Diplomatlar və şairlər,yaxud diplomat şairlər 

 

Atam Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə ithaf edirəm

 

“Peyğəmbərlərdən sonra şairlər gəlir”.

 

Nizami Gəncəvi

 

“Tarixçilər tərsinə peyğəmbər (yəni

ancaq keçmiş və dünənlər haqqında

danışanlar), şairlər isə düzünə

peyğəmbərlərdir (yəni gələcək və

sabahlar haqqında fikir söyləyənlərdir)”

Artur Şopenhauer

 

 

“Əgər Homer görməyən gözləriylə

gözəl Yelenanı yaratmasaydı, bəlkə də

bəşəriyyətin gözəllik haqqında

heç bir təsəvvürü olmazdı.

A.Kantemir, şair, diplomat, Rusiyanın Böyük Britaniyada,

Fransada səfiri (1708-1744)

 

Onda demək, məntiqdən belə çıxır ki bəşəriyyətdə olan hər bir şeyi əxlaqı, mədəniyyəti, düşüncə tərzini, qəhrəmanlığı, gözəlliyi, lap elə deyək ki, eybəcərliyi, çirkinliyi, qudurğanlığı bir sözlə insanda hər nə pis və ya yaxşı keyfiyyətlər varsa, ilkin mərhələdə şair və yazıçı düşüncəsinin məhsuludur. Şair yazır, yaradır, təsvir edir, tərbiyələndirir, yol göstərir. Pis və yaxşının nə olduğunu deyir. Başqa sözlə desək, şair-yazıçı, əxlaq yaradır, daha doğrusu, mənsub olduğu millətini, xalqını formalaşdırır, yetişdirir. Nəsilbənəsil yeni insan tərbiyələndirir.

“Bir xalqı, bir milləti tanımaq, onun nəyə qadir olduğunu bilmək üçün təkcə onun tarixini oxuyub öyrənmək yetərli deyil. İlk növbədə həmin xalqın, onun bədii ədəbiyyatını oxumalısan. Onda görərsən ki, həmin xalq, həmin millət nə olmuşdur, nəyə qadir olmuşdur və bu gün də nəyə qadirdir. Hansı yolları keçmişdir, çünki bədii ədəbiyyat həmin xalqın aynasıdır”.

B.Pankin, yazıçı, jurnalist, diplomat. SSRİ xarici işlər naziri 1991-1992, SSRİ-nin İsveçdə və Çexoslovakiyada səfiri (1982-1991).

Əlbəttə, bu gün rus xalqını tanımaq üçün onun nə və nəyə qadir olduğunu, hansı yolları keçdiyini bilmək üçün nə vaxtilə Monqol-tatarların Rusiyaya basqınını və bu basqına nə zamansa müqavimət göstərən yalançı “igid qəhrəmanlarını”, nə tarix kitablarının müxtəlif dövrlərdə uydurduğu əfsanəvi qəhrəmanlıqları, nə yalançı Pavlik Morozovu, nə Zoya Kosmedimyanskayanı nə də ki, digər və digər tarixdə olmayan və əgər olubsa da yalançı qəhrəmanlarını oxuyub bilmək lazım deyildir. Yox əlbəttə yox. Rus xalqının nə olduğunu bilmək üçün, vaxtilə dərslik sayılan müxtəlif tarix kitablarından məcburən oxuyub öyrəndiyimiz tarix boy elə sülh-sülh deyə-deyə işğalçılıq siyasətini apardığını bilmək kifayət edər. Lakin rus xalqının nəyə qadir olduğunu hansı ürəyə sahib olduğunu və nəhayət rus psixologiyasını bilmək üçün Tolstoyu, Turgenevi, Dostoyevskini, Çexovu digər və digərlərini oxuyub onların ədəbi qəhrəmanları olan Volkonski, Oblomov, Karamazov qardaşları, Roskolnikov, Peçorin, Nexlyudov, Zavallı Liza, Maslova, Anna Karenina, Molçanov, Çatski və başqaları ilə tanış olmaq lazımdır. O zaman bilərik ki, rus xalqı nədir, hansı ürəyə sahibdir. Əlbəttə mən bu yazımla nə tarixi, tarixdə baş verən ən cahanşumul hadisələri, nə də ki, tarixçilərin əhəmiyyətini azaltmıram. Qətiyyən yox.

Çünki adlarını saydığım o yazıçıların dünənki ədəbiqəhrəmanlarından axı nəsə hansı bir xüsusiyyətsə bu gün mövcud olan həyatda yaşayan real qəhrəmanlara da keçib. Və bu günkü qəhrəmanlar da haradasa müəyyən qədər o dünənki qəhrəmanları təkrarlayırlar. Çünki ədəbiyyat həm özü yaradır həm yaratdığını görür sonra isə gördüyünü yazır və hər bir hadisəni də real həyatdan götürür.

Elə bizim özümüzdə də. Bizdə də ədəbi qəhrəmanlarımız kifayət qədərdir. Biz də bu gün özümüzdən asılı olmayaraq onlardan nəsə öyrənmiş, öyrənir və nəsə də götürürük. Nəsə əxz edirik. Çünki heç ola bilməz ki, o ədəbi qəhrəmanlarımızdan biz heç nə götürməyək və heç nə öyrənməyək. Əlbəttə dünənki ağız büzüb güldüyümüz usta Zeynal bu gün də mövcuddur, halına acıdığımız Məmmədhəsən əmidə, insanlara bələdçiliyinə mat qaldığımız şeyx Nəsrulla da bu gün yaşayır, mənəm-mənəm deyib mərhum dostunun dul zövcəsini özünə zorla arvad edən Xudayar bəy də bu gün bizim aramızdadır.   

Bir amerikalı diplomatla olmuş əhvalat

Bu hadisə bəlkə də hər hansı bir amerikalı və yaxud avropalı diplomat üçün ən adi, adidən də adi, amma mənim üçün isə çox böyük bir hadisə idi.

Tarix indi dəqiq yadımda deyil, amma bilirəm ki, 90-cı illərin əvvəlləri idi. Xarici İşlər Nazirliyində işləyirdim. Bu o vaxtlar idi ki, Xarici İşlər Nazirliyində cəmi on-on beş nəfər diplomat çalışırdı. ABŞ-ın səfirliyi də Bakıda yenicə açılmışdı. Açılmışdı deyəndə ki, gələn diplomatlar hələ ki mehmanxanada fəaliyyət göstərirdilər. Hələlik daimi yerləri yox idi. Müvəqqəti işlər vəkili də Robert Fin adlı bir nəfər hündürboy, orta yaşlı bir diplomat idi. Tez-tez Xarici İşlər Nazirliyinə gəldiyindən aramızda salam-əleyk var idi. Hətta bir dəfə onunla birgə Şəkidə də olmuşduq. Azərbaycan dilini gözəl bilirdi (Türk dilini yox, məhz Azərbaycan dilini). Amma qəribə, şirin bir ləhcə ilə danışırdı. Deyilənlərə görə Qorqudşünas idi (hətta mən biləni, kəşfiyyatçı idi).

Həmin gün XİN-də növbətçi idim. Telefon zəng çaldı. Götürdüm. Zəng edən həmən bu Robert Fin idi. Salam-əleykdən sonra dedi ki, bəs sizə bir məktub göndərmişik. Amma hələ ki cavab almamışıq. Heç bəlkə məktub sizə çatmayıb da. Xahiş edirəm o məktub barəsində bizə bir məlumat verərdiz. Yoxlayardız.

Həftənin beşinci günü idi. Saat yeddiyə 5-10 dəqiqə qalırdı. Evə getməyə hazırlaşırdım. Dedim ki, yaxşı baxıb, tapıb sizə zəng edərəm. Sözün düzü, nə məktub axtarmağa həvəsim var idi, nə də ki, hövsələm. Heç axtarıb eləmədim də. Beş-on dəqiqə keçəndən sonra zəng edib dedim ki, məktubu tapmadım. Ola bilsin ki, heç bizə gəlib çatmayıb da... həftənin birinci günü zəng edərsiz, bir də baxarıq. Güldü, dedi ki, vallah bu məktub məsələsi deyəsən Məmmədhəsən əminin eşşəyinin itməkliyinə döndü. Məsələ bundadır ki, həmin məktubun surəti heç bizim özümüzdə də yoxdur. Deyəsən itib. Qulaqlarıma inanmadım. Nə? Təəccübdən gözlərim böyüdü – A kişi bu nə danışır? Məmmədhəsən əminin eşşəyinin itməkliyi? (itməyi yox, məhz itməkliyi. O, elə belə də demişdi). Bu bunu haradan bilir? Amerika hara, Danabaş kəndi hara? Məmmədhəsən əmi hara, Robert Fin hara? Axı bu heç inanılası məsələ deyil. Heyrətə gəlmişdim. Özümdən asılı olmayaraq:

– Çox xahiş edirəm mənə bir az da vaxt verin, axtarım tapıb özüm sizə zəng edərəm.

Dəstəyi yerinə qoyub dərhal axtarmağa başladım hətta nazirliyin bir neçə əməkdaşına da zəng edib işə qayıtmalarını xahiş etdim.

... Uzun sözün qısası. Nəhayət ki, məktubu tapdıq. Məktub itməyinə itməmişdi. Sadəcə olaraq axtarmaq lazım idi, bir az əziyyət çəkmək tələb olunurdu. Mən isə tənbəllik edirdim. Vəssalam. Mən sevinirdim. Sən Allah işə bir bax e. Okeanın o biri tayında bizi tanıyırlar, bizi oxuyurlar. Mirzə Cəlili tanıyırlar. (Mənim bu sevincim lap o Seyid Əzim Şirvaninin “Xan məni dindirdi” məsələsinə dönmüşdü). Və o zaman bu Robert Fin deyilən diplomat mənə hər nə desəydi, canla-başla yerinə yetirməyə hazır idim. Çünki o mənim ədəbiyyatımı, tariximi oxumuşdu, bilirdi. Məsələ onda idi ki, mən də onun ədəbiyyatını, tarixini pis bilmirəm. Yox əgər mən ona indi durub Drayzerdən, Dikkensdən, Cek Londondan lap elə deyək ki, müasirlərindən Corc Faulzdan, İrvin Şoudan, Con Andaykdan, yəni ingilisdilli yazıçılarından hər nə desə idim o buna qətiyyən təəccüb eləməyəcəkdi. Yəqin düşünəcəkdi ki, nə var axı burda hə nə olsun ki.. bu elə belə də olmalıdır. Özünə ziyalı deyən hər bir şəxs bütün bunları bilməlidir, oxumalıdır” Mən lap belə yüz faiz əminəm ki, Höteni, Şilleri oxumaqla da nə alman diplomatını, nə də Balzakı, Hüqonu, Mopassanı tanımaqla fransız diplomatını təəccübləndirmək olar. Bizə isə bu təəccüb gəlir, hətta sevinirik də. Düşünürük ki, sən Allah işə bir bax e... məni də tanıyırlar, ədəbiyyatımı oxuyurlar. Axı niyə də bizi oxumasınlar, axı niyə də bizi tanımasınlar. Cavab aydındır. Çünki onlar öz yazıçılarını dünyaya bu cür təqdim etmişlər. Hamı onları tanımalıdır və oxumalıdır. Biz isə bunu bacarmamışıq.

Kiçik bir haşiyə

Hansı ölkəyə diplomatik xidmətə getməyimdən, harada olmağımdan asılı olmayaraq həmin ölkənin rəsmiləri, həmin ölkədə fəaliyyət göstərən digər ölkələrin diplomatları ilə görüşdüyüm zaman söhbət, istər-istəməz bizimlə bədnam qonşularımızın müharibəsinə qəlib çıxırdı. Mübahisə etməli olurduq. Və mən görürdüm ki, onlar bədnam qonşularımızın tarixini, vaxtı ilə onların başına gətirilən əfsanəvi “müsibətləri” daha yaxşı, daha dərindən bilirlər. Bizim isə ancaq neft ölkəsi olmağımızdan başqa heç nə bilmirlər. Hə.. bir də Qarabağda gedən müharibədən nəsə eşidiblər. Başqa heç nə bilmirlər. Təsəvvürləri belə yoxdur. Axı bu niyə belədir? Bu məni çox yandırırdı. Maraqlandım və heyrətə gəldim. Sən demə... eh...

Hər hansı bir xarici ölkə səfiri Ermənistana təyin olunarkən Ermənistan Xarici İşlər Naziri həmin ölkə səfirinə aqremanla (razılıq sənədi) bərabər həmin ölkənin dilinə tərcümə olunmuş Xaçatur Abovyanın “Ermənistan yaraları” əsərini də göndərir. Göndərirlər ki, ey diplomat, ey səfir, oxu və bil. Ermənistanı tanı. Və yaxud da Ermənistan hər hansı bir ölkəyə öz səfirini göndərərkən, həmin ölkəyə, onun öz dilinə tərcümə olunmuş həmin kitabı da verir ki, aparıb o ölkənin rəsmilərinə təqdim etsin. Və bununla da Ermənistanı bütün dünyaya tanıtdırır.

Yeniyetmə vaxtı bu kitabı oxuduğum zaman, yadıma gəlir ki, bu vaxtı ilə heç 150 səhifə də deyildi, indi isə bu kitab az qala 800 səhifəyə çatıb. Yazıçı Vardqes Petrosyan, Sero Xandzanyan və onların ardınca gələn gənc nəslin nümayəndələri Qaqik Avanesyan, Oleq Papazyan və digərləri Xaçatur Abovyanın adından bu kitabı ildən-ilə artırıb bu həddə çatdırıblar. Amma bir soruşan yoxdur ki, ay balam, 1848-ci ildə ölən Xaçatur Abovyan 1915-ci ildə olmayan, o əfsanəvi, uydurma hadisələri haradan bilə bilərdi. Genosid sözünün mənasını haradan bilə bilərdi. Axı bu heç bir məntiqə sığmır.

Yaxşı. Hər nə isə. İndi isə özüm-özümə sual verirəm: bəs görəsən Azərbaycana diplomatik xidmətə gələn səfirlərə biz hansı kitabı verə bilərik, və yaxud da səfirlərimiz getdiyi ölkələrin rəsmilərinə onun öz dilinə tərcümə olunmuş hansı kitabı təqdim edə bilərlər “Ölülər”i, yoxsa “Eşşəyin itməkliyi”ni və yaxud da “Dərviş Parisi partladır”ı. Adlarını saydığım bu əsərlər dünyada misli-bərabəri olmayan şedevr əsərlərdir, qiyməti olmayan əsərlərdir. Amma...Ən yaxşı halda isə, yəqin ki, Takarjevskinin üçcildlik Azərbaycan tarixi kitabını. Təqdim edə bilərik. Vəssalam.

Sonralar mən iş yerimi dəyişdim. Mədəniyyət Nazirliyi sahəsinə keçdim, sonra yenidən diplomatik işə qayıtdım. Daha sonra.....Aradan bir xeyli illər ötdü və mən günlərin bir günü İsveçrənin Sürix hava limanında tamam təsadüfən Robert Finlə görüşdüm. O zaman mən İsveçrədə BMT-nin Cenevrə şəhərindəki Avropa bölməsində Azərbaycanın daimi nümayəndəsi idim. (Ay Allah, dünyamız nə yaman kiçik imiş. Bu bizə belə gəlir ki, dünyamız çox böyükdür. Həddən artıq böyükdür. Heç ucu-bucağı görünmür. Yox, əslində isə dünyamız çox kiçikdir. Mən vaxtilə İranda işləyərkən dostluq etdiklərimi İsveçrədə, Əfqanıstanda yaşadığım evin qonşularını Pakistanda səfir işlədiyim vaxt İslamabadda görmüşdüm. Və o zaman heç bunun fərqinə də varmamışdım. Amma indi yaşa dolduqca görüb başa düşürəm ki, ömür qısa, dünyamız isə çox kiçikdir. Eh... İndi də burada... aradan çox-çox illər ötəndən sonra Robert Fin). Hə... o zaman Robert Fin deyəsən Düşənbədə səfir işləyirdi. Dəqiq bilmirəm deyəsən bunu kimdənsə eşitmişdim. Aeroportun VİP zalında oturub ordan-burdan söhbət edirdik.

Yuxarıda qeyd etdiyim əhvalatı ona xatırladanda güldü. Dedi ki, bir ölkəyə diplomat gəlməzdən əvvəl gərək ilk növbədə həmin ölkəni tanıyasan. Əməlli-başlı öyrənəsən. Bir müddət həmin ölkə ilə nəfəs almalısan. Həmin ölkənin tarixini, ən başlıcası, ədəbiyyatını oxuyub öyrənməlisən ki, həmin ölkənin həm sadə adamlarının düşüncə tərzini, mentalitetini, əxlaqını biləsən, həm də ziyalıları ilə tanış olub söhbət etdiyin zaman onların rəğbətini qazanasan. Bunu isə yalnız bədii ədəbiyyat vasitəsilə öyrənmək olar. Yoxsa həmin ölkədə yaxşı diplomat kimi ad çıxardıb işləyə bilməzsən. (Demək kənardan bizə baxanda belə görünür ki, aradan yüz il ötməsinə baxmayaraq biz hələ də Məmmmədhəsən əmidən, usta Zeynaldan uzağa getməmişik. “Əvvəl nə idiksə yenə biz şimdi həmanız” məsələsi. Hmm...... yox-yox...... Əksinə, hələ bir az da kamilləşib özümüzdə Qurbanəli bəyliyi, Şeyx Nəsrullahlığı inkişaf etdirmişik).

Sən, həmin ölkənin fizikini, riyaziyyatçısını tanımaya bilərsən. Əlbəttə, Bunu sənə heç kim irad tuta bilməz. Çünki belə elmlər kosmopolit elmlərdir. Məsələn, siz dünya şöhrətli alim Xudu Məmmədovu tanımaya bilərsiz. Nə...? Necə yəni tanımaya bilərəm. Siz nə danışırsız? Lap əla tanıyıram. Rəhmətlik vaxtilə ailəmizin ən yaxın dostu olub. O dünyanın bir çox akademiyalarının fəxri üzvü olub. Böyük alim olub. Əlbəttə, tanıyıram.

Yenə də güldü. – Yaxşı deyək ki, siz ziyalı ailəsindənsiniz. Həm də o sizin dediyiniz kimi ailənizin yaxın dostu olub. Ona görə də onu tanıyırsınız. Amma vay o gündən ki, sizin özünüzünkülər Mirzə Cəlili tanımaya, onu oxumaya, Sabiri bilməyə.

Aman Allah, bu nə yaman hazırlıqlı diplomatdır. Gör bir haralardan xəbər verir. Zalım oğlu Azərbaycanda işlədiyi az bir vaxt ərzində hər cikimizi-bikimizi öyrənmişdi. Kim olduğumuzu bilmişdi. Hər bir işimizə bələd olmuşdu. Əgər onu bir az da danışdırsam, ağzını açsam, çox adamların adlarını çəkib məni təəccübləndirər. Demək o Mirzə Cəlilin adını çəkməklə mənim rəğbətimi qazandı. Və bununla da itmiş adi bir məktubunu axtarmağa mənə məcbur etdi. Bəlkə də bu onun adi bir taktiki diplomatik gediş vasitələrindən biri idi. Ola bilər. Amma hər nə idisə yaxşı üsul idi. Mən də özümdən asılı olmayaraq lap belə canla-başla onun xahişini yerinə yetirdim. Hətta bu işdən məmnun da qaldım. Nəinki mən, hətta bu işə bir neçə nəfəri də cəlb etdim ki, onun kiçicik bir xahişini yerinə yetirək. O bəlkə də öz ölkəsində elə bir məhəbbətə, hörmətə layiq adam deyildi. Ola bilər. Amma burda... Əlbəttə o düz deyirdi. Vay o gündən ki, biz özümüz-özümüzü tanımayaq. Özümüz-özümüzü oxumayaq, özümüzə kənardan baxmayaq.

Əsərlərini həmişə sevə-sevə oxuduğum müasir gürcü yazıçısı Nodar Dumbadzenin “Darıxma, Ana” romanı yadıma düşdü. Sonralar bu roman səhnələşdirilib Azərbaycan Dövlət Dram Teatrında tamaşaya da qoyuldu. Moskva teatrlarında da, Belqrad, Varşava, Praqa, Budapeşt və sairə şəhərlərin səhnələrində də anşlaqla, böyük alqışlarla qarşılandı. Əsər haqqında, güclü və ya zəif olması barədə heç nə deyə bilmərəm. Bəlkə də ilk oxunuşda, ilk baxışda bu adi bir əsər təsiri bağışlayır. Amma əsərin mahiyyətinə varıb və bunu diqqətlə oxuyub beyində tam həzm edəndən sonra istər-istəməz əsərə həm vurulursan, həm də gürcü xalqına qibtə edirsən. Əsərdə çox güclü məqamlar, sətiraltı mənalarla rastlaşırsan.

Uzaq dağ kəndlərinin birindən, orta məktəbi yenicə bitirmiş Aftandil adlı bir nəfər gənc, Universitetin filoloji fakültəsinə qəbul imtahanı verir. Əsərin qəhrəmanı bir yerdə deyir ki, mən orta məktəbdə oxuyarkən rus dilini zəif bilirdim. Bu dildə heç nə başa düşmürdüm. Məktəbimizin müdir müavini milliyyətcə rus, həm də bizim rus dili müəllimimiz idi. Məndən zəndeyi-zəhləsi gedirdi. Məni heç belə görən gözü yax idi. Mənim onun dediklərini başa düşməməyimə və ona qulaq asmamağıma görə tələb edirdi ki, məni məktəbdən qovsunlar. Məktəbimizin müdiri isə bizim gürcü dili müəllimimiz, həm də mənim yaxın qohumum idi. O rus dili müəlliminə qarşı çıxır, məni məktəbdən qovulmağa qoymurdu. Doğrudur o müdir olmağına müdir idi, amma ağzı qatıq kəsmirdi, ona qulaq asan yox idi, məktəbin bütün səlahiyyəti müavin olmağına baxmayaraq rus dili müəlliminə verilmişdi. (Əhsən. Bu sətiraltı məna tam aydın və olduqca sərrastdır. Birbaşa öz hədəfinə dəyirdi həm də yaddan çıxartmaq lazım deyil ki, bu əsər sovet-rus imperiyasının qılıncının dalının, qabağının, hətta qınının da kəsdiyi bir vaxtlarda yazılmışdı).

Amma nədənsə əsərin Azərbaycan variantında bu hissə tamam götürülmüşdü. Mən adı çəkilən əsəri həm Azərbaycan, həm də maraq xatirinə rus dilində oxumuşdum. Həmin hissə rus variantında isə əl dəyilmədən, ixtisarsız, olduğu kimi də qalırdı.

Hə... əsərdə imtahan səhnəsi təsvir olunur.

İmtahan götürən müəllimlərdən biri Aftandilin kəndçi geyiminə, topuqdan yuxarı şalvarına, ucları sürtülmüş ayaqqabılarına istehza ilə baxıb soruşur ki, ümumiyyətlə dünya ədəbiyyatından sənin xəbərin varmı? Dünya ədəbiyyatından kimləri oxumusan? Abituriyent cavab verir:

E.Remarkı, O.Henrini, E.Heminqueyi, Lope de Veqanı, O.Balzakı, V.Hüqonu, Stendalı, G.Mopassanı, Lamartini, Jan Pol Sartrı, U.Folkneri, E. Zolyanı, A.Kamyunu, hmm... Oxuduqlarım çoxdu, saymaqla qurtarmaz.

İmtahan götürən müəllim dərhal onun sözünü kəsərək:

– Axı Jan Pol Sartr hələ ki rus dilinə tərcümə olunmayıb, sən onu necə oxuya bilərsən?

(“Darıxma Ana” əsəri əgər səhv etmirəmsə 1963-1965-ci illərdə yazılmışdı və görünür ki, o zamanlar Jan Pol Sartr rus dilinə tərcümə olunmamışdı).

Aftandil gülümsəyərək:

– Mən əsəri orijinaldan oxumuşam.

Sual verən müəllim bir qədər tutulur. Yenidən təəccüblə onu süzərək:

– Bəs yaxşı bu sadaladıqlarının içində ən çox sevdiyin hansıdır?

– Qalaktion Tabidze.

– Hə? bəs sonra?

– Çavçavadze

– ... Yaxşı daha kimləri sevirsən?

– Seretelini, Orbelianini, Barataşvilini, Çonkadzeni.

Bu ilk baxışda adi bir dialoqdur. Amma müəllimlə abituriyent arasında olan bu dialoqda çox böyük bir məna gizlənir. Daha doğrusu gizlənmir, hər şey açıq-aydın göstərilir. Əvvəla uzaq, ucqar bir dağ kəndi və dünya ədəbiyyatının korifeyləri. Müəllif bununla göstərir ki, abituriyent hazırlıqlıdır. Və eyni zamanda bütün gürcü xalqını ümumiləşdirilmiş halda Aftandilin simasında göstərir, yəni görün bir əgər mənim bu gün ucqar dağ kəndində yaşayanım belə savadlıdırsa onda ziyalım necədir, hansı savada malikdir. Mənə çox da elə çiyindən aşağı baxmayın. İkincisi sadalanan bütün Avropa yazıçılarının adları da sistemsizdir, ardıcıl deyildir. Məncə müəllif bunu da qəsdən belə edir ki, dövrlərin və məkanların müxtəlifliyinə, yazıçıların və onların mövzu dairələrinin bir-birindən köklü surətdə fərqlənməsinə baxmayaraq kənddən gələn bu cavan istənilən dövrün və istənilən ölkə yazıçısından xəbərdardır, mütaliəlidir, kamil savada malikdir. Hətta rus dilini zəif bilməsinə baxmayaraq, fransız dilində bədii ədəbiyyat da oxuyur. Nə olsun ki, o rus dilini zəif bilir.

Üçüncüsü əsərdə bir maraqlı cəhət də ondan ibarətdir ki, sadaladığı yazıçıların içində bir nəfər də olsun rus yazıçısının adı çəkilmir. İlk oxunuşda ağla gələn ilk cavab bu ola bilər ki, Aftandil rus xalqına nifrət edir. Ona görə də rus yazıçılarının heç birinin əsərini oxumayıb. Xeyir cavab düzgün deyildir. Çünki belə mütaliəli və hazırlıqlı, hətta orijinaldan fransız dilində əsər oxuyan gənc necə ola bilər ki, Tolstoyu, Dostoyevskini, Turgenyevi və digərlərini oxumasın. Əlbəttə oxuyub. Hətta sevə-sevə oxuyub. Sadəcə olaraq müəllif çox böyük ustalıqla onu da göstərir ki, biz əgər bu gün rus imperiyasının tərkibində yaşayırıqsa bütün bunları onsuz da oxumalıyıq və oxuyuruq da, bir də təkrarən onların adlarını çəkməyə heç bir ehtiyac yoxdur. Ondan da başqa əgər abituriyent filoloji fakültəyə qəbul imtahanı verirsə axı necə ola bilər ki, orta məktəb dərsliyinə salınmış rus ədəbiyyatının nümunələrini oxumasın. Əlbəttə oxuyub. Əsərdə daha bir maraqlı cəhət də odur ki, əsərin qəhrəmanı dünya ədəbiyyatının korifeylərinin adlarını sadaladığına baxmayaraq bir nəfər də olsun gürcü yazıçısının adını çəkmir. Amma ən çox “kimi sevirsən” sualına isə bütün gürcü yazıçılarının adlarını çəkir. Əlbəttə məsələni başqa səmtə yönəldib dialoqları başqa cürə yozub demək olar ki, Nodar Dumbadze klassik gürcü yazıçılarını dünyanın bütün yazıçılarından üstün tutur və onun bu əsərindən əyalətçilik qoxusu gəlir. Xeyir bu da belə deyil. Məncə, Dumbadze bütün bununla onu demək istəyir ki, rus imperiyasının çəkmələri altında inildəyən gürcü xalqının əzablarını, ağrılarını, dərdlərini özgələri mənimkilər qədər bilə bilməz. Mənim dərdlərimi bütün ağrılarımı mənim özümünkülər öz yazarlarım mənə başa salıblar və onlar mənə daha yaxındılar. Onların əsərlərində gürcü xalqının bütün ürək döyüntülərini və fəryadlarını eşidirəm. Elə ona görə də onları bütün dünya yazarlarından artıq sevirəm. Və ən nəhayəti, mənim öz yazarlarımı hamı tanımalıdır. Necə ki mən bütün dünya yazarlarını tanıyıram, onları oxuyuram. (Əhsən min dəfə əhsən)

İndi sual olunur. Bütün bu dialoqlar, sətiraltı mənalar elə diplomatiya deyilmi? Əlbəttə diplomatiyadır. Çünki Sovet dövrü, öz xalqını, öz millətini sevən hər hansı bir yazıçı – şair öz fikirlərini elə belə formada dolayı yolla deyərdilər. Diplomatik dillə deyərdilər. Sovet senzurasından ehtiyat edərdilər. Amma öz sözlərini çətinliklə də olsa xalqa çatdırırdılar. Xalqı həmişə oyaq saxlayırdılar, mürgüləməyə qoymurdular “desəm öldürərlər, deməsəm ölləm” məsələsi.

Onun üçün də vaxtilə S.Rüstəm deyərdi: “Altımda közüm var, külümə dəymə”, Rəsul Rza deyərdi: “Od nə çəkdi, küldən soruş”, Bəxtiyar Vahabzadə deyərdi: “Latın dilli millət ölüb, dil yaşayır”, Xəlil Rza deyərdi: “İstəmirəm azadlığı qram-qram”, Hüseyn Arif deyərdi: “Birləşəndə selə dönər damcılar”... Bu adlarını çəkdiklərim yazarlar xalqı, milləti həmişə ayıq saxlayardılar. Dolayı yolla da olsa öz sözlərini deyərdilər? Sovet senzurasını gözündən yayınıb öz sözlərini demək, sovet rus imperiyasına qarşı etiraz etmək elə diplomatiya deyildimi? Əlbəttə ən böyük diplomatiya elə bu idi. Çünki sovet sistemi bütün düşünən beyinləri millət deyib fəryad qoparanları diplomatlaşdırmışdı. Bu da bir diplomatiya idi. Xalqının fəryadlarını, çığırtılarını başqa xarici dillərə tərcümə etdirib dünyaya çatdırmaq, əlbəttə, diplomatiya idi. Özü də ən çətin, ən sübut olunmaz bir diplomatiya idi. Sözü dolayı yolla demək, fikrini xalqa çatdırmaq.

 

Mən bir gur bulaq idim,

Ağzıma daş basdılar.

Axmağa qoymadılar,

..

Damcı-damcı sızaram,

Başqa cürə axaram.

B.Vahabzadə

 

 

(Ardı var)

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2011.- 11 iyun.- S.18-19.