Unudulmuşlar

 

Gördü ki, hərə öz kefindədir. Rəqs eləyirlər, lətifə söyləyib gülüşürlər, badə cingildədirlər... Astaca qapını aralayıb içki, tütün qoxulu o aləmdən qopdu, pilləkənlə həyətə düşdü.

Ay ipiri idi, hər yanı nura boyamışdı. Əvvəl elə bildi, qar yağıb. Əyilib yerdən qar da götürmək istədi. Ancaq barmaqları torpağa sürtünəndə başa düşdü ki, bu təzə il də qarsız gəlir ömürlərinə.

Lap uzaqda nöqtə boyda işıq işarırdı. İşə bax. Sən demə, bunlardan başqa da Yeni ili bağda keçirən var imiş...

Siqaret yandırdı. Əvvəllər elə başa düşürdü ki, həyatda daimi heç nə yoxdur. Ona görə də öz uğursuzluqlarının əvvəl-axır qurtaracağına inanırdı... İndi bu inam da itmişdi...

Tənəklərin arası ilə bir-iki addım atdı. Birdən xışıltı eşidib diksindi və... yerində donub qaldı. Su quyusunun yanında bir qadın əllərini sinəsində çarpazlayıb dayanmışdı. Özü də paltarı elə bil qızıldan idi, alışıb yanırdı.

Qadın onu görəndə gülümsədi:

– Siz də çıxdız?

Tanıdı qadını. Lap küncdə, Raufun yanında oturan idi.

– Hə, gördüm, hamı bir-birinə qarışıb, mənə məhəl qoyan yoxdur, çıxdım...

Qadın ah çəkdi:

– Elə mən də.

Bir də onu gördü ki, düz qadının qarşısındadır və sual verir:

– Bəs üşümürsüz? Soyuqdur axı?

Arabir soyuq küləyin vıyıltısı eşidilirdi. Kürkünü qadının çiyninə saldı. Qadın bir az dartındı:

– Özünüz geyinin, mən üşümürəm.

Sonra sakitləşdi:

– Çox sağ olun. İstəmirəm, bir də palto üçün içəri girim.

Bir müddət Aya baxdılar. Qadın əlini uzatdı, guya, tutacaqdı onu:

– Ömrümdə bu boyda Ay görməmişdim.

O da əlüstü dilləndi:

– Elə mən də.

Qadının bir addımlığında durmuşdu. Ətir qoxusu, həm də nəfəsi ona dəyəndə ürəyi uçundu, titrək səslə dedi:

– Olar, sizdən bir söz soruşum?

– Lap beşini soruşun.

– Siz Tofiqin nəyisiz?

Qadın tutuldu. Dillənmədi. O, tez sözünü dəyişdi:

– Bəlkə, yellənək?

Yelləncəyə qalxdılar. Yelləndikcə Ay, elə bil, dövrə vururdu başları üstündə. Qadın az qala qışqıra-qışqıra soruşdu:

– Sizin adınız nədir?

O da beləcə qışqırdı:

– Bayaq Tofiq bizi tanış elədi axı. Mənim adım Rüfətdir. Sizinki isə Nərgiz.

Bir müddət yelləndilər. Rüfət qızının karuselləri xoşlamasından, oğlunun dəcəlliyindən, arvadının qayğılarından danışdı.

Nərgiz dedi:

– Saxlayın, başım fırlanır.

Rüfət istəməsə də bunu etməyə məcbur oldu.

Daşın üstündə oturdular.

Nərgiz barmağı ilə, sanki, daşın üstündə şəkil çəkə-çəkə soruşdu:

– Çoxdan evlisiz?

– Dörd ildir. Bəs sizin ailəniz yoxdur?

Nərgiz içini çəkdi:

– Bir qızım var, ərdədir.

Rüfət təəccübləndi. Üzündəki təəccüb qarışmış gülümsər ifadə ilə sual verdi:

– Bəlkə, nəvəniz var?

Nərgiz şəkil çəkməyi yığışdırdı:

– İnanmırsız? Özünüz bilin. Beş aydır ki, köçürmüşəm qızımı. Mənim 36 yaşım var. Siz deyən qədər də cavan deyiləm... Ərim isə ölüb... Mənim üçün...

Sonra köks ötürdü:

– Bəs nə əcəb arvadınız razı olub bura gəlməyinizə?

Rüfət də köks ötürdü:

– Qayınatamgilin ənənələri var: hər Yeni ili bütün ailə bir yerdə keçirir.

– Siz niyə getmədiz?

– Evləndiyim ili getdim, gördüyümü gördüm.

Nərgiz maraqla Rüfətin gözlərinin içinə baxdı:

– Nə gördüz ki?

– Heç... Xoşuma gəlmədi onların məclisi. Bacanaqlarım elə oturub-dururlar, guya, bunlardan savayı kişi yoxdur. Yağlı yerdə işləyirlər də... Mən isə adicə televizor ustasıyam... Ağzımı açan kimi sözümü kəsirlər. Yoldaşım da ayağımı tapdalayır ki, birdən artıq-əskik danışaram. Qayınatam onlara “can” deyir, mənə isə məhəl qoymur... Hər il yoldaşıma deyirəm, getmə. Ağlayır, dalaşır, küsür. Mən də dözmürəm, razı oluram. Uşaqları da aparır... Hər Yeni il axşamı mənim ən yalqız günüm olur. Bu gün də oturub televizora baxırdım. Gördüm, Tofiq zəng çaldı ki, bağa yığışırıq. Doğrusu, təəccübləndim. Bu qış vaxtı nə bağ? Ancaq razılaşdım. Uşaqları da çoxdan idi görmürdüm. Biz axı dörd dost olmuşuq: Tofiq, Rauf, Akif, bir də mən...

– Dördünüzün də adında “f” hərfi var ki?

– Hə? Heç fikir verməmişdim.

Azacıq susdular. Sükutu Nərgizin səsi pozdu:

– Bir şey desəm, acığınız tutmaz?

– Əlbəttə, yox.

– Deyəsən, Tofiqlə aranız sərindir axı. Mən fikir verirdim, o biri dostlarınızla elədiyi zarafatları sizinlə eləmirdi...

Rüfət içini çəkdi:

– Vaxtilə Tofiqlə çox yaxın olmuşuq. Sonra Rauf çıxdı, Tofiqin mənə olan istəyinin yarısından Raufa pay düşdü. Sonra Akif peyda oldu. Beləcə, günlərin birində gördüm, artıq adama çevrilmişəm, unudulmuşam. Başa düşürəm, bu gün niyə məni xatırlayıblar. Buna deyərlər, xala xətrin qalmasın.

Yenə bir müddət susdular. İçəridəkilər əl çalır, ayaqlarını yerə döyürdülər. Nərgiz dedi:

– Kefdədirlər.

Rüfət səsini yavaşıtdı:

– Keçmiş dostlar, keçmiş tanışlar, keçmiş məhəbbət... Sizin keçmiş məhəbbətiniz bəlkə də heç olmayıb...

Nərgiz gözlərini pəncərəyə zilləmişdi. Rüfət isə, elə bil, öz-özünə danışırdı:

– Mənimsə olub. Qabaqlar dəli-divanə idik. Sonra eşitdim ki, başqasını da sevib haçansa. Bunu özümə sığışdırmadım...

Nərgizin gözü pəncərədən qopmurdu:

– Siz otaqdan çıxanda Tofiq rəqs eləyirdi?

Rüfət özü ilə söhbətinə ara verməli oldu:

– Gərək ki, yox... Söhbət eləyirdilər.

– O qara donlu qızla?

– Fikir vermədim.

Nərgiz durub var-gəl eləməyə başladı:

– Bir saata yaxındır ki, burdayam, başı necə qarışıbsa, hələ də xəbəri yoxdur...

Rüfət bu barədə çox düşünmüşdü. İnsanlar bütün ömürləri boyu xoşbəxtlik gəzirlər, ancaq hey ağrıyla, əzabla, ölümlə üzləşirlər...

Nərgiz əsəbiləşdi:

– Siz kişilər hamınız beləsiz? Əvvəl yalvarırsız, diz çökürsüz, ələ keçirəndən sonra isə kobudlaşırsız, zəhərləyirsiz adamı. Bir səhv idi, əzabını çəkə-çəkə yaşayırdım. Bu da ömrümdə ikinci səhvim oldu. İndi də, yəqin, o qara donluya vurulub? Niyə evlənmir? Gör, neçəsinin həyatını zəhərləyib. Ondan da soyuyacaq. Gül tək qoxulayıb tullayır qadınları. Vəhşidir, yırtıcıdır, əclafdır... Mən axmaqsa, onu sevirəm... Bura da məni, yəqin, ona görə çağırıb ki, yeni sevdasından xəbər tutub rahat buraxım onu...

Səs-küy lap yaxınlaşdı. Qapını açmışdılar. Nərgiz ümidlə ora baxdı. Ancaq tez də bağladılar. O, üzü pəncərəyə tərəf donub qaldı.

... Görəsən, neçə saat idi həyətə çıxdığı? Rüfət bədəninin soyuqdan gizildədiyini indi hiss etdi, o da durdu, gəzinməyə başladı. Tənəklərin arası ilə bir xeyli getdi. Geri qayıdanda Nərgizi ağlayan gördü.

– ... Anam vardı, dözürdüm. İndi hər şeydən əlim üzülüb. Harda qoca görürəmsə, ürəyim yerindən qopur. Elə bilirəm ki, anamdır qarşımdakı. İstəyirəm, hey qulluq eləyim ona... Qonşuluqda bir qarı var. Həmişə əlindən tuturam. Bir dəfə dedi: “Xoşbəxt ol”. Qulaqlarıma inanmadım, soruşdum: “Nə deyirsən?” Bir də təkrar elədi. Dedim, mən hara, xoşbəxtlik hara? Yolkanı qurmuşdum. Biskvitli tort da bişirmişdim. Dedim, qızım gələr. Qudamgil məni bəyənmirlər. Tofiqlə tanışlığıma görə. Qoymadılar qızı. Bəlkə də, heç özünün meyli olmadı. Zəng eləyib yeni ilimi təbrik elədi. Vəssalam. Getdim qarının dalınca. Osa qulaq yoldaşım olardı. Gördüm, onun da oğlu dalınca gəlib. Dedim, bəxtəvər başına. Heç olmasa, bayramdan-bayrama yada düşür... İki il qabaq yeni ili üçümüz qarşılamışdıq: anam, mən və qızım. Keçən il qızımla mən idik. Bu il isə tək qaldım... Televizor da işləmir. Oturub yolkaya baxırdım ki, bir də sənin Tofiqin zəng elədi...

“Televizor işləmir” kəlməsi, sanki, Rüfəti yerindən tərpətdi:

– Niyə göstərmir televizorunuz?

– Nə bilim, ağarır, ancaq səsi-zadı yoxdur...

Rüfət gözlərində azacıq işıq, dərhal dilləndi:

– Bildim nədəndir, bircə dəqiqəyə düzəldərdim onu...

Qapı yenə açıldı. Nərgiz yenə ümidlə ora boylandı. Qapı bağlananda soruşdu:

– Şəhərə neçə saatlıq yoldur?

– 40-45 dəqiqəlik.

– Yeni ilə isə bir saat qalıb...

Rüfət yenə siqaret yandırdı. Qəribə işdir: insanlar hər yeni il axşamı deyirlər, gülürlər, şənlik eləyirlər... Bəs qazandıqları nədir axı? Əslində, ömürlərindən bir il də itirirlər. İtkiyə isə adam heç vaxt şad olmamalıdır. Ölün ölür, durub toy-bayram edirsən?

... Nərgiz bir də təkrar elədi:

– Bəlkə, gedək?

Rüfət dinmədi.

– Niyə susursuz? Qoy başa düşsünlər ki, bizim də hissiyyatımız var. Siz televizoru düzəldərsiz, mən də sizi torta qonaq edərəm.

Rüfətin qolundan yapışdı:

– Siz Allah, gəlin, gedək.

Rüfət yüngülcə dartındı:

– Olmaz axı, yaxşı düşməz...

Nərgiz incikliyini gizlətmədən ondan aralandı:

– Bəs, sizcə, onların hərəkəti yaxşı düşür?

Hərdən nədənsə insanlar yalan söyləməyə, başqa bir obraza girməyə məcbur olurlar. Bu gün səni qane edən, sənə sərfəli olan münasibət artıq sabah ağır bir buxova çevrilir, yeni münasibətlərə doğru yolunda sənə maneçilik törədir... Ondan qopmağa məcbur olursan, ayağına dolaşan dəmir zəncir kimi onu tapdalayıb, palçıqda qoyub gedirsən...

Amma bununla yanaşı, “yaxşı çıxmaz” düşüncəsi ilə bu elədiklərini onun özündən gizləmək məntiqsizliyinə də əl atırsan... Çılpaq ikən, özünü paltarlı göstərdiyini zənn edirsən...

... Rüfətin içəri girməyi ilə çıxmağı bir-iki dəqiqə çəkdi:

– Bu da paltonuz. Yaxşı ki, təkcə sizin paltonuzun rəngi ağdır, yoxsa çaşıb qalardım... Heyf ki, görən oldu...

Ay bir az da irilənmiş, hava bir qədər də soyumuşdu. Kanalın qırağı ilə gedirdilər. Yol kələ-kötür idi. Nərgiz büdrədikcə Rüfət onun qolundan yapışırdı.

– ... Siz televizoru düzəldərsiz, mən də çayı qoyaram qızmağa. Xörək çəkərəm, tortu kəsərəm. Qab-qacağım elə düzülüdür.

Rüfət öskürdü.

– Deyəsən, sizə soyuq dəydi? Hər şey məndən oldu, kürkünüzü əlinizdən aldım...

– Boş şeydir.

– İstəsəniz, belinizə banka qoyaram. Lap keçi piyi ilə ovaram...

Bu deyilənləri xəyalında canlandıran Rüfət özünü naza da qoydu:

– ... Bəri başdan bildirim: mən hind çayını xoşlamıram, heyf deyil, Azərbaycan çayı!

– Bəs xörəklərdən nəyi xoşlayırsız?

– Fərqi yoxdur. İndiyə kimi mənim sifarişim ilə xörək bişməyib.

– Bu gün bişər. Mən sevimli xörəyinizi bişirərəm, siz də alboma baxarsız. Qızımın hər il ad günündə şəklini çəkdirmişəm. 18 dənə şəkil. Dostunuz da xoşlayırdı şəkillərə baxmağı...

Nərgiz ah çəkdi... Üzündəki bayaqkı donuq ifadə yenidən geri qayıtdı.

Bir qədər də irəlilədilər. Döngəni başa vuranda şəhərin işıqları göründü. Rüfət sevincək qışqırdı:

– Odey, mikrorayonun işıqları... Ev indi istidir... Rəqs eləməyi bacarırsız?

Nərgiz arxaya baxırdı:

– Deyirsiz, paltonu götürəndə görən oldu?

Rüfətin addımları birdən-birə ağırlaşdı. O, məyusluqla:

– Oldu, – söylədi.

Sakitcə getməkdə idilər. Ara-sıra küləyin vıyıltısı eşidilirdi. Birdən arxadan siqnal səsi gəldi. Maşın işığını onların üstünə salmışdı. Nərgizin səsi titrədi:

– Odur...

Rüfət də içini çəkdi:

– Hə.

Şəhərə lap yaxınlaşmışdılar. Nərgiz Rüfətin qolundan yapışdı:

– Gəlin, qaçaq.

– Olmaz axı...

– Yox, olar. Qoy görsün ki, mən əşya deyiləm. Qoy görsün ki, ondan qaçıram, ona nifrət eləyirəm...

Doğrudan da, qaçmağa başladılar...

Deyəsən, maşın da sürətini artırdı. Nərgiz nəfəsini dərə bilməsə də, qırıq-qırıq sözlər deyirdi:

– Dəli olur indi... Qoy olsun...

Sonra dayandı:

– Yazıqdır... Qoy gəlib çatsın. Bu kələ-kötür yolda biz ondan bərk gedirik...

Rüfət də dayanmalı oldu. Onun gözündə bir aləm uçub dağılırdı: isti otaq, ağaran, ancaq səsi çıxmayan televizor, bəzədilmiş küknar, biskvitli tort...

Nərgizin səsi, sanki, lap uzaqdan gəlirdi:

– Mən onun dalımca gələcəyini bilirdim. Baxarsız, necə peşmançılıq çəkəcək...

Susub maşının gəlib çatmasını gözlədilər. Bu bir an bir il qədər uzun oldu, elə bil.

... Maşın Nərgizin qarşısında dayandı, kök bir kişi başını çıxarıb təəssüflə dedi:

– Qaçmağınızdan bildim ki, bərk üşüyürsüz... Ancaq vallah yerimiz yoxdur... Özümüz güclə sığışmışıq... Dedik, gedib bir kabab çəkək bağda...

Rüfət maşını ötüb keçəndən bir müddət sonrayadək baxışları ilə müşayiət etdi. Arxa “stop”ların qırmızı işığı tam görünməz olduqdan sonra içini çəkdi, Nərgiz səmtə çevrilib titrək səslə dedi:

– Bəlkə, qayıdaq?

Nərgiz hıçqıra-hıçqıra ağlayırdı. Göz yaşları Ay işığında bərq vururdu.

 

 

Varis

 

525-ci qəzet.- 2011.- 11 iyun.- S.29