Məxfi savaş cəngavəri –
Çingiz Abdullayev
Çingiz
Abdullayev, şübhəsiz ki, çağdaş dünya ədəbiyyatında
ən yaxşı siyasi dedektiv ustalarından biridir. Bunu yalnız biz demirik, bunu
Amerikanın nüfuzlu “The Christian Science Monitor” qəzeti də
yazır. Bunu dünyanın nüfuzlu ədəbiyyatçıları
etiraf edir. Onun adı Yan Fleminq, Erl Stenli Qardner, Hedli Çeyz,
Karter Braun kimi dünyaca məşhur detektiv ustaları ilə
bir sırada çəkilir. Məncə, söhbət
heç də onun kitablarının tirajlarından getmir, amma
bunun özü də az əhəmiyyətli faktor deyil.
İndiki zamanda, dünyada 26 milyon tirajla nəşr olunmaq, 28
dilə tərcümə olunmaq hər yazıçıya
qismət olmur. Xüsusən də Azərbaycan kimi kiçik
bir ölkənin vətəndaşına. Nəzərə
alsaq ki, belə tirajlarla nəşr olunan bir
yazıçını dünya boyu yüz milyonlarla adam
tanıyır, demək o dünyada ən tanınmış azərbaycanlılardan
biridir. Şəxsən mən bu qədər məşhurluq
qazanmış Azərbaycan yazıçısı
tanımıram. Onun yazdığı janr da, siyasi detektiv
janrı, hələlik Çingiz Abdullayev qələmi sayəsində
tarixin ən yaxşı detektiv janrları ilə bir sırada
durur. Bəziləri detektivi yüngül, əyləncəli ədəbiyyat
sahəsinə aid edir. Bəli, bu janrda da belə əsərlər
var, şübhəsiz. Romançılığın
bütün janrlarında olduğu kimi. Amma, detektiv elementlərinə,
dünya ədəbiyyatında artıq əsrlər boyu rast gəlinir.
Belə elementlər V. Şekspirin “Hamlet”ində də var, A.
Dümanın “Qraf Monte Kristo”sunda da, F. Dostoyevskinin “Cinayət
və cəza”sında da. Amma ədəbiyyatşünaslıq,
detektivi bir janr kimi, Edqar Podan sonra
romançılığın bir növü kimi xarakterizə
etməyə başlayıb. Sonrakı illərdə, Artur
Konan Doyl, Hilbert Çesterton, Aqata Kristi, Jorj Simenon kimi
yazıçıların yazdığı unikal əsərlərin
sayəsində bu janr milyonların sevimlisinə çevrildi.
Bu gün onların yaratdığı obrazlar bəşər
övladının ən çox sevdiyi ədəbi qəhrəmanlardandır.
Şerklok Holms, Erkül Puaro, komissar Meqre, Danni Boyd, Peri Meyson,
Ceyms Bond – bu adlar bir neçə nəslin təqlid obyekti
olmuşdur. Ölkəsindən, dinindən, dilindən
asılı olmayaraq milyonlarla insan bu qəhrəmanlar kimi hərəkət
etməyə, onlara bənzəməyə
çalışır. Bu, son əsrlərin aparıcı
millətlərinin yeni dünya mifologiyasına bəxş elədiyi
qəhrəmanlardır. Aparıcı millətlərin reklam
maşını isə, demək olar ki, “yad ünsürləri”
qəbul etmir və “rəqsi adətən özləri təlim
ediyor”. Amma birdən-birə, Sovet İmperiyasının
dağılması ərəfəsində, Çingiz
Abdullayev adlı bir fenomen çıxdı və dünyada
qoyulmuş qaydalara tərəf əlcək tulladı....
Mən Çingiz Abdullayevin
ilk əsərini 1988-ci ildə oxumuşam. Bu “Mavi mələklər”
idi. Həmin dövrdə, hamı kimi, mən də bu əsəri
sevə-sevə oxuyurdum. Bu çox çətin və
ağır dövr idi, siyası fırtınalar və etnik
müharibələr girdabına düşmüş cəmiyyətin
yeni bir qəhrəman obrazına ehtiyacı vardı və
Çingiz Abdullayev ona belə bir qəhrəman verdi – Dronqo.
Planetar pisliklərə qarşı macadilə açan bir qəhrəman-intellektual.
İdeallarına xidmət etdiyi böyük bir dövlətin
çöküşündən sonra da həyatını
şərə qarşı mübarizəyə həsr edən
bir insan. O daim xidmət etdiyi idealların xiffətini çəksə
də, ideyası “yaşıl dollar” olan dünyada da öz
insani keyfiyyətlərini saxlamağı bacarır. Həmin
illərdə, Qərbdə Ceyms Bond, Rembo kimi populyar qəhrəmanlar
vardı və onların mübarizəsi “şər
imperiyası”na, Sovetlərə qarşı yönəlmişdi.
Belə obrazlar Sovetlərdə də yaradılırdı və
bunların da mübarizəsi “dünya imperializminə”
qarşı idi. Yəni, onların savaşı bir növ
lokal savaş idi. Və birdən-birə, dünyanın dəyişməsi
ərəfəsində ədəbiyyata (o cümlədən
kinoya) yeni bir qəhrəman obrazı gəldi. Çingiz
Abdullayev təxəyyülünün yaratdığı bu qəhrəman,
sələflərindən fərqli olaraq, daha qlobal missiya
daşıyırdı. BMT nəzdində fəaliyyət
göstərən “Dronqo” planetar pisliklərə qarşı
mübarizə aparır. Əsərdən əsərə
onun fəaliyyət dairəsi də demək olar ki,
dünyanın bütün tərəflərini əhatə
edir. Məhz “Dronqo” obrazının ortaya
çıxmasından sonra, “Ceyms Bond”un missiyasında “qlobal
şərə” qarşı mübarizə elementləri
görünməyə başladı. Bu, Ç. Abdullayev
intuisiyasının dünyadakı prosesləri xeyli
qabaqladığını göstərir. Artıq dünya ədəbiyyatında,
kinosunda beynəlxalq terrorizmə, beynəlxalq cinayətkarlığa
qarşı mübarizə süjeti adi hal aldı.
Çünki, bu gün dünyada bir “qloballaşma”, vahid idarəetmə
tendensiyası var. Yəni ədəbiyyat və kino siyasi
situasiyanın ardınca gedir. Çingiz Abdullayev isə, siyasi
situasiyanın önündə olmağı bacardı. Bu ideya
onun sonrakı əsərlərində də davam etdirildi.
Ç. Abdullayevin əsərlərində dünya bir
bütövdür, burada xeyir və şər var və onun əksər
qəhrəmanları qlobal şərə qarşı
vuruşur. Bu baxımdan onun “Dronqo”su bir növ Mantreyyadır,
xilasçı Xızırdır, Mehdi əz Zamandır. O
içində gözəl keçmişin xiffətini
yaşatsa da, bu günün pislikləri içində
puç olmuş ideallarına doğru getməyə
çalışır. Bəşəriyyət, pisliklərdən
qurtulmaq üçün həmişə belə miqyaslı qəhrəmanlar
arzu edib. Dünya xalqlarının folklorunda Herkules, Koroğlu,
Robin Qud, Zorro, Vihelm Tell və s. kimi qəhrəmanlar var və
onların mübarizəsi pisliklərə qarşıdır.
“Hər zamanın öz elxanı doğulur”. Bu mənim bir
şeirimin misrasıdır və düşünürəm
ki, bu yazıda yerinə düşür. Çingiz Abdullayev də
dünya folklorunda “Drongo” obrazı doğurdu, bu zamanın
öz qəhrəmanını yaratdı. Bu onun böyük
bir yazıçı kimi səciyyələnməsi
üçün kifayət edər. Əlbəttə, onun əsərlərində
başqa obrazlar da var. Məs. Marina Çernışova,
“Solça”, Teymur Qarayev və s. Amma yaddaşlarda o həmişə
“Dronqo”nun yaradıcısı kimi qalacaq. Çünki, bu obraz
onun materiyalaşmış düşüncələridir,
onun içində yatan arzularıdır. “Dronqo”nun
Bakıdakı ev ünvanı da, Çingiz Abdullayevin əsərlərini
yaratdığı binanın ünvanıdır – Xaqani-25. Bu
ünvan bir növ Bakının “Beyker strit”idir. Birində
Şerlok Holms doğulub, birində “Dronqo”...
Şerlok Holmsu yaradan Konan Doyl da, Erkül Pyaronu yaradan Aqata Kristi də, komissar Meqreni yaradan Jorj Simeneon da, onlara müəyyən qədər öz xüsusiyyətlərini vermişlər. Janrın xüsusiyyətləri belədir ki, qəhrəman cinayətlərin açılmasında müəllif kimi düşünməyə, müəllif kimi davranmağa, müəllifin məntiqinə söykənməyə məcburdur. Elə müəlliflər də yazılarında olmaq istədiklərini göstərməyə çalışmışlar. Bəs Çingiz Abdullayevin “Dronqo”su haradan gəlir? Mən uzun müddət bunun üstündə düşünmüşəm. Qəhrəmanı təxəyyüldən də yaratmaq olar, ancaq “Drongo” kifayət qədər canlı və çevikdir. Özü də azərbaycanlıdır. Adətən belə personajların prototipi olur və müəllif onları yaxından tanıyaraq bütün davranışlarını çox gözəl bilir. Mən Çingiz Abdullayevi xeyli vaxtdır tanıyıram və o mənə həmişə bir sakit adam təsiri bağışlayıb. İlk baxışda adama elə gəlir ki, belə sakit adamlar qəhrəmanlıq əsərləri yazmırlar. Mən onun barəsində çoxdan yazmaq istəyirdim və nədən bu tipli əsərlər yazmasının səbəbini tapa bilmirdim. Və birdən əyan oldu. Mən sadəcə onun bioqrafiyasına nəzər saldım və anladım ki, bu sakit, ziyalı, təvazökar görünməyə çalışan adamın içində böyük bir qəhrəman ruhu var. Bu heç də Çingiz Abdullayevə komplement deyil. Sadəcə bioqrafiyasına səthi nəzər salanda çixardığım nəticədir. O göründüyü kimi deyil, o əsərlərində olduğu kimidir. Ceyms Bondu yaradan Fleminq özünü yazdığı kimi, “Drongo”nu yaradan Abdullayev də özünü yazır. Bəlkə də, zaman gələcək onun özündən də əsərlər yazacaqlar, amma onun tərcümeyi halı bir az sirr kimidir. Mən bu tərcümeyi halda müəyyən məqamlardan danışmaq istəyirəm.
Yüksək ixtisaslı hüquqşünas və güllə atıcılığı üzrə Bakı çempionu Çingiz Abdullayev hələ gənc yaşlarında SSRİ xüsusi xidmət orqanlarının (KQB) diqqətini cəlb edib və orada işə dəvət olunub. O zaman bu quruma ən yaxşıları cəlb edirdilər. Tezliklə o, xarici ölkələrdə əməliyyatlar keçirən xüsusi dəstəyə təyinat alır. Xarici ölkələrdə xüsusi tapşırıqlar həyata keçirən bu dəstə ən çətin əməliyyatları həyata keçirib. 1983-cü ildə Namibiyada keçirilən əməliyyat zamanı Çingiz Abdullayev yaralanır. Namibiyada saxlanan əsir Anqola komandirlərini azad etmək üçün keçirilən bu əməliyyatından yalnız dörd nəfər sağ qalır (daha doğrusu üç nəfər, çünki onlardan biri aldığı yaralardan daha sonra dünyasını dəyişib), onlardan biri də Çingiz Abdullayev idi. 84-86- cı illərdə o, Kampuçiya, Anqola, Mozambik, Belçika, Almaniya, Polşa, Rumıniya, Bolqarıstan, Əfqanıstan və s. kimi ölkələrdə tapşırıqlar həyata keçirir, iki dəfə yaralanır. Xidmətlərinə görə, Qırmızı Bayraq ordeni, Qızıl Ulduz ordeni, Lenin ordeni kimi mükafatlara layiq görülür. Aydındır ki, belə qısa zaman kəsiyində, SSRİ kimi ölkədə belə mükafatlar almaq hər adamın işi deyildi. Gərək ən azından “Ceyms Bond”, ya “Ştirlis” olasan ki, Sovetlər səni belə qiymətləndirsin. Olsun ki, o nə zamansa, həyatının bu qəhrəmanlıq səhifələri barədə də kitab yazacaq. Amma indi, o bu barədə danışmağı sevmir və bilmirəm mənim bu mövzunu qabartmağım nə dərəcədə doğrudur. Burada çox sirlər ola bilər. Amma məncə, Çingiz Abdullayev özü də hər sirrə məhəl qoyan adam deyil. Onun “Mavi mələklər” romanı “dövlət sirri” məsələləri açıqladığına görə düz üç il KQB arxivlərində yatıb və yalnız 1988-ci ildə onun nəşrinə icazə verirlər. Və onun içindəki yazıçılıq ehtirası hər şeyi üstələyir. O dövlət işlərindən aralanır. (Ç. Abdulayev bir müddət mühüm dövlət vəzifələrində də çalışıb). Çünki, onun içində bir qəhrəmanlıq, fateh ruhu vardı. Darıxdırıcı məmur işi onluq deyildi və o ruhunu ədəbiyyat səmasına buraxdı. Bu səmada o hər şeydi – yaradan da, yaranan da. O çatdırıb eləyə bilmədiklərini yaratdığı qəhrəmanlara həvalə elədi. Eləmək istədikləri isə yəqin ki, çoxdu. Lap böyük adaşı Çingizxan kimi. Əgər Çingizxan bütün düşüncəsini və ehtirasını torpaqların fəthinə yönətmişdisə, Çingiz Abdullayev ürəklərin və beyinlərin fətfinə yönəltdi. Onların hər ikisini birləşdirən bir cəhət var – fəth etmək ehtirası. Əgər Çingizxan öz beynəlmiləl orduları ilə yeni-yeni torpaqlar fəth etmək arusu ilə yaşayırdısa, Abdullayev Çingiz əsərləri ilə yeni-yeni ürəklər fəth edir. Cəmi 52 yaşa qədər yazılmış 153 əsər buna sübutdur. O bu fəthləri ilə həm özünü, həm də mənsub olduğu Azərbaycan etnosunu yüksəldir. İnanmıram yaxın zamanlarda hər hansı bir Azərbaycan yazıçısı onun uğurunu təkrar edə bilsin....
Heç keçmiş Sovet məkanında da Çingiz Abdullayevin bu uğurunu təkrar edən ikinci bir yazıçını yadıma sala bilmirəm. Çingiz Abdullayev böyük İmperiyanın sonuncu böyük yazıçısı oldu. Türk dünyasının isə birinci detektiv ustası. İndi “psevdomillətçiliyin” baş qaldırdığı bir zamanda onu rus dilində yazdığına görə yamanlayanlar da var. Amma mən ayrı cür düşünürəm. Nə yaxşı ki, o əsərlərini rusca yazıb. Birincisi, bu dildən xarici dillərə tərcümə olunmaq üçün böyük tərcümə potensialı var. Azərbaycan dilinin hələlik belə potensialı yoxdur. İkincisi, onun əsərlərinin mövzusu elədir ki, onları çox geniş ifadə imkanları olan rus dilində yazmaq daha effektlidir. Onsuz da onların hamısı Azərbaycan dilinə tərcümə olunub. Detektiv şeir deyil deyil ki, dəqiq tərcüməyə gəlməsin. Buna görə, onun rus dilində yazdığı əsərlərin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə böyük fayda gətirdiyinə qətiyyən şübhə etmirəm. Nizami kimi, Xəqani kimi, Nəsrəddin Tusi kimi, onun qazandığı şöhrət, həm də Azərbaycanı şöhrətləndirir. Mən bu yazını, vaxtı ilə Fransa kralı XIV Lüdovikin böyük dramaturq Molyer barədə dediyi bir fikri, Çingiz Abdullayevə aid edərək bitirmək istəyirəm: “ Ona öz şöhrəti üçün heç nə lazım deyil, amma o bizə Azərbaycanın şöhrəti üçün lazımdır”.
Elxan ZAL QARAXANLI
525-ci qəzet.- 2011.- 10 iyun.- S.7.