Yunus Oğuzun “Əmir Teymur”unu
oxuyarkən...
MABƏDI VAR – ONUNCU SONUNCU OLMAYACAQ
Yunus Oğuz son illər
sıraladığı tarixi romanları ilə bizi sevindirməkdə
və heyrətləndirməkdə davam etməkdədir.
Duyğumuzun birinci tərəfi uzun illərin
tanışlığından, həmkarlığımızdan,
bizim də daxil olduğumuz geniş oxucu auditoriyasının rəğbətini
qazanmasından qaynaqlanır. Heyrətimizin də baiskarı
özüdür. Ölkənin tanınan, ictimai-siyasi fikrə
təsir göstərən “Olaylar” adlı qəzet və
informasiya agentliyində gündəlik qayğıları başından
aşdığı halda necə belə dolğun əsərləri
yaratmasına çoxları kimi mən də cavab axtarmaqdayam.
Yaxşı bilirsiniz ki, tarixi roman yazmaq dastan, əfsanə qələmə
almaq qədər asan deyil. Burada hətta epizodik surətləri
səciyyələndirərkən yüz illər, min illər
yaşı olan qaynaqlara istinad etmək lazım gəlir.
Söhbət tarixdə əbədi izi qalan fatehlərdən
gedəndə isə nə vaxtsa təftiş, qınaq
ünvanına çevrilməmək üçün gərək
ölkələr dolaşasan, arxivlərdə qovrulasan. Yunusun
“Atillası”nı, “Nadir şahı”nı, “Təhmasib
şahı”nı xatırlayanda, “Əmir Teymur”unun “Zirvəyə
doğru” adlı ilk kitabını vərəqləyəndə
qələm dostumuzun ərməğanından fərəh
duymaqla bərabər onun yaradıcılıq nümunələrinə
tarixin dolanbaclarında dikiləcək müasir və
sabahkı baxışları düşünməli olursan.
Ona qədər də bu mövzulara müraciət edilib. Necəsi
hamımıza bəllidir. Sinfi ideologiyalı cəmiyyətlərdə
fatehlərlə bağlı mövzularda əsl həqiqətlərin
qol-qabırğası sındırılıb. Fiziki və mənəvi
repressiya maşınları gerçəkliyi olduğu kimi
göstərənlərin, yaxud bu niyyətə düşmək
istəyənlərin üzərində gəzib. Nəticədə
müasir nəslə barmaqla sayılacaq qədər obyektiv
nümunələr miras qalıb. Fatehlərin tarixdəki
roluna baxışlarda gülünc tendensiya özünü
xüsusilə qabarıq büruzə verib. Türkdilli xalqlara
məxsus qüdrətlərin yaradıcıları
istilaçı, qəddar, bəşəri məsələlərə
biganə despotlar kimi, Qafqazı, Orta Asiyanı, Sibiri
top-tüfəng gücünə istila edənlər isə az
qala xilaskar obrazında təqdim edilib. Postsovet məkanına
acı miras kimi qalan belə nümunələr
saysız-hesabsızdır. Altını indi də çəkməkdəyik.
Zənnimcə fatehlərimizin real obrazları barədə
ilkin təsəvvürlərimizin yaranmasında biz daha
çox Qərb yazarlarına minnətdar olmalıyıq. Ona
görə də Yunus bəyin bu boşluğu
doldurulmasına xidmətləri müasirlik baxımından
böyük önəm kəsb edir.
Tam qətiyyətlə deyə
bilərik ki, Y.Oğuz Azərbaycan romannəvisliyində
öz yerini tutub. “Əmir Teymur” isə “həvəsdi-bəsdi”
qənaətlərinin üzərindən birdəfəlik xətt
çəkib. Oxucunu nigarançılıqda saxlayan, ona yeni
görüş vəd edən əsərin əksəriyyətimizin
stolüstü kitabı olacağına şək-şübhəm
yoxdur. Yəni mabədi var- yazıçının onuncu
kitabı sonuncu olmayacaq. Əsər orijinal üslubuna görə
əvvəlkilərdən fərqlənir. Söz, ifadə
seçimi, xarakterləri açan lövhələr, dialoqlar
yerli-yerində. Bu məsələlərdən dilimizin sərraflarından
olan görkəmli alimimiz, Atatürk Mərkəzinin
müdiri, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun
kitaba ön sözündə geniş bəhs edildiyindən
digər cəhətlər ətrafında təəssüratlarımı
bölüşmək istərdim.
Kamil əsər yaratmaq niyyətinə
düşənlər onu qarşıda yuxusuz gecələrin,
narahat anların, gərgin axtarışların gözlədiyini
nəzərə almalıdırlar. Yunus bəy də
yaradıcılığın belə məziyyətlərini
özünə yol yoldaşı edib.
Ötən yay Özbəkistandan
zəng vurmuşdu. Səmərqəndi, Buxaranı və digər
şəhərləri dolaşdığını, arxiv
materiallarını araşdırdığını dedi. Bir
xoş xəbər də çatdırdı ki, burada qədim
tarixlə bağlı bütün abidələrin
qorunması, bərpası işləri yüksək vüsət
alıb. Məlumat məni sevindirdi və istər-istəməz
20-25 il əvvəlin acı təəssüratlar doğuran
lövhələrinı xatırlatdı. Misilsiz abidələr
baxımsızlıqdan aşınıb gedirdi. Bu, ölkə
hüdudlarından kənarda diktə edilən siyasətin nəticələri
idi. Abidələrin əksəriyyəti Əmir Teymur
dövrünün mirası idi. Sənətkarlar arasında azərbaycanlı
memarlar az olmamışdı. Bəli, Yunus Oğuz Özbəkistan
səfərini xoş sürpriz ilə yekunlaşdırıb.
Mütləq dəyərləndirilməli cəfakeşlikdir.
Əsərdə Əmir Teymurun, yaxın
silahdaşlarının, düşmənlərinin xarakterlərinə
xas cizgilərin məharətlə verilməsi, idarəetmə,
hərb sənəti, adət-ənənələr, ayinlər,
musiqi alətləri və sair barədə səhih məlumatlar
romanın qayəsində həm də maarifçiliyin məqsəd
kimi dayandığını sübut edir.
Oxucu proloqdan hiss edir ki, Əmir
Teymurla uzun, qanlı-qadalı yola çıxacaq. Fatehlik
iddiasında, birləşdiricilik arzusunda olanlar
üçün isə bu niyyətə düşüb
yarı yolda qalanların uğursuz taleləri
görüb-götürməli ibrət dərsləridir.
Ustadı Seyid Berkenin “Qurultay səni Böyük Əmir
seçdi. Bundan sonra nə etmək istəyirsən”
–sualına Əmir Teymurun cavabı onun məramına
aydınlıq gətirir: “Bütün Turanı
qılıncımla birləşdirəcəyəm.
Turanın əvvəlki qüdrətini qaytaracağam”. Teymuru
da əmir , rəhbər seçən tayfaların
qurultayıdır. Onun idealı saydığı Çingiz
xan da eyni etimaddan sonra zəfər yollarına baş vurub.
Yüz illərdən bəri Türk dünyasında yaşanan
ənənəyə uyğun olaraq, tarixin yaddaşında
qüdrətli hökmdar kimi qalacaq Nadirin də başına
şahlıq tacı belə məclisdə qoyulacaqdı.
Yazıçı bununla da bəşəriyyətin
seçki tarixini özəlləşdirməyə
çalışan Qərb, xristian dünyasına mesaj
göndərir, onların ideoloqlarına bu iddiaya düşməzdən
əvvəl Şərqə , xüsusilə Turana tərəf
üz çevirməyi məsləhət görür.
Doğrudur, müəllif “Nadir şah” romanında olduğu
kimi yeni əsərində həmin mərasimi tam detallarına
kimi təsvir etmir. Söhbətlərimizdən də bilirəm
ki , buna gücü çatardı. Zənnimizcə bu, qədim
Şərq, Turan demokratizmi barədə əvvəlki əsərdə
kifayət qədər bəhs olunmasından irəli gəlib.
Hər halda konkretliyin özü də tarixi varisliyə iftixar
hissi istiqamətləndirir.
Əmir Teymur
parçalanmış, bir-birinə qənim kəsilmiş
türkdilli xalqları nə üçün vahid dövlət
şəklində birləşdirmək istəyirdi? Yunus
Oğuz bunun fəlsəfəsinə hökmdarın,
müdriklərin dili, düşmənlərinin etirafları
ilə aydınlıq gətirir. Bu ideyanın gerçəkləşdirilməsini
haqq işi saydığından Tanrıdan, müqəddəs
Qurandan, ona etimad göstərən xalqdan və bir də ulu
Çingiz xanın ruhundan qüvvət alır. Xan yox, əmir
titulu götürməsi həmin şəxsiyyətə
ehtiramının böyüklüyündən, Çingiz
xanı ustadı saymasından qaynaqlanır. Hərçənd
bunu etməməyə əsasları da var idi. Səmərqənd
Əmir Teymurun qurduğu dövlətin paytaxtıdır,
tezliklə gözəllikdə tayı-bərabəri olmayacaq.
Amma Çingiz xan bir vaxtlar burada daşı daş üstə
qoymayıb. İti zəkaya, yaddaşa malik Əmir Teymur
dövrünün bütün elmlərinə variddir, o
cümlədən tarixə də. Tarix gör-götür,
ibrət nümunəsidir. Təfriqə, kin yaddaşı da zədələyir.
Əmir Teymurun bu mənada ulu həmkarının
yürüş marşrutunu seçməsi onun
böyüklüyünün təcəssümüdür.
Hökmdarın həyatı
boyu yanında olan, bütün taleyüklü məqamlarda məsləhətləşdiyi
bir ustadı da var. Bu, Seyid Berkedir. Seyid Berke adi surət deyil.
Ağıllı, uzaqgörən hakimlərin sarayının əzəməti,
hörməti onun kimilərin sayəsində xüsusi dəyərə
minib. Seyid hökmdar hüzurunda baş əymə öhdəliyindən
azad yeganə şəxsdir. Əmir özünün daxili
intuisiyası ilə yanaşı onun mükalimələrində,
məsləhətlərində, hətta etirazlarında
uğurlarını axtarır və hər dəfə yekunda
yanılmır.
Əmir son nəfəsində
məzarının sevimli ustadının ayaqları altında
salınmasını vəsiyyət edib. Bunu mənə Səmərqənddə
qəbrin ziyarəti zamanı deyiblər.
Yazıçının təqdim etdiyi obraz bu
vurğunluğun məntiqi əsaslarının təcəssümüdür.
Bəs uzun müddətli
yürüşə çıxan hökmdar nələrə
diqqət yetirməlidir? Möhtəşəm ordu
yaradılması öz yerində,daha önəmli məsələ
var ki, əksər hakimlər bu səbəbdən səfərlərini
təxirə salmağa məcbur olur, yaxud geri dönürlər.
“Ölkəsinə daxilindən tam əmin olmayan hökmdar
yürüşə çıxmamalıdır!”- Teymur bunu
aksioma kimi qəbul edir.
İqtisadi islahatlar da iki əsas
istiqamət götürür: qiymətlərin tənzimlənməsi,
ədalətli ölçü, mizan-tərəzi. Acgöz
darğaya və köməkçisinə bazar meydanında
Teymurun qurduğu məhkəmə təbəələrində
adil, qayğıkeş hökmdar barədə
baxışları möhkəmləndirir.
Əsər əmirin dövlətin
saraydan kənar idarəçiliyində möhkəm şəbəkəyə
malik olması təsəvvürlərini
formalaşdırır. Ölkə daxilindən kənarda
baş verən proseslərlə bağlı onu məlumatlandıran
şəbəkələr mövcud olsa da Teymur bir neçə
mənbəyə istinad etmədən qəti mühakimələr
çıxarmır. Xüsusi inam və etiqada layiq
görülənlər sırasında tacirlərə diqqət
yetirilməsi isə anlaşılandır. Əslən
Şirvandan olan tacir Ağbaba surəti isə müəllif
tapıntısı sayıla bilər. Bu, bitkin obrazdır.
Ticarəti, bazar qayda-qanunlarını yaxşı bilən
Ağbaba tacirdən çox siyasətçi, təbliğatçı
təsiri bağışlayır. Onun hərəkət
trayektoriyaları yürüş istiqamətlərinə
işarədir. Hökmdar tacirin vasitəsilə Şirvanda, Azərbaycanda
baş verən hadisələrdən xəbər tutur onu
Miranşahın nalayiq hərəkətləri barədə məlumatları
alan kimi əsəbiləşir, adil hökmdar təki görəcəyi
tədbirləri müəyyənləşdirir.
Romanda Dehli ilə Səmərqəndin
müqayisəsi, ustad Nəimi və Nəsimi ilə
bağlı sorğular, Hafizin bu şəhərə aid məşhur
bəndə görə Əmir Teymurla üzləşməsi
əsərin oxunaqlılığını artıran məqamlardandır.
Müəllifə burada daha bir sağol düşür.
Bildiyimiz kimi, “Nəsimi” filmində Nəiminin Əmir Teymur tərəfindən
Tacir Ağbabanın Dehli və Bursadakı görüşlərinə diqqət yetirək. Sultan Bəyazidin “Teymur necə adamdır” sualını olduğu kimi cavablandırmaq cəsarət tələb edir: “Həm qəddar, həm mərhəmətli, həm xəsis, həm də səxavətli, həm zəif , həm də güclüdür, həm nifrəti var, həm də məhəbbəti”. Açmasını özü dilə gətirir. Bu sözlər birləşmiş Avropa qoşunlarını darmadağın edən İldırım Bəyazid kimi möhtəşəm hökmdarın önündə səslənir. İ.Bəyazid də fatehdir, türkün-türkün dostu olmasını istəyir. Fəqət əsərdən göründüyü kimi xristian dünyası, Roma papası , Vatikan hərb meydanında həyata keçirə bilmədiklərini fitnə-fəsadla, qardaşı qardaşa qarşı qaldırmaqla reallaşdırmaq niyyətindədirlər. Əfsuslar olsun ki, buna nail də olurlar. Növbəti kitabda bunları ürək ağrısı ilə izləyəcəyik.
Əsər Türk dünyasının hərb tarixinin öyrənilməsi baxımından da müstəsna əhəmiyyətə malikdir. Düşərgə salınması, ordunun, hissələrin tərkibi, geyimlər, taktiki seçim və sair barədə məlumatlar Əmir Teymurun sərkərdə məharətindən xəbər verir. O, döyüşlərə elmi nəzərdən yanaşır. Münəccimlər və din xadimləri ilə məsləhətləşir, Quran açır, ayələrin hökmünə əməl edir. Məhəmməd Peyğəmbərin 92 adına ehtiram olaraq Hindistana 92 minlik qoşunla yürüşə çıxır. Təlalib döyüşündə çayın keçilməsi, dağlarda qarapaltarlıların təqibi, Dehlinin alınması hərb tarixini bəzəyən möhtəşəm əməliyyatlar sayıla bilər. Fillərin zərərsizləşdirilməsi zamanı tətbiq edilən metoddan yüz illər sonra Nadir şahın Hindistanda bəhrələnəcəyi, ordunun döyüşlərə davul, təbil və qaraney sədaları ilə çıxması dövrün musiqi alətləri barədə maraqlı məlumatlardır.
Kitab oxucunu intizarda saxlayan
sonluqla bitir. Qarşıda 7 illik səfər dayanır. Necə,
bax bunun yaşantılarını müəllif kitabın
ikinci hissəsində təsvir edəcək.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2011.- 11 iyun.- S.17.