“Yeddi gözəl” Başqırdıstanda
tamaşaya qoyulub
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti Başqırdıstan Opera və Balet Teatrında səhnələşdirilib. Tamaşanın premyerası iyunun 8 və 9-da Ufada gerçəkləşib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, premyera Rudolf Nureev adına Beynəlxalq balet sənəti festivalının açılışı çərçivəsində baş tutub. Tamaşanın quruluşu baletmeyster Rinat Abuşaxmanov tərəfindən həyata keçirilib. Operanın musiqi rəhbəri və dirijoru Rauşan Yakupov, stenoqrafiyanın müəllifi Sankt-Peterburqlu rəssam Varvara Çuvina, işıq üzrə rəssam Sərdar Çarıyevdir.
İyunun 8-də baş tutan ilk premyera anşlaqla keçib və böyük müvəffəqiyyət qazanıb. Başqırdıstanın dövlət məmurları da tamaşanı izləyib. Tamaşadan sonra hər kəs “Yeddi gözəl” baleti haqqında heyranlığını ifadə edən fikirlər söyləyib.
Rəssam Varvara Çuvina deyib ki, tamaşanın öz bədii səviyyəsinə görə Qara Qarayevin gözəl musiqisinə uyğun olması üçün çox çalışıblar: “Səhnə kostyumlarının rəngarəngliyi, işıq və rənglərin dəyişməsi səhnədə Nizami Gəncəvinin eyniadlı poemasının əsas süjet xəttini ifadə edir. Sehrli və müdrik şərq nağılının səhnə təcəssümünü tam şəkildə ifadə etmək məqsədilə teatrın bütün texniki vasitələri tərəfimizdən bu tamaşa üçün səfərbər edilib”.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 10 iyun.- S.7.