Zəlimxan Yaqub daşı
(ucqar havası)
...orda ayla, illə, burda
müxtəsər dillə, sizə hardan xəbər verim.
İndi mən Əli Kərimin məşhur “Daş”
şeirindəki “yarıçılpaq, yarıvəhşi qədim
insan atan daş”dan danışmıram. Amma burası da var ki,
necə ki, “varlıq” sözündəki “var”da bir çox
varlıqların olması istisna deyil, o halda çox ola bilər
ki, mənim “daş”ımın içində də Əli Kərimin
“Daş”ından tutmuş, bostanımıza (oxu: Qarabağ)
atılan daşlara qədər yüz bir daş “nümunə”si
olsun...
Bu yerdə kəsədən
getmək, müxtəsər danışmaq
mümkünsüz olduğu üçün Zəlimxan
Yaqubun bala vətəni Kəpənəkçiyə
dönürəm. Zəlimxan Yaqubun bala vətəni Kəpənəkçi
ilə mənim doğulduğum Dəllər kəndləri
arasında bir Fal Daş, bir də bir Qatar Qaya deyilən yerlər
var. Çox mənzərəli yerlərdir. Görən kimi
adamın içindəki çoxtelli saz öz-özünə
çalınır. Lap xalq yazıçısı
Elçinin “Mahmud və Məryəm” romanındakı
Sazlı Abdullanın öz-özünə çalınan
sazıtək... Necə deyərlər, yazsam roman olmazmı?
Ancaq seyrangah yerinin samanlıqdan fərqini bildiyiniz
üçün yazıma davam etməklə kifayətlənirəm.
Mən mübaliğəsiz,
məcazsız da ötüşən adamam. Amma hər dəfə
Fal Daşdan keçəndə Seyid Əzimin ikicə
misrasına köklənməyə bilmirəm:
Açıram məshəfi
yüz dəfə, əlif-lam gəlir,
Qamətü zülfdə,
ey dil, nə gözəl falın var!
Məsəl var: fala inanma,
falsız da qalma. Burasını deyim ki,
Amma mənə elə bir
adam göstərin ki, hamı onun haqqında başdan-başa
ya yaxşı, ya da pis danışsın?
Məgər biz vaqiflər
olaraq, bizim haqqımızda pis danışanlar
üçün də gözəl dualar etmədikmi?
...Əyriqardan o tərəfə
İri Daş deyilən məskən var. Həm də mənim
babalarımın – Bayram babamın, Tamı babamın, Musa
babamın, atam Məhəmmədəlinin yaylaq yeri olub. Mənə
danışıblar ki, Zəlimxan Yaqub “Şair gəlib
dağlara, dağlar qonaqlıq verir” misrası ilə
başlayan və bitən şeirini ilkin olaraq Əyriqarın
dediyim həndəvərlərində şehli-şehli
pıçıldayıbdı. İndi Zəlimxan özü
İri Daşdır, İri Vətən Daşıdır!
İndi az qala hamımız
xalq şairimiz Məmməd Arazın iki misrasını əzbər
bilirik:
Vətən daşı
olmayandan
Olmaz ölkə vətəndaşı!
Zəlimxan Yaqub kimi “vətən
daşları”nın çəkiləri də, vəznləri
də ağır olduğu üçün onlar ağır
çəkili “ölkə vətəndaşları”
sayılırlar.
Və belə ağır
daşların düşmən başında
çatlamasının nəticəsini... Artur Şopenhauerdən
üzü bəri bütün vaqiflər bilmirmi? Yəni bir
var başına çaylaq daşı, çarpanaq, noxud boyda
daş düşə, bir də var Zəlimxan Yaqub
daşı düşə.
...Daş bəzilərinə
görə, sadəcə, təbiətdə parçalar,
yaxud böyük və kiçik kütlələr şəklində
təsadüf olunan, suda həll olunmayan bərk cisim,
süxurdur.
Daş dövründən
dolayı, insan oğlunun yolu neçə daşlıqdan,
neçə sarp dağlardan, qayalıqlardan keçib...
Kənddə Zəlimxandan söz
düşəndə rəhmətlik anam deyərdi: – Ay bala,
görüm onun ayaqlarına daş dəyməsin!
Cavab verirdim ki, ay ana,
heç narahat olma, Zəlimxan o oğullardandır ki, qoymaz hər
nadürüstün daşı ona dəyməyə: yəni,
elə əlçatmaz, elə əlyetməzdir. Əlbəttə,
ucalıq mənasında!
Sonralar... oğlum Anarın
toyunda Zəlimxan müəllim Bakıdan zəng vurub bizi təbrik
etdi. Mənə də dedi ki, telefonu anama verim. Zəlimxan
müəllim dünyanın “Ucqar” adlandırdığım
yerində, dolub-boşalan və nəticədə göz
yaşlarını saxlaya bilməyən anama gözaydınlığı
verdi.
Həmin ilin oktyabrında
anam dünyasını dəyişdi. Yüz bir daş
növündən dolayı, bu “son ucu ölümlü
dünya”da baş daşı deyilənin nə olduğunu
hansı birimiz bilmirik? Anamın başdaşının
üstünə Zəlimxan müəllimin də çox
sevdiyi Nəcib Fazil Qısakürəyin bu bəndini
yazdırdım:
Qapı-qapı bu yolun
son qapısı ölümsə,
Hər qapıda
ağlayıb
o qapıda gülümsə.
...Dərbənddən – Səmərqəndə,
Zəncandan – Ərzincana, Borçalıdan – Təbrizə adi
vətən daşına dönmək istəyimiz Nazim Hikmətin
dənizə dönmək istəyinə azmı bənzəyir?
Xatırladıram ki,
padşah saraylarının həyətindəki elçi
daşları imkan verirdi ki, hərdən-hərdən
kasıb-kusub da gözünün ağı-qarası oğlu
üçün padşah qızına elçi
düşsün...
Amma daşla bağlı xəcalət
yeri də xali deyil. Belə ki, tarixdən qədim Afina
bazarlarında qullar üçün nəzərdə tutulan
alqı-satqı daşları da məlumdur... Qulları
növbə ilə alqı-satqı daşına
qaldırırdılar və tərifləyib bu minvalla
müştəri qızışdırırdılar.
Cəmləyib dediklərim
budur ki, çox daşların, çox daş qəlblərin,
daş karxanalarının və daş sexlərinin
dövrü keçib.
Vətən
Daşlarından savayı!
Nekrasov gözəl deməmişdimi:
“Şair olmaya bilərsən, amma vətəndaş olmağa
borclusan”!
Vətəndaş – yəni
Vətən Daşı!..
Zira, Zəlimxan Yaqub
daşı “bu dünyanın qara daşı göyərməz”
xalq deyimimizə rəğmən, göyərə bilən
daşdı, yaşıllaşan, tumurcuqlayıb
çiçəkləyən, şehləyə bilən
daşdı...
...Bu yerdə bir Həqiqətə
vəfadarlıq idealı danışmalıdır.
Danışır da! Dünyanın ucqar deyilən yerində Zəlimxanla
bağlı – bəlkə daha çox Ucqarla Uzaq və
Sınıq körpünün hər iki tərəfi ilə
bağlı – arazbarı yazılar yazmışam: “Ustadlar
üç dedi ustadnaməni”, “Kəpənək zərifliyi”,
“Payız yağışının səsi”. Bu yazılarda
şairlərin çəlləklərdə yox, saraylarda
yaşamaq hüquqlarından da, təkcə Zəlimxanın
deyil, həm də bütün vaqiflərin – Elçin, Vaqif Səmədoğlu,
Vaqif Bayatlı, Ramiz Rövşən, Əlabbas, Elçin
Hüseynbəyli, Nəriman Əbdülrəhmanlı, Əjdər
Ol – kəpənək mövsümündə adi kəpənəkçi
ola bilmək haqlarından da söz açmaq cəhdlərim
olub. Sadəcə, hər gün Borçalıdan üzü
dan yerinə salam göndərdiyim vaqiflərin siyahısı
çox uzundur, Araz nədir, heç Xəzərə də
sığmaz. Hesaba alsaq ki, “Araz üstü – buz
üstüdür” o halda vaqiflərin siyahısını ancaq
göyüzünə yazmaq olar.
...Ucqarda daha çox Süsən-Sünbüldən,
Mirzələrdən – Mirzə Halaypozandan, Mirzə
Tüpdağıdandan, Mirzə Tanrıtanımazdan (hayıf
Koroğlu dəlilərinin dambat adlarına!), Mirzə
Mikrobdan, Mirzə Virusdan və s.və i. – yazıram. “Mirzə”
sözü “əmirzadə”nin ixtisarıdır. Mənası
da budur ki, yazmaq, katiblik, yazıçılıq etmək,
mühüm sənədlərin üzünü
köçürmək yalnız və yalnız əmir
oğullarına etibar olunurdu. İndi... insan haqları əsrində,
insanın davamlı inkişafı əsrində hamı yaza
bilər. Yazır da! Amma – sözümün təkrarına
qayıdıram – gərək Həqiqət unudulmaya!
Bütün dövrlərdə diri və duru qalan Həqiqət!
Nazilən, amma üzülməyən Həqiqət!
Həqiqəti tərəzidə
çəkmək cəhdi hər dəfə iflasa
uğramazmı? Bu, fiasko olmazmı? Və mizan-tərəzi
olan yerdə şeytan tərəzisi keçərmi? Tərəzi
daşlarını nə qədər dəyişirsən dəyiş!
Həqiqətə vəfadarlıq
idealının yüz bir çalarından bircəciyi budur
ki, vaqif yazarlar vətən daşları olaraq heç vaxt əmanətə
– bizim halda bədii Sözə – xəyanət etməyiblər!
Bir qədim pritçanı
nümunə gətirirəm:
“Aristotel Platonun tələbəsi
olsa da, onun fəlsəfəsini tənqid edirdi. Bir dəfə
ondan soruşdular:
– Siz niyə Platonu tənqid
edirsiniz, axı o, Sizin müəlliminiz olub?
– Mən müəllimimi
çox sevirəm, ancaq Həqiqəti ondan da çox sevirəm,
– deyə Aristotel cavab verdi”.
Çox ola bilər ki, bəzi
vaqif yazarların hərdən-hərdən “yola getməmək”ləri
elə bu “acı” Həqiqət səbəbindəndir?!
Misal çəkəcəyim
ikinci nümunə də çox
düşündürücüdür. Əlbəttə, Həqiqətə
etibarlı olmaq idealı baxımından! Məhz vaqif adamlar
bu İdealın təsiri altına hələ erkən
yaşlarından düşürlər və bu İdeal
sonralar onların həyat tərzinə çevrilir!..
...Qədim yunan filosofu Zenonu
mühakimə edirdilər. Hökmdar Nearxın iştirakı
ilə keçirilən istintaq zamanı hökmdarın və
hakimlərin ədalətsizliyinə və
saxtakarlığına dözməyən filosof öz dilini
dişləyib kəsir və onu qanlı-qanlı
hökmdarın düz üzünə tüpürür...
Belə...
Bakının yolları su
yolu olsa da, xeyli vaxtdır Bakıya gedə bilmirəm. Ucqarda
vaqiflərə atılan daşlara hərdən-hərdən
yerində cavab verə bilməmək də çox incidir məni!
Axı, mənim bircə
dilim var. Dişimlə bircə dilimi kəsib hansı neçə
yaramazın üzünə tüpürüm?!
P.S.
Eşitdim, Zəlimxan müəllim
Almaniyada müalicədən yenicə qayıdıb. Allah
şəfa versin!
...Mən indi məşhur
Amerika yazıçısı Tomas Vulfun Almaniya təəssüratlarını
oxuyuram. Öz aramızdır, Tomas Vulfun daşı da
ağır olub! Onun “Almaniya dəftəri” də Zəlimxan
Yaqubun “Almaniya dəftəri”tək zərif olub: eynən,
yarı alma kimi oxşar! O almalar ki... padşahın
bağında... birinci gün çiçək açan,
ikinci gün çiçəyini tökən,
üçüncü gün bar verən alma ağacından
yerdəki sirli qaval daşının üstünə ikibir,
üçbir düşürdülər...
İbrahim Xəlil
525-ci qəzet.- 2011.- 11 iyun.- S.20.