Nostradamusa məktub var

 

“Kuba dəftəri”- 3

 

Xeyli müddət idi “ağ paltarlı qadın”dan xəbər yoxuydu. Bəlkə məktubum çatmayıb, yaxud səfirliyin internet mərkəzinə getməyi ona qadağan ediblər?! Ağlıma başqa səbəb gəlmirdi. Onun ayda bir dəfə səfirliyin internet xidmətindən istifadəyə icazəsi vardı. Hər dəfə bu günü həvəslə gözləyirdi. Giselanın elektron poçtuna xüsusi xidmət orqanlarının müdaxiləsi az ehtimal olunandı, hər halda səfirlik informasiya təhlükəsizliyi üçün ciddi ölçü götürməmiş olmazdı. Deməli, nəsə başqa ciddi səbəb var.

Adı məktub olsa da, əslində böyük məqalə yazmışdım – “Ağ paltarlı qadına” adlı 15 səhifəlik əhatəli bir yazı idi. On gün əziyyət çəkmişdim. Belə çıxırdı ki, əziyyətim də, tərcüməyə verdiyim pul da hədər imiş. İnsan Hüquqları Komitəsinin bu məktubu bəyənib kubalı fəallar arasında yaymaq istəməsini sonra biləcəkdim. Bu yazının dərc olunduğu Azərbaycan mətbuatından fərqli olaraq yazıya babat qonorar da verəcəkdilər. Bunlar sonra olacaqdı.

Məktub  “Havana Libre” hotelində nahar edərkən Azərbaycan haqda uzun-uzadı nitqimdən sonra Giselanın verdiyi suala cavab idi. Sual isə asan deyildi: “Bəs onda ölkənizin Kubadan fərqi nədi? Bunun üçün bu qədər mübarizə aparmağa, qurbanlar verməyə dəyərdimi?”

 

Məktubun qısa məzmunu beləydi:

“Salam!

Səninlə cəmi iki görüşdə söhbət açdığımız müxtəlif mövzular barəsində indi daha geniş düşünür, bu maraqlı söhbətləri şirin təəssüratla xatırlayıram. Bu xoş xatirələrlə yanaşı sənin mənə ünvanladığın sonuncu suala cavab yazmaq vədimi də unutmamışam: “Bəs onda ölkənizin Kubadan fərqi nədi? Bunun üçün bu qədər mübarizə aparmağa, qurbanlar verməyə dəyərdimi?”

Çətin sualdı, həm də əhatəli cavab istəyir. Havana hotelində çuğul ofisiantların arasında açıq danışmağımız, dar-macalda ciddi söhbətimiz mümkün deyildi. Məktub yazmaq isə asandı.

...Bilirsən, demokratiya uzun illərin məhsuludu, yetişdikcə dadlanan bəhər kimidi. Onu yetişdirmək böyük fədakarlıq, davamlı zəhmət, dəli aşiqlik istəyir.

...Demokratiya münbit olmayan torpaqda kövrək bir ağacı bəsləməyə bənzər. Köksüzdü, gücsüzdü, həssasdı, qayğıya ehtiyacı var. Amma tutdumu, cücərib yarpaqladımı, min-min köklü-budaqlı ağacdan da sevimli olacaq. Balasını gec tapan ailənin sevinci kimi.

...Demokratiya qarşılıqlı münasibətdə, daim ünsiyyətdə olanların harmonik davranış məkanıdı. İncəlik sevər, qabalıq ona yaddı. Demokratiya elə mexaniki düzümdü ki, iştirakçıların hamısının bu prosesdə rolu və payı var: saat zəngi saatın içindəki irili-xırdalı neçə-neçə detalın bir-birinə bağlı hərəkətinin, “birgə əməyinin” məhsuludu, bir nəfərin qol gücü ilə hərəkətə gəlib çalınan kilsə zəngi deyil.

...Demokratiyanın problemi, çətinliyi ondadı ki, o, insanları inandırmalıdı. İnandırmaq demokratiyanın mahiyyətindədi. Avtoritarizm buna ehtiyac duymur. Adamları inandırmaq aldatmaqdan çətindi. Odur ki, avtoritar idarəetmə demokratik idarəetmədən asandı.

...Sovet İttifaqının süqutu neçə-neçə xalqın azadlıq və demokratiya yoluna start verdi. Startda eyni olsaq da, az sonra hərəmiz bir məsafə qət etdik. İndi hərə bu yolun ayrı-ayrı yerindədi. Əlbəttə, mənim ölkəm də bu yolda çox uzağa gedə bilmədi. Arzuladığımız demokratiyanı hələ qurmamışıq. Səbəblər çoxdu, obyektivi, subyektivi var: müharibəni, nefti, müsəlmançılığımızı, şərqli, cənublu olmağımızı, daha nələrisə səbəb gətirirlər... Lazım olanda min bir bəhanə tapılır.

...İnkişaf etmiş demokratiyalardan geri qalsaq da, bizim çoxlu azadlıqlarımız da var. Amma mən bunlara “yarımçıq azadlıq” deyirəm. Bir məsəl var, içində su olan yarımçıq stəkanı biri yarıyacan boş, digərisə yarıyacan dolu görür. ABŞ-dan, Avropadan baxanda bizim demokratiyamız “yarıyacan boş”, Kubadan baxanda isə “yarıyacan dolu”du.

...Sənə bizim əldə etdiyimiz azadlıqları sadalayım, fərqimizi özün ayırd elə. Yarımçıq olsa da, tez-tez kobud şəkildə pozulsa da, bu azadlıqlar üçün mübarizə aparmağa dəyməzdimi?

Hərəkət sərbəstliyi. Mən pasport alıb dünyanın istənilən yerinə, o cümlədən Kubaya səninlə görüşə gələrəm. Amma səni öz ölkəmə dəvət etsəm də, gələ bilməzsən, çünki sənin dövlətin buna icazə verməz.  Mən öz ölkəmin istənilən şəhərində yaşaya, işləyə bilərəm, bunun üçün qeydiyyat və ya icazə lazım deyil. Sən isə, məsələn, Santa-Klara şəhərində yaşamaq, işləmək üçün xüsusi icazə almalısan. Bunu icazəsiz eləsən, həbs olunarsan.

Mülkiyyət hüququ. Mən mülkiyyətçi ola, yəni ev, torpaq və s. ala bilərəm. Şəxsi mülkiyyətimi satmaq, yaxud da bağışlamaq hüququm var. Sənin isə mülkiyyətin yoxdu. Yaşadığın ev, gəzdiyin torpaq dövlətindi. Sizdə dövlət “şuluq vətəndaşı” evdən bayıra atar, göndərər neçə-neçə əmək düşərgələrindən birinə – kommunizm quruculuğu yolunda can qoymağa.

Kommunikasiya. Dünyanın istənilən yerinə zəng vura, poçt, faks göndərə, ala bilərəm. İnternetdən hər yerdə: evdə, işdə, küçədə istifadə etmək hüququm, imkanım var. Sən isə bunun üçün xarici ölkə səfirliyinin internet mərkəzinə getməlisən. Özü də yalnız sən və sənin kimi beş-on ictimai fəal, başqalarının buna imkanı yoxdu.

Azad bazar. Bizdə istənilən formada bizneslə məşğul olmaq yalnız bacarığa bağlı məsələdi. Həm ölkə daxilində, həm də xaricində biznes əlaqələri qurmaq hüququm var. Sizdə isə buna nəinki icazə verilmir, biznes hələ də “burjuaziya qalığı” sayılır, “çürüməkdə olan kapitalizmin” ünsürü kimi lənətlənir.

Seçim. Mənim seçim hüququm var: uşaqlar üçün məktəb, müalicə üçün ölkənin və ya dünyanın istənilən klinikası, arzuladığım ədəbiyyatı tapmaq və oxumaq, film, musiqi seçmək, hər hansı ölkənin televiziyasına baxmaq və s. Sizdə isə bütün bu seçimləri dövlət edir.

Siyasi azadlıqlar. Bura siyasi partiya yaratmaq, seçkilərdə müstəqil namizəd kimi iştirak etmək, müstəqil qəzet açıb istədiyini yazmaq kimi hüquqları əlavə edərdim. Sizdə bunun heç biri yoxdu.

Bu siyahını uzatmaq da olar...

Yaxın keçmişədək biz də bütün bu azadlıqlardan məhrum idik. Eynən sizdəki kimi. Düzdü, sadalanan azadlıqların çoxu qüsurludu, yarımçıqdı, arzuladığımız səviyyədə deyil, tez-tez pozulur, amma azadlıq su kimi, hava kimidi, bir içimliyi, bir udumluğu da əzizdi.

İndi sən de, bunlar üçün mübarizə aparmağa, qurbanlar verməyə dəyməzmi?

Sizin azad cəmiyyət quracağınız gün uzaqda deyil. Bu, aydın görünür!

Sayğılarla,

Vahid”

Üç aydan sonra poçtuma bir məktub gəldi. Ad günü hədiyyəsini açan uşağın marağıyla məktubu açdım. Giselanın qısa cavab məktubu beləydi:

“Əziz Nostradamus!

Sözlərin düz çıxdı. İnanılmazdı! Robertonu buraxdılar. Evdədi! Bir az xəstədi, ayaqları şişib. Əsas odur ki, azadlıqdadı. Qızım vədinə əməl elədi, atası dönən kimi qəfəsdəki quşları açıb azadlığa buraxdı.

Səninlə razıyam, sizdəki elə o yarımçıq azadlıqlar üçün də mübarizə aparmağa dəyər. Bizim də azadlığımız olacaq, mütləq olacaq, özü də yarımçıq yox!

 

Səni qucaqlayırıq!

Gisela”.

Məktubu oxudum. İlıq, xoş, məstedici bir duyğu sanki əllə toxunulan, gözlə görünən, səsi eşidilən maye kimi içimdən üzümə axdı. Onun ilan sürünürmüş kimi dərimi qabarda-qabarda üzüyuxarı yeridiyini hiss edirdim. Sifətimə çatıb üz əzələlərimi ətrafa dartırdı.

Bu, sevincin, razılıq duyğusunun üzdəki əksiydi. Bəs necə? Cəmi 3 ay əvvəl təsəlli verməyə söz tapmayanda Giselaya bu sözləri demişdim: “Əriniz tezliklə azad olacaq. 21 il yox, heç 21 ay da qalmayacaq orda”. Doğrudan da “Verdiyin təsəllinin təsiri dediyin sözə özünü nə qədər inandırmağından asılıdı...”

Kubaya növbəti yolum Meksikanın Kankun şəhərindən keçdi. Kankun Qəraib dənizinin sahilindədi. Buranın bitib-tükənməyən çimərliyi, çimərlik boyu saya gəlməyən hotelləri var. Regionun ən böyük kurort şəhərlərindəndi. Adamları alçaqboy, gülərüz, səmimidilər. Adamın heç inanmağı gəlmir ki, bu insanlar “Qəraib dənizinin quldurları”nın törəmələridilər. Məsələ onda deyil, heç biz də Babəkə, Koroğluya oxşamırıq, gözə görünən odur ki, buralar cənnəti xatırladır.

Kankundan qalxan təyyarə Havanaya 50 dəqiqəyə çatdı. Gecə yarı olmuşdu. Bərk yorulmuşdum. Tez çıxıb getmək, başımı atıb yatmaq istəyirdim. Meksikada mənə zülm vermişdilər. Sən demə, burda tranzit yolçular da əvvəlcədən viza almalıymışlar. Odur ki, Kankunda pasportumu alıb, özümü də salmışdılar qapısı bağlı şüşəli bir yerə. Qışqır-bağırın mənası yox idi, eşidən olmayacaqdı, olan da başa düşməyəcəkdi. Şüşə qəfəsdə altı saatlıq iztirabdan qurtulub Havana sərhədçilərinin çamadanaçma əməliyyatına düşəcəyimi ağla gətirəndə cin başıma vururdu.

Çamadanımda az qala bir kitabxananın kitabı, videotekanın filmi vardı – müstəqil jurnalistlər, yazıçı və rəssamlar, müəllimlər, hüquq müdafiəçiləri, din xadimləri, bir sözlə, ictimai fəal adamlara ünvanlanmış kitablar, filmlərlə doluydu. Məsələn, A.Kamyunun “Taun”, F.Kafkanın “Proses”, A.Kestlerin “Kor qaranlıq”, F.Hayekin “Köləliyə aparan yol”, “Azadlıq konstitusiyası”, C.Oruellin “1984”, V. Şalamovun “Kalım hekayələri”, N.Şaranskinin “Demokratiyanın müdafiəsində: azadlıq tiraniya və terrora qalib gələcək”, H.Falladanın “Hər kəs təklikdə ölür”, M.Kunderanın, Ç. Miloşun, A.Soljenitsının, başqalarının xeyli kitabı, filmlərdən isə “Şərq-Qərb”, “Arbat uşaqları”, “Doktor Jivaqo”,  “Keşişi öldürmək”, “Qandi”, “Master və Marqarita”, “Dairədə birinci”, “Tyananmen meydanı”, “Andeqraund”, A.Tarkovskinin, M.Formanın, A.Vaydanın, S.Spilberqin və başqalarının daha neçə-neçə filmi olan DVD.  Xanımlar üçün sabun, şampun, diş pastası, çox da baha olmayan parfümeri isə öz təşəbbüsümlə almışdım – burda əl çatan deyil.

Düzdü, buranın da vaxtilə bizdə olmuş “kubinka” kimi qara bazarları var, amma ordan nəsə almağa çoxunun imkanı çatmır. Aeroportlarda ispandilli qəzet və jurnalların son saylarını da almağı unutmamışdım. Görüşəcəyim adamlar üçün azad dünyadan xəbər gətirmək yaxşı işdi, elə bil, türmədəki siyasi məhbusa təzə qəzet verirsən, bax elə. Bu qədər DVD və kitablarla sərhədi keçməyin riskli olduğunu bilirdim. Düzdü, indi belə şeylərə o qədər də əhəmiyyət vermirlər, amma bütün hallarda ilişə bilərdilər. Soruşana cavab hazırlamışdım: “Yeni tanışlarıma hədiyyə edəcəm”.

Əlbəttə, 10-15 il əvvəl sənin bu sayaq arqumentin keçməzdi. Əvvəllər açıq şəkildə bir kitab belə keçirmək mümkün deyildi. Yaxşı xatırlayıram, 1996-cı ildə keçmiş dissident dostumun Quba tərəfdə sərhədi qanunsuz keçməsi xəbəri bütün ölkəni silkələmişdi. Səhər işə gələndə jurnalistlərdən biri sensasiyalı xəbərə məndən təsdiq alacağına ümid edib zəng eləmişdi: “Xəbər var ki, sənin amerikalı dostun Quba tərəfdən sərhədi qanunsuz keçərkən saxlanıb. Bütün dünya agentlikləri bağırır. Amma bizimkilər deyir ki, xəbərləri yoxdu. Məsələnin nə qədər ciddi olduğunu deyirəm, amma hələ də təsdiqləmirlər”.

Dərhal dostları aradım, o vaxt rabitə indiki kimi deyildi, internet yox, mobil telefon yox. Axşama doğru öyrəndim ki, dostumu Qubada yox, Kubada, Havana aeroportunda saxlayıblar. Sən demə, çamadanındakı uşaq yeməyi qutusundan Soljenitsının “Qulaq arxipelaqı” çıxıb, digər qutulardan da başqa bu sayaq ədəbiyyat tapıblar. Üç gün dindirəndən sonra “persona non-qrata” edib geri göndəriblərmiş. Rusiya informasiya agentliklərinin səhv xəbəri bir jurnalistin sayəsində bizim sərhəd qoşunlarımızı bax beləcə ayağa qaldırıbmış.

Nə çamadanlarıma, nə də portfelimə baxan oldu. Sakitcə keçib şəhərə çıxdım. Taksiyə oturub gedəcəyim ünvanı dedim. Əvvəlki səfərlə müqayisədə sərhəd keçidindəki yumşalma məni xeyli arxayınlaşdırmışdı. Daha hotelə yox, tərcüməçi dostum Elnurun əvvəlcədən kirayələdiyi evə getdim.

Ev sahibi məni yerləşdirib çıxmağı ilə soyunub yatmağım bir oldu. Elnur da yatmışdı. Səhər ilk gedəcəyimiz yeri bilirdik – Giselagil...

 

 

Vahid Qazi

 

 525-ci qəzet.- 2011.- 11 iyun.- S.11.