Üzeyir işığındaBəstəkarlar İttifaqında təqdim edilib

 

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) əməkdar incəsənət xadimi Sərdar Fərəcovun “Üzeyir işığında” kitabının təqdimatı keçirilib. Mərasimdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan “Üzeyir işığında” kitabını yüksək sənətkarlıqla qələmə alınmış nadir kitab kimi dəyərləndirib. F. Əlizadə bəstəkar Sərdar Fərəcovun musiqişünas kimi elmi yaradıcılığının böyük hissəsini məhz Üzeyir Hacıbəyli irsinə, onun yaradıcılığına həsr etdiyini dilə gətirib.

Kitabın müəllifi Sərdar Fərəcov Üzeyir Hacıbəylinin ev-muzeyinin arxivində qorunan dahi bəstəkarın öz əlilə yazdığı bir çox əlyazmalar hələ də geniş musiqi ictimaiyyətinə çatdırılmayıb. Müəllif həmin əlyazmalar içərisində nadir sənət nümunələri – esselər, resenziyalar, müxtəlif əsərlər haqqında bəstəkarın düşündükləri neçə illərdən sonra da çox dəyərli və aktual olduğunu bildirib: “Tapılmış əlyazmalar içərisində vaxtilə radioda səsləndirilən, daha sonralar yaddan çıxmış “Qu nəğməsi” radio pyesi, bəstəkarın öz əlilə məhv etdiyi güman olunan “Şeyx Sənan” operasından üç musiqi parçası, vaxtilə yazılmış “Ər və arvad” librettosu və ona aid üç musiqi parçası, 1920-ci illərdə yazılmış “Milli marş”, “Azərbaycan marşı” və digər nadir əlyazmalar var”.

Daha sonra çıxış edən əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları İmruz Əfəndiyeva, Zemfira Qafarova və başqaları S. Fərəcova minnətdarlıqlarını bildirib və kitabın akademiyada dərs vəsaiti kimi tədris olunması təklifini irəli sürüblər. Tədbirdə Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova və Yeganə Axundova bəstəkarın musiqilərindən parçalar ifa ediblər.

Sonda S. Fərəcovun ssenarisi əsasında rejissor Tahirə Hüseynovanın quruluşunda Ü.Hacıbəyliyə həsr olunan “Əbədi iftixarımız” sənədli filmi nümayiş etdirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 10 iyun.- S.7.