Rəsul Rza: hər əsəriylə
yenidən doğulan şair
I məqalə
Böyük Azərbaycan
şairi Rəsul Rzanın Əli Kərim barədə
yazdığı aşağıdakı fikirləri elə
onun özünə də aid etmək olar: “Şair Əlinin
ikinci doğulma tarixini müəyyən etmək, açmaq
üçün ciddi, uzun, səbirli tədqiqat, təhlil, məhəbbətli
axtarış gərəkdir.”
Cəmiyyətin
özündə olduğu kimi, ədəbiyyat aləmində
də illər ərzində formalaşmış
baxışlar sistemi, stereotiplər mövcud olmuşdur. Şairə,
yazıçıya ədəbi tənqidin verdiyi dəyər
bəzən bu cür qəlibləşmiş qənaətlər,
kriteriyalar çərçivəsində müəyyən
edilir. Məsələn, buraya aid edə bilərik sənətkarın
novatorluğunu, ədəbi məktəb
yaradıb-yaratmadığını və sairə.
Həmişə ədəbi
tənqidin diqqət mərkəzində olan Rəsul Rza
yaradıcılığı oxucu üçün də
böyük maraq kəsb edib.
Hər kəs yaxşı bilir ki, keçən yüzilliyin 80-ci illərində “Ədəbiyyat və incəsənət” qəzeti başda olmaqla tarixən qədim olan heca şeirinin davamçıları “Rəsulçuluğ”a qarşı çox gərgin və əsəbi (bir az da gizlin) bir mübarizəyə girişmişdilər. Onlar “Rəsulçuluğun baş alıb getməsindən” əndişələnir, “Aşıq Alı üslubu”nu bərk-bərk mühafizə edərək, onun əldən çıxacağından ehtiyatlanırdılar. O illərdə Rəsul Rza faktoru ədəbiyyatın inkişafında ciddi əhəmiyyət daşıyırdı.
Bu kiçik qeydləri məqaləyə ona görə daxil edirəm ki, qoy Rəsul Rza ədəbi şəxsiyyətinə müraciət etmək istəyənlər həmin dövrün ədəbi hadisələrinə həssas yanaşsınlar.
Hakim ideoloji düşüncənin bədii sözün də bütün sferalarındakı diktaturası o qədər güclü və amansız idi ki, ümumi sifarişdən kənarda qalmaq yazıçı üçün çox çətin idi. Belə bir dövrdə Rəsul Rza kimi ədiblər ədəbiyyatı kollektiv üçün yox, insan üçün, fərd üçün “işləməyə” məcbur edə bildilər.
R.Rzanın poeziyasını bir “sərgi salonu”na bənzətsək, orda diqqəti cəlb edən bir şəkil görərsən – adı “insanlığın ömür yolu”.
Orta məktəbin ədəbiyyat proqramlarında daha çox bədii sözü “təmsil edə bilən” nümunələrdən istifadə edilməlidir. Məsələn, Vətən mövzusunda Rəsul Rzanın “Qaranquş və Sərçə” şeiri belə başlanır:
“Qaranquş qondu eyvanın
düyün-düyün pərdəsinə:
– Cik-cik!
Bahar gəlib, biz də gəlmişik”
Özünü sərçənin yuvasında rahatlamaq həvəsinə düşən qaranquşa sərçənin cavabı belə olur:
“... bahar dalınca qaçmamışam,
Burda qalmışam
yayı da, payızı da.
Dimdiyimlə düzəlib
Bu kiçik yuva da...
Bu saman suvağı da...
Bilmirəm, qaranquş
utandımı,
susdumu,
Yoxsa çəkilib bir tərəfə
Sərçənin dən
ardınca
yuvadan getməsini pusdumu.
Xoşuma gəldi mənim.
İnsan dili bilsəydi,
Bir nəğmə də
öyrədərdim ona:
“Könlümün sevgili məhbubu
mənim
Vətənimdir, Vətənimdir,
Vətənim”.
Onu demək istəyirəm
ki, orta məktəb dərsliklərinə daxil edilmiş ədəbi
nümunələr həm mövzu cəhətdən, həm
də bədiiliyi ilə fərqlənməlidir.
Yuxarıdakı nümunədəki şeir vətəni
oxucuya sevdirə bilir həm də ona görə ki, onun bədii-estetik
tutumu çox güclüdür.
Ədəbiyyatın təbliği
orta məktəbdən başlayır. Normal ədəbi
zövqü olan insan kitabı sevər, vətəni də sevər.
Rəsul Rza kimi şairləri
müasir gənclərə sevdirmək üçün onun zəngin
ədəbi külliyyatından düzgün bəhrələnmək,
daha uyarlı nümunələri dərsliklərə daxil etmək
lazımdır.
Ümumən, bu, bir
ağrılı mövzudur. Bu məqalə ayrı məqsədlə
yazılıb.
İstərdik ki, Rəsul
Rza kimi ədiblərin yaradıcılığı yenidən
nəzərdən keçirilsin. Hesab edirəm ki,
keçmişə biganəlik, gələcəyə
qayğısızlıq hadisələrə eyni cür
yanaşmağın nəticəsidir.
Azərbaycan Sovet ədəbiyyatında
yüksək intellektli ictimai-siyasi
dünyagörüşünə, olduqca azad və sərbəst
mövzu və mətn axtarıcılığına görə
R.Rza ilə müqayisə ediləcək ikinci bir ədəbi
sima tapmaq çətindir. Onun “Qoca timsah” şeirindən
misralara baxaq:
Udur xırda balıqları
qoca timsah,
yekə timsah
Göz yaşları
axır, axır.
Deyir: – Sülhü qoruyuram
bu sularda.
Quyruğuna humanizm
nişanını
özü taxır
qoca timsah.
Xırda balıqları təhlükələrdən
qorumaq adıyla onlara öz qarnında azadlıq vermək
üçün udan qoca timsah göz yaşları da
axıdır:
Hamı baxır, hamı
görür,
qoca timsah, yekə timsah
udur xırda balıqları.
udduqca da gözlərindən
bol yaş axır.
Humanistdir timsah axı.
Bu şeirdə müasir
dünyanın acı həqiqətləri həm dünən,
həm də bu gün üçün (görünür, həm
də gələcək üçün) düzgün və
dəqiq ifadə edilmişdir.
R.Rza poeziyasında –
sözündə dənizdəki dalğalarsayağı ləngər,
dəniz sularına xas səs, dil, səsləniş
vardır:
Bu gecə öpdüm dənizi
sahildən ayrılanda
Dodaqları duzlu idi;
göz yaşı kimi.
Düşündüm: niyə
öpdüm onu?..
Yaxşı deyil.
Düşündüm,
yaxşı ki,
dəniz göz yaşı
deyil
O, öz şeirlərinin
canına Yer kürəsinin havasını,
torpağını, suyunu, qoxusunu, rəngini, səsini...
hopdura bilmişdir.
Sovet dönəmi
üçün rəmz gurultulu alqışlar idi. R.
Rzanın şeirləri çəpik üçün
yazılmamışdı. Məsələn, o, belə
yazırdı:
Bir fincan su içdim,
bir fincan da doldurub
qoydum yanıma.
Su olmasa,
nə faydası,
sən ha de:
– Səbr elə! Yanma!
R.Rza şeirinin tərbiyəedici,
yönləndirici missiyası ənənəvi şeirimizdə
olduğundan fərqlidir. Bu poeziya insanı müdrik,
ağayana, ləyaqət prinsipləri əsasında tərbiyə
edir. Bu təsir və tərbiyə üsulu hissi-emosional
müstəvidə qurulan interaktiv təsir və tərbiyə
üsuludur. R. Rzanı şair kimi çoxlarından fərqləndirən
üstün cəhətləri onun əxlaqi-didaktik yazı və
ifadə tərzindən imtina etməsində görmək
lazımdır. Çünki bu poeziya özü əxlaq, ləyaqət
poeziyasıdır. R. Rzanın lirik qəhrəmanı
dünyaya, başqalarına təmənnası olmayan bir
obrazdır. Çünki bu obraz şəxsiyyət olaraq R.
Rzanın özünün obrazıdır.
Şairin obrazlar
qalereyasında adlar da çox nəsnələri adama
anladır: Kefli İsgəndər, Məhəmmədhəsən
əmi, Nazlı, Cakartalı qoca, Xirosima, Bəhlul Danəndə,
Afrikanın qumları, insan, Ezop, Qalua, Füzuli, Qız
Qalası, Sibir, Kalıma, Cordano Brunonun külü, köhnə
Sibir, Nəsimi, Prometey...
R.Rza yeni üslubun,sərbəst
şeir texnologiyasının təcrübəsini məhz təcrübə-eksperiment
çevrəsindən kənara çıxara bildi, onun
hüdudlarını genişləndirdi və bunun nəticəsi
o oldu ki, ədəbiyyatımızda şeirin əli, qolu
açıldı. R. Rzanın heca vəznində qələmə
aldığı çox gözəl şeirləri,
poemaları vardır.
Şairin sərbəstdə
uğurları bir qədər də onun xarakteri ilə
bağlıdır. Yəni hər bir şeir nümunəsi
müəllifin kimliyini də ifadə edə bilir. Məsələn,
R. Rzanın “Rənglər” dənizlə bağlı silsilə
şeirləri, “Vaxt var ikən” mövzusu və sairə onun həm
yazıçı fantaziyasının genişliyini, həssas,
duyğusal təbiətini, həm də yalnız və
yalnız sənətdə, ədəbiyyatda iddialı
olduğunu sübut edir. Onun qocaman poeziyası, söz, misra
düzümü, mövzu mətn
çoxvariantlılığı ən müasir oxucunun da
zövq və düşüncəsini cavan saxlaya bilir:
Balıq dənizdə
doğuldu,
dənizdə
böyüdü.
Yaşadı.
Bir gün öldü.
Canlı dalğalar atdı
onu sahilə,
Sonra qayıtdılar dənizə
Gülə-gülə.
Poetik fikrin poetik ifadəsi
çox düzgün və gözəldir.
Lirik mənin bədii
düşüncəsində melodiya ilə dramatiklik bir libasa
bürünmüş şəkildədir. Onun şeir dilinin
intonasiyası öz aktuallığını
çağdaş qlobal cəmiyyətin danışıq tərzinəcən
qoruyub saxlaya bilir. Deyərdim ki, bu deyim və ifadə modeli
indiki düşünməyə can atan dünyamız
üçün əvəzsiz örnək olmağa layiqdir.
İlk qələm təcrübələriylə, kitablarıyla yenidən doğulan R.Rza zaman keçdikcə müasirləşən, aktuallaşan şeir və poemaları, nəsr əsərləri, məqalələri... ilə bir də doğulur, yaşayır, həm də tarixləşir. Elə onun özünün Əli Kərim haqqında dediyi kimi.
Zakir MƏMMƏD
525-ci qəzet.- 2011.- 11 iyun.- S.28.