Ədəbiyyatın xalqımızın taleyində oynadığı rola ehtiramın ifadəsidir.

Demək, türk şeirinin (türkçü şeirin) mövzusu məsələsinə bir az daha aydınlıq gətirsək, deməliyəm ülkülü ədəbiyyatla yanaşı, səmimiyyətlə, sadəlöhvcəsinə yazılmış, türkün dilində (fərq etməz hansı türkcədə olur-olsun) yazılmış hər bir şeir dəyərlidir. Biz, Türkcədə gözəl yazmaq özü elə millilikdir, dilə, mədəniyyətə xidmətdir yanaşmasına da sayğı duyuruq.

Böyük fikir adamı Ziya Göyalp “Türkçülüyün əsasları”nda yazırdı: “Milli kültür ilə mədəniyyəti bir-birindən ayıran, kültürün, özəlliklə, duyğulardan, mədəniyyətin isə, özəlliklə, bilgilərdən meydana gəlmiş olmasıdır. İnsanda duyğular üsula (metoda) və iradəyə (istəyə) tabe deyildir. Bir millət digər bir millətin dini, əxlaqi və estetik (bədii) duyğularını təqlid edə bilməz”. Bax, bizdə də, bir halda ki ədəbiyyat təsərrüfatımızdan danışırıq, əslində doğma dövlət dilimizdə yazan hər kəs, dilimizə çevrilmiş hər əsər “Ədəbiyyatımız və Türk Dünyası” mövzusunda dartışmaya cəlb oluna bilər. Ancaq türkçü şeir, türk şeiri, türk ədəbiyyatı hansıdır – deyə soruşsanız mən şəxsim adına Ziya Göyalpın milli kültür və mədəniyyət üzrə tətbiq etdiyi yanaşmanı tətbiq edərdim. – Məncə, düstur budur – sözlərin hansı dildə olması yetərli deyil, şüur, düşüncə, təfəkkür türkcə olmalıdır, iş türkcə olmalıdır, türkə, türkün ehtiyaclarına, istəklərinə görə olmalıdır... Türk Dünyasına nə gərəklidir, Türk Dünyası aydınının üzərinə hansı görəvlər düşür və qələm adamı öz adamlığını (kimliyini, mənini) qələmlə ağ kağız üzərində necə biçimləndirir?

 “Türklərin bütün sənət qollarında görünən estetik-bədii özəllikləri də təbiilik, sadəlik, zəriflik və orijinallıqdır. Türkün xalçalarında, çini məmulatlarında, memarlıq və hüsnxəttində qabarıq görünən də məhz bu estetik (bədii) üstünlüklərdir” (Ziya Göyalp). – Yenə “əsl şair sadəlövh olar yaxud əsl şeir sadəlövh düşüncənin məhsuludur” sözlərinə qayıdıram... Bilirsiz, məncə, yuxarıda dediyimiz məqamların ümumiləşmiş ifadəsi də məhz elə bu sözlərə uyğundur.

Fikrimizi davam etdirmək üçün yenə Ziya Göyalpa üz tutaq: “Xalq şairləri ölçülü olduğunu bilmədən çox gözəl lirik şeirlər yazırdılar. Təbii ki, bu bir ilhamla, yaradıcılıqla baş verirdi. Metod (üsul) və təqlid ilə edilmirdi. Osmanlı vəzninə gəlincə, bu vəzn fars şairlərindən alınmışdı. Bu vəznlə şeir yazanlar fars ədəbiyyatını dərs kimi öyrənir, metod (üsul) vasitəsiylə əruzu tətbiq edirdilər. Buna görə də əruz vəzni milli kültürümüzə əsla daxil ola bilmədi.” Əgər böyük türkçünün fikirlərini paylaşırsaq, o zaman, xalq ruhunun ədəbiyyatda dirçəldilməsi, epos təfəkkürünün ədəbiyyatda geniş yayılması, folklor örnəklərinin sistemli toplanması ( – necə ki, Folklor İnstitutu bu işi layiqli biçimdə yerinə yetirməyə çalışır – ) ilhamlı yaradıcılıq ortamının gəlişməsinə yararlı olardı – desək yanlış olmasın gərək.

Türk şeiri, türkçü şeir qavramları üzərinə daha bir neçə kəlmə söyləyək:

– Səmimi, duyğusal və Nizami müəllimin sözü ilə desək, sadəlövh şeir (örnəyi, SƏHƏRin, Zirəddin Qafarlının, Barat Vüsalın, Məlahət Yusifqızının şeirləri kimi);

– Heca vəznində yazılmış şeir (örnəyi, İbrahim İlyaslının, Vasif Süleymanın, Vaqif İsaqoğlunun, Əlirza Həsrətin şeirləri kimi);

– Düzgünlüyü, əxlaqı anladan, bu yönü çatdıran əsər (Aşıq Əli Quliyevin, Məhəmməd Astanbəylinin, Səməd Qarçöpün şeirləri kimi, Məmməd Orucun nəsri kimi);

– Türk Dünyası ünvanını daşıyan əsər (Arif Əmrahoğlunun, Güllü Yoloğlunun, Azər Turanın, Qənirə Paşayevanın kitabları kimi);

– Türk dilinin gözəlliklərini ən doğru biçimi ilə təcalla etdirən əsər (Səfər Alışarlının, Əlabbasın nəsri kimi);

– Ortaq türk keçmişindən ortaq türk gələcəyinə boylanan yazarların işləri (Elbariz Məmmədli, Namiq Hacıheydərlinin şeirləri kimi);

– Comərd, təmənnasız, ilhamlı yazarın qələm məhsulu (Rəsmiyyə Sabir, Saqif Qaratorpaq, Zahid Saritorpaq kimi);

– Formaca türk kültürünü yansıtmasa da içərik (məzmun-mündəricə) baxımından türk ruhunu biçimləndirən yazılar (örnəyi, Dəyanət Osmanlının şeirləri kimi) və s.

Türk şeiri professor Nizami Cəfərovun təbirincə desək, “dünyanı xaosdan qurtarıb, harmoniyaya gətirməyə”ə xidmət etməlidir.

Qocaman şairimiz Fikrət Sadıq bir şeirində deyir: “Əslində əslində əslində deyil”. Bu günlərdə Avrovijin-2011-də Azərbaycanın 1-ci, iki il öncə 3-cü yerə çıxması, ondan da bir qədər öncə Türkyənin 1-ci yerə çıxması bir daha sübut edir ki, türk insanı tamamilə yad dildə, yad formatda, yad mədəniyyət hadisəsində belə qısa zaman kəsiyində öncül ola bilir. Sizə deyim, örnəyi, saz yaxud muğam yarışmasında bir Batı Avropalının qalib gəlmə şansını necə dəyərləndirirsiz? –Heç təsəvvür edə bilirsizmi? Bizim gənclərin qələbəsi bir yandan xalqımızın istedadını göstərirsə, digər yandan türkün üfüqügenişliyini, üfüqünötəsini can atmasnı, əzmini, axtarış ehtirasını biçimləndirir müəyyən qədər. Müqayisəmi uyğunsuz bulmayın: Necə ki, türklər az qala bütün İlahi dinləri qəbul etmişlər. Biz dünyanı bizimkilər, bizimki olmayanlar bölməmişik, yadlara, yabançılara sadəcə olaraq çevrəmiz içinə girməyənlər kimi baxmışıq. Qədim türklərin xarici ölkələrə “çöldəki el”, “dış el” deməsi misali... Osmanlının İrlandiyaya tonlarla taxıl göndərməsi kimi... Xaosdan kosmosa keçidi təmin etmək səyi və yetənəyi kimi... Bu hal türkün qanındadır, canının cövhərindədir...

 

lll

 

Dəyərli ədəbiyyatsevərlər, mən bu məruzəyə hazırlaşarkən internet və telefon üzərindən Azərbaycanda və respublikamızdan kənarda yaşayan bir neçə aydına önərilərini soruşdum. Onlardan da ən planlı cavab verən mətbuatımızın tanınmış imzalarından olan Soylu Atalı oldu. O da, “Türk Dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da Türk Dünyası...” mövzusunun planını bu biçimdə görür:

– Azərbaycan ədəbiyyatında milli ruhun etkiləri – Nəsimilik ədəbiyyatın üstünlüyü kimi. Poeziyanın təriqətləşməsi və ictimai həyatın nizamına birbaşa təsiri;

– İnsan halının, duyğularının poeziya vasitəsiylə bəşəriləşməsi – Füzulilik ədəbiyyatın üstünlüyü kimi. Türk mənliyinin Füzulilikdə aşkarlanması. Türk ruhunun təmizliyindən gələn heyrətin, ali kədərin dünyaya gərək olan poetik aşamaları;

– Əski Azərbaycan ədəbiyyatında türk dilinin yeri – türk düşüncə tərzinin, fəlsəfəsinin poeziya vasitəsiylə ifadəsi;

– Türkçülüyün milli şüura çevrilməsində ədəbiyyatın rolu;

– Döyüşkən ədəbiyyat ideyası...

Çəkilən adlar üzərində dayansaq, Nəsimi üzərinə professor-doktor Qəzənfər Paşayevin ötən il işıq üzü görmüş “Nəsimi haqqında araşdırmalar” kitabını, Nəsiminin qəbrinin Türkiyədə olması ilə bağlı versiyaların güncəlləşməsini; Kərbalada Füzuli Şeir Şöləninə 2009-cu ildə bu sətirlərin müəllifin də daxil olduğu Azərbaycan nümayəndə heyətinin getməsini; hər iki şairin əsərlərinin latın qrafikalı əlifba ilə Prezident Sərəncamına uyğun olaraq 25 min sayla nəşr edilməsini vurğulaya bilərik. Ancaq Soylu heç şübhəsiz, bu faktları istəmir, o adlar içində olan mahiyyəti, Nəsimi, Füzuli adları ilə kodlaşmış energetikanı, necə deyim, mənəvi-ruhi halı, o halın çağdaş inikasını nəzərdə tutur. Elə isə gəlin, yenidən Ziya Göyalpa üz tutaq. Sosial inkişaflarının üç ayrı-ayrı aşamasında bir-birinə bənzəməyən üç müxtəlif mədəniyyət dairəsinə girmiş türklər qövm dövləti həyatındaykən Uzaq Doğu, Sultan dövləti dövründəykən Doğu mədəniyyətinə girmişlər, milli dövlət dövründəykən isə Batı mədəniyyəti yolunu tutmuşlar deyə düşünən klassik türkçünün fikirlərinə yenidən müraciət etsək görərik ki, sanki Ziya Göyalpdan Soylu Atalıya, Akif Səməd rəhmətlik demiş, “bircə qarış yol var imiş”: “...Mədəniyyət dairələrinin də özlərinə məxsus coğrafiya sahələri və bu sahələrin müəyyən sınırları var. Örnəyi, bir nağıl, ya da bir adət müəyyən bir nöqtəyə qədər yayılır, ondan o yana gedə bilmir. Ona görə ki, hər mədəniyyət başqa bir sistemə mənsubdur. Bir qayda olaraq, hər mədəniyyətin başqa bir məntiqi, başqa bir gözəllik anlayışı, başqa bir həyatgörüşü vardır. Buna görə də mədəniyyətlər bir-birinə qarışmırlar. Yenə buna görədir ki, bir mədəniyyəti bütün sistemi ilə qəbul etməyənlər, onun bəzi bölümlərini mənimsəyə bilmirlər.

...Mədəniyyətlərin coğrafiya sınırları ayrı olduğu kimi tarixi inkişafları da bir-birindən asılı deyildir. Bu inkişafların bir başlanğıcı və bir sonu vardır.”

 

 

(Ardı olacaq)

 

Əkbər QOŞALI,

Azərbaycanda Atatürk Mərkəzinin

şöbə müdiri,

Dünya Gənc Türk Yazarlar

Birliyinin başqanı

 

525-ci qəzet.- 2011.- 10 iyun.- S.6.