Varis, yaxud arxdan axan sular...
12 IYUN – İSA MUĞANNANIN AD GÜNÜDÜR
Mən bilirəm...
çox yaxşı bilirəm. İsa Muğanna hər
əsərini, hər cümləsini, hər sətrini yazana
kimi, hər vergülünü, nöqtəsini qoyana kimi
neçə oğul itirib.
Babası Ömər ağa
6 oğlunu necə itirmişdisə bax, eləcə...
Bu Vətən torpağı
öz şivərək, mərd oğullarını necə
itirmişdisə bax, o cür!
Ancaq İsa Muğanna- Tale
adamı (Göylər adamı- Odər adamı!) olduğu
üçün ona axır ki, 17 ildən sonra bir “oğul” da
bəxş olundu.
Sevinc Muğanna adında!
Mən diqqət yetirmişəm
ki, İsmayıl peyğəmbər, İsa peyğəmbərin
anası Məryəm, Ziyadxanoğlu Yanıq Kərəm, hətta
məşhur aşiq Qeys də (Məcnun da) çox gec, yaxud
nəzir-niyazla “tapılıb”.
Peyğəmbərimizin
qızı Fatimə oğul deyildimi?! ”Başlamaq-qurtarmaqdır!”
fəlsəfi təfəkkürüylə Həzrəti Əlinin
anası necə? Sadəcə bir
anaydımı? Sadəcə bir
qadındımı?
Nəimi “Vəsiyyətnamə”sini
qızına üz tutaraq yazsa da, əslində oğluna vəsiyyət
etməmişdimi?!
Ən
maraqlısı budur ki, nağıllarımızda həmişə
böyük qardaşlar “ölür” kiçik qardaşlar
sağ qalırlar.
Mən bu
cür qardaşları nağıl qəhrəmanları hesab
edirdim.
S.Muğannanın timsalında gördüm ki, onlar həmişə
həyatdaymışlar,insanların
arasındaymışlar, İsa Muğannanın
arxasındaymışlar.
Nəticədə
Sözün, Yolun, Amalın, Vətənin,
insanlığın arxasında dayanıblarmış!
Onlar çox
“kiçik” görünürlər.
...Onlar necə də
böyük imişlər!
Nazim Hikmət
deyirdi ki, mən ən çox məni görüb tanıyan
və məni mənə tanıdan tənqidçi Nurulla
Ataca borcluyam.
Sevinc
Muğannanın “İsa Muğannanın sənət
möcüzəsi” kitabı da bu baxımdan çox qiymətlidir.
Bunu professor
T.Hüseynoğlu daha düzgün vurğulayıb: “İsa
Hüseynovun vətəndaş narahatlığı, vətəndaş
qeyrəti və vətəndaşlıq qüruru ilə
yazdığı əsərlərini yenidən oxumağa indi
böyük ehtiyac var!”
“İmkanım olsa dünya
tarixçilərinə və ədəbiyyatçılara
üz tutub deyərdim: hamınız ondan öyrənməlisiniz!”
(V.Axundov).
Elə buradaca
çoxlarını qıcıqlandıran bir sual
çıxır ortaya:
“Nədən? Niyə məhz ondan ?!”
Yazıçının
məqsəd və məramını başa düşməyənlərə
(və başa düşmək istəməyənlərə)
onun öz sözləri ilə cavab vermək daha doğru
olardı.
O, deyir:”Bədbəxtlərimiz
elə bilirlər ki, mən Odər dilini öyrətmək
istəyirəm xalqa, bar-bar bağırırlar ki, bu xalqın
öz dili var! Halbuki lap sadə bir şey lazımdır. Biz ən
gərəkli Odər istilahlarını bilsək, hamı dərk
eyləyər özünü, xalqını, vətənini,
bəşəriyyətin kainatını!Bilər
ki, “Söz”ü yaradan məqamı itirmək hər şeyi
itirmək deməkdir.”
Göründüyü
kimi “İsa Muğannaya böyük yazıçı demək
azdır” (N.Cəfərov).
“Saysız-hesabsız
şəhərlərdə, qəsəbələrdə
saysız-hesabsız tədqiqat institutları təbiəti niyə
xilas eləyəmmir?! Bircə cavab var bu suallara. “Söz” – Yaradan Mən itirilib.”Tapdınmı?”
“Tapmadı-ı-m!”
Sevinc
Muğannanın yazdıqlarına rəğmən deməliyəm
ki, İsa Muğannanı düşündürən suallar
qlobal xarakterlidir. Qloballığı “doqqaz ədəbiyyatı” na (və tarixinə) uymuş (öyrəşmiş)
biçarələr hardan anlasınlar?!
S.Muğanna
öz kitabında (öz ƏSƏRində) İ.
Muğannanı düşündürən bu cür qlobal
sualları ön plana çəkir, bu isə oxucuya
yazıçını daha yaxşı anlamaqda kömək
edir.
Həmin
suallardan bəzilərinə gəlin birlikdə baxaq.
“Kimdir, nədir
bizi belə rəzilləşdirən? “Kür”ümüzün,
“Araz”ımızın suları niyə zəhərlidir!
Çöl-çəmənlərimiz,
əkin sahələrimiz, nemətlərimiz niyə zəhərlidir?
İnsan! İnsan! İnsan niyə zəhərlidir?!”
(Qüdrətə,
sənətkarlığa baxın.Suların, çöl-çəmənlərin
zəhərlənməsi əsas zəhərlənməni
anlamaqda bir vasitəymiş.
Əsas zəhərlənmə
İnsanla bağlıdır!Bax
qloballaşma buna deyərlər!?)
Bütün bu
suallardan sonra daha önəmli bir sual doğur.
– Qurtuluş yolu nədədir?
– Kainat elmini – Saf Ağ Elmini
surətlə tədris etməkdə!
O sualı bir daha təkrar
etmək istəyirəm:
– Qurtuluş yolu nədədir?
Hələlik yeganə
bildiyim cavab budur:
– Qurtuluş yolu İsa
Muğannanı tez bir anda, tezliklə (vaxtı itirmədən!)
oxumaqda, mənimsəməkdədir!
...Bu yaxınlarda Bakıda əməliyyat
olunmuşdum. Məmməd Aslanın da əməliyyat
olunduğunu eşidib ona zəng etdim.
Şair dedi: – Barat, nə
yaxşı zəng etdin, – səsi qəribsədi, – mən elə
bilirdim ki, daha dünyada adam qalmayıb...
Buna oxşar
bir mükalimə olmuşdu bundan əvvəl İsa
Muğannanın qəhrəmanları arasında. Şöşü
və Çürük Aşıq arasında.
Şöşü Çürük Aşığın onu
başa düşdüyünü anlayır, və deyir:
“Axır ki, bir İnsan tapdım bu səhrada”
Əslində bu Aşıq
(bu bir İnsan!) deyil, bu, İsa Muğannanın
özüdür! “İnsanlara Allahların odunu
Prometey, Bağların odunu İsa Muğanna gətirib”
(S.Muğanna).
S. Muğannanın tədqiqatını
oxuduqca görürük ki. “İsa Muğanna
yeni Azərbaycan nəsrinin sələfi” (Anar) olmaqla
qalmır, həmçinin o, yeni dünya tarixinin sələfidir.
Unudulmuş,
(unutdurulmuş) qarışdırılmış dünya
tarixiylə bağlı böyük tarixi hadisələrin
çərçivəsində İ.Muğannanın
özü və sözü böyük tarixi hadisədir.
Ədəbiyyatın
və tarixin ən şərəfli mərhələsidir.
Xalq
yazıçısının öz dilindən eşitmişəm.
“Keçmiş
kişilər aşığa deməzdilər ki, bir “Ruhani”
(“Ürfani”) havası çal. Deyərdilər ki, “Həqiqət
havası” çal!”
Tarix boyu həqiqət
axtarıblar.
Biri deyib: həqiqət budur, biri deyib: yox, bu! İsa
Muğannaya görə həqiqət tamam başqa bir
şeydir:”Türkə, haqqa düşmən kəsilənlərin
türkə qarşı müharibəsi! Planetimizdə
bütün müharibələrin mayası antitürkçülükdür.”
Yəni türkə-haqqa
düşmən kəsilənlərin türkü
qısqanması, türkü görmək istəməməsi,
türkü tarix boyu sındırmaq, azaltmaq cəhdi.(tısbağa kimi, çanağından
çıxıb çanağını bəyənməməsi)
Əslində bəşəriyyətin
öz kökünü tanımaması, özündən uzaq
düşməsi, təhrif dillərə, təhrif dinlərə
alüdə olması...
Saf Ağ Elmini-Kainat elmini-bəşəri
elmi unutması! Unutdurmaq istəməsi!
“Odərliyə,
saflaşmağa, kamilləşməyə
çağırışı” (İ.Muğanna) unutması!
Kəndindən, yurdundan,
elindən-günündən ayrı düşən kimi
hamı qəribsəyir.Halbuki minillərdir bu bəşər
övladı Həqiqətdən-Əl-Ağdan (Əsl Vətəndən-Dərgahdan.)
ayrı düşüb, Əsl qəriblik bu olduğu halda, qəribsəmir
ki, qəribsəmir!
S.Muğannanın
tədqiqatını oxuduqca aydın olur ki, İ.Muğanna bəlkə
də bəşərə demək istədiklərini səhifə
yarımlıq “Arx” hekayəsində deyib.”Arx” dan axan sular milləti
“Qul əməyinə” (K.Marks) sürükləyən
pambıq tarlalarını sulamamalıymış.
(Arx da,
arxın ağzı da, dəhnəsi də tərsinə
çevrilibmiş, “təhrif” olunubmuş).Arxdan axan sular
xalqın bağ-bağatına, içinə, ruhuna, yumuq
gözünə, zir-zibil içində çabalayan mənəviyyat
dünyasına, çirkab içinə atılmış
tarixə...axmamalıymış.
Nənəm Nəhrənin
qarğıdalısına axmalıymış.
Və Nənəm
Nəhrə qarı sən demə yanıb gedən
qarğıdalısını sulamaq üçün Dəhnə
ağzında oturmayıbmış...Tarixin (Tarixmizin!) düz
yanında oturubmuş.
Donurmuş...Yanırmış...
Sönürmüş...Ölürmüş bu tarix! Arxın suları tarlaya axdıqca
axmırmış-ağlayırmış?!
Arx suları Nənəm Nəhrənin
qarğıdalısına axanda, bir az da
yola-izə daşıb (düşüb) uşaq kimi sevincindən
atılıb –düşəndə fərəhindən ürəyi
atlanırmış, qanadlanırmış, quş olub
uçurmuş.
...Nənəm
Nəhrənin ürəyi dayanmaqdaymış...hamının
(və tarixin) ürəyi yenidən döyünməkdəymiş?!
Arxdan axan sular
bir nənənin qarğıdalısına
axmırmış.
Doğudan
Batıya axırmış.
Harda həqiqət
tapdalanıb, harda tarix təhrif olunub, ora axırmış...
Harda Palıd meşələri
doğranıb, “Faciə” içində inləyirmiş,
yanırmış-ora axırmış!
“Arx” suları
bəşəri “İdeal” bir ümmana
axıdırmış, daşıyırmış.
S.Muğannanın
bu kitabının (ƏSƏRinin!) ən böyük əhəmiyyəti
də budur ki, bütün bu həqiqətləri o da atası
kimi (və varis kimi) incə izahlarla açıqlayır.Bir
daha məlum olur ki, “Özümüzü qorumaq naminə
tarixi bada veririk.” ( Qərib Mehdi)
Halbuki
yuxarıda gördüyümüz, kimi Nənəm Nəhrə
(nənəmiz!) qarğıdalını – “tarixi” yox,
özünü bada vermişdi.
Necə ki, İ.Muğanna az qala 80 ildir ki, bu yolda nəyi varsa
hamısını bada verməkdədir, əsl Türk
kişisi kimi!
(Daana- (Od
Ün –həqiqət ünü”) hər şeyi bilən bilici
kimi!
Anadilə (“Allah ünü”nə)
yetişə biləcək yeganə üz tutulası yer kimi!
Əsl Türk
yazıçısı kimi! “Tarixin atası” kimi!
Bəli! Bəli! İndiyədək Herodotu “Tarixin atası” kimi bizə
sırımaq istəyənlər də türkə
qarşı (və dünya tarixinə qarşı!) təxribatla
məşğul imişlər.
Tarixin atası İsa
Muğannadır!
Axır... “Arx”dan axan sular
axır hələ!
Bu dəfə Nənəm Nəhrələrin
bir daha donmaması, ölməməsi, təklənməməsi
üçün dəhnənin başında İsa
Muğanna özü dayanıb, özü də əbədi
olaraq!
Bax əbədiyyət elmi
budur! Bax,əbədiyyət budur!
Və ədəbiyyat da
(tarix də!) budur!
Allaha şükür edək
ki, hələ “Arx”da su var!
İ.Muğanna
vaxtında dərk olunmasa (və “Arx”ın suyu yenə
“tarlalara” axıdılsa) o su da quruyacaq, kəsiləcək? Özü də Başdan –
Haqdan!
Bütün
dilləri birləşdirən köklü bir dil – ana dili (bəlkə
dünyanın “Anadili?!)
İsa Muğanna həmin ana
dilindən (Türk dilindən) “ Anadil”dən
danışmırmı?!
...Məndən olsa bu saat, bu
dəqiqə arxa dünyanın özünü basardım!
Onda “yandım! deyən
bir yer qalmazdı!?
Kosmik gəmi
kosmos üçün hesablanıb. Ancaq nə qədər
nəhəng, güclü olsa da, ona atmosfer təbəqəsini
keçənə qədər daşıyıcı raketlər
lazım gəlir. Elə hesab edək ki,nəhəng
sənətkarlar həmin kosmik gəmidir.
Biz (daha doğrusu əsl
söz sərrafları )
daşıyıcı raketlərik.
Sevinc
Muğanna da hal-hazırda bu missiyanı yerinə yetirir. Bu məqsədlə
də o,”İsa Muğannanın sənət möcüzəsi”
kitabını yazıb.
Amma bir məsələyə
çox təəccüb edirəm. Bu kitab haqda niyə
indiyəcən lazımınca yazılmayıb? Yoxsa atasının taleyi bu kitabın müəllifini
də izləməyə başlayıb? Yoxsa
İsa Muğannanı başa düşmək istəməyənlər
onu da başa düşməyə
çalışmayıblar?
Hər şey ola
bilər...
Belələri
kimin tərəfində olursa-olsun zaman, Odər (həqiqət
işığı!) onun qüdrətli varisinin tərəfindədir.
O varis ki, təkcə
atasına yox, ruhumuza da, tarixmizə də, mənəvi
dünyamıza da layiqincə varislik etməyə layiqdir.
İsa
Muğanna bir dəfə Palıd ağacının altında
anasının bətnindən dünyaya gəlib.
İsa Muğanna bu dəfə
övladının,varisinin,(Milli dəyərlər
daşıyıcısının) Sevincinin – sevinc və fərəhinin
qəlbindən doğulub!?
...Makedoniyalı İsgəndər
Daranı məğlub edəndə mücrüsünü də
ələ keçirmişdi.”O mücrüyə nə
qoyacaqsınız? deyə soruşulanda
“Homerin”İliada”sını! demişdi .
Mənim də
belə bir mücrüm olsaydı içinə İsa
Muğannanın “İdeal”ını qoyardım.
Bunlar gəlişigözəl
sözlər deyil. Bu sözləri mənə Ordan – Odər
planetindən pıçıldayırlar.
Mən də
sizə “Qəbul edin!” deyib qışqırmağa ehtiyac
duymuram.
Mən də
sadəcə olaraq sizə pıçıldayıram.
Eşidirsinizmi?!
P.S
.Unutmayın, Sevinc Muğannanın bu kitabı da Ordan gələn
pıçıltıyla – Ünlə
yazılmışdır.
... 80 yaşlı bir
amerikalı müəllifin yazdığı və çap
etdirdiyi “Həpimiz Türklərik!” kitabını da
oxumağı yaddan çıxarmayın!
Barat VÜSAL
525-ci qəzet.- 2011.- 10 iyun.- S.6.