Fransalı qonaq Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində olub

 

Heydər Əliyev Fondunun dəvətilə ölkəmizə səfərə gələn Fransanın “Guimet” Asiya İncəsənəti Milli Muzeyinin direktoru Jak Gie Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin qonağı olub. O, ekspozisiyanı ziyarət edərkən öz heyrətini gizlətməyib, özünün də dediyi kimi “sanki nağıllar aləminin sehrinə düşüb”. Xalq ustaları tərəfindən yaradılmış, öz dövrünün məişətini, xalqın etnomədəni ənənələrini əks etdirən klassik sənət nümunələrinin bir-birini təkrar etməyən kompozisiyaları qonağın böyük marağına səbəb olub.

Qədim dövrlərə aid xalçaların birbaşa toxucunun beyninin məhsulu olması, heç bir qeyddən, eskizdən istifadə etmədən bu gözəlliyi yaratmaları, qonağın fikrincə, azərbaycanlıların genetik yaddaşından, identikliyindən xəbər verir. O, belə bir qənaətə gəlib ki, Azərbaycan xalçası yalnız məişət əşyası deyil, həmçinin azərbaycanlıların maddi mədəniyyətinin bir hissəsi olaraq, xalqın mənəvi mədəniyyətindən, bədii ənənələrindən ayrılmazdır.

Qonağı xalçalardakı elementlərin rəmzi mənaları çox heyrətləndirib. O bu xalçaları yüksək mənəvi sakral məlumatlar daşıyıcısı olan “mənbə” adlandırıb.

Həm xovsuz, həm də xovlu xalçalarda müxtəlif formalarda təsvir olunan işıqlı gələcək, ölməzlik, münbitlik, çoxalıb-artma, bolluq, xoşbəxtlik, həyat və s. simvolu olan “ağac” motivləri qonağın diqqətini cəlb edib. Muzeyi gəzərkən ilk dəfə Qarabağ qrupunun “Zili” xovsuz xalçasında “ağac” elementini görsə də, daha sonra digər zallarda bu elementlərin dəyişik formalarını tanıyıb. Qazax qrupunun “Şıxlı” xalçasını görərkən qonaq bu elementin “həyat ağacı” olduğunu qeyd edib.

Cənab Gienin Azərbaycan incəsənətində doxsana yaxın növü olan “buta” elementinin müxtəlifliyi də – “qonşu buta”, “sevgili buta”, “küsülü buta”, “analı-balalı buta”, “şabalıd buta” diqqətini cəlb edib.

Quba qrupunun “Pirəbədil” xalçasına tamaşa edən qonaq qədim Şərq xalqlarında eləcədə Azərbaycanda güc-qüvvət rəmzi sayılan “buynuz” elementi haqda maraqlanıb.

El sənətkarlarının yüksək ustalığı ilə yaradılmış və xalqın milli xüsusiyyətləri, dünyagörüşü, istedadı, yaradıcılıq dühası, həyata baxışı əks olunmuş süjetli xalçalar və namazlıq xalçaları da qonağın marağına səbəb olan xalçalardan olub. Namazlıq xalçaları Təbriz ustaları tərəfindən XVI əsrdə işlənib.

Xalça naxışlarından başqa onların rəng ahəngdarlığı, toxunma texnikası da, qonağın düşünməsinə səbəb olan amillərdən olmuşdur.

Xalçalarla yanaşı muzeydəki digər sənət nümunələri – milli geyimlər, bədii tikmə və parçalar, toy adətləri əks olunmuş zal cənab Giedə xoş təəsürat oyatmışdır.

Digər Şərq xalqları kimi azərbaycanlıların da qırmızı rəngdən istifadə etməsi qonağın diqqətindən yayınmamışdır. Məlumat üçün bildirilmişdir ki, qırmızı rəng toy-düyün, qovuşmaq, yeni həyat rəmzi hesab edilir. Müxtəlif xalqlarda qırmızı rəng magik qoruyucudur, lakin azərbaycanlılarda o yalnız totem deyil, həm də bütövlükdə həyat fəlsəfəsini, mövcudluğu, həyatın özünü əks etdirir.

Müasir sənətkarlardan olan xalq rəssamları Lətif Kərimov, Kamil Əliyev kimi sənətkarların yaradıcılığı ilə tanış olan qonaq qeyd etmişdir ki, bu əsərlər qədim çeşnilərin təkrarı deyil, ənənələrə söykənən və eyni zamanda xalçaya verilən yeni nəfəsdir.

Sonda qonaq öz xoş arzularını bildirmiş muzey əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Xalçalar haqqında çox eşitsə də bu qədər yaxından ilk dəfə tanışlığına görə şad olduğunu və əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

 

 

525-ci qəzet.- 2011.- 11 iyun.- S.8.